SABİR RÜSTƏMXANLI: "Dünya Azərbaycanlıları Universitetinin yaradılması bu günün tələbidir"
"Xaricdə yaşayan soydaşlarımıza Azərbaycanda güzəştlər tanımalıyıq"
Milli Məclisin aprel ayının 12-də keçirilən iclasında millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Bakıda Dünya Azərbaycanlıları Universitetinin yaradılması təklifi iıə çıxış edib.
Bakupost.az–ın əməkdaşı millət vəkili ilə görüşüb, Sabir bəyin Milli Məclisdə qaldırdığı məsələ ilə bağlı bəzi suallara cavab alıb.
Tv 713. az həmin müsahibənin aktuallığını nəzərə alaraq oxuculara təqdim edir.
- Sabir bəy, belə bir universitetin yaradılması ideyası əvvəldən də var idi, yoxsa yenidir. Yenidirsə, bu zərurət haradan yaranıb?
- Bu təkliflə ilk dəfədir çıxış edirəm. Dünyada, bölgədə gedən çətin proseslərə baxmayaraq, biz yeni bir tarixin yeni bir başlanğıcının astanasındayıq. Bizim tariximiz üçün son dərəcə işıqlı, gözəl bir dönəmə qədəm qoyuruq. Bu da ondan ibarətdir ki, illərlə həsrətində, arzusunda olduğumuz Türk Dünyası Birliyi, türk dövlətləri təşkilatı yaranıb. Türk dövlətləri arasında iqtisadi, mədəni, mənəvi, siyasi əlaqələr güclənir. Müxtəlif ortaq qurumlar yaranıb. TÜRKSOY-dan başlayaraq türk akademiyası, türk parlamenti və digər başqa təşkilatlar da var. TİKA türk dövlətlərinin inkişafına yardım edir. Xüsusilə Azərbaycan ilə Türkiyə qardaşlığını gücləndirmək, dövlətlər arasında yaxınlığı daha da artırmaq üçün çox ciddi addımlar atır, qanunlar qəbul olunur, nazirliklər arasında müştərək anlaşmalar bağlanılır, bəyanatlar verilir. Şuşa Bəyənnaməsi bunun zirvəsidir. Türk dövlətləri hərəsi öz müstəqilliyini, suverenliyini saxlayır. Amma eyni zamanda bu dövlətlər Avropa Birliyinə bənzər ümumi bir birlik yaradırlar. Burada çox mühüm addımlar atıla bilər. Gömrük, pul, ümumi iqtisadi birlik ola bilər. Belə bir maraqlı proses gedir. Bu prosesin içində Azərbaycan mərkəzi mövqedədir. Azərbaycan öz 50 milyonluq nüfuzu ilə Türkiyə və Türküstan arasında bir körpüdür. Şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Bu işin bir tərəfidir.
Ukrayna ilə Rusiya arasında müharibə göstərdi ki, Rusiyaya Avropanın, Amerikanın yanaşması bu gün son dərəcə mənfidir, amma həm də Avropa çox ciddi şəkildə Rusiyadan enerji asılılığı içindədir. Yəni, Rusiyadan qaz, neft, xammal asılılığı var. Ona görə də Rusiyanın haqsız olduğunu bilə-bilə bir çox məsələlərdə qətiyyətli addım ata bilmirlər. Ukraynanın arxasında dayanmaqla ədalət, haqq işi, demokratiyanın, beynəlxalq münasibətlərin tələbləri içində dəstək verirlər. Amma eyni zamanda Rusiyadan enerji asılılığı da qalır. Bunun alternativ variantlarını axtarırlar. Almaniya kansleri deyir ki, biz qısa müddətdə Rusiyadan asılılığa son qoyacağıq. Düzdür, həmin yolları axtarırlar. Norveç dənizində neft və qaz var, amma Avropaya yetmir. İndi Azərbaycan burada həlledici rol oynayır, Türkiyə üzərindən Avropaya qaz verir. Amma bu da yetərli olmaz. Ona görə də ən uğurlu alternativ variant Türkiyə-Azərbaycan üzərindən Türküstana, Mərkəzi Asiyaya çıxmaqdır. Türkmənistanın, Qazaxıstanın, Özbəkistanın böyük yanacaq ehtiyatları var və buna bazar axtarırlar. Hətta Türkmənistan Çinə də qaz verir. Eyni zamanda İranın, İraqın böyük ehtiyatları var. Bütün bunlar Avropanın enerji təhlükəzliyini təmin edə bilər. Türkiyə və Azərbaycan birliyi bu gün Avropa üçün də son dərəcə önəmlidir. Rusiya ilə də münasibətlər qorunur, bu da ayrı bir məsələdir.
Bu konteksdə Azərbaycanın dünyaya açılması və öz yüksək səviyyəli kadrlarını yetişdirməsi son dərəcə önəmlidir. Bizim ən ciddi qayğımız Güney Azərbaycandır. Yəni İranda yaşayan türklərdir. Onların öz təhsil sistemi var, amma hamı fars dilində oxuyur, öz ana dilində oxumurlar. Təhsilin şaxələnməsi də orada fərqlidir. Ona görə də İrandan Azərbaycana həm türklər, azərbaycanlılar, həm də farslar gəlirlər, bizim universitetlərimizdə oxuyurlar. Daha çox İranın ehtiyacı olduğu ixtisaslar üzrə; eyni zamanda Mədəniyyət Universitetində. Vaxtı ilə mən özüm İrandan öz hesabıma 50 uşaq oxutmuşam. Nazir işlədiyim vaxt. Təhsil haqqı az idi. İndi Tibb Universitetində təhsil haqqın hər tələbə üçün 4 min dollardır.
Bu il də yenə Güney Azərbaycandan mənə müraciət edənlər var. Ailələr var ki, uşaqlarını Azərbaycanda oxutmaq üçün köçüb gəliblər. Burada ən aşağı işlərədə işləyirlər ki, təki uşağımız ana dilində oxusun. İranda da iqtisadiyyat ağır vəziyyətdədir. Ailələr yəhsil haqqını verə bilmirlər.
Bizim təhsil qanununa görə xaricdə yaşayan soydaşlarımıza Azərbaycanda güzəştlər tanımalıyıq. Heç bir güzəşt yoxdur. Güneydə, başqa yerlərdə yaşayan soydaşlarımız ilə siyasi birliyimiz yoxdur, param-parçadır tarixi Azərbaycan əraziləri. İldən –ilə uçurumlar dərinləşir. Fars məktəblərini bitirənlər fars ağzı ilə danışırlar. Sanki Azərbaycanca danışır, amma farsdan az seçilir.
Burada oxumaq istəyənlər çoxdur. Lakin çətinliklə üzləşəndə Ermənistana, başqa yerlərə gedirlər. Orada onlar üçün yaxşı şərait yaradırlar. Bu bir siyasətdir. Dəfələrlə universitet rektorlarına, hətta Nazirlər Kabinetinə müraciət etmişik. Vəziyyət dəyişilmir.
- Azərbaycanda belə bir universitetin yaradılması İranla münasibətlər mənfi təsir göstərməz ki?
- Bizim İranla yaxşı münasibətlərimiz var və bu münasibətlər qorunmalıdır. Bu gün Azərbaycanda iki Rusiya universitetinin filialı var. Fransız liseyi, fars məktəbi də mövcuddur. İndi İtaliyan universiteti açmaq nəzərdə tutulub. 100 mindən çox gəncimiz rus məktəblərində oxuyur. Bir çox universitetlərimizdə təhsil ingilis dilindədir. Yeni nəslimiz, gəncliyimiz müxtəlif dillərə paylaşa-paylaşa axırda heç Azərbaycan dilində oxuyan qalmayacaq. Hesab edirəm ki, bu gün Türkiyə ilə müştərək universitetin açılması vacibdir. Bir vaxt Qafqaz Universiteti vardı. Məlum oldu ki, Fətullah Gülənin adamlarına bağlıdır və universitet bağlandı. Amma biz Türkiyə dövləti ilə rəsmi anlaşma ilə Azərbaycanda Türkiyə universiteti açmalıyıq. Türkiyə ilə Azərbaycan iş adamları Qarabağın dirçəlişində bir yerdədirlər. Hər iki ölkənin iqtisadiyyatını bilən mütəxəssislər yetişməlidir. Hərbi layihələrə həyata keçirmək üçün bu universitet mütəxəssislər yetişdirməlidir. Belə bir universitet həm də dünya azərbaycanlıları üçün qurulmalıdır. Təkcə İrandan gələn azərbaycanlılar üçün yox, həm də Amerikadan, Rusiyadan, Avropadan, İraqdan olan soydaşlarımız üçün bu, böyük hədiyyə olar; orada bir sıra uşaqların dövlət hesabına və yaxud müəyyən güzəştlərlə təhsili təmin olunsa, bu, gələcək milli inkişafımıza son dərəcə ciddi bir təkan verər. Bu gün bu ideyanı mən deyirəm. Güman edirəm bu işə nə qədər tez başlansa o qədər xeyirdir. Bu gün də olmasa, sabah, 3-5 ildən sonra olacaq. Parçalanmış xalqımızın ümumi mədəniyyət mühitinin qorunması üçün belə bir universitetə ehtiyac var. Hesab edirəm ki, Təhsil Nazirliyi və əlaqədar idarələr, Nazirlər Kabineti bu barədə düşünəcək.
- Bu məsələylə bağlı aidiyyəti qurumlara rəsmi müraciətiniz olacaqmı?
- Milli Məclis ölkənin ən yüksək tribunasıdır. O eşidilir. Hesab edirəm ki, Azərbaycan Prezidenti belə məsələlərə həssas yanaşır. Sadəcə büdcə problemləri həll olunsa, belə bir universitet dünya azərbaycanlıları üçün çox yaxşı olar. Yaxın vaxtlarda Şuşada dünyadan dəvət olunmuş yüzlərlə azərbaycanlının iştirakı ilə növbəti Dünya Azərbaycanlıları Qurultayı keçiriləcək. Ola bilsin biz iştirak etməyəcəyik. Çünki orada yer məhduddur və daha çox qonaqlar üçün şərait yaradılır. Mən Dünya Azərbaycanlıları ilə Koordinasiya Mərkəzinin üzvüyəm. O mərkəzin üzvü, Dünya Azərbaycanlıları Konqresinin sədri olaraq dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılarla əlaqə saxlayıram. Onların da hamısın istəyi odur ki, belə bir universitet yaradılsın. Ad önəmli deyil. Adını Şərq universiteti də qoymaq olar..Vaxtı ilə bizim Neft-Kimya institiyunda dünyanın müxtəlif ölkələrindən gəlib oxuyurdular. Onların bəziləri gedib öz ölkələrində böýük vəzifələr daşıyıblar, prezident olanı da var. Qarabağ məsələsini anlatmaq üçün onların görüşünü burada keçirmək olar. Bu təklifi o vaxt Diaspor Komitəsinə vermişdim. O vaxt oxutmuşduq, qoy Azərbaycanın təbliğatçısına çevirilsinər. Dünya Azərbaycanlıları Universiteti öz soydaşlarımıza xidmət edəcək. Azərbaycanın indiki inkişafı fonunda o universitet maddi baxımdan çox böyük ziyan vurmaz. Həm də tələbələrin bir hissəsi öz hesabına oxuyar, bir hissəsi də dövlət hesabına. Orada Azərbaycan tarixi, dili, mədəniyyəti də yüksək səviyyədə öyrədilə bilər. Buradan gedənlər də Azərbaycanın dostu, övladı kimi dünyanın hər yerində çalışarlar. Hökmən deyil ki, universitet Bakıda yerləşsin, Şuşada, Füzulidə ola bilər. Adını Şərq və ya Füzuli universiteti də qoymaq olar, amma dünya azərbaycanlıları üçün olsun.
Türkiyənin demək ola ki, bütün universitetlərinə azərbaycanlı müəllimlər var. Təbii ki, Türkiyədən də bura gələnlər var. Həmin universitetlərdən, dünyanın müxtəlif yerlərində yaşayan görkəmli mütəxəssislərimizdən bəzilərini bu işə cəlb edə bilərik. Bir sözlə Azərbaycanda nümunəvi, gözəl bir universitet yaratmaq olar.
- Güneydən Azərbayacana oxumaq üçün gələnləri sayı çoxdur?
- Əvvəl daha çox idi. İndi biz az azalıb. Kərkükdən, də gəlmək istəyənlər vardı. Belə bir şərait yaransa təbii ki, müəyyən limit olacaq. Dövlət qapıları açıb hər kəsi ora buraxmaz. Şüphəsiz tələb çox böyükdür. Amma eyni zamanda imkanlar da nəzərə alınacaq. Soydaşlarımız İraqda, İranda ərəb əlifbası ilə oxuyurlar. Burda latın qrafikasını daha yaxşı öyrənəcəklər. Harada azərbaycanlıar yaşayır bizim onalarla ciddi mənəvi körpülərimz salınmalıdır. Biz bu gün İrana deyə bilmirik ki, bizim orada yaşayan 35-40 milyon soydaşımız üçün məktəb açın. Arada da deyirlər ki, biz hazırıq amma müəllim yoxdur. O müəllimləri biz yetişdirə bilərik. Sadəcə əlifbanı bilməklə, 3-5 şeir əzbərlətməklə müəllim olmur. Pedaqoqika cidii bir işdir. Gec-tez İranda türk dilində məktəblər açılacaq. İran parlamentində də bu tələbsəslənir.. Bəhanə olmaması üçün mütəxəssis yetişməlidir. Azərbaycan ilə İranın münasibətləri inkişaf edir. Günün birində İran ilə bunu da anlaşmaq olar ki, soydaşlarımız üçün ana dilində məktəblər olsun.
Novruz bayramında bizə Güneydən on minlərlə qonaq gəlirdi. İndi həmin o adamların üzü dönüb Ermənistana. Niyə? Səbəb bizdəki bahalıq və bürokratik əngəllərdir. Dünya azərbaycanlılarının növbəti qurultayında Qələbəmiz, Qarabağda görülən işlər haqqında daşıacağıq, hamı böyük sevincllə qulaq asıb gedəcəklər. Amma suallar da səslənir ki, Azərbaycanın sərhədləri niyə bağlıdır?Rusiya Dağıstan üzərindən Gürcüstana gedə bilirlər amma Azərbaycanın hər tərəfədən quru sərhədləri bağlıdır. Niyə? Bu xəstəlik artıq qurtarıb.
Universitet məsələsi parçalanmış Azərbaycanın milli siyasəti olmaqla yanaşı, eyni zamanda türk dünyasının gələcəyinə yönəlmiş və birlik siyasətinə yardım etmək üçün atılan bir addımdır. Təhsildən yüksək dəyər və əlaqə vasitəsi yoxdur.
Müşfiq Rəhimov
Tv 713.az