RÜSTƏMXANLININ Gözündə dəfn olunanlar...
İGİD TEYMURLU
ÇİNGİZ HÜSEYNOVun "dahiliyi" və dahiliyin Azərbaycan formulası
Çox dəyərli SABİR RÜSTƏMXANLInın rəhmətlik yazıçı Çingiz Hüseynova olan münasibətlə bağlı bir videosu yayılıb. Məlum videoda Sabir bəy vətəndaş həmrəyliyini dost sevgisi notları üzərində kökləyib nicatımız naminə milli birliyimizi sunami təhlükəsindən qorumağa çalışsa da, fəqət ötən illərə, ötən günlərə tutulan aynada apaydın görünən həqiqətlər var...
Heç keçmişi demirəm, müstəqilliyimizi ikinci dəfə qazandığımız andan ta bu günədək ağsaqqal yazıçılarımızdan olan Çingiz Hüseynovun Azərbaycan naminə etdikləri, Azərbaycan naminə yazdıqları deyəsən heç Sabir bəyin Özünə də bəlli deyil. Əcəba belə olan halda rəhmətlik Çingiz Hüseynova olan münasibətlərə görə dəyərli Sabir bəyin kimlərisə "maksimalist yanaşma"ya görə tənqid etməsi də qəbuledilməzdir...
Dahilər Göy Cisimlərinə bənzərlər - mahiyyətindən, formatından asılı olmayaraq onlara olan münasibətlər də gözləniləndir. Hərənin öz baxış bucağı var və bu baxışlarda o CİSİMLƏR hər daim "topa tutular" - çünki üzdə olan, görünəndilər...
Sual olunur: Çingiz Hüseynov doğrudan da, görünən göy cismi olubdusa, hanı bəs onun bu torpağa, bu yurda bəxş etdiyi təravət və istilik, dəyərli Sabir bəy?...
Bu konuda Sabir Rüstəmxanlının gözlərinin dərinliklərində içində dəfn etdiyi və mumiyalandırdığı nəsnələrin görüntüsü var...
O zamankı "dissertasiya işləri"nin rəsmi Moskvanın bığının altından keçməsi doğrudan da, bir eybəcərlik idi. Və bu eybəcər sistemin içində bir yazıçı ömrü də çürüməkdə idi - Çingiz Hüseynovun ömrü. Ancaq bu da bir həqiqətdir ki, Çingiz Hüseynovun çürüyən ömrü Azərbaycan yazıçılarının inkişafı üçün münbit mühit, münbit şərait formalaşdıra bilərdi və gücü müqabilində də deyilənə görə, formalaşdırıb. Ancaq bu, heç də Çingiz Hüseynovun timsalında nə ədəbi mühitin patriarxı olmağın, nə də milli düşüncənin inkişaf etməsində katalizatorluğun göstəricisi ola bilməz...
Oljas Süleymanov Moskvanın göbəyində çap etdirdiyi kitablarda türk kimliyini, türk dilini rusun gözünə soxdu. Bizim Çingiz Hüseynovlarımız necə, heç bunun yüzdə birini edə bilibmi? Yox və yenə də yox! "Dahilik" böyləmi olur, dəyərli Sabir bəy?..
Digər bir məqam: Çingiz Hüseynovun Moskvada islam biliciləri, şərqşünaslar qarşısında "Quran" möcüzəsi təqdim etməsi, surələrə, ayələrə düzən verməsi və buna müqabil "alimlər"in susmaları güman ki, ideoloji idarəetmənin sifarişi əsasında ssenariləşdirilibmiş. Eləcə də Çingiz Hüseynovun hansısa bir işi "aşırması", bu işin həllini yüngülləşdirməsi də yazıçının "dahiliyi"nin sübutu ola bilməz...
Bəzi hallarda biz türklərin BÖYÜTMƏ VƏ KİÇİLTMƏ FORMULASIndan qədərindən artıq istifadə etməyimiz gerçək kimliyimizi belə pərdə arxasında qoyur, özümüzü nağıl qəhrəmanı kimi təqdim edir, özümüzü nağıl qəhrəmanları kimi aparmağımıza gətirib çıxarır...
Yayılan videoda çox dəyərli Sabir Rüstəmxanlı rəhmətlik Çingiz Hüseynovun gerçək simasının ştrixlərini ya qeyd edə bilməyib, ya da etmək istəməyib....Amma yaxşı edib ki, Rüstəmxanlı Özünün də dediyi kimi zamanında Çingiz Hüseynova QULAQ ASMAYIB. Qulaq assaydı indi biz siyasi və ədəbi mühitdə bambaşqa bir Rüstəmxanlı fəaliyyətinin şahidi olacaqdıq...
Allah rəhmət eləsin, axı 94 illik həyatının zirvəsində "Fətəli fəthi" dayanan rəhmətlik yazıçı ÇİNGİZ HÜSEYNOVUN "DAHİLİYİ", "PATRİARXLIĞI" nədə olub? Deyin, biz də bilək.
Və bu "dahilik", "patriarxlıq" olubsa, onda nədən indi bu "dahiliyi", "patriarxlığı" mədh edib, rəhmətliyə bol sulu, yamyaşıl, huri-mələkli Ədn Cənnətini arzulayanlar ötən zaman kəsiyində susublar, "əsil ziyalı"ları xalqa tanıda bilməyiblər?
Demək, bizə qiymət verilməsi üçün mütləq ölməliyikmi, həəə, öyləmi??
Onda Allahım, mədhiyyə həvəskarlarına ölüm ver ki, o ölənləri mən də ağız dolusu tərifləyim, sora MAAA DA ÖLÜM VER!
Allah cəmi Ölülərə rəhmət eyləsin, bildiyim qədərində ƏSƏRLƏRİNİN TAM ƏKSƏRİYYƏTİNİ RUSCA YAZAN YAZIÇI ÇİNGİZ HÜSEYNOV Vətəndən uzaq olsa da, İsrail torpağında uyuyacaq...
Və bu məlum video həm dəyərli Sabir Rüstəmxanlının, həm də rəhmətlik Çingiz Hüseynovun "Ömür kitabı"nın bir səhifəsidir. Kİ, yaddaşlara həkk olub, olacaq...