Virtual Formula 1 Azərbaycan Qran-Prisi təşkil olunacaq
Formula 1 şirkəti martın sonunda virtual “F1 Esports Virtual Grand Prix” çempionatına start verib. “F1 2019” oyun bazasında təşkil olunan çempionatda əvvəlcə 6 mərhələnin - Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Monakonun keçirilməsi nəzərdə tutulmuşdu.
Formula 1 üzrə dünya çempionatının yeni mövsümü iyulda start götürəcəyindən təşkilatçılar daha 3 virtual yarış təşkil etməyi qərara alıblar. Belə ki, iyunun 7-də pilotlar virtual olaraq Bakı şəhər halqasında mübarizə aparacaqlar. İyunun 14-də Kanada, bir həftə sonra isə Fransa Qran-Pri yarışları baş tutacaq.
Virtual çempionatda Formula 1 yarışlarında iştirak edən 20 pilotdan 7-si iştirak edir. Bunlar Şarl Lekler, Aleks Elbon, Lando Norris, Karlos Sayns, Antonio Covinatsi, Corc Rassell və Nikolas Latifidir.
Mayın 24-də virtual çempionatın növbəti mərhələsi – Monako Qran-Prisi təşkil olunacaq.
AzərTAc xatırladır ki, koronavirus pandemiyasına görə Avstraliya, Monako və Fransa Qran-priləri artıq ləğv olunub. Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya, Azərbaycan və Kanada yarışları isə qeyri-müəyyən tarixə təxirə salınıb.
tv713.az