"Qarabağa Dönüş" poeması: 11 və 12-ci bölümlər
SABİR RÜSTƏMXANLI - 75 silsiləsindən
11-Cİ BÖLÜM
Minadan təmizlənsə gedərdik Qarabağa,
Bəlkə tövbə etməyə, bəlkə üzr istəməyə.
Cığırları oyadıb, kəmənd atıb hər dağa,
Sizi çox gözlətmişik, bağışlayın, deməyə.
Düşünmə daş cansızdır, öz ömrü var daşın da,
Soruşsan doğma dillə güzgü tutar min ilə.
Ancaq ölçü ayrıdır onun daş yaddaşında.
Onun vaxt sayğacının adı bilinmir hələ...
Hər qaya milyon ilin harkdiskidir elə bil,
Göyün bütün səsləri yazılıbdır o başdan.
Ulduzların dili də bəlkə ona yad deyil,
Bəlkə də qopub qalır bir uzaylı uçuşdan.
Kağızlar yandırılır, papiruslar çürüyür,
Ancaq torpaq kitabın pozulmur yazıları.
Ağac kimi, ot kimi bu dağları bürüyür
Nəslimizin minillər yaşayan arzuları.
İndi otlar saralıb, evimiz külə dönüb,
Ölüm nəfəsi əsib hər cığırdan, hər izdən.
Biz də dirilik kimi dizin-dizin sürünüb,
Ayrılaq evimizdə qaçqın keçmişimizdən.
Yaz gələ, ağac kimi çiçəklənə həvəsim,
Çatılan köçlərlə bir qayıdım Dəlidağa,
Bu şəhər tünlüyündə sıxılanda nəfəsim
Loğman dağlar yenidən yol açar yaşamağa.
İstisuyun başında susmaz sazın kafesi -
Yanıq divarlarda da bir ilham rüzgarı var.
Ala göllər üstündə coşar cıdır həvəsim,
At uçar, daşlardan da göylər məni çağırar.
Bu daş kitabələrdə dünya fərqli, vaxt ayrı,
Daşların güzgüsündə bir də boylan elinə,
Gör hansı gözəlliklə insan açar axtarır
Buludların şəklinə, ulduzların dilinə.
Görək adsız bulaqlar kimi qonaq gətirib
Şamil qardaşımızın Kürd ovşarı səslənsin.
Bu dağlar əzəl gündən mərd oğullar qucağı,
Qoy yenə hər obada aşıqları bəslənsin.
Dağların da ruhu var - o, bizim ruhumuzdur,
O, insanın eşqidir, pirə, məbədə dönən.
Altaydan Qarabağa nizami ordumuzdur,
Qara dumanlarda da yenə uca görünən!
"Yar-yarını istəsə!" - dağlardan bir qız səsi,
Əbədi bir gəncliklə sevgisini oxuyar.
Yenə hər gün Turşsuda bir Koroğlu nərəsi,
Yenə qızlar xalçada Nigar eşqi toxuyar.
Zirvələrə qalxınca gücümüz oyanacaq
Bu güc tarixdən gələn ulu Turan gücüdür!
Savalandan Tanrıya, Ağrıdan Altaylara
Min illərlə var olan bir qəhrəman gücüdür.
Süfrəmdən pay umanlar bir deyil, iki deyil,
Elə ki, qarnı doyur unudur keçmişini.
Bu dağlar öz suyundan yolçuya da pay verər,
Harama əl uzatsa sındıracaq dişini.
Yolu Təbrizdən keçir Qarabağın demişdi
Bir ilkə qəhrəmanı çarəsizlik anında.
Sən demə, Qarabağdan keçirmiş Təbriz yolu,
Millət hökmünü verdi bu savaş meydanında.
12-Cİ BÖLÜM
Gözün aydın, Millətim, qurtardın sıxıntıdan,
Daha hədyan maşını üstünə gələ bilmir.
Ancaq erməni pulu dolaşdıqca ortada
Dini, irqi pul olan yatıb dincələ bilmir...
Dünya boynunu büküb böyük güclər önündə
Çarəsiz, əli bağlı sonunu gözləyərkən.
Ayılara güvənən tülkünü boğmağınla
Məzlumların könlünə sən oldun ümid əkən.
O əllər ki, uzandı sənə çətin günündə
Qardaşların əlidir qızıla tutulmalı.
Üzdə bəradər deyib, düşmənə dayaq olan
Dinimə ləkə olan şeytandan qurtulmalı...
Tv 713. az