ƏHDİ KƏSİLƏN ATLARI GÜLLƏLƏMƏYİN!
İGİD TEYMURLU
YANLIŞ KOORDİNATLAR VƏ HƏDƏFƏ ÇEVRİLƏN MƏTBUAT
Mətbuatımız indi MƏTBU AT timsalında istifadə edilməkdədir. Balıqların qəlsəmələri arasında özünə yer tapan infuzorlar necə ki, sonda onların ölməsinə səbəb olur, bax bugünkü mətbuatımız da o gündədir. Samozvanets mətbu "generallar" taktiki "həmlələr" etsələr də , amma strateji hədəfləri ya görmürlər, ya da görmək iqtidarında deyillər. Yanlış koordinatlar üzrə açılan "atəşlər" mətbuatımızın özünü hədəfə çevirib....
Bəti başdan deyim ki, kimsəni təftiş etmək amacım və səlahiyyətim yoxdur. Görünən qədəri deyirəm. Mətbuat Şurasının başında Əflatun Amaşov adlı məmur cildində birisi dayanırsa, əslində bu mövzudan danışmağın özü də əbəsdir. Əflatun Amaşov nə zamandan söz adamı olub ki, bu mərtəbədə də qərar tutub!?..
Elə bunun nəticəsidir ki, mətbuatda da sanki özündəvurğun bir çete formalaşıb - Rauf Arifoğlu....Eynulla Fətullayev....Mir Şahin...Elçin Şıxlı....Rəşad Məcid....bir zamanlar dəbdə olan Qənimət Zahid və bu kateqoriyadan olan digər isimlər.
Mətbuatımız dilənçi ordenlilər, yalançı məddahlar ordusu və iş axtaranların qul bazarına çevrilib. Para hesabına zorlanan mənəviyyatımızı görməzdən gələn MƏTBU ATın yorğa gedişi heç yorto gediş də deyil. Bu kateqoriyadan olan isimlərlə mətbuatınızın dördələmə çapıb uzaq mənzillər qət edəcəyi heç xəyali üfüqdə belə görünmür....
Özüm cəhənnəmə, məsələn, hər birimizin tanıdığı Əvəz Zeynallının Vətən Sevgisi, Vətənə xidməti, Sözə və Qələmə məhəbbəti yuxarıda adlarını sadaladığım kəslərdən bəyəm azmı olub ki, "Xarı bülbül" festivalına mətbuatımızın bu nəcməddinfasonı "generallar"ı dəvət edilir, amma başqaları yox?..
Mətbuatın dili publisistikadırsa və publisistikadır da, öyləsə, Raufda, Eynullada bu dil varmı?
Olsun kölgədə özünü günə verməyə çalışan Mir Şahin. Adam yaşıdları arasında özünü müasir publisistikanın birincisi kimi göstərməyə çalışsa da, ancaq əsla birinci deyil. Sadəcə olaraq, o da beləcə müasirliyimizin bir incidir.
Elçin Şıxlı ilə Rəşad Məcidin "adı var, özü yox". Publika Elçini daha çox rəhmətlik İsmayıl Şıxlının oğlu kimi, Rəşad Məcidisə "Anarın yanındakı oğlan" kimi tanıyır, söz adamları kimi yox...
Söyüş , qarğış janrı, zahirən görünən lntellektual fərziyyəçilık, şər, böhtan, iftira, təhqir bugünkü mətbuatın dilinə çevrilirsə, bunun yükümlüsü kimdir?
Əyilə-əyilə rəsmilərin kabinetindən çıxmaqla, hansısa təşkilatların sifarişlərini, hesabatlarını "fakt" kimi ortaya qoymaqla mətbuatı siyasətin quyruğuna bağlayan kimlərdir?...
Bu gün Söz və Qələm öz Müqəddəsliyindən endirilirsə, Qozbel Mediçilərə füsunkarlıq donu geyindirilirsə, səbəb nədir?
Samozvanets mətbu "generallar" bütün bunların fərqindədirlərmi?
BÜTÜN BUNLARIN ƏVƏZİNDƏSƏ KİV-ə dəstək Fondundan axan paralar da, ordenlər də, medallar da, evlər də deyilənlərin fərqində olmayanlara verilir, rəsmi dəvətlər də elə həmin kəslərə göndərilir. Bunlar hər zaman lüks avtomobillərdə gəzib, lüks evlərdə yaşayıb, amma onların əllərinin altında işləyən yurnalist övladının qarnını doyurmaq, kreditini ödəmək üçün evini satışa çıxarmaq məcburiyyətində qalır...
Yetər ki, Azərbaycanı bütlər diyarına çevirməyəsiniz...
Lütfən, bütləşdirməyin bu samozvanets mətbu "generallar"ı...
Vaxt var idi ki, mətbuatda elan olunan bütün mətbu müsabiqələrin əksəriyyətinin qalibi bir zamanlar şəbəkə mətbuatının xaç suyuna çəkilən Vüqar Səfərlinin gülməşəkər oğlu olurdu. Görən indi nə olub bu uşağa, mürəkkəbi qurtarıb?
Bu adları sadalanan samozvanetslərin hansı birinin qəzetəsi Zərdabi ənənələrinə söykənib? Mövcud hakimiyyətə, yaxud mövcud müxalifətə mədhiyyə yazmaq, yaxud əksinə çıxışlar etmək nə zamandan Vətən Sevgisinin göstəricisi, 'Söz və Qələm sahibi"nin boyunun ölçüsü olub?
Əfəndilər, yetmədimi MƏTBU ATı yallama çapmağınız!?
Əfəndilər, yetmədimi əhdi kəsilən atları güllələməyiniz!?
Bizim Vətən müharibəmiz hələ bitməyib. MƏTBU ATın əhdini kəsməyin və əhdi kəsilən atları güllələməyin! Belə bir zamanda yanlış koordinatlarla mətbuatı hədəfə çevirməyin. Gedəcəyimiz yol uzun, "tale zəbun, düşmən qəvi"dir...