ŞƏHİD ÖVLADINDAN AĞLAŞANLARA XİTAB: "SƏS SALMAYIN, ATAM YATIB"

Şahidlər və Şəhidlər 03-sen, 10:469 tv713 164 0


Həbibullah Kişinini kəsdiyi qurban və yurdun Qurbanı Ağasəf


ŞƏHİD ÖVLADINDAN AĞLAŞANLARA XİTAB: "SƏS SALMAYIN, ATAM YATIB"


Tarix boyu Vətənimizi var edən də elə bu torpaq uğrunda canlarını fəda edən igidlərimiz olub. Yurdun azadlığı uğrunda savaş meydanlarına girib son damla qanına qədər döyüşərək mübarizə aparan bu igidlər tarixin kəşməkeşli dönəmlərində Vətənimizin ayaqda durmasını hətta gərəkəndə belə canlarıyla təmin etməyi bacarıblar. Nə qədər acınacaqlı olsa da, belə əzablı yollarla adlamağın özü də sanki Azərbaycanın, Azərbaycan İnsanının alın yazısına çevrilib. Bütün məhrumiyyətlərə baxmayaraq yurd sevdası, Vətən sevgisi qəhrəmanlarımızı döyüş meydanına səsləyib. O igidlıər Vətəni özlərinə baba biliblər, o igidlər Vətəni özlərinə bala biliblər. Vətənin hər daşı, hər kəsəyi o igidlərimizə babalarımızın öygüsünü, duasını çatdırıb. Vətənin hər daşını, hər kəsəyini o igidlər heç üzünü belə görmədikləri körpə çağaları kimi əzizləyiblər...


AĞASƏF HƏBİBULLAH OĞLU NİFTALIYEV o öygünü duyanlardan, Vətən torpağını üzünü belə görmədiyi körpəsi tək əzizləyənlərdən olub.

Atası Həbibullah kişi, anası Gülnaz xanım körpə vaxtı Ağasəfi necə əzizləyibdilərsə, onun canına hopan bu doğmalığı böyüyəndən sonra Ağasəf də öz yurduna göstərib....

Ucar rayonunun Şahlıq kəndində dünyaya göz açan Ağasəf ailənin ortancıl oğlu olub. Ömür yoluna gah Ağdam rayonunda, gah Bakıda, gah Daşkənddə, gah Alma-Atada, gah Əfqanıstanda, gah da doğma yurdumuzun cənnət guşələrindən olan Laçınımızda, Ağdərəmizdə, Tərtəruimizdə rast gəlirik. Bu ömür yoluna diqqət edəndə yolların özü bizə Ağasəfin taleyini nəql edir. Son məqsədə, son amala doğru aparan bu yollarda Ağasəf olmazın ağrı, acılar çəkib heç kəsə bildirmədən, çox qaranlıqları adlayıb keçib. Həyatında onu sıxan anlar olub bu yollar, Ağasəfin taleyində də bu yollar kimi gah daralmalar, gah da genişlənmələr, gah enişlər. gah da yoxuşlar olub...

Səkkizillik təhsilini Ağasəf öz doğma kəndində - Ucarın Şahlıq kəndində başa vurub. Təhsilini davam etdirmək üçün Ağasəf qohumlarının yanına – Ağdaşa getsə də, çox keçmir ki, Şahlıq kəndində orta məktəb açıldığına görə yenidən doğma kəndə qayıdır, orta məktəbi əla qiymətlərlə oxuyur. Nümunəvi davranışı, yüksək səviyyəli təhsili ilə həm müəllimlərin, həm də məktəb yoldaşlarının hörmətini qazanır...

Məktəb illərində onu kənd qızlarına xas olan “qorxa-qorxa sevən” sinif yoldaşı Mətanət xanımın söylədiklərindən bəlli olur ki, Ağasəf lap hələ aşağı sinifdə oxuyanda ətrafa qarşı çox diqqətcil və mehriban olub. Yay tətili zamanı ayrılığa dözə bilməyən uşaqların kəndin ortasındakı dükanın qarşısına toplanıb oynamalarından danışan Mətanət xanım dördüncü sinifdə çəkdirdikləri ilk şəkilini tarixçəsindən belə danışır: “Onda biz də şəkl çəkdirmişdik. Şəkilimizi alan gün bir-birimizə xeyli baxmışdıq. O zaman sevginin nə olduğunu anlamırdıq. Bircə onu bilirdik ki, bir-birimizi görməyəndə çox darıxırdıq”...

İllər ötür, zaman keçdikcə Mətanətlə Ağasəf arasında olan gizli sevgi də böyüyür. Günün birində Ağasəf Mətanət xanıma bir kitab və bir açıqca hədiyyə edir 8 martda. Və beləcə bir sevginin təməli qoyulur. Sevgi məktubları bir-birinin ardınca düzülür. Ağasəfin balaca bacısı Kəmalə bu oyunda kiçik poçtalyon olaraq öz “işi”inin – məktub daşımağın öhdəsindən məharətlə gəlir...

İndiki Neft Akademiyasına daxil olan Ağasəf çətin durumu nəzərə alaraq ali təhsilini axşam şəbəsində davam etdirib gündüzlər işləyir...

1986-1988-ci illərdə Ağasəf sovet ordusu sıralarında Əfqanıstanda döyüş yolu keçir. Bu illər ərzində Ağasəflə Mətanət arasında yazışmalar səngimir. Mətanət xanım özününün deməsinə görə Ağasəfdən 39 məktub alır. Hətta bu yazışmalardan kənd camaatı duyuq düşməsin deyə poçtla bir “razılaşma” da əldə olunur..

Mətanət xanım 09.11.1988-ci ildə Ağasəfdən sonuncu məktubu alır. Özünün dediyinə görə Mətanət xanım Ağasəfin Əfqanıstandan sağ qayıtmasına görə 25 manat nəzir də boyun alıbmış. Çox keçmir ki, Mətanət xanımın bu istəyi gerçəkləşir və günün birində “Net tebya prekrasnıy” ətiri əsgər hədiyyəsi timsalında Mətanət xanıma verilir Ağasəfin əliylə. “O ətiri indiyə kimi saxlayıram” deyir Mətanət xanım. Elə ikilikdə çəkilən ilk şəkil də o zaman ərsəyə gəlib. İndi o günləri göz yaşlarıyla xatırlayan Mətanət xanım “birlikdə mandarin yeməyin başqa ləzzəti var imiş” deyir...

Ağasəfin Əfqanıstandan sağ-salamat geri dönüşüylə bağlı Həbibiullah kişi ilk qurbanını kəsir. O qurbanlığı kəsəndə Həbibullah kişi haradan biləydi ki, Ağasəf özünü bu yurd, bu torpaq, bu Vətən uğrunda qurban verəcək...

1990-cı ilin qanlı yanvar gecəsinin dəhşətlərini, vəhşətlərini yaşayanlardan biri də Ağasəf olub. Ağasəfin güllədən deşilən plaşı, pencəyi və yaralanan qoluna məlhəm qoyan da Mətanət xanım olub. Kənddə Ağasəfi ölmüş biliblər. Həqiqətlər üzə çıxandan sonra Həbibullah kişi 1990-cı il 27 yanvarda ikinci qurbanını kəsir. Və nəhayət 4 mart 1990-cı ildə Ağasəfin qohum əqrəbası elçi daşının üstündə otururlar. Beləcə bir xoşbəxt ailənin təməli qoyulur...

Mətanət xanım deyir ki, “həyatda ilk dəfə risq edib 27 dekabrda Ağasəflə bir yerdə, bir maşında kəndə yola düşüb”. Bu tarix iki gəncin yaddaşına əbədi həkk olur, hər ilin 27 dekabr tarixində birgə şəkil çəkdirmək bir ənənəyə çevrilir. Amma neyləmək ki, həyat bu xoşbəxtliyi də onlara çox görür.
Bu xoşbəxt cütlüyə 23 noyabr 1991-ci ildə toy-büsat qurulur. 1992-ci il 15 fevralda Ağasəf Bakıdakı təzə mənzilinin qapısını öz ailəsinin üzünə açır. Binəqədi NQÇİ-nin kompressor sexində işləyən Ağasəfin 1992-ci il 25-dən 26-na keçən gecə erməni və rus hərbi birləşmələri tərəfindən vəhşicəsinə həyata keçirilən Xocalı soyqırımından sonra bütün gülüşləri sanki üzündən qeybə çəkilir, yox olur. Əfqanıstanda keçdiyi döyüş yolu Ağasəfi səngərə səsləyir....

Və nəhayət 1992-ci il 10 mayda Ağasəf öz Mətanətinə “mən cəbhəyə gedirəm” xəbərini verir...

Arzuları təzə-təzə tumurcuqlayan Mətanəti öz kiçik bacısının ümidinə qoyub 17 mayda təlim-məşq zonası olan Üçtəpəyə, oradan da 13 iyunda Laçına yola düşür Ağasəf...

Mətanət xanımın söylədiklərindən: “14 iyul tarixini həmişə arzulayırdım ki, ad günlərimizi birlikdə öz evimizdə keçirək. Mənim sevimlimsə bəlkə də heç bilmirdi ki, bu gün onun ad günüdür. 24 yaşı tamam olurdu Ağasəfin o günü”...

Ancaq Ağasəf o günü də Mətanətə “yalan” danışmışdı – Ağasəf o günü Laçının Vağazin kəndində 713 saylı hərbi hissəyə daxil olan səngər yoladşlarıyla birgə yurdun keşiyində idi.

1992-ci il 27 dekabr günündə Ağasəfin ilk qız övladı dünyaya gəlir – balaca Şəhla...
1995-ci ilin mayındasa oğlu Elcan dünyaya gəlir...
1993-cü il 26 dekabrda köhnə ənənə bərpa edilir – Ağasəf, Mətanət xanım və balaca Şəhla üçü bir yerdə şəkil çəkdirirlər...

Döyüş yolu Laçında başlanan Ağasəf sonradan Murovdağ – Ağdərə - Füzuli - Ağdam – Tərtər istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib. 1994-cü ildə Ağasəfə kiçik leytenant rütbəsi verilir. Bu ərəfədə Ağasəf artıq bölük komandiri kimi hərbi tapşırıqları yerinə yetirir. Mətanət xanımın yalvarışlarına baxmayaraq səngər yoldaşlarından ayrıla bilmir, həyat yoldaşına şirin yalanlar verir.

Bununla bağlı Mətanət xanım deyir ki, Ağasəf hətta 1996-cı ildə də verdiyi vədə əməl etmədi: “O, mənə demişdi ki, 15 gündən sonra qayıdacağam, ancaq gəlmədi. Sonra dedi ki, imkan olsa noyabrda gələcək. 27 dekabrda Şəhlanın ad gününü keçirə bilmədik. Çünki Ağasəf gəlməmişdi. Sonuncu dəfə Ağasəf mənə “Sabrina” duxusu, özünə də “Napaleon” ətiri almışdı....

11 yanvar 1997-ci ildə atam bizə gəldi və “yığış, kəndə gedirik” dedi. Nənəm xəstə idi, elə bilirdim ki, o, ölüb. Ancaq kəndə çatanda biz bildik ki, Ağasəf Şəhid olub...

İntihar etmək istəyirdim. Şəhlanın sözləri indi də qulaqlarımda cingildəyir. Şəhla qibləyə uzadılmış Ağasəfi öpüb ağlayanlara xitabən deyirdi: “atam yatıb, səs salmayın. Atam bumbuzdur, üşüyüb”...

Beləcə Laçından başlayan döyüş yolu Tərtər rayonunun Qırmızıkənd kəndində mina partlayışıyla başa çatır. Ağasəf Şəhidlik Zirvəsinə ucalır. Bu gün Ucar rayonunun Şahlıq kəndində 5 Şəhid uyuyur. Onlardan biri də Ağasəf Həbibullah oğlu Niftalıyevdir.

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!

İGİD TEYMURLU
Tv 713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr