Zəlzələ yaradan silah: onun gücü nə qədərdir? - Alim
Türkiyədə baş verən zəlzələ barəsində çoxlu miflər yazırlar. Guya bu zəlzələ tektonik silahla və ABŞ və ya Rusiya tərəfindən edilib; guya bu silahın yaradıcısı azərbaycanlı İkram Kərimovdu - SSRİ dövründə məxfi laboratoriyada bunu icad edib, sonra guya Amerikanın gizli kəşfiyyat orqanlarından gizlənmək üçün Afrikaya qaçıb…
Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev Türkiyədəki dəhşətli zəlzələ ətrafında yayılan iddiaları şərh edərkən deyib.
O bildirib ki, vaxtilə belə iddialara inanıb, amma xaricdə müəyyən qurumlarda araşdırmalardan sonra nə qədər yanıldığını anlayıb:
“Doğrudur, İkram Kərimov böyük alim, nüfuzlu insandır. Zəlzələ üzrə mütəxəssisdir. Sovetlər dövründə də gizli laboratoriyada çalışıb. Amma silah icad etmək deyil, sadəcə, zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirmək üçün. Əvvəllər bu cür zəlzələ xəbərdarlıqlarını yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimovun tədqiqat qrupu yeni elmi metodla, adıçəkilən cihazlara ehtiyac olmadan, zəlzələ əlamətlərini hələ nüvəsində ikən müəyyən etməyi bacarır. Vəssalam. Nə silah icadı barədə məlumatlar, nə də bu silahı işə salacaq enerji Sovetlərdə və indi Rusiyada var”.
Alim xatırladıb ki, o zaman Sovet kəşfiyyatı Amerika və Qərb dövlətlərinə guya gizlin informasiya sızdırır: “1968-ci ildə SSRİ Müdafiə Nazirliyi “Merkuri-18" məxfi proqramı çərçivəsində (kod: NİR № 2M 08614 PM) gizli əməliyyata başlayır. Hədəf tam məxfidir - zəlzələ törədən kütləvi qırğın silahını yaradıb Amerikanı məhv etmək istəyir”.
Bu dezinformasiya o qədər sürətlə yayılır ki, Amerika kəşfiyyatı dərhal işə keçir. Sovetlərin bütün mərkəzlərinə agentlər sızdırılır və Bişkekdə olan laboratoriyaya gəlib çıxırlar. Nəticədə amerikalılar həqiqəti üzə çıxarırlar. Bu Sovet kəşfiyyatının blefidir, belə silah barədə bir çertyoj belə yoxdur. Dərhal Sovetlər izi azdırmaq üçün İkram Kərimovun elmi tədqiqat qrupunu bağlayır. Sovetlər biabır olduqlarını başa düşüb belə məlumatı yayırlar: “Dünyanın müxtəlif bölgələrinə səpələnən rus kəşfiyyatındakı sızmadan sonra Kərimovun evinə basqın edən Amerika kəşfiyyatı bütün tədqiqatların surətini oğurlamağa nail olur. Bu hadisədən sonra Kərimov öz qrup üzvlərini ancaq Cənubi Afrika Respublikasında təhlükəsiz yaşayacağına dair təminat alır. Amerikalılar isə oğurladıqları araşdırmalar əsasında 1990-cı illərdə, Alyaskada HAARP seysmik stansiyasını qurub ordan təbii iqlimə müdaxilələrə başladılar”.
Alim bu iddiaların qeyri-ciddi olduğunu bildirib:
“Hazırda İkram Kərimov Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində Seysmologiya Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professordur. İkram müəllim əgər belə silahın müəllifidirsə, hazırda dünyanın ən güclü dövlətləri onu çoxdan dəvət edib milyonlarla pul xərcləyib, bu silaha sahib olardılar. Belə silah barədə mif doğru olsa idi, İkram müəllim indi AMEA-dan ayda 900 manat yox, Amerika Müdaifə Nazirliyindən ilinə 9 milyon dollar maaş alardı.
Bəs tektonik silah nədir?
Tektonik silah dünyanın geoloji quruluşuna müdaxilə edərək müəyyən bir bölgədə zəlzələ, vulkan və bu kimi təbii fəlakətlər yarada bilən modern silah növüdür. Bu silah ilk dəfə 1992-ci ildə Aleksey Nikolayev tərəfindən ideya olaraq səsləndirilib. Nə İkram Kərimov, nə də Amerikanın alimləri kəşf edib. Rus alimi belə ideya irəli sürüb ki, dünyanın dərin qatlarında yığılmış enerjini seysmik dalğalarla yönləndirərək, güclü zəlzələlər yaratmaq mümkün ola bilər. Amma bunun üçün Yer üzündə o dalğalara təsir edəcək enerji mövcud deyil. Hətta nüvə reaktoru belə bu enerjini verəcək gücdə deyil. Yerin daxilində olan yığılmış enerjiləri yönəltmək üçün olduqca böyük enerji lazımdır. Hazırda dünyada belə enerji verəcək güc yoxdur. Elmin peyğəmbəri Nikola Tesla belə enerjini yaratmaq və dünyanı pulsuz və fasiləsiz elektrik ilə təmin etmək üçün layihə üzərində işləsə də, Rotşild ailəsi, Rokfekler ailəsi və digərləri ona mane oldular. O gündən bəri dünyada fizika ilə məşğul olan ən dəyərli alimlərə müharibə elan edildi. 1940-cı ildən bu günə qədər böyük elmi işlər aparan yüzlərlə fizik məhv edilib.
Amerikalılar isə 2000-ci ilin əvvələrində tektonik silah olan HAARP yaratdıqlarını elan etsələr də, onun gücü çox zəifdir. Bu barədə ciddi sənədlər oxumuşam. Belə silah var. Amma o, Rixter cədvəli üzrə maksimum 3 bal gücündə silkələnmə yarada bilər. Amma uzaq məsafələrdə yox”.