SABİRİ TANIDAN VƏ NAXÇIVANI XİLAS EDƏN KİŞİ

Yazarlar 10-okt, 23:249 tv713 69 0
SABİRİ TANIDAN VƏ NAXÇIVANI XİLAS EDƏN KİŞİ


Böyük adam, böyük alim, böyük azərbaycanlı... Professor ABBAS ZAMANOVdan danışanda bu BÖYÜKlərin hər birindən və hamısından istifadə etmək olar. Üstəlik də, “cəsarətli” və “vətənpərvər” sözlərini əlavə etmək lazımdır. Hər halda, o mənim şəxsən gördüyüm, ya görmədiyim, amma böyük adam saydıqlarım sırasındadır. Anadan olmasından 110 il keçir. BÖYÜK hörmətlə anıram.

HÜSEYN CAVİDİN BACISININ YANINDA

- Adın nədir?
- Mirabbas.
Uşaq evinin müdiri üzünü katibəsinə çevirib dedi:
- «Miri»ni at, Abbası saxla.
Sonra başını sığalladığı uşaqdan yenə soruşdu:
- Atanın adı nədir?
- Mirfəttah.
- «Miri»ni at, Fəttahı saxla.
- Bəs familin?
- Seyidzamanov.
- «Seyid»i at, Zamanovu saxla.
Beləliklə, böyük ailəsini dolandırmqda çətinlik çəkən atasının Naxçıvandan Bakıya gətirib uşaq evinə qoyduğu Mirabbas Seyidzamanovun adı sənədlərə Abbas Zamanov kimi yazılır. Bu adla tanınır və tarixə düşür. Onu “miri”lərsiz və “seyid”siz qoyan uşaq evinin müdiri, Hüseyn Cavidin bacısı Səkinə Rəsizadə isə, şübhəsiz ki, bununla xeyirxahlıq edib, onun gələcəcəkdə üzləşə biləcəyi maneələrin qarşısını almaq istəyib. Abbas Zamanovun hələ uşaq evində olarkən başına gələn bir hadisə də bu cür düşünməyə əsas verir.

ƏLİHEYDƏR QARAYEVİN KABİNETİNDƏ

Abbas Zamanovu “kulak oğlu” kimi uşaq evindən az qala çıxaracaqdılar. 1992-ci ildə verdiyi müsahibədə bu barədə danışarkən deyib ki, atası əkib-becərdiyi bostandan üç-dörd yemiş-qarpız gətirib evin qabağında satdığına görə “kulak” adlandırıb, səsvermə hüququndan da məhrum ediblər. Təbii ki, “kulak” oğlu dövlətin uşaq evində qala bilməzdi. Bu barədə kimlərsə Mərkəzi Komitəyə də məktub yazırlar. Həmin məktublara əsasən Abbas Zamanovu Mərkəzi Komitənin katibi olan Əliheydər Qarayevin yanına aparırlar. Əliheydər Qarayev məsələni araşdırmaq üçün Bakı şəhər Daxili İşlər şöbəsinin rəisi Məmmədəmin Şəkinskini çağırtdırır. Sonra məktubu çıxarıb oxuyur və deyir ki, bunu uşaq evində saxlamaq olmaz. Burda da Şəkinski xeyirxahlıq edir. Deyir ki, biz belə uşaqları küçədən yığıb oxutdururuq ki, oğurluq, quldurluq eləməsinlər. Bunu uşaq evindən çıxarmaqla nə qazanacağıq? Xuliqanlıq edənlərin biri də artacaq. Bu söz Əliheydər Qarayevin ağlına batır. Abbas Zamanov uşaq evində qalır və şura məktəbində oxuyur.

“NAXÇIVANI HEÇ KİMƏ VERMƏRİK”

Abbas Zamanovu Mərkəzi Komitəyə bir də 1960-ci ildə çağırırlar. Cünki elə bir iş görür ki, səsi nəinki Azərbaycan KP MK-nə, hətta Moskvaya gedib çatır. Həmin ilin martında xalq şairi Səməd Vurğunun Elmlər Akademiyasının böyük iclas salonunda keçirilən xatirə gecəsində Abbas Zamanov da söz alıb çıxış edir. Səməd Vurğun yaradıcılığı fonunda xalqlar dostluğundan danışıb axırda da deyir ki, indi bu dostluğu pozmaq istəyənlər var. Ağzına qədər dolu zalda hər kəs söhbətin fərqli məcraya getdiyinin fərqindədir. Hamı maraq və narahatlıqla Abbas Zamanovun nədən danışacağını gözləyir. Səməd Vurğun haqqında xatirələrini danışdıqdan sonra Naxçıvanla bağlı təhlükəli xəbərlərin gəldiyini, ermənilərin Naxçıvanı Ermənistan SSR-in tərkibinə qatılması iddiasını irəli sürdüklərini bildirib. Sonra rəyasət heyətindən səslənən iradları nəzərə alaraq gecənin mövzusuna qayıdıb, “əgər bizim Səməd sağ olsaydı, buna yol verməzdi”,-deyir. Fikrini də “Naxçıvan Azərbaycanın müqəddəs, ayrılmaz hissəsi olub, hissəsidir və belə olaraq da qalacaq və biz onu heç kimə vermərik” sözləri ilə tamamlayır.
Zalda nə baş verdiyini təsəvvür edirsiz? Həmin xatirə gecəsinə atası İlyas Əfəndiyevlə gedən 10-cu sinif şagirdi, bu günün yazıçısı Elçin o anları belə xatırlayır. “Abbas Zamanov xitabət kürsüsündən düşüb parterdə öz yerində oturdu. Elə bil ki, bütün zal hipnoz olmuşdu. Və birdən o hipnoz keçdi, alqışın hərarəti bütün zalı, hətta bütün o böyük daş binanı titrətdi. Mülayim bir adam olan rəhmətlik Arif müəllim (tədbirin aparıcısı akademik Məmməd Arif Dadaşzadə-F.N.) rəyasət heyətində ayaq üstə dayanmışdı və zalın sakitləşməyini gözləyirdi. Zal isə sakitləşmək bilmirdi. Nəhayət, Arif müəllimin səsi eşidildi:
-Abbas Zamanov buradakı çıxışında hissə qapıldı. Mən inanıram ki, o özü də bu çıxışından peşiman olacaq.
Bu zaman Abbas müəllim yerindən qışqırdı:
-Çətin!”
İndiyə baxmayın, SSRİ dönəmində belə çıxış etmək hər adamın işi deyildi. 1937-ci il olsaydı, bu çıxışına görə Abbas Zamanov Sibirə sürgün edilərdi. Hətta 5 il əvvəl də olsaydı, millətlər arasına nifaq saldığına görə ömrünün bir neçə ilini həbsxanada keçirərdi. Amma yaxşı ki, Stalin vəfat etmişdi. Buna baxmayaraq belə bir çıxışın müəllifi cəzasız qala bilməzdi. Mərkəzi Komitədə həmin xatirə gecəsinin iştirakçırının bir çoxundan, eləcə də Abbas Zamanovun özündən izahat alınır. Abbas Zamanovun anti-partiya, təxribatçı, burjua-millətçi çıxışı pislənilir, bu barədə Mərkəzi Komitə xüsusi qərar qəbul edir. Universitet partiya təşkilatında aparılan müzakirələrdən sonra isə onu əvvəlcə partiyadan xaric etdilər. Sonra isə Azərbaycan Dövlər Universitetinin (indiki BDU) baş müəllimi vəzifəsindən azad olunur. Elmlər Akademiyasının Nizami adına ədəbiyyat institutuna kiçik elmi işçi işləməyə başayan Abbas Zamanov pariyaya və universitetdəki işinə qayıtmaq üçün 5 il mübarizə aparır. Bunu da hər kəs bacarmazdı. Sovet İKP MK yanında Partiya Nəzarəti Komitəsinə qədər gedir. Komitənin sədri Nikolay Şvernikin qəbuluna düşür. Abbas Zamanov yazır ki, “həmin illərdə Sabirin ərəb əlifbası ilə şeirlərini buraxmışdım. Türkiyədə yazmışdılar ki, Sovet ədəbiyyatçısı Abbas Zamanov Sabirə beynəlmiləlçi damğası vurub. N.Şvernikə dedim ki, xaricdə mənə beynəlmiləlçi deyirlər, bizdə millətçi. Yaxşı, siz deyin, bəs mən kiməm? O da cavab verdi ki: «Tı naş çelovek». Bundan sonra Abbas Zamanovu partiyaya bərpa edib, universitetindəki işinə qaytarırlar.
Naxçıvan üçün təhlükə isə, doğrudan da, var idi. Ermənilər buna çalışırdılar. Abbas Zamanovun səs-küylü çıxışı bu planı pozur…

ELM ADAMI

Mən onu həyatda bir, ya iki dəfə görmüşəm. 1984-cü, yaxud 85-ci ildə. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin Əlyazmalar İnstitutunun arxasındakı binasında. Görünür, bizdən yuxarıkı kursların tələbələrinə ədəbiyyat tarixindən dərs deyirdi. Abbas müəllim Mirzə Ələkbər Sabirin ən yaxşı tədqiqatçılarından biridir. "Sabir və müasirləri" əsəri 20-ci əsrin əvvəllərindəki ədəbi mühit barədə ən yaxşı araşdırmalardan biridir. Mətnşünaslıq sahəsində də ciddi fəaliyyət göstərib. C. Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, S.Hüseyn, H.Nəzərli, S.Ə.Şirvani, S.M.Qənizadə və Q.Zakirin əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirib. M.Ə.Sabir və Cavid haqqında topladığı xatirə və məqalələr "Sabir xatirələrdə” və "Cavidi xatırlarkən” adı ilə çap olunub.

ABBAS ZAMANOVUN BAĞIŞ KİTABLARI

Amma mən Abbas Zamanovu daha çox televiziya verilişlərindən və qəzetlərdə onun haqqında yazılan xəbərlərdən tanımışam. Hələ orta məktəbdə oxuduğum vaxtlarda onun hansısa ölkəyə kitab göndərməsi barədə məlumatlar verilirdi. O dövrdə bunu etmək də asan iş deyildi. Kifayət qədər vəsait tələb edən, vaxt alan iş idi. Amma Abbas Zamanov bunu həvəslə edirdi. Akademik İsa Həbibbəyli yazır ki, "onun hər həftə dünyanın müxtəlif ünvanlarına yola saldığı məktub və bağlamalar, barat və qəzetlər ayrıca poçt idarəsinin yükünə bərabərdir”. Hazırda Ərzurum Atatürk Universitetində "Abbas Zamanovun Bağış Kitabları” adlı kitabxana fəaliyyət göstərir. Orda 6 minə yaxın kitab var. Abbas Zamanova da dünyanın müxtəlif yerlərindən kitablar gəlirdi. Məsələn, 1969-cu ildə (yəni Azərbaycanda Məmməd Əmin Rəsulzadənin tanınmadığı, tanıyanların da adını çəkməyə cəsarət etmədiyi vaxtda) Abbas Zamanov mühacirətdəki azərbaycanlı professor Əhməd Cəfəroğluna məktub yazıb Rəsulzadanin “Böyük Azərbaycan şairi Nizami” monoqrafiyasını tapıb göndərməyi xahiş edib.

BÖYÜK AZƏRBAYCANLILARIN YANINDA

Abbas Zamanov Türkiyədə Məmməd Əmin Rəsulzadənin məzarını ilk ziyarət edənlərdən biri olub. Məktublarından aydın olur ki, Parisdə Əlimərdan bəy Topçubaşının oğlu Ələkbər bəylə, Əli bəy Hüseynzadənin oğlu Səlim Turanla və Cümhuriyyətin Paris Sülh Heyətinin həyatda olan son üzvü Məhəmməd Məhərrəmovla da görüşüb.
1990-cı ildə ümummilli lider Heydər Əliyevlə Naxçıvanda görüşənlərdən biri də Abbas Zamanov olub. Professor Yavuz Axundlu xatirələrində Heydər Əliyevin Abbas müəllimlə xüsusi məhəbbət və hörmətlə görüşdüyünü, Qarabağ məsələsindən danışdıqlarını, Abbas müəllimin Heydər Əliyevə bir neçə kitabını hədiyyə etdiyini yazır…
Gəncə xanı Cavad xanı heç kəs tanımadığı, yaxud adını çəkməyə cəsarət etmədiyi vaxtda da onun yeganə şəkli Abbas Zamanovda olub. Xalq şairi Sabir Rüstəmxanlı yazır ki, Sabir günlərində oxuduğum «Vətən» şeirini dinləyəndən sonra Abbas müəllim zəng vurub məni yanına çağırdı. Qapını örtən kimi siyirtmədən, yazı vərəqi boyda şəkil çıxartdı və dedi: «Şerində adını çəkdiyin Cavad xandı! Bu şəkli məndən başqa heç kimdə görə bilməzsən. Bağışlayıram sənə».
******
BƏSTƏBOY BÖYÜK KİŞİ
Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR-nın Şərur rayonunun Maxta kəndində anadan olub. Həyatı boyu çətinliklərlə üzləşsə də, hər cür vəziyyətdən çıxmağı bacarıb. Onun tərcümeyi-halını oxuyanda adama elə gəlir ki, hansısa qüvvə ona həmişə kömək edib. Seyid nəslindən çıxıb “kulak” oğlu olmasına və 60-cı ildə partiya sıralarından xaric edilməsinə baxmayara həmişə iş başında olub və kifayət qədər yüksək vəzifələr tutub. Gəncliyində qəzetlərdə işləyib. Pedaqoji İnstituda müəllimlik edib. Hətta bir ara (1940-1941) Opera teatrının və filarmoniyanın direktoru olub. Kommunist Partiyasina bərpa olunandan sonra da karyerasında yüksəliş davam edib. Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, sonra Bakı Dövlər Universitetinin kafedra müdiri və professoru olub. 1993-cü ildə vəfat edib. Məzarı Fəxri Xiyabandadır.
Abbas Zamanov bəstəboy kişiydi. Amma yəqin ki, ürəyinin böyüklüyündən sinəsi geniş idi. Vətən eşqi ilə dolu olan ürəyinin… Abbas Zamanov cəsarəti və vətənpərvərliyi ilə BÖYÜK KİŞİ İDİ.

F. NÖVRUZOV
QEYD: YAZILARINDAN İSTİFADƏ ETDİYİM MÜƏLLİFLƏRƏ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr