Zəngilan məktəbində donan şagird, dondurulan problemlər
Sosial məsuliyyətsizliyin ünvanı olan qurumlar
Havanın soyuq keçməsi artıq evlərdə istiliyə tələbat yaratsa da, amma ara-sıra görünən budur ki, müxtəlif təyinatlı obyektlərə, o cümlədən uşaq bağçaları və məktəblərə istilik hələ də yetərli səviyyədə verilməyib. İstiliyin hər ilin noyabr ayının 15-dən verilməsi hələ sovet dönəmindən qalma ənənəyə söykənsə də, çox təəssüflər olsun ki, hətta zaman etibarilə köhnəlmiş bu qaydanın özünə belə riayət olunmur. Sonucda da əziyyət çəkən vətəndaşlar arasında məsuliyyətsiz məmurların ucbatından həm dövlətçiliyimizə, həm də mövcud hakimiyyətə qarşı sosial narazılıq formalaşır.
Belə narazılıqları özündə əks etdirən məqamlardan biri redaksiyamıza edilən müraciətdə də əksini tapıb. Belə ki, Qaradağ rayonu Qobu qəsəbəsində yerləşən Zəngilan rayonu 20 nömrəli orta məktəbin şagird kollektividir.
Adıçəkilən məktəbin şagird kollektivinin nümayəndələri bizimlə söhbətlərində təhsil aldıqları müəssisənin istilik sisteminin olmamasından əziyyət çəkdiklərini bildiriblər. Onların bizə verdiyi məlumata görə "Zəngilan rayon 20 nömrəli məktəbin yerləşdiyi təhsil müəssisəsində eyni zamanda Laçın, Kəlbəcər və Füzuli rayonundan olan məktəblər fəaliyyət göstərir. Havaların sərt keçməsinə və bununla əlaqədar olaraq dəfələrlə rəhbərliyə müraciət etməyimizə baxmayaraq aidiyyatı kəslər tərəfindən problemin aradan qaldırılması istiqamətində heç bir iş görülməyib".
Şagirdlərin bildirdiyinə görə "sinif otaqlarındakı dözülməz durumla bağlı məktəbin direktoruna da dəfələrlə müraciət edilsə, hər dəfə onlara verilən vədlər sonradan nəticəsiz qalıb, siniflərin qızdırılmasında əsaslı heç bir addım atılmayıb".
Şagirdlərin irad və şikayətlərinə aydınlıq gətirən Zəngilan orta məktəbinin direktoru Nazim müəllim bizimlə söhbətində yaranmış vəziyyətlə bağlı aşağıdakıları bildirdi: " Şagirdlər iradlarında haqlıdırlar. Biz də öz növbəmizdə belə iradların aradan qaldırılması dəfələrlə istiliyin verilməsi üçün yükümlü olan qazanxanaya müraciət etsək də bizim özümüzə də verilən vədlər özünü doğrultmayıb. Nəticə də göz qabağındadır".
Məlumat üçün bildirək ki, hələ bir müddət öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı danışarkən deyib ki, Bakıda bəzi məktəb və 125 uşaq bağçasının istilik sistemində problemlər aşkarlanıb. Adıçəkilən instansiya verdiyi informasiyada payız-qış mövsümünə hazırlığa və məktəblərin istiliklə təminatına diqqətin artırılmasının vacibliyini də vurğulamışdı.
Maraqlıdır, görən həmin 125 məktəb sırasında Zəngilan məktəbinin də adı varmı? Əgər bu məktəbin də adı o siyahıda varsa, onda nədən üstündən bunca zaman ötməsinə baxmayaraq səlahiyyətli kəslər tərəfindən problemə diqqət ayrılmayıb. Axı Təhsil İdarəsinin səlahiyyətlisinin özü bu məsələyə diqqətın ayrılmasının vacibliyini vurğulayıb. Görən keçirilən monitorinq zamanı bu məktəbə diqqət ayrılıbmı?
Adıçəkilən məktəbinin direktorunun məsələyə münasibəti yayındırıcı oldu: "Siz onu dediyiniz monitorinqi aparan kəslərdən soruşun, bizdən yox".
Maraq doğuran digər məqam bundan ibarətdir ki, “Azəristiliktəchizat” ASC də öz növbəsində istilik mövsümü üçün bütün zəruri tədbirlərin görüldüyünü dəfələrlə ölkə mətbuatına açıqlayıb. Eyni zamanda Azəriqaz rəsmiləri də qış mövsümünə hazır olduqlarını bildiriblər. Burada cavabdeh qismində bir "Qaçqınkom" qalır. Nəzərə alsaq ki, qaçqın və məcburi köçkün məktəblərinin bütün kommunal xərcləri məhz bu qurum tərəfindən aidiyyatı instansiyalara ödənilir, onda heç şübhəsiz ki, Zəngilan məktəbindəki problemin yaranmasında "Qaçqınkom"un öz payı var.
Digər bir tərəfdən məsələ ilə əlaqədar qurum rəsmilərinin edilən zənglərə cavab verməmələri də bu ehtimalları daha da keçərli edir.
Fakt olan budur ki, verilən vədlərə baxmayaraq, Zəngilan məktəbinin istilik sistemində hələ də problemlər yaşanmaqdadır.
Sual olunur: kimdir günahkar - Bakı Şəhəri Üzrə Təhsil İdarəsi, "Azəristiliktəchizat", Azəriqaz, yoxsa "Qaçqınkom"?
“Azəristiliktəchizat” ASC-dən bildirilən məlumatlarda göstərilir ki, "Bakı şəhəri və respublikanın regionlarında olan digər 538 qazanxana və 87 istilik məntəqəsi 15 noyabr tarixindən işə salınıb və istehlakçılar mütəmadi olaraq istilik enerjisi ilə təmin olunur”.
Verilən məlumatda o da göstərilir ki, "ölkədəki məktəblərin 6, bağçaların isə 8 faizi “Azəristiliktəchizat” ASC tərəfindən istiliklə təmin edilir".
Məktəb kollektivinin də vurğuladığı kimi "demək yerdə qalan məktəblərin 94 faizinin istilik sisteminin tam normal iş rejimi birbaşa Azəriqaz, Bakı şəhəri Üzrə Təhsil İdarəsi və heç şübhəsiz ki, birbaşa "Qaçqınkom"dan asılıdır. Deyəsən adı çəkilən qurumlar fərqində deyillər ki, onların məsuliyyətsizliyi ucbatından dondurulan problemlər sosial narazılıqlar formalaşdırır. Əgər bizim problemimiz yaxın günlərdə aradan qaldırılmazsa onda üz tutacağımız ünvan birbaşa öncə Təhsil Nazirliyi və heç şübhəsiz ki, cənab Prezidentimiz İlham Əliyevlə Vitse-Prezident, xanım Mehriban Əliyeva olacaq".
MÜŞFİQ RƏHİMOV
Tv 713. az