ALIYEV CABBAR: "713-lə Laçına doğru"

Şahidlər və Şəhidlər 12-may, 14:529 tv713 170 0
"ZABİT YERİ YOX İDİ, DEDİM Kİ, SIRAVİ KİMİ GÖNDƏRİN"





1992-ci il 18 mayda Laçının işğalından sonra hamı kimi biz də öz yerimizdən didərgin düşüb Bakıya Qaradağ rayonunun Sahil qəsəbəsinə gəldik. Mən bunu qəbul edə bilmirdim. Qalmağa yerimiz də yox idi. Bizim kəndin əhalisini Sahil qəsəbəsində internat məktəbində yerləşdirdilər. Eşitdim ki Вünyad Sərdarovda Laçını azad etmək üçün könüllülər yığışırlar. Ertəsi gün ora yollandım. Hərbi geyimdə iki kişi və iki gadın oturmuşdu. Mən hərbi biletimi onlara uzatdım. Hərbi biletimə baxıb mənə dedilər ki, "boş zabit yerimiz yoxdur". Dedim ki, sıravi kimi göndərin. Beləcə forma verdilər.




Səhərisi gün kəndimizdən Şəmi, Akif, Mirələm, Şükür də gəlib könüllü yazıldılar. Onu da qeyd edim ki onlar hamısı Sahil qəsəbəsində yaşayırdılar. Elə həmin gün məni 3-cü tağıma komandir təyin etdilər. Bizi Üçtəpə təlim düşərgəsinə gətirdilər. Bir kapitanı bizə bölük komandiri kimi təyin etdilər. Ancaq o bizə demək olar ki heç bir hərbi təlim keçmədi. Üçtəpədə olduğumuz müddətdə bir neçə bölük komandiri dəyişdi ki, onların komandirliyi də heç hiss olunmadı. Biz özümüz tağımlara təlim keçirdik. Silahımız yox idi. Ona görə mən fiziki hazırlığa çox üstünlük verirdim. Sovet ordusunda mən xüsusi təyinatlı dağ motoatıcı alayında xidmət etmişdim. Gözəl bilirdim ki, dağlıq yerlərdə döyüşmək üçün yüksək fiziki hazırlıq lazımdır.

Biz burada 20 günə qədər təlim keçdik. Bu vaxt ərzində 3-cü tağımdan 176 nəfər gəlib getdi. Ancaq biz cəbhəyə gedəndə 3-cü tağımın şəxsi heyəti 22 nəfər idi. Həmin vaxt 3-cü tağımın şəxsi heyəti təxminən belə idi:

1.İsmayılov Mikayll
2.Rəhimov Camal
3.Fərmanov Sədi
4.Mustafayev Elşən
5.Dadaşov Mirələm
6.Ağayev Mehman
7.İsmayılov Şaməddin
8.Cəlilov Mahmud
9.Əzizov Əzizağa
10.Alıyev Ehtiram
11.Alxanov Asəf
12.İsgəndərov Rövşən
13.Həsənov Əfilağa
14.İbrahimov Sahib
15İbrahimov Polad
16.Cəfərov Şükür
17.Bayramov Oruc
18.Nuriyev Zöhrab
19.İsayev Asim
20.Niftalıyev Ağasəf
21.Qurbanov Akif
22. Məmmədov Asif.....

...Biz təlim mərkəzində iki dəfə avtomatdan atəş keçirdik. Cəbhəyə getmək yaxınlaşırdı. Orada kapitan rütbəsində olan birisi dedi ki, mən hərbçi deyiləm, uşağım xəstədi, ona görə mən cəbhəyə gedə bilməyəcəm.

İyun ayının 13-də bizi keçmiş "Spartak" stadionuna gətirdilər. Müdafiə Nazirliyindən bir polkovnik gəlib çıxış etdi və baş leytenant İsgəndərov Rəhmanı bizə təqdim etdi.

Biz sonra Bünyad Sərdarova gəlib hazırlaşmağa başladıq. Bu zaman mən dedim ki, bu gün ayın 13-dür. Bir qədər müzakirədən sonra o zaman toplanış məntəqəsində təşkilati işlərlə məşğul olan Alış dedi ki, gecə saat 2-də çıxırsınız. Kim istəyir getsin evə, axşam saat 11-12 də burda olsun.

Yaxınlıqda park var idi. Saat 11-dən görüşməyə gedənlər yığışmağa başladılar. Həmin vaxt mən insanların hərbi formada olanlara necə mehribanlıq göstərmələrinin canlı şahidi oldum. Və biz axşam yola düşdük....


"QİSAS HİSSİ İLƏ MUROVU PİYADA QALXIRDIQ"


....Burada çayın kənarında bir kafe var idi. Butün 1-ci bölük burada günorta yeməyini yedi. Kafenin müdiri heç kimdən pul almadı.Doğrusu bu mənə təəccüblü gəldi ki, bu qədər adam yemək yedi, heç kimdən pul almadı. Sonra mənə məlum oldu ki, bunların hamısı "starşina" Yusifin işi imiş.

Bir az dincələndən sonra komandirimiz İsgəndərov Rəhmanın əmri ilə piyada Murov dağına qalxmağa başladıq. 3-cü tağım sıraya düzülüb mahnı oxuya-oxuya dağı qalxmağa başladı. Hamı həvəslə yoxuşu yorulmaq bilmədən irəlləyirdi. Diqqətlə bu döyüşçülərə baxdıqda onların gözlərində kin, qəzəb və sevinc hiss olunurdu. Kin və qəzəb düşmənə qarşı köklənmişdi, sevinc isə torpaqlarımızı azad etmək üçün bir yerə cəm olmağaımızın, bir məqsəd uğrunda toprlanmağımızın görüntüsü idi. Hamı qisas hissi ilə əzmlə Murovu qalxırdı...

...Təxminən bir saat piyada getmişdik ki, kamaz maşını gəldi və biz ona minib Murov dağını aşdıq. Bir neçə kənd gəlmişdik ki, 701-ci briqadan bizim üçün gondərilən maşınlara minib Qılınclı kəndinə briqadanın ştabına gəldik. Burada bir xeyli vaxt galdıqdan sonra bizi zil maşınlarla yola saldılar. Həmin vaxt bizə bir nəfər mayoru da təqdim edib bildirdilər ki, bu zabit sizin həbi hissənin komandiridir. Bu mayor Əhmədov Süleyman idi. Biz gecənin qaranlığında sərt dolanbac yollarla tanımadığımız istiqamətdə yoLa düşdük...


ERMƏNİLƏR BİZİ TANIMADILAR...

Bir gün Şamkənddə olan mülki adamlar bizə bir dana verdilər ki, kəsib yeyin. Dananı kəsdilər və üç hissəyə böldülər - bir hissəsini biz götürdük, qalan iki hissəni Aşaği Çorman kəndində olan 1-ci və 2-ci tağıma göndərdik.

İyun ayının axırları idi. Bizə əmr gəldi ki, Vağazin kəndinə getməli və orada yerləşməliyik. Maşın gəldi və biz yəni 3-cü tağım əşyalarımızı maşına yükləyib Vağazin kəndinə doğru hərəkət etdik. Maşını Əzizağa sürürdü. Biz Aşağı Çorman kəndində dayandıq və bizim oradakı döyüşçülərlə görüşdük. Bölük komandirimiz baş leytenant İsgəndərov Rəhman bizə ümumi təlimat verdi, ehtiyatlı olmağı tapşırdı. Biz Vağazin kəndinə daxil olanda Haqnəzər kəndində güllə atıldı. Biz gördük ki, kənddə evlər yanır və səslər gəlir. Mən kəndin mərkəzində məktəbdə maşını saxlatdırdım və göstəriş verdim ki maşını tez boşaldın. 3-cü tağımın bütün heyəti Vaqiflə kəndin qabağındakı qayanın yanına getdi və mən Vaqifə dedim ki, orada gözləyin, gəlirəm.

Bizə təzə beş altı nəfər gəlmişdi. Mən onlara dedim ki, siz heç bir yerə getməyin, burada gözləyin. Əzizağaya göstəriş verdim ki, tez gedib bizim arxada olan qüvvəni gətirsin. Biz burada bölüşüb iki istiqamətdən Haqnəzər kəndinə doğru getdik. Orada bir traktor arxasında qoşqusu yük ilə dolu üzü Kalafalıq istiqamətində dayanmışdı. Onlar bizi görsələr də sərbəst hərəkət edirdilər, yəqin bizi özününkülər bilirdilər. Mən bir neçə nəfərlə Kalafalıq istiqamətinə gedirdim.

Birdən atəş səsləri gəldi və döyüş başladı. Bu, mənim ürəyimcə olmadı, çünki biz o traktoru Kalafalıq kəndinin aşağısında qarşılamalı idik. Ermənilər traktoru qoyub üzü yuxarı qaçmağa başladılar. Onlar üç nəfəri sürüyürdu. Ancaq bilmədik ki, onlar ölüb, yoxsa yaralıdırlar. Bir nəfər ermənisə yaralı halda aşağı qaçmış və ağaca çıxmışdı. O ermənini ağacdan düşürəndə yumalanıb dərəyə düşdü. Onu Şəmi, Akif, Şükür, Mirələm və mən ağacın üstünə uzadıb Vağazindən Kalafalığa gedən yola çıxardıq.

Bir azdan tabor komandirimiz mayor Əhmədov da gəlib çıxdı. Biz əsiri onun maşınına mindirdik və onları yola saldıq.3-cü tağımın döyüşçüsü Mahmud İmrani traktoru sürüb Vağazin kəndinə gətirdi.Traktorun qoşqusunda 35 meşok un, 6 ədəd paltar tikişi maşını, çoxlu yorğan döşək və digər məişət əşyaları ilə dolu idi.

Sonra 1- ci və 2-ci tağım da gəlib Vağazin kəndinə çıxdılar. Onlar demək olar ki Aşağı Çormandan Vağazin kəndinə qədər piyada gəlmişdilər. Bölük komandirimiz baş leytenant Rəhman İsgəndərov bizi sıraya düzdü və mən olanlar barədə ona məlumat verdim.


BİZƏ "TOXUNMAYIN, QOYUN ÇIXSINLAR!" ƏMRİ VERİLDİ

Sonra komandirimiz İsgəndərov Rəhmanın göstəriş və tapşırıqlarına əsasən kəndin ətrafında postlar qurduq. Biz bu kənddə olduğumuz müddətdə elə bir ciddi hadisə baş vermədi. 2 dəfə Sarıbaba istiqamətinə kəşfiyyata getdik və aşkarladıq ki, mülki erməni əhalisi Qarabağdan qaçır. Onlar getdikləri yolda rəngli parçaları ağaclara və kollara bağlayırlardılar ki, gələnlər yolu azmasın. Biz bu haqda komandirimiz İsgəndərova məlumat verdik. O da yuxarı komandanlığa bildirdi. Bizə verilən cavab bu olmuşdu ki, toxunmayın, qoyun çıxsınlar.

Bir neçə gündən sonra komandirimiz İsgəndərov Rəhman 3-cü tağımı postdan çıxardı və bildirdi ki siz postda durmayın, ancaq döyüş olanda ilk siz gedəcəksiniz.

Bir gün komandirimiz baş leytenant İsgəndərov Rəhman məni çağırıb dedi ki, ermənilər mütləq əsirlərinin dalınca gələcəklər, ona görə kəndi nəzarətdə saxlamaq lazımdır. Onlar kəndə girəndə biz onlara hücum edək. Ancaq ikimiz müşahidə aparacağıq. Rəhmanla mən növbə ilə Vağazin kəndinin qabağındakı hündür daşın üstündəki postdan növbə ilə müşahidə aparırdıq..


"..Mənə dedilər ki, bu BMP işləmir, düzəlt, apar"


...Ayin tarixi yadımdan çıxıb, mən postdan dincəlməyə gəldim. Üstündən bir az keçmişdi, mənə dedilər ki, komandir səni tağımla birlikdə çağırır. Biz komandirimizin yanına gəldik və sıraya düzülüb komandirimiz İsgəndərovun əmrini dinlədik. O, bildirdi ki, ermənilər Haqnəzər kəndinə giriblər, iki qrupa bölünüb onları kənddə məhv edirik.

Birinci qrupla İsgəndərov Rəhman Kalafalıq kəndi tərəfdən, ikinci qrupla mən Ərdəşəvi kəndi tərəfdən getdik. Ancaq ermənilər bizi görmüşdülər və biz sağ və soldan kəndə girəndə artıq ermənilər Haqnəzərdən üzü yuxarı qaçırdılar...

İyul ayının əvvəlində biz əmrlə Pircahan kəndinə getməzdən əvvəl ətraf ərazilər kəşfiyyat olundu. Biz yolda Bülövlük kəndində Kamran bəylə rastlaşdıq.O kəndi tərk etməmiş və kəndə erməniləri girməyə qoymamışdı. Kamran bəy söhbət əsnasında bildirdi ki, bəy öz torpağında ölər, ancaq düşmənə bac verməz. Əsl Milli Qəhrəman adına layiq bir Kişi idi Kamran bəy...

Bizim birinci bölük Pircahan kəndində yerləşdik. Komandirimiz R.İsgəndərov kəndin ətrafını nəzərdən keçirdi və postların yerini müəyyənləşdirdi. Onu da qeyd edim ki, bu kəndlərdə heç kim yox idi. Bizim qərargah Piçənis kəndində yerləşirdi. Biz eyni zamanda Aşağı Qaraçanlı kəndində də post qurduq...

Dəqiq bilmirəm iyul ayının 14-ü, ya da 15-i olardı. Komandirimiz R.İsgəndərov məni çağırıb əmr verdi ki, bizə 1 ədəd BMP veriblər, get onu Kəlbəcərdən gətir. Mən Mirələm ilə Kəlbəcərin Qılınclı kəndinə yola düşdük.

Briqadanın qərargahında "zambatex"i çağırıb gostəriş verdilər ki, o xarab BMP-ni verin, aparsınlar. Parkda mənə bir BMP göstərdilər və dedilər ki, neçə müddətdir bu, işləmir, düzəlt apar...
(ardı var)



İGİD TEYMURLU
Tv 713. az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr