Nəriman Həbibin qohumuna nokautla qalib gəldi
Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov növbəti döyüşünü keçirib.
Tv 713. az xəbər verir ki, 27 yaşlı idmançı yüngül çəkidə rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşıb.
Abdulmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində baş tutan döyüş Abbasovun inamlı qələbəsi ilə başa çatıb. O, ilk raunddaca rəqibinə nokautla qalib gəlib.
Bu, Həbib Nurməhəmmədovun yeznəsi olan Zavurovun vida görüşü idi. Nurməhəmmədov Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif etmişdi.
Qeyd edək ki, Şamil Zavurov MMA-da indiyədək 47 döyüş keçirib və bunlardan 40-da qalib gəlib.
Nəriman Abbasov isə yüngül çəkidə Rusiyanın “AMC Fight Nights” təşkilatına məxsus kəmərin sahibidir. Abbasov bu kəməri iki dəfə uğurla müdafiə edib. Azərbaycanlı idmançı 30-cu döyüşündə 27-ci qələbəsini qazanıb.