DƏRD AĞACIndan asılı qalan Şəhid Arzuları

Şahidlər və Şəhidlər 22-sen, 20:089 tv713 210 0

VƏTƏN ÖZ ŞƏHİD ÖVLADININ, ŞƏHİD ÖVLADI DA ÖZ VƏTƏNİNİN TİMSALINDA GÜVƏNC YERİ TAPIR

Qədim Azərbaycan torpaqlarının neçə-neçə yerlərində qərar tumuş Şəhid Qəbirləri bizim yurdun taleyinə münasibətdə nankorluğumuza baxaraq hələ də düşmənə qarşı mücadilə yapmaqdadır. Laçın rayonunun Vağazin kənd qəbiristanlığında da belə Məzarlarımızdan var.[/b]

 DƏRD AĞACIndan asılı qalan Şəhid Arzuları

MUSAYEV RAMİZ RƏHİM OĞLU da o döyüşçülər cərgəsindədir...

Şəhid qardaşımızın qısa tərcümeyi-halında qeyd olunduğu kimi Musayev Ramiz 22 sentyabr 1962-ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub.
1971-ci ildə Laçın rayon Vağazin kəndində orta məktəbin birinci sinfinə daxil olan Ramiz 1980-cı ildə həmin məktəbin onuncu sinfini bitirib. 
Ramiz orta məktəbi başa vurduqdan sonra Rusiya vilayətinin Rostov şəhərinə gedib. Orada işləyə-işləyə həm də sürücülük məktəbinə daxil olub. 

1982-1984-cü illərdə sovet ordusu sıralarında xidməti başa vurduqdan sonra Ramiz Azərbaycana qayıdır. Bakı Qafqaz Enerjiquraşdırma Trestində sürücü düzəlib və həmin qarajda sürücülük fəaliyyətilə məşqul olub... 
1992-ci ildə Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etmək üçün Füzuli rayonu ərazisindəki cəbhə xəttinə yollanıb... 

Döyüşcü yoldaşları şəhid olduqdan sonra Ramiz iş yoldaşları, əslən Biləsuvardan olan İmanov Elşad və əslən Tovuzdan olan Yunanov Şahlarla birgə Laçın rayonunda yerləşən 713-saylı hərbi hissənin tərkibinə daxil olurlar. Laçının bir çox kəndlərinin düşməndən geri alınmasında iştirak edib.

22.09.1992- ildə Hocaz dağı yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.

Musayev Ramizin ölümündən sonra bir qızı və bir oğlu Vətənə əmanət qalır. Çox keçmir ki, Ramizin həyat yoldaşı da bu həyatla vidalaşır və beləcə Vətən öz Şəhid övladının, Şəhid övladları öz vətənlərinin timsalında güvənc yeri tapırlar...


DƏRD AĞACIndan asılı qalan Şəhid Arzuları


MƏMMƏD İSAYEV: “RAMİZ ÖZÜ VƏSİYYƏT ETMİŞDİ Kİ....”

Ramizlə bir kənddə, bir məhlədə böyüdüyünü deyən 713 nömrəli hərbi hissənin döyüşçüsü İSAYEV MƏMMƏD vurğulayır, Ramiz ondan səkkiz yaş böyük olub: "Yaşca bizdən böyük olmasına baxmayaraq mən onun uşaqlıq illərini də çox yaxşı xatırlayıram. Çünki Ramiz hər kəslə öz yaşına uyğun davranmağı bacaran adam idi. Xasiyyətcə çox həlim, gülərüz, mülayim təbiətli idi. Elə bununla da hamı arasında hörməti var idi, dostluq etməyi bacarırdı. Böyüklərlə böyük, balacalarla da balaca kimi davranırdı. Torpağa bağlı adam idi. Məlum hadisələr başlayan zaman hamı kimi Ramiz də könüllü olaraq Laçının müdafiəsinə qalxdı. Ramiz Musayev çox vətənpərvər oğlan idi. onun ürəyi daim vətənlə döyünürdü. Tale elə gətirdi ki, biz Ramizlə birlikdə Vağazin, Bozgüney, Haxnəzər,Təzəkənd, Alxaslı,Sonasər, Mişni və Pircahan, Hoçaz kəndlərində gedən döyüşlərdə, bütövlükdə Laçın və Ağdərə istiqamətlərində keçirilən hərbi əməliyyatlarda birgə iştirak etdik. 1992 ci ilin sentyabr ayının 18-dən sonra ikinci dəfə Hoçaz yüksəkliyi uğrunda gedən döyüşdə 22 sentyabrda Ramiz şəhid oldu. Şəhidimiz Musayev Ramiz Rəhim oğlu özü vəsiyyət etmişdi ki, əgər mən Şəhid olaramsa, onda məni doğma kəndimizin qəbiristanlığında dəfin edərsiniz. Və biz də o cür etdik, şəhidimizi doğma kəndində - Vağazin kənd qəbiristanlığında dəfn etdik"...

DƏRD AĞACIndan asılı qalan Şəhid Arzuları
 
BAKİR MÜRSƏLOV: “...ERMƏNİ VANDALİZMİ GÖZÜMÜN ÖNÜNƏ GƏLDİ

Ramizin başqa bir döyüş yoldaşı BAKİR MÜRSƏLOV gördüklərindən çox sarsıldığını bildirir:

“Mən Ramizlə bağlı acı xatirələrimi bölüşməzdən əvvəl onun əvvəl işlədiyi müəssisədə Şəhidimizin xatirə lövhəsinə olan münasibətə toxunmaq istərdim. İki yerə parçalanmış xatirə lövhəsini o müəssisənin həyətində görəndə erməni vandalizmi gözümün önündə canlandı. Ermənilər də bax beləcə bizim qəbir daşlarımızı darmadağın etmişdilər. O xatirə lövhəsini görəndə ikiyə bölünmüş Azərbaycanımızın taleyindən qəhər boğdu məni. O xatirə lövhəsini görəndə param-parça edilmiş Azərbaycanın taleyini düşündüm, ürəyim sızladı. Içim göynədi. Hər zaman diri oacaq, yaşayacaq Şəhidimizin xatirə lövhəsini görəndə məni dəhşət bürüdü...

DƏRD AĞACIndan asılı qalan Şəhid Arzuları


Məlumat üçün bildirək ki, şəhidimiz MUSAYEV RAMİZ RƏHİM OĞLUnun döyüş yoldaşı PAŞAYEV AZƏRin də bildirdiyi kimi "torpaqlarımızın azadlığı uğrunda döyüşə atılmazdan öncə bax səngər yoldaşımız elə bu müəssisədə sürücü işləyib. Bir neçə uğurlu hərbi əməliyyatda iştirak edən, qəhrəmanlıqlar göstərən Musayev Ramiz 1992-ci ildə Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlir. O zaman Şəhidimizin xatirəsinə hörmət əlaməti olaraq keçmiş iş yoldaşlarıyla onun yaxınlarının şəxsi təşəbbüsləri sayəsində bu müəssisənin həyətində Ramizin xatirə lövhəsi asılır. Ramiz özüsə vəsiyyətinə uyğun olaraq doğma kəndində - VAĞAZİNdə dəfn edilir. O gündən ta bir neçə ay bundan əvvələdək Ramizin xatirə lövhəsi asılan məkan onun ata və ana həsrətlə qıvrılan bir oğlu və bir qızı üçün doğma yerə çevrilir. Doğma balaları o xatirə lövhəsindən ataları Ramizin sanki iyini alırmışlar.... 
Amma günün birində Ramizin oğlu Ramin həmişəki kimi "atasıyla görüş"ə gedəndə o xatirə lövhəsini yerində görmür, əvəzindəsə ikiyə bölünmüş xatirə lövhəsinin bir qaranlıq hücrəyə atılmasının şahidi olur"...

[b]Məlumat üçün onu bildirək ki, güzəştlərin tətbiq qaydaları Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarıyla təsdiq edilib. Amma bir çox hallarda görünən budur ki, üstündən illər ötsə də bununla bağlı aidiyyatı instansiyalar, eləcə də yerli müəssisə və təşkilatlar, eləcə də vətəndaşlarımızın bir çoxu hələ də Vətən və vətəndaş qarşısında öz məsuliyyət hissini anlamayıblar. Şəhid adının əziz tutulmasını hələ də qulaq ardına vuranlar var. Babək prospektində maşın bazarının yaxınlığında yerləşən Bakı Qafqaz Enerjiquraşdırma Trest sanki dövlətin qanunlarından xəbərsizdir və sanki dövlət siyasətini də qulaq ardına vurub.


DƏRD AĞACIndan asılı qalan Şəhid Arzuları
 

ABDULƏZİMOV ABBAS: "O QƏBİR DAŞLARI TEZ-TEZ YUXULARIMA ƏSGƏR OBRAZINDA GƏLİR, BİZİ QINAYIRLAR"


Ramizin başqa bir döyüşçü yoldaşı Əbdüləzimov Abbas da öz həmkəndlisi, öz məktəb yoldaşı, öz səngər yoldaşıyla bağlı xatirələrini bizimlə bölüşdü: " Biz Vağazin kəndində bir orta məktəbdə oxumuşuq. Rəhmətlik Ramiz məndən iki sinif yuxarı idi. Buna baxmayaraq sözün həqiqi mənasında çox mehriban və səmimi bir qardaş idi. İllər keçdi, biz böyüdük və hərəmiz bir tərəfə getdik. Ramiz də Bakıya gəldi. Biz onunla bir də qacqın həyatında goruşdük. Bir-birimizlə hal- əhvallaşandan sonra Ramiz məndən soruşdu ki, nə işlə məşğul olursan? Mən də ona hələ ki, bekar olduğumu və geri qayıtmaq istədiyimi bildirdim. O mənə "gedək Babək prospektində olan qarajda mənimlə sürücü işlə" dedi. Cavab verdim ki, sonra gələrəm. Sonra elə oldu ki, mən torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan 713 nömrəli hərbi hissəyə qoşuldum. Və Ramizlə yenidən bu hərbi hissədə qarşılaşdıq. Ramiz çox səmimi bir insan idi. Qorxmaz döyüşçü idi. O zaman Ramizin iki, mənim işə bir övladım var idi. Ramiz deyirdi ki, bu erməni dlgalarının kökünü kəsməliyik ki, balalarımız rahat yaşasınlar. Biz birlikdə bir neçə döyüşdə iştirak etdik. Cox təəssuf olsun ki, Ramiz Hocaz yuksəkliyi uğrunda gedən döyüşlərin birində düşmən gülləsinə tuş gəldi və Şəhidlik Zirvəsinə yüksəldi. Ramiz hətta ölümüylə belə doğma torpağımıza sahib çıxdı, o yurd yerlərimizi hər şeydən və hər yerdən uca tutdu. Şəhid olarsa doğulub boya- başa catdığı Vağazin kəndində dəfn olunmağı bizlərə vəsiyyət etmişdi. Biz də qardaşımızı öz vəsiyyətinə uyğun olaraq doğma Vağazin kənd qəbiristanlığında dəfn elədik. O şəhid qardaşlarımızın qəbir daşları bu gün yurd yerlərimizdə keşik çəkir, hələ də yağı tapdağı altında qalan Bütöv Azərbaycanımızı seyr edib "hanı bizim yurddaşlarımız!?" deyir! Hər gün o qəbir daşları ƏSGƏR obrazında yuxularıma gəlir. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin, Tanrı bizlərə şəhid qardaşlarımızın və yurd həsrətimizin qisasını almağı nəsib etsin".



 MUSAZADƏ RAMİN: "ATAMIZIN YOXLUĞU HƏYATIMIZDA BİR BOŞLUQ YARADIB"

Şəhidimizin oğlu, hazırda Nizami rayonunda yaşayan MUSAZADƏ RAMİN 23 avqust 1991-ci ildə Bakı şəhərində anadan olub. Atasız böyümənin ağrı-acılarını, içində olan ata və yurd həsrətini Ramin bizimlə bölüşüb "ən ağır kədərin ortağı varsa; o kədər özü də bir sevinc olar" deyir:

"Ailədə 4 nəfər olmuşuq - atam Musayev Ramiz Rəhim oğlu, anam Səfərova Sevil İmran qızı, bacım Musazadə Turanə Ramiz qızı və mən. Atam 1992-ci il 22 sentyabrda Laçın rayonu, Hoçaz kəndi uğrunda gedən döyüşlərdə həlak olub. Bacımla məni anam Sevil xanım böyüdüb.1997-ci ildə Nizami rayonunda da yerləşən 251 saylı orta məktəbə daxil olmuşam. 2006-ci ilə qədər təhsilimi bu məktəbdə davam etdirmişəm. 2006-2008-ci illər arasında isə təhsilimi Ağcəbədi rayonunda Şəhid atamın adını daşıyan orta məktəbdə davam etdirmişəm. 2008-ci ildə həmin məktəbdən məzun olmuşam. Elə həmin ili Ali Neft məktəbinə qəbul olmuşam". 

2012-ci ildə Ali Neft məktəbinin məzunu olan Raminin dediyinə görə elə həmin il 2012-ci ilin 23 mayında anası Səfərova Sevil xərçəng xəstəliyindən vəfat edir. Həyatın bütün ağrı-acılarına baxmayaraq Ramin ayaq üstə durmağı bacarır. Genində daşıdığı Şəhid atası Ramizin arzuları, istəkləri onu həyatın özüylə mübarizədə daha da mətinləşdirir. 2013-cü ilin aprel ayından Azərbaycan Neft şirkətinə qəbul olan Ramin indiyə qədər də öz iş fəaliyyətini orada davam etdirir. 2013-cü ilin oktyabr ayında ailə həyatı quran Raminin artıq 2 övladı var.

“Atam şəhid olarkən bacımın 2, mənim isə cəmi 1 yaşım var idi. Ailəmizin çətin günləri atamın ölümündən sonra başladı. Belə ki, atamın itkisi, maddi sıxıntı, iki övladına korluq çəkdirmədən baxıb böyütmək və sair kimi bütün çətinliklər, problemlər anam-Səfərova Sevil İmran qızının çiyinlərinə yükləndi. Anamın həmin vaxtı cəmi 28 yaşı var idi. O yaşda tək 2 uşaq böyütmək,o qayğılarla başa çıxmaq, övladlarına həm ata,həm də ana olmaq hər qadının işi deyil. Anam bütün həyatı boyu bizə yoxluq çəkdirməmək üçün çalışıb. Az maaşla təkbaşına 2 uşaq böyüdüb. Ürəyi istəyən kimi yeməyib - bizi yedizdirib, ürəyi istəyən kimi geyinməyib - biz geyindirib ki, biz atalı uşaqlara baxıb həsəd aparmayaq. Amma atasız olmaq, atasız böyümək çox çətindir. Atamızı xatırlayanda onun yoxluğu həyatımızda həmişə dərin bir boşluq yaradıb. Bütün uşaqlığımız atam Ramizin şəklinə baxmaq və anamdan onun haqqında danışdıqlarını dinləməklə keçib.

Bacım Turanəylə 1997-ci ildə Nizami rayonunda yerləşən 251 saylı orta məktəbə oxumağa başlamışıq. Mən 2006-cı ilə, bacım isə 2008-ci ilə məzun olana qədər həmin məktəbdə təhsilini davam etdirib. Mən 2006-2008-ci illər arasındakı təhsilimi Ağcəbədi rayonunda yerləşən atam-şəhid Musayev Ramiz Rəhim oğlunun adını daşıyan orta məktəbdə davam etdirmiş və elə həmin məktəbdən məzun olmuşam. Özümü xatırlayandan anamın sağlamlığı ilə bağlı problemləri olduğu yadıma gəlir. Atamın yoxluğu, çətin həyat şəraiti anam Sevil xanımın gənc yaşda şəkərli diabet xəstəliyinə tutulmasına səbəb oldu. Başqa problemləri də var idi. Ona görə də biz övladları əlimizdən gələni edirdik ki, anamızı sevindirək, onun əziyyətinin bəhrəsini verək. 2008-ci ildə azda olsa bunu bacardıq. Bacım Turanə İqtisad universitetinə, mən isə Ali neft məktəbinə qəbul oldum. Bu illər ərzində anamızın səhhəti daha da pisləşmişdi. Ağır diabet xəstəsi idi, günü- gündən daha da arıqlayırdı. Buna baxmayaraq ehtiyaclara, dolanşığımıza görə bir gün belə işdən qalmırdı. 2012-ci ildə hər ikimiz oxuduğumuz Ali təhsil müəssisəsindən məzun olduq. Lakin anamızın xəstəliyinə görə məzun olduğumuza sevinə bilmədik. Diabet xəstəsi olduğuna görə anamın mədəaltı vəzi sıradan çıxmışdı, artıq,mədəaltı vəzinin xərçənginə çevrilmişdi. Diaqnozu eşidəndə dünya başımıza uçdu. Sanki dünyada tək dayağımız olan anamızı itirdik, günü- gündən gözümüzün qabağında əriyirdi anamız. O, uca boylu, gözəl qadından əsər əlamət qalmamışdı.Tamam rəngi saralmış və bir dəri,bir sümük qalmışdı.Bir neçə bankdan kredit götürüb anamızı İran İslam Respublikasına əməliyyata apardıq. Anam Sevil xanım 2012-cu ilin 29 aprelində İranda əməliyyat oldu. Lakin artıq gec idi, xəstəlik bütün bədəninə metastaz vermişdi, əməliyyatdan bir neçə gün sonra 23 may 2012-ci ildə tək dayağımız olan anamızı da itirdik...
Həyatımızın ən çətin günləri idi, çəkdiklərimizi sözlə ifadə etmək belə mümkün deyil. Amma necə deyərlər həyat davam edirdi və biz də yenidən ayağa qalxmalı idik. Məzun olduqdan sonra bacımla iş axtarmağa başladıq. İmtahanla 2013-cü ildə Dövlət Neft Şirkətinə işə qəbul oldum. Hal-hazırda da orada iş fəaliyyətimi davam etdirirəm. 2013-cü ilin oktyabr ayında ailə həyatı qurdum. Evliyəm,Sevil və Raul adında 2 övlad atasıyam. Bu az yaşımda çox çətin və keşməkeşli həyat yaşamışam. Amma buna baxmayaraq həmişə valideynlərimlə fəxr etmişəm. Fəxr etmişəm ki, şəhid övladıyam. O yüksək zirvəyə qalxaraq şəhid olmaq hər kəsə qismət olmur.Fəxr etmişəm ki, övladlarına görə öz həyatını qurban verən ananın övladıyam. Ümid edirəm ki, mən atasız böyüsəm də, övladlarıma yaxşı ata ola bilərəm. Bunun üçün əlimdən gələn hər şeyi edirəm və son nəfəsimə qədər edəcəm də”...

 

713 nömrəli hərbi hissənin köhnə döyüşçüləri öz şəhid qardaşları Ramiz Musayev və Şəhidliyimizə olan münasibətdən daanışdıqca adama elə gəlir ki, içimizdə bir dərd ağacı böyüməkdədir. Nə qədər ki, Bütöv Azərbaycan torpaqları düşmən tapdağından azad edilməyib, bütün arzularımız da o dərd ağacından asılı qalacaq...

 İGİD TEYMURLU
TV 713


Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr