Bakı “faktiki olaraq” NATO üzvüdür – Rus deputat
Azərbaycanı faktiki olaraq NATO üzvü saymaq olar.
Tv 713. az xəbər verir ki, bunu Rusiya Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksandr Şerin deyib.
“Azərbaycan Türkiyə ordusu ilə birgə (Bu iddianın özü belə absurd və Azərbaycana qarşıdır - red.) KTMT üzvünə qarşı vuruşduğu andan etibarən NATO-nun faktiki üzvü sayılır. Hüquqi olaraq bu, zaman məsələsidir. Bunlar hamısı rəsmləşdiriləcək. Azərbaycan Türkiyə vasitəsilə NATO-ya yaxınlaşmağı hədəfləyib, Ermənistan isə KTMT üzvü sayılır. Yumşaq desək, Rusiyanın neytral mövqeyi NATO-nun qocaman üzü olan Türkiyəyə Ərdoğanın simasında bəyanatlar verməyə imkan yaradır”, – deyə o bildirib.
Şerinin Dumanın Müdafiə komitəsindəki həmkarı Viktor Zavarzin də oxşar açıqlama verib. O, Türkiyənin Azərbaycanda hərbi bazasının peyda olmasının NATO-nun genişlənməsi anlamına gələcəyini bildirib:
“Bu bəyanat onların ikitərəfli münasibətlərinin bir hissəsidir, amma bu, inamsızlıq yaradır. Rusiya tərəfindən hansısa söhbətlər aparılmalıdır ki, onların nə etmək istədiklərini bir daha başa düşmək olsun”.
Zavarzin tərəflərin yeni bazanın yaradılması barədə açıq danışmamaqlarına baxmayaraq, onların bu addım üçün səssizcə çalışdıqlarını iddia edib. Deputat Rusiyanın bu anda reaksiya verməyə hazır olması gərəkdiyini söyləyib:
“Mən NATO-da əvvəllər Rusiyanın hərbi nümayəndəsi olaraq çalışmış insan kimi deyə bilərəm ki, bu təşkilat çoxdan qocalıb. Onlar heç yerdə müsbət heç nə etməyiblər, onlar NATO-nun sərhədlərinə hansı təhdidin olmasından asılı olmayaraq, uzaqdan işləmək istəyirlər. Ona görə də hər yerə - gah Ukraynaya, gah da Qafqaza can atırlar. Bunda yaxşı heç nə görmürəm”.
Qeyd edək ki, Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan hər hansı hərbi bloka qoşulmamaq siyasəti yürüdür.