100 İL ƏVVƏLİN VƏ BU GÜNÜN QAZİSİ
Faiq Novruzov
Günün sözü
… Hey Sakarya, kim demiş suya vurulmaz perçin?
Rabbim isterse, sular büklüm büklüm burulur,
Sırtına Sakaryanın Türk tarihi vurulur.
Eyvah, eyvah, Sakaryam, sanamı düştü bu yük?
Bu dava hor, bu dava öksüz, bu dava büyük!..
Bir tarixi qərardan və qazilərdən yazmağa niyə Nəcib Fazil Qısakürəkin məşhur Sakarya türküsündən başladığımı deyim. Əla şeirdir-bu öz yerində. Amma bu yazıda ona görə yerinə düşür ki, Türkiyənin Qurtuluş savaşının əsas mərhələsi məhz bu şeirin həsr olunduğu Sakarya çayının sahilində oldu. 1921-ci il avqustun 23-də başladı və 22 gün davam etdi. Mustafa Kamal Paşanın rəhbərliyi ilə türk ordusu fəqrli taktikadan istifadə etməklə silah-sursat və canlı qüvvə sarıdan xeyli güclü olan yunan ordusu üzərində qələbə qazandı. Nəticədə yunanların Ankaranı ələ keçirib türklərin dirənişinə son qoymaq arzuları puç oldu. Ən əsası, Sakarya döyüşü Türkiyə tarixində bir dönüş nöqtəsi olmaqla əslində Osmanlı imperiyasının bölüşdürülməsini nəzərdə tutan, eləcə də Türkiyənin suverenliyini sual altında qoyan Sevr müqaviləsinin üstündən xətt çəkdi. Beləliklə də müstəqil Tükriyə Cümhuriyyətinin qurulmasının yolu açıldı.
Azərbaycan ordusu da bir il əvvəlki Vətən müharibəsində tarixi Qələbə qazandı. Qarabağın işğaldan azad olunması uğrunda gedən 44 günlük müharibə 100 il əvvəlki 22 günlük Sakarya döyüşü ilə təkcə davam etdiyi müddətlə (22 və 44 gün) deyil, həm də xalqın taleyində oynadığı rola görə oxşardır. Azərbaycan dünyaya yeni müharibə modeli göstərməklə 30 il işğal altında qalan torpaqlarını azad etdi. Ədalət döyüş meydanında qazanılan qələbə ilə bərpa olundu. Sakarya çayı sahilində də, Qarabağda da...
Düz 100 il əvvəl-1921 ci il sentyabrın 19-da Türkiyə Böyük Millət Məclisi türk ordusunun baş komandanı olaraq Sakarya meydan müharibəsindəki qələbəyə görə Mustafa Kamal Paşaya „marşal“ rütbəsi və "Qazi" titulunu verdi. Məhz QƏLƏBƏYƏ görə.
QƏLƏBƏni ona görə xüsusi vurguladım ki, „qazi“ sözünün işlənmə yeri dəqiqləşin. Məsələ burasındadır ki, Vətən müharibəsindən sonra dilimizdə möhkəmlənən „qazi“ sözü nədənsə daha çox yaralılara şamil edilir. Təbii ki, hər bir yaralı döyüşçümüz qazidir. Amma təkcə yaralılar yox ki. Vətən müharibəsinin hər bir iştirakçısı-əskəri də, zabiti də, generalıda, orden və medal alanı da, almayanı da QAZİdir! Çünki QALİBdir!
Alınma söz olan „qazi“ ərəb dilidə də "qəz”, „qəzənfər“, „qəzavət„ kimi sözlərlə eyni kökdən olub „qələbə“, „qalib“, „ələ keçirən“ mənalarını verir. Osmanlı dövlətinin qurucusu Qsman Qazidən, atası Ərtoğrul Qazidən başlayıb Qazi Mustafa Paşaya qədər qalib sərkərdələr bu titulu daşıyıb. Azərbaycan coğrafiyasında da bu mənada işlədilib. Səfəvilər dövlətində isə görünür yenə də qələbələrinə görə bütün hərbçilər „qazi“ adlanıb. Şah İsmayıl Xətainin misralarından da belə görünür:
‘‘Qızıl ələm, qızıl bayraq, qızıl tac.
Geyinsə qazilər, ol gün həzərdir”
Göründüyü kimi bu sözün tarixi çox qədimdir. Amma, məncə, günümüzə Qazi Mustafa Kamalın titulu və Məmməd Əmin Rəsulzadənin gənclərə etdiyi məşhur müraciəti ilə gəlib çıxdı. “Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. ... Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, bu yolda ya QAZİ, ya da ŞƏHİD olacaqsan!“
Təbii ki, Məmməd Əmin „qazi“ sözünü ancaq “qalib“ mənasında işlədə bilərdi.
Yenə də sözün mənasını əsas götürməklə onu 1-ci Qarabağ müharibəsindən danışarkən işlədib-işlətməmək barəsində də bir qərara gəlmək olar. Mənə qalsa, 1-ci Qarabağ müharibəsinin şəhidi, yaralısı, əlili, qəhrəmanı var, amma ... qazisi yoxdur. Bunu həmin müharibənin iştirakçıları (veteranları, əlilləri) özləri də „bizim bacarmadığımızı övladlarımız bacardı“ deməklə etiraf edirlər. 1-ci Qarabağ Müharibəsində bacarmadığımızı Vətən müharibəsində Azərbaycanın qazi ordusu bacardı. QAZİ ORDU-möhtəşəm səslənir!
...O ki qaldı 100 il əvvəl Türkiyə Böyük Millət Məclisində Mustafa Kamal Paşaya “qazi” titulunun verilməsinə… Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti bu titulu 13 il daşıdı. 1934-cü ildə isə Mustafa Kamal Paşaya “Atatürk” soyadı verildi. “Atatürk” sözü isə özündə hər şeyi birləşdirir, o cümlədə də qaziliyi…