"Hüseyniyyun” terrorçuları Bakıya qarşı provokasiya aparır
Artıq bir neçə gündür ki, “Hüseyniyyun” terror təşkilatının üzvləri müxtəlif adlarla Azərbaycana qarşı öz aləmlərində provokasiya aparırlar. Onlar Azərbaycan vətəndaşlarının sosial yaşamını İran vətəndaşları ilə müqayisə edirlər. Onlar, həmçinin çörəyin, benzinin və s. məhsulların guya qiymətini müqayisə edərək özlərini haqlı göstərmək istəyirlər. Hazırda Azərbaycanın 1 manatı İranın 25 min tümənidir. Bu hər iki ölkənin iqtisadi imkanlarının müqayisəsi üçün kifayətdir.
Tv 713. az xəbər verir ki, bu sözləri Bakupost.az-a açıqlamasında Güney Azərbaycandan olan soydaşımız, milli-mədəni fəal Babək Türkoğlu deyib.
O bildirib ki, İranda iki aya yaxındır davam edən iğtişaşların ən başlıca səbəbi insanların çox ağır yaşam şərtləridir:
“İranda insanların öz böyrəyini satışa çıxarması adi hal alıb. Ölkədə narkotik əsas gəlir sahəsi sayılır. Azərbaycana narkotik də əsasən İrandan gətirilir. Təəssüf ki, İran gəncləri düşünülmüş surətdə bu zəhərin qurbanına çevrilib”.
B.Türkoğlu İranda hazırda yaşananların adi iğtişaşlar deyil, qiyam olduğunu bildirib:
“Diqqət etsəniz, görərsiniz ki, İranın molla rejimi qonşuluğundakı heç bir müsəlman ölkəsi ilə müttəfiq deyil, əksinə, demək olar ki, müsəlmanlara qənim kəsilib. İran hakimiyyətinin müttəfiqləri Çindir, Rusiyadır, Ermənistandır, atası isə Fransadır. İran müsəlman ölkələri içində terror qruplaşmaları yaradıb. İran hər yerdə terrorla məşğul olan, öz ölkəsində vətəndaşlarının cəlladına çevrilən, qadına əl qaldıran dövlətdir. İranda hazırda baş verənlər buna qarşı xalqın qiyamıdır. Bu qiyamı isə İran hakimiyyəti qan gölündə boğur, indiyə qədər yüzlərlə insan güllələnərək qətlə yetirilib”.