HOÇAZDAKI “PARAD” VƏ “AĞDƏRƏDƏ VERİLƏN YANLIŞ KƏŞFİYYAT MƏLUMATI”

Şahidlər və Şəhidlər / Manset 21-mar, 14:469 tv713 23 0




HOÇAZDAKI “PARAD” VƏ “AĞDƏRƏDƏ VERİLƏN YANLIŞ KƏŞFİYYAT MƏLUMATI”


MEHMAN AĞAYEVİN XATİRƏLƏRİNİN İŞIĞINDA 713 SAYLI TABOR





Tarix hər zaman özündən sonra yazılıb. Və bu tarixin yazılmasında heç şübhəsiz ki, bir az da obrazlı şəkildə desək, o tarixi yaradanların xatirələri əvəzedilməzdir.

Biz də ən yeni tariximizin doğru-dürüst yazılması üçün Qarabağ uğrunda gedən döyüşlərin ən aktiv fazası olan 1992-ci ildə Laçın və Ağdərə rayonu ərazisində keçirilən hərbi əməliyyatların əsas iştirakçılarından olan 713 saylı taborun şəxsi heyətinin xatirələrini qismən də olsa geniş ictimaiyyətə təqdim edirik.

713 saylı taborun keçdiyi şərəfli döyüş yolu o zamankı hərbi və siyasi rəhbərlik tərəfindən bu və ya digər şəkildə dediyimiz geniş ictimaiyyətə çatdırılmasa da, sonradan bu döyüşkən taborun qaziləri tərəfindən bütün həqiqətlər ortalığa qoyuldu və bu gün də qoyulmaqdadı. Təsadüfi deyil ki, AXC-Müsavat hakimiyyəti 1992-ci il 9 oktyabrda Bakıda müstəqil Azərbaycanın ilk hərbi paradını düzənləyib bunu vətənpərvərlik hissinin yüksəldilməsində böyük rol oynamasını vurğulayanda artıq əsil paradı 713 saylı taborun qəhrəmanları Hoçaz yüksəkliyinə dövlətimizin bayrağını sancmaqla qeyd etmişdilər.

Amma onların bu qəhrəmanlıqları nə yazıq ki, o zamankı hakimiyyətin yükümlüləri tərəfindən qiymətləndirilmədi. Və yenə də nə yazıq ki, bu proses sonradan da davam etdirildi. Siyasi oyunbazlar Bakıda mağara-məbədə çəkilib öz siyasi rituallarını icra edirdilər. Və sonradan da sanki bu gerçəklər unutduruldu...

Hoçaz yüksəkliyini ələ keçirməklə Laçın koridoruna nəzarətin ələ alınması Azərbaycan üçün ən böyük uğur idi. Ancaq bu uğurdan da əvvəl 713 saylı tabor Laçın rayonunun Pircahan kəndinə gələnə qədər bir çox hərbi əməliyyatlar keçirmiş və bütün əməliyyatları da qələbə ilə başa vurmuşdu.
Təbii ki, sonradan baş verən proseslər ayrıca bir mövzunun söhbəti olduğu üçün biz bunlara toxunmuruq. Heç 713 saylı taborun hansı zərurət üzündən döyüş mövqeyindən çıxarılıb Ağdərəyə gətirilməsinin nədənlərinə də toxunmuruq. Şübhəsiz ki, bütün bunlara da günün birində aydınlıq gətiriləcək...

713 saylı taborun Canlı Tarixlərindən olan MEHMAN AĞAYEVin Laçın və Ağdərə rayonu uğrunda gedən döyüşlərlə bağlı xatirəsininin işığında epizodik də olsa o günlərə ayna tutaq. Mehman öz xatirəsinə Kəlbəcər rayonuna gəldikləri andan güzgü tutmağa çalışıb...



HOÇAZDAKI  “PARAD”  VƏ  “AĞDƏRƏDƏ VERİLƏN YANLIŞ KƏŞFİYYAT MƏLUMATI”



“İKİ TAĞIM ÇORMANA GETDİ, BİR TAĞIM İSƏ ŞAMKƏNDDƏ QALMIŞDI”




...Biz Kəlbəcər rayonunun Zülfüqarlı kəndindən Laçının Qorçu kəndinə gələndə orada Laçının polis qüvvələrindən də kiçik bir qrup var idi. Biz Qorçudan Şamkənd istiqamətində hərəkət etdik. Komandirimiz Rəhman İsgəndərov da bizimlə idi. Ətrafı müşahidə etmək üçün yolda dayandıq. Baxmayaraq ki, bizdən öncə komandirimiz kəşfiyyat qrupu da göndərmişdi. Komandirimiz Rəhman İsgəndərov Laçın polislərin ona verdiyi snayperlə ətrafı müşahidə etdi. Təhlükəli bir şey aşkar edilmədi. Beləcə Şamkənd kəndinə gəldik. Bütün kəndin içi kəşfiyyat olunandan sonra iki tağımın Çormana getməsi, bir tağımınsa Şamkənddə qalması qərara alındı.

Biz xəstəxana olan evdə yerləşdik. Dərhal postlar müəyyənləşdirildi, gecələr posta çıxırdıq. Manqa komandirimiz də Ağasəf idi. Bunun üstündən 3-4 gün keçmişdi ki, səhv etmirəmsə manqa komandirimiz Ağasəf idmançı görkəmli, “afqanka” formasında olan, saqqallı bir nəfərlə gəldi. Rütbəsi zadı da yox idi. Manqa komandirimiz həmin adamı bizə təqdim edib “tanış olun, bu, Vaqif müəllimdir” – dedi.

Sonradan bax bu Vaqif müəllimin komandiri olacağı ikinci bölüyün şəxsi heyəti hələ yox idi. Özünün də dediyinə görə kəşfiyyata gedirmiş...
Biz oturub yemək yeyəndə Ağasəflə Vaqif müəllim içəri girdilər. Tanış olduqdan sonra Vaqif müəllim məndən soruşdu ki, “haralısan?”. Cavab verdim ki, “İsmayıllı rayonunun Basqal kəndindənəm”. O mənə dedi ki, “mən Laçında döyüşdə olanda Basqal uşaqlarıyla olmuşam. Yaxşı döyüşkən oğlanlardı Basqal uşaqları”.

Bunun üstündən 2 gün keçmişdi ki, Ağasəf mənə dedi ki, “Mehman, mayor Süleyman Əhmədov ətrafdakı yüksəkliklərə Vaqif müəllimlə birgə kəşfiyyata getmək üçün adam istəyir.Mənim də ümidim sənədir. Sən Vaqif müəllimlə gedəcəksən”.

Bunu Vaqif müəllimə deyəndə o da mənimlə getməyə razılaşıb. Özü də mən bəzi məsələlərdə tərslik etdiyimə görə Vaqif müəllim mənə zarafatla “ləzgi” deyirdi...

Biz Şamkənddən geriyə doğru hərəkət edib oradan da dağlara qalxmalıydıq. Səhəri gün Mişnidən olan Akif, mən və Vaqif müəllim kəşfiyyata yollandıq. Plan üzrə nəzərdə tutulan əraziləri kəşfiyyat edəndən sonra Çorman kəndinə enməli idik. Biz kənddən çıxanda bir UAZ gəldi, içində də saqqallı hərbçilər var idi. Onlar bizim uşaqlardan deyildilər. Şamkənddə zenit qurğusu və bir neçə nəfər əsgər də var idi. Bir dəfə onlar yoxlanış məqsədilə Qorçu istiqamətində atəş də etmişdilər...

UAZ maşınının Kəlbəcərə gedəcəyi bildirildi. Biz də qərar gəldik ki, nə qədər maşın yoluyla getmək imkanı varsa onlarla gedək, sonra öz yolumuza davam edərik. Belə də oldu. Beləcə biz yolun müəyyən hissəsini UAZ-la getdik. Vaqif müəllim bunlara dedi ki, siz bizi yuxarıda görünən yala qədər aparsanız, əla olar. UAZ bizi həmin yala qədər apardı, sonra Kəlbəcərə getdi. Biz orada düşdük. Vaqif müəllim gedəcəyimiz yolun səmtini bizə göstərdi. Nə binokl, nə də qumbaramız yox idi. Biz yoldan çıxıb təpələrin arası ilə irəliləyirdik. Mən oraları yaxşı tanımırdım. Vaqif müəllim bizə dedi ki, qabaqdakı təpədə su var. Günortanı həmin təpədə edib sonra yolumuza davam edək. Biz həmin təpəyə çatdıq. Doğrudan da burada buz kimi su yerdən qaynayıb çıxırdı. Süfrəmizi düzəldib çörəyimizi yedik. Sonra yolumuza davam edib bir xeyli getdik. Daha sonra üzüaşağı enməyə başladıq. Mən bu yolun hara getdiyini soruşdum. Vaqif müəllim bu yolun düz Çormana getdiyini vurğuladı. 5-6 km aralıdakı dağı nişan göstərən Vaqif müəllim bizə dedi ki, uşaqlar bax o dağda ermənilər bizim sərnişin təyyarəmizi vurublar. Təyyarənin korpusu indi də oradadır. Doğrudan da həmin dağda nə isə ağarırdı. Təklif etdim ki, Vaqif müəllim oraları da kəşfiyyat edək. Mənə dedi ki, ora çox uzaqdır, biz ora gedib çıxana qədər axşam olar. Bir də onu dedi ki, bax o dağın o biri üzündə Xankəndi yerləşir. Yenə də bir müddət müşahidə apardıq. Heç nə gözə dəymirdi. Vaqif müəllim də özü üçün qeydlər edirdi. Hava artıq qaralmağa doğru gedirdi. Getdiyimiz yolda bir qəbiristanlıq var idi, onun yanından keçəndə bərk yorulduğuma görə mən yerə oturdum. Gördüm məni yuxu basır. Vaqif müəllim mənə xitabən “Mehman, qalx, gedək, hava qaralır, sonra biz aşağıdakı yolu tapa bilməyəcəyik” dedi. Mən durdum, bir az gedəndən sonra Çormanın aşağı tərəfinə gəlib çatdıq. Onda kəndin dörd bir tərəfində postlar qurulmuşdu. Biz bərkdən danışmağa başladıq ki, birdən kəndin aşağı tərəfində, yolun üstündəki postda dayanan uşaqlar bizi erməni bilib atəş açarlar. Nəhayət gəlib kəndə çatdıq, uşaqlarla görüşdük, bir az çörək yeyib həmin axşamı Çormanda dincəldik. Səhəri günü Şamkəndə qayıtdıq, Vaqif müəllim tabor komandirimiz mayor Süleyman Əhmədova məruzə etdi. Mənim Vaqif müəllimlə ilk tanışlığım belə olub...



“XOŞBƏXTLİKDƏN BİZ ONLARLA RASTLAŞMAMIŞDIQ”



...Bir gün Vaqif müəllim dedi ki, gedirik Çormana. Orada Rəhmanın bölüyündən olan digər uşaqlarla Pircahan istiqamətində hərəkət edəcəyik. 5-6 nəfərlik bir qrup formalaşdırıldı. Mən də o qrupda idim. Biz bir müddət yol gəldikdən sonra qarşımıza çay çıxdı. Çayı keçmək çətin olsa da, bunu da bacardıq. Vağazin kəndinin alt tərəfinə gəldik. Mən bilmirdim ki, bura Vağazindir. Hər yanda olduğu kimi ermənilər Vağazində də evlərə od vurub yandırmışdılar. Ermənilər adətən evin tən ortasında ocaq qalayıb bayıra çıxırdılar. Evin döşəmə hissəsi yanandan sonra ev də çökürdü. Bütün evlər yandırılmış, bütün evlər qarət edilmişdi...

Kəndi kəşfiyyat edəndə yolun ortasında balonlarda pomidor şorabalarını gördük. Demək ki, kimsə bu kəndi də qarət etmiş, ya apara bilmədiklərindən, ya da hansısa səbəbdən bu balonları da yolun ortasına qoyub getmişdilər...

Kəndi kəşfiyyat edəndən sonra gecəni orada qalmaq qərarına gəldik. Qalacağımız yeri müəyyənləşdirdik. Hər iki saatdan bir növbə çəkirdik.
Sabah yenidən Çormana qayıdacaqdıq. Səhər açılanda Çormana doğru yön aldıq. Bizim də qabağımızdan deyəsən Laçın polisi keçmişdi. İzlər təzə idi. Sonrakı görüşümüzdə Laçın polisi həmin izlərin təfərrüatlarını söyləyəndə biz bildik ki, həmin uşaqlar Laçın polisi olub. Əgər həmin anda biz onlarla qarşılaşsaydıq yüz faiz orada qırğın olacaqdı. Xoşbəxtlikdən belə bir hal baş vermədi. Və biz oradan da Şamkəndə getdik.



“MİŞNİ DÖYÜŞÜNDƏ UŞAQLARA MİNAMYOTLA DƏSTƏK VERDİK”




Pircahanda olanda Asiflə mən postdan gəlib kənddə istirahət edirdik. Birdən Laçın polisindən bizə tərəf kimsə gəlib soruşdu ki, “Mehman kimdir?”. Mən də özümü ona təqdim etdim.

Sonra bu polis mənə dedi ki, “komandanlığın göstərişidir, Mişnidə döyüşən qardaşlara yardım göstərməliyik”. Dedim ki, nə yardım göstərməliyik? O da cavabında “sizdə minamyot olmalıdır”. Dedim bəli, minamyot var, ancaq o, burada yox, bizim postumuzdadır. O da mənə “gedək bizim maşınla, minamyotu və mərmiləri götürüb yuxarıya qalxaq, oradan Mişni kəndində olan uşaqlara dəstək verib düşmən mövqelərini vuraq”.

Dərhal gedib minamyotu götürüb maşına yüklədik. Sonra Pircahan kəndinin yuxarı tərəfinə qalxdıq. Kəndin yuxarı başında polislərin DŞK-ları da var idi. Onlar mənə təxmini olaraq düşmən mövqesinin koordinatlarını verdilər: dağın başında döyüşən ermənilər idi. Mən təxmini istiqamət götürüb həmin mövqeyə minamyotla atəş açdım.

Hava artıq qaralırdı. Üstündən bir az keçməmiş yanımızda olan polis dedi ki, mən sənə DŞK ilə istiqamət verəcəm, məhz həmin istiqaməti vur. Polis göstərdiyi mövqeyi biz təzədən minamyot atəşinə tutduq. Qarşı tərəfi susdurmuşduq. Sonradan Mişni döyüşündən qayıdan uşaqların ermənilərdən qənimət kimi bir UAZ, bir QAZ-66 maşın, eləcə də xeyli hərbi sursat götürdüklərini bildim.



BÜLÜLDÜZ İSTİQAMƏTİNDƏN OLAN HÜCUM



Səhv etmirəmsə iyul ayının 29-u idi. Biz Pircahan kəndində postdan qayıdıb istirahət edirdik. Günorta vaxtları olardı. Birdən aşağı tərəfdən atəş səsləri eşidildi. Öyrənəndə bizə məlum oldu ki, ermənilər Bülüldüz kəndi istiqamətindən hücuma keçiblər.

Mən uşaqlara bildirdim ki, dərhal silahlarımızı götürüb postlara doğru gedib oranın möhkəmləndirilməsilə məşğul olmaqla komandirimiz Rəhman İsgəndərovun növbəti əmrini gözləməliyik.

Sonra mən öz manqamda olan uşaqlardan olan Asıf, Asəf, Əfilağa, Mahmud və digərlərilə komandirin göstərişiylə Pircahan çayına doğru getdik.
Biz Pircahan çayını adlayıb yuxarı qalxanda gördük ki, tabor komandiri Süleyman Əhmədov və bizim birinci bölüyün komandiri Rəhman İsgəndərov da oradadılar. Biz ora çatanda artıq bizim uşaqlar eməniləri geri oturtmuşdular. Həmin əraziyə ən axırda biz getmişdik...

...Ancaq birdən Asəf qışqırdı ki, “Mehman, erməni işıq dirəyinin başındadır”. Asəf deyən istiqamətə baxanda mənə də elə gəldi ki, dirəyin başında kimsə var. Dərhal yerə uzanıb snayperlə oranı nişan alanda gördüm ki, dirəyin başına nəsə ilişib qalıb. Bundan sonra komandirimizin göstərişiylə biz də daxil olmaqla hər kəs öz mövqeyinə qayıtdı.



713 MÜDAFİƏ NAZİRLİYİNİN KƏŞFİYYAT QRUPUNU MÜHASİRƏDƏN QURTARMIŞDI




Iyul ayının 28-də Müdafiə Nazirliyinin kəşfiyyat məktəbinin bir qrupu mayor Əliyev Mürvətin rəhbərliyilə Bülüldüz istiqamətinə getmiş və ermənilər tərəfindən mühasirəyə düşmüşdülər. Bununla bağlı tabor komandiri Süleyman Əhmədova məlumat verilibmiş.

Kömək məqsədilə bizim bölük komandirimiz Rəhman İsgəndərovun rəhbərliyilə 713 saylı taborun uşaqlarından bir qrup Bülüldüzə gediblər. Məhz bu qüvvənin köməyilə Müdafiə Nazirliyinin kəşfiyyat məktəbindən olan qrup erməni mühasirəsindən qurtula bilib. Hətta səhv etmirəmsə bizimkilər bir UAZ da qənimət götürmüşdülər. Və bunlar Bülüldüzdən qayıdanda eşidiblər ki, Hoçazda 713 saylı taborun ikinci bölüyü ermənilərlə qeyri-bərabər döyüşə girib, 7 nəfər Şəhidimiz də var...



“HOÇAZ KƏNDİNİN İÇİ ERMƏNİ MEYİDLƏRİYLƏ DOLU İDİ”



İyul ayının 30-u səhər tezdən “Makedon” dediyimiz Oqtay gəlib mənə bildirdi ki, Mehman, göstəriş var, Hoçaza gedirik, öz manqanı götür komandirin yanına get.

Biz dərhal yola çıxdıq. Bu zaman Alıyev Cabbarın idarə etdiyi BRDM, üzərində də bölük komandirimiz Rəhman İsgəndərov və bir neçə döyüşçü bizə yaxınlaşdılar. Mən, Sahib, Malış Asif, Asəf tez bir zamanda BRDM-in üstünə mindik və maşın sürətlə Pircahan kəndindən çıxdı.

Biz təcili Hoçaz kəndinə getməliydik. Çünki ayın 29-da bizim Vaqif Quliyevin komandiri olduğu ikinci bölüyün uşaqları Hoçaz kəndində ermənilərlə qeyri-bərabər döyüşə girmiş və bu döyüşdə bizimkilərdən 7 nəfər Şəhid olmuşdur. Döyüş zamanı ikinci bölüyün uşaqları mövqe dəyişkənliyi etmiş, Şəhidlərimiz də döyüş zonasında qalmışdır...

Beləcə biz Hoçaz kəndinə doğru hərəkətə başladıq. Çaydan bir az yuxarı qalxanda gördük ki, ikinci bölüyün komandiri Vaqif müəllim öz uşaqlarıyla Pircahan kəndinə qayıdır...

Rəhman İsgəndərovun komandanlığı altında 3 manqa var idi. Biz Mişnini keçib Sonasarın yanından adladıq. Komandirimiz Rəhman İsgəndərov göstəriş verdi ki, biz BRDM-dən düşək və manqanın uşaqlarını gözləyək, həm də Cabbar BRDM-i meşənin içində gizlətsin. Cabbar BRDM-in üstündəki pulemyotu götürüb bizə yaxınlaşdı. Burada döyüş planı hazırlandı. Bölük komandirinin əmrinə görə biz Hoçaza çox sakit bir halda girməli idik, çünki dünənki məğlubiyyətdən sonra ermənilərin Hoçaza kömək göndərmələri gözlənilən idi. Kəndin içi erməni meyidləriylə dolu idi.

Plana əsasən manqanın biri Hoçaz kəndinin sağ tərəfilə, o biri manqa isə kəndin aşağı tərəfilə hərəkət etməli, ətrafı nəzarətdə saxlamalı və gərəkən anda müdaxilə etməli idi. Komandirimiz o zaman Pircahan kəndində yerləşən Laçın polisiylə də əlaqəyə girmiş və onlara bildirmişdi ki, əgər Hoçazda fişəng atılmasını görsəniz, dərhal qradla bizə kömək göstərirsiniz...



“AÇDIĞIM ATƏŞ ERMƏNİNİ SİNƏSİNDƏN VƏ QOLUNDAN TUTMUŞDU”



Plana əsasən əmrin icrasına başladıq. Mən, Sahib və Qəşəm kəndə girib müşahidə aparmalıydıq. Kəndin girəcəyindəki birmərtəbəli məktəb binasının üstündən Rəhman, Cabbar və Malış Asif bizi izləməli idilər. Bu zaman Asəf mənə bildirdi ki, onun avtomatının darağı BRDM-ə minərkən əzilib. Mən özümdə olan ikinci darağı ona verdim. Mənim üzərimdə 2 ədəd F-1 qumbarası və 2 qutu 7,62 patron da var idi.

Qabaqda mən, arxamca Sahib və Qəşəm kəndə girdik. Hər tərəfi nəzərdən keçirməyə çalışırıq. Kəndin içiylə bir xeyli getmişdik ki, yolun haçalanmasını gördük. Haçalanan yolun biri aşağıya doğru sola dönür, sağ istiqamətdəki yol isə yüksəklikdəki teleqülləyə tərəf gedirdi. Mən Qəşəmə əl ilə göstəriş verdim ki, o, sol tərəfdəki yol ilə gedib qarşıdakı çəpərlərin içini müşahidə etsin. Sahibə işarə verdim ki, o da sağ tərəfdəki evləri müşahidə etsin. Mən isə yolu davam edərək vışqaya doğru gedən yolu nəzarətdə saxlamalı idim. Kəndin ətrafı meşəlik idi. Arada meşənin içindən atəş səsləri də eşidilirdi. Mən bir az qabağa getmişdim ki, 3 silahlı adam gördüm. Bizimki olmadıqlarını anladım. Ancaq məsafə uzaq idi. Vışqaya gedən yol kəndin ayağında dərəyə düşürdü. Yolu tanımadığımdan lap diqqətli idim. Bir az keçmişdi ki, səs eşidilməyə başladı. Gördüm ki, bir neçə erməni mən getmək istədiyim yol ilə mənə tərəf gəlirdilər. Öncə dayandım, sonra qarşıdakı setka çəpərin üstündən silahı onlara tuşladım. Sonra fikirləşdim ki, birdən onları vura bilməsəm bütün erməniləri də duyuq salacam. Beləcə mən heç bir hərəkət etmədim, onlar da yola davam etdilər.

Məndən sol tərəf dərəyə baxırdı. Orada tikintisi yarımçıq qalmış bir neçə ev var idi. Yol qarşıda sola dönürdü. Birdən qarşıda səslər eşitdim. Ora əyri bir döngə idi. Ağac və kollar mənə irəli getməyə imkan vermirdi. Mən özümdən sol istiqamətdə olan həyətyanı sahəyə girdim və qarşımda olan kolların arasında gizləndim. Danışıq səsləri mənə yaxınlaşırdı. Eşitdim ki, bunlar erməni dilində danışırlar. Ermənilər mənə lap yaxınlaşanda qəflətən onların qarşısına çıxdım. Onlar 2 nəfər idilər. Bunlardan biri avtomatı çiyninə qoyub üzünü də yuxarı tuşlamışdı. O biri erməni “masxalat”da idi. Məni görəndə başa düşdü ki, artıq gecdir, çatdırmayacaq. Bərkdən qışqırdı. “Masxalat”da olan erməni bu zaman silahını qaldırmaq istəyəndə mən bunları atəşə tutub dərhal kolun dalına keçdim. Sonra avtomatın darağını çıxarıb doldurmağa başladım. F-1 qumbarasını çıxardım. Avtomatı döyüş vəziyyətinə gətirəndən sonra kolun arxasında yerə uzandım. Gözləyirdim ki, ikinci erməni mənim istiqamətimdə atəş açacaq. Saniyələr keçdi, atəş açılmadı. Tez əyilib qarşı tərəfə baxdım. Gördüm ki, birinci vurduğum erməni uzanıqlı halda arabir dodaqları açılıb bağlanır. Digəri də gözlərində dəhşətli bir qorxu ilə mənə baxırdı. Açdığım atəş onu sinəsindən və qolundan tutmuşdu. Avtomatı qarşısında uzanıqlı halda mənə baxır, imdad istəyirdi. Biri saqqallı, o birisi isə saqqalsız idi. Avtomatı qaldırıb bu erməninin başına buraxdım və o da digər erməninin yanına getdi. Geri çəkilib yenə də darağı doldurmağa başladım.

Artıq o biri ermənilər də yaxınlaşırdılar. Mən onda hiss elədim ki, gərək Sahibi də özümlə götürərdim. Onlar mənə yaxınlaşanda özlüyümdə bir neçə saniyə sayıb qumbaranı bunlara tərəf atdım. Ermənilərdən biri “qranat” deyə qışqırdı. Bir az keçmişdi ki, ermənilərin vışqa tərəfə qaçdıqlarını gördüm.



“QƏŞƏM ERMƏNİLƏRLƏ SALAMLAŞIB ONLARI PULEMYOTLA ATƏŞƏ TUTDU”



Mən də partlayışdan sonra silahları götürüb geriyə - Sahib və Qəşəmə tərəfə qayıtdım. Mən onlara ermənilərlə qarşılaşdığımı və onlardan ikisini öldürdüyümü söylədim. Qəşəm mənə bildirdi ki, sən erməniləri yox, bizim döyüşçüləri güllələmisən. Qəşəm dedi ki, bir az bundan qabaq bizim döyüşüçlərlə rastlaşıb və hətta uzaqdan onlarla salamlaşıb da. Soruşdum ki, onlar haradadılar? Qəşəm də bildirdi ki, onlar məktəbin həyətinə daxil oldular. Mən Qəşəmə dedim ki, sən onlarla gedib bir də salamlaşa bilərsən? Qəşəm dedi ki, olar və getdi onlarla salamlaşmağa.

Mən Sahibə dedim ki, hazır ol, atışmada Qəşəmə yardım edə bilək. Biz Qəşəmi yolun üstündən izləyirdik. Qəşəm məktəbin giriş hissəsində dayandı və əlini qaldırıb onları salamladı. Eyni vaxtda gördük ki, Qəşəm əlindəki 5,45 mm-lik pulemyotu qaldırıb onlara atəş açdı. Bir güllə atıb tez yerə uzandı və yenidən atəş açmağa hazırlaşdı. Vəziyyəti belə görəndə tez Sahibə göstəriş verdim ki, atəş açaq. Sahiblə mən yolun yuxarı hissəsindən ermənilərin toplaşdığı yeri atəşə tutmağa başladıq. Onlar özlərinə gəlməmiş Qəşəm üz-üzə onları atəşə tutdu. Ermənilər məktəbə doluşdular. Sonra isə bütün dəstəmiz komandirimiz Rəhman İsgəndərovla birlikdə köməyə gəldilər. Aradan bir müddət keçmişdi ki, Vaqif müəllim öz döyüşçüləriylə birlikdə Pircahandan geriyə qayıdıb bizə kömək oldular. Tez bir zamanda məktəbin içindəki erməniləri məhv edib birisini də girov götürdük.



ERMƏNİLƏRİN PİRCAHAN İSTİQAMƏTİNDƏ QİSAS ƏMƏLİYYATI



Bizim tabor Hoçaz kəndi uğrunda gedən döyüşdə ermənilərə sarsıdıcı zərbə endirdikdən sonra onların bizim mövqelərimizə növbəti həmlələri əslində gözlənilən idi. Və belə də oldu...

1992-ci il avqust ayının 5-i idi. Postdan məlumat verildi ki, Bülüldüz istiqamətindən ermənilər Pircahan çayına döğru irəliləməkdədilər. Az keçməmişdi ki, kəndin içinə ermənilər tərəfindən atılan mərmilər düşdü. Kəndin aşağı tərəfində bir pəyə var idi. Bizə təhlükəsiz zonaya yerləşməklə bağlı əmr verildi. Dərhal əmrin icrasına başladıq.Biz pəyə tərəfə qaçanda qraddan atılan mərmi düz yolun ortasına düşdü. Mən xeyli aralıda, arxada idim...

Bizim yuxarıda minamyotumuz var idi. Posta qoyulan minamyotumuzdan Pircahanı vuran tank istiqamətində bir neçə mərmi atdıq. Sonradan minamyotun yerini dəyişib üzünü Laçına sarı qoyduq. Çünki ermənilərin bir tankı da bizdən xeyli aralıda həmin istiqamətdə dayanmışdı. Arada atıb, sonra geri çəkilirdi...

Biz çaya düşməmişdən Şəhidlərimiz olmuşdu. Həm BMP, həm də Qradla atılan mərmilər səngimək bilmirdi. Atılan mərmilərdən biri bizim birinci bölüyün 3-cü tağımının ikinci manqasından olan uşaqları tutmuşdu. Orada 4 qardaşımız Şəhid oldu. Atılan mərmilər bizim başımızın üstü ilə uçurdu.
Gördüm ki, Şəhidlərimizi döyüş zonasından çıxarmaq üçün UAZ gəldi. Mən də onlara köməyə getdim...

Ermənilərin tankı çaya qədər gəlib çıxmışdı. Bizimkilər də uzaq olmasına baxmayaraq onu gülləyə tutmuşdular. Komandirimiz Rəhman İsgəndərov da yuxarıdan bizi izləyirmiş. Asəf, Rasim və mən düz çaya qədər gəlib yerə uzandıq. Mən snayperin nişangahıyla baxanda gördüm ki, ermənilər tankın qabağıyla ora-bura qaçırlar. Sakitcə dayananı yox idi. Gördüm ki, ermənilərdən biri ləng bir tərzdə tankın böyründən sürüşüb düşmək istəyir. Tez bunu nişan aldım. Atdığım 3 güllənin 3-ü də həmin erməniyə yox, tanka dəydi. Bax bu zaman tankın üstündəki pulemyotla bizi atəşə tutmağa başladılar. Az keçmədi ki, onlar uzaqlaşdılar...

Sonradan Laçının Pircahan kəndində olan 713 saylı tabor bu mövqedən çıxarılıb Ağdərəyə aparıldı. Ağdərədəki QIZILQAYA (Arutunaqomer) əməliyyatından sonra taborumuz böyük strateji əhəmiyyətə malik və erməni qüvvələrinin bütün növ təminatında əsas rol oynayan Vəng kəndinə hücum əməliyyatında iştirak etdi...



“150 METR QABAĞA GETMİŞDİK Kİ, TANK ƏLEYHİNƏ MİNA AŞKARLADIQ”



“Vəng əməliyyatı"na 2 sentyabr 1992-ci ildə başlanıldı. O zaman məni “dazor qruppası”nın komandiri təyin etdilər. Qrupumuzda 5 nəfər döyüşçü var idi: mən, Sahib, Əfilağa, Ağa və Asif. Bizə məlumat verilmişdi ki, axşamdan kəşfiyyat gedib. Biz də döyüş tapşırığı əsasında yol ilə Vəngə doğru getməli idik. Üstümüzdə özümüzə aid silahlar və rabitə əlaqəsi saxlamaq üçün radiostansiya da var idi. Tapşırığa əsasən biz hər yüz, yüz əlli metrdən bir arxaya, komandanlığa məlumat verməli idik. Təbii ki, yol boyunca gözlənilməz situasiya ilə üzləşərdiksə o məsafədən asılı olmayaraq dərhal komandanlığa məlumat verəcəkdik. Və beləcə biz döyüş tapşırığını yerinə yetirmək üçün hərəkətə başladıq.

Haradasa 100-150 metr qabağa getmişdik ki, yolda tank əleyhinə basdırılan minanı aşkarladıq. Minanın üstünə ağac budaqlarından da qırıb tökmüşdülər. Bu minanın basdırıldığı koordinatla bağlı komandanlığa məlumat verdik. Yenə də bir az getmişdik ki, qarşıda yolun üstündə qamışdan düzəldilmiş daxmaya oxşar bir daldalanacaq gördük. Əvvəlcə dayanıb həmin ərazini ətraflı şəkildə müşahidə etdik. Orada nəzərə çarpan bir şey olmadığını gördük. Bununla bağlı yenə də arxamızca gələn qüvvələrə məlumat verdik.

Sonra bir az getmişdik ki, səslər eşitdim. Diqqətlə qabağa baxanda qarşıda 50-60 nəfərin oturduğunu gördük. Artıq onlar da bizi görmüşdülər. Mən də özlüyümdə fikirləşdim ki, doğrudanmı bunlar bizim axşamdan gedən kəşfiyyatın uşaqlarıdır!? Çaşıb qalmışdım. Hamısı da oturmuşdular. Gedib düz ermənilərin üstünə çıxmışdıq. Ani olaraq bunları gözdən keçirəndə gördüm ki, bunlardan birinin əlində əl pulemyotu var, özü də düz bizə sarı tuşlanıb. Qalan ermənilərsə başlarını aşağı salıb hərəsi öz işiylə məşğul idi. Hamısı da yaşlı, saqqallı ermənilər idi.

Çıxış yolu yox idi. Onlara yaxınlaşdıq , artıq onların qollarındakı bayraqdan tam anladım ki, bunlar ermənilərdir. Burada artıq azərbaycan dilində danışılası bir şey yox idi. Bunlar da tam sakitcə dayanıblar. Mən beynimdə atılacaq addımlarımızı saf-çürük edirəm. Ani bir ehtiyatsızlıq hər birimizin məhvinə səbəb olacaqdı. Mən tez-tez əlində pulemyot olan erməniyə diqqət kəsilirəm ki, bu oğraş əlini aşağı salan kimi mən uşaqlara “dağılışın!” əmrini verim. Bunun da əli bir az aşağı enən kimi dərhal pulemyotu yenə də qaldırıb bizə sarı tutur. Mənim üstümdəki yük də çox idi. Bir çiynimdə avtomat, o biri çiynimdə snayper, özüm üçün götürdüyüm patronlardan əlavə içində 1000 ədəd patron olan sumka da mənim çiynimdən asılmışdı, üstümdəki əl qumbaraları və sair...



“PULEMYOTÇULARIN ƏLİNİ AŞAĞI SALACAĞI ANI GÖZLƏYİRDİM VƏ...”




Özlüyümdə fikirləşirdim ki, bu oğraş pulemyotu bir dəfə fırlasa bizim hamımızı qıracaq. Arxadan da bizim canlı qüvvə gəlir. Mən bunları görürdüm. Ancaq fikrim elə qabaqdadı, düşdüyümüz vəziyyətdən necə çıxacağımızın yollarını arayırdım. Bircə uşaqlara onu deyə bilmişdim ki, həə, uşaqlar biz artıq çatdıq. Nə üstümdə 2 dənə qumbaradan, nə də digər silahlardan istifadə etmək imkanım artıq yox idi. Azca əlimi tərpətsəydim, heç şübhəsiz ki, ermənilər hamımızı gülləbaran edəcəkdilər. Elə çətin bir situasiya yaranmışdı ki, sanki əl qolum hər tərəfdən bağlı idi. Amma yenə də fikirləşdim ki, nə olmasından asılı olmayaraq vəziyyətdən çıxmalıyıq.

Mən hərəkətlərimdəki aldadıcı nüanslar daha da inandırıcı olsun deyə bunlara bir az da yaxınlaşıb rus dilində qışqırdım ki, “komandiriniz kimdir?”. Gördüm ki, bunlar hamısı şübhəli nəzərlərlə mənə baxmağa başladılar. İkinci dəfə sual etdim ki, “komandiriniz kimdir?”. Gördüm ki, arxadan bir nəfər uzun oğlan ayağa qalxdı və mənə yaxınlaşdı. Arxamızca gələn birinci bölüyün komandiri Rəhman İsgəndərov da artıq bizi görmüşdü. Bu uzun oğlan mənə yaxınlaşanda buna dedim ki, sənin xəbərin var ki, Qarabağ probleminin həlli istiqamətində artıq danışıqlar prosesi başlayıb. Məsələnin sülh yoluyla həll edilməsi müzakirələrin predmetinə çevrilib. İndi bizlər də burada o danışıqlara xələl gətirə biləcək addımlar atmamalıyıq. Mən belə danışa-danışa həm vaxtı udmaq istəyir, həm də əlində pulemyot olan erməninin əlini aşağı salacağı anı gözləyirdim. Belə olacağı anda dərhal öz uşaqlarımıza “dağılışın!” komandası verib silahları işə salmağı düşünürdüm.



“HİSS ELƏDİM Kİ, MƏNDƏN ƏT İYİ GƏLİR”




Bu uzun erməni mənə baxıb gülümsəməyə başladı. Bu anda hiss etdim ki, arxada nəsə səs gəlir. Dönüb baxanda gördüm ki, erməninin biri yaxınlaşıb əlini Ağanın kürəyinə sarı uzadıb radiostansiyanı almaq istəyir. Ağa lap axırda durmuşdu. Radiostansiya da Ağanın kürəyində idi. Mən dərhal ona yaxınlaşıb, sən neynirsən və üzümü bu uzun oğlana tutub dedim ki, sən necə komandirsən ki, sənin əsgərin belə hərəkətlərə yol verir? Çox qəribə bir vəziyyətə düşmüşdük. Biz özlüyümüzdə vəziyyətdən çıxış yolunu arayırdıq. Bunlar da özlüyündə bizim bura gəlməyimizə məəttəl qalmışdılar və zənnimcə onlarda “5 nəfər 60 nəfərin qarşısında nə edə bilər ki?” əminliyi yaranmışdı. Silah işlətməyin özü belə bizim üçün mümkünsüz hala gəlmişdi. Mən elə hey pulemyotçunu güdürdüm. Artıq o da tam hazır vəziyyətdə dayanmışdı. Ermənilər silahlarını bizə sarı tuşlamamışdılar, bircə həmin pulemyotçudan başqa. Onlar da əslində baş verənlərin nədən ibarət olmasını heç anlamırdılar. Çünki bizim belə qorxmazcasına bunların içərisinə girməyimiz onlar üçün müəyyən şübhələrə səbəb olmuşdu. Sonradan “komandirləri”ylə danışıqlar aparanda artıq bunlar fikirləşirdilər ki, azərbaycanlılar öz ayaqlarıyla gəlib bizim əlimizə düşüblər, bunlar üçün onsuz da çıxış yolu tükənib. Mən də vaxt uzandıqca hiss edirdim ki, artıq saniyələrin hökmünə az qalıb. Bu zaman arxadan gələn ara-sıra səslərdən hiss elədim ki, artıq birinci bölüyün uşaqları arxada, bizə çox yaxın bir məsafədə mövqe tutublar. Nə qədər qəribə olsa da içimdə bir güvənc və inam hissi baş qaldırdı. Çünki komandirimiz Rəhman İsgəndərov intensiv olaraq keçirdiyi təlimlərdə belə kritik situasiyalarda necə davranmağın taktikasını ən incə detallarına qədər dönə-dönə bizə izah etmişdi. Məhz komandirimiz Rəhmanın tövsiyyələri bu anda da mənim köməyimə gəldi.

Artıq beynimdə hər şeyi ölçüb biçir və münasib vaxtda gərəkən addımı atmaq planı üzərində işləyirdim. Çünki komandirimiz də bizə öyrətmişdi ki, belə məqamlarda öndə olan qüvvələr çaşdırıcı jestlərlə düşməni aldadır, ani bir vəziyyətdə yerə uzanır və arxadakı qüvvənin düşmənə sarsıdıcı zərbə endirməsi üçün əlverişli şərait yaradır. Mən də indiki durumda danışıqla vaxtı uzadır, yerə uzanıb döyüşü davam etdirməklə eyni zamanda arxadakı qüvvələrimizin düşmənə zərbə endirməsi üçün münasib anı gözləyirdim. Ani olaraq erməni pulemyotçuya nəzər saldım. Onun əli azca aşağı düşən kimi dərhal bərkdən uşaqlara “uzanın!” əmrini verib özüm də arxaya tullandım. Elə bu anda həmin pulemyotçu atəş açmağa başladı. Açılan güllələrin tam əksəriyyəti mənim çiynimdən asılan “komissionnı”nın sumkasındakı patronlara dəyirdi. Hiss elədim ki,məndən ət iyi gəlir. Və bu anda bizim arxadakı qüvvələr düşməni zərərszləşdirmək üçün tam əlverişli imkan əldə etdi.

Hər yanı atəş səsi bürüdü. O zaman deyəsən Sahib də əl pulemyotuyla ermənilərin topasına atəş açmağa başladı. Əfilağa üzüaşağı düşdü. Mən ağzım üstə uzanmışdım.



“GÜLLƏ SƏSİNDƏN VAQİF MÜƏLLİM MƏNİ EŞİTMİRDİ”



Çiynimdəki silahlar, patronlar başımın üstündən yerə aşdı. Ağzım üstə yerə uzanıb əllərimlə başımı örtmüşdüm. Hər yandan güllə yağırdı. Uşaqlar hərəsi bir yerə dağılışmışdı. Mən də istəyirəm ki, sürünə-sürünə gedib silahı götürə bilim. Qırğın başlayıb. Bir anlığa fikirləşdim ki, bizimki elə bura qədərmiş. Heç kimdən də xəbərim yox idi. “Malıııış, Talıııış” deyə uşaqları səslədim. Biz “Malış” ləqəbiylə Asifi, “Talış” ləqəbiylə də Əfilağanı çağırırdıq. Ancaq heç kimi görmədim. Ağanın da sağ olduğunu gördüm. Gördüyüm həm də o idi ki, hər yandan alov çıxırdı. Bir balaca başımı qaldırıb ətrafa göz gəzdirdim. Asəf gəlib məni çevirib bir dənə şprislə ağrıkəsici iynə vurdu. Sürünərək yerimi dəyişib silahımı götürə bildim. Ağaya dedim ki, mən atdıqca sən də patronları doldur. Aşağıda bulaq var idi, bulağın yanındakı erməniləri görürdüm. Əvvəlcə hiss etməsəm də, sonradan gördüm ki, erməni pulemyotçusunun açdığı atəşdən yaralanmışam. Məndən gələn ət iyi aləmi bürümüşdü. Ancaq bütün bunlara baxmayaraq fikrimi qarşıdakı ermənilərə atəş açmağa yönləndirmişdim.

Bir də gördüm ki, yuxarıdan ikinci bölüyün komandiri Vaqif müəllim ayaq üstə güllə ata-ata gedir. Mən də qışqırdım ki, “Vaqif, aşağı əyil, aşağı əyil”. Güclü atışmanın səsindən Vaqif məni eşitmirdi. Baş verənlər elə sürətlə cərəyan edirdi ki, az bir zaman ötəndən sonra artıq mən Vaqifi görə bilmədim.



“BİRİNCİ BÖLÜYÜN UŞAQLARI ŞİDDƏTLİ DÖYÜŞƏ GİRMİŞDİLƏR”




Atışma getdikcə qızışırdı. Arxadan gələn birinci bölüyün döyüşçüləri sepşəkilli yayılaraq şiddətli döyüşə girmişdilər. Mən də bu imkandan istifadə edərək yavaş-yavaş arxaya sürünməyə başladım. Bütün gücümü toplayıb döyüş xəttindən arxada olan həkimə doğru hərəkət edirdim. Bu zaman kimsə “məni vurublar” deyirdi. Bu da deyəsən Fərrux idi. Yuxarı çıxanda gördüm ki, orada tank dayanıb. Onlara dedim ki, yolda mina var idi. Dedilər ki, xəbər eləmişdilər. Onu da dedilər ki, arxadan Göyçay bölüyü gəlir. Dedim axı burada neynirsiniz, axı hücum qabaqdadı. Sonra tankistə koordinat verdim, o da vurdu. Mən haradasa döyüş xəttindən təxminən 250 metr uzaqlaşmışdım ki, orada gördüm ki, rəhmətlik mayor Əhmədov və rəhmətlik Mehdi Rüstəmov dayanıb. Mehdi məni görəndə təəccübləndi. Onlara “budu bizə deyilən kəşfiyyat?” deyə sual etdim. Gördüm ki, onların özləri də çaşqınlıq içində idilər ki, kəşfiyyatla bağlı bizə yanlış məlumat verilmişdi. Mənə burada ilkin yardım göstəriləndən sonra silahları təhvil verdik və bizi Kəlbəcər hərbi hospitalına gətirdilər...


2019-cu il

İGİD TEYMURLU
Tv 713. az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar