"Kimsə etnik mənşəyinə görə ittiham edilməməlidir"
ƏLÖVSƏT ƏLİYEV: "Bu, insanları əsas hədəfdən yayındırmağa xidmət edir"
Xalqların etnik-mədəni dəyərlərinin qorunması insan haqqlarının tərkib hissəsidir və buna hər kəs hörmətlə yanaşmalıdır.
Təbii ki, Azərbaycana qarşı ermənilərin 1905-ci ildən başlayan, 1918-ci ildə davam edən vəhşiliklər, talançılıq və soyqırımı siyasəti, 1920-ci ildən sonra davam edən işğal, xalqımızın Ermənistandan deportasiya siyasəti və ən nəhayət, 1988-ci ildən başlayan etnik təmizləmə, terror və insanlıq əleyhinə cinayətlər unudulmalı deyil və hər bir azərbaycanlıdan onlara qarşı ehtiyatlı olmağı tələb edir.
Buna görə də, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının rəhbər vəzifələrinə, xüsusilə dövlət sirri təşkil edən məlumatlarla bağlı işləri yerinə yetirən şəxslərin vəzifələrə təyin olunması zamanı bu hallar nəzərə alınmalıdır.
Lakin, hakimiyyətdə təmsil olunanların və ya yüksək vəzifələrdən çıxarılanların erməni olması barədə məlumatları tirajlamaq siyasi məqsədlərə xidmət edir və çox eybəcər görünür.
Multikulturalizmi dövlət siyasəti kimi qəbul edən, etnik-mədəni müxtəlifliklərin multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimləndiyini iddia edən, ölkədə etnik zəmində heç bir qarşıdurmanın olmadığını bildirən, dünyaya “Multikulturalizmin Azərbaycan modeli”ni təqdim edən ölkədə vəzifədən gedənləri və ya "vurulmasına" sifariş verilənləri hakimiyyətə yaxın mətbuatının, erməni, erməni əsilli, yezidi kürdü və sair adlandırması siyasəti dayandırılmalıdır.
Umumiyyətlə, kimsə arvadının, anasının, nənəsinin, qaynana və ya qayınatasının və s. etnik mənşəyinə görə ittiham olunmalı deyil və bu orta əsr insanına xas düşüncədir.
Belə ittihamları bəzi hüquq müdafiəçilərindən, hüquqşünaslardan və tanınmış jurnalistlərdən eşitmək isə daha utancvericidir.
Hesab edirəm ki, hakimiyyətdə yüksək vəzifə tutanların əksəriyyətinin müxalifət mətbuatı tərəfindən uçdantutma erməni və ya erməniəsilli adlandırılması da əslində insanları əsas hədəfdən yayındırmağa xidmət edir.