AUTİZMLİ UŞAQLAR ÜÇÜN "MAVİ İŞIQ", YOXSA "SOS" SİQNALI?
İGİD TEYMURLU
Tanrının Əsəri və Azərbaycansayağı küfr
AUTİZMLİ UŞAQLARA MÜNASİBƏTDƏ DÖVLƏTİN YANAŞMASI deməyə əsas verir ki, bu sahəyə görəvli olanlar nəinki autizm sindromundan əziyyət çəkənləri, hətta Allahın Özünü belə yaddan çıxarıblar!!!
Xəbəriniz varmı bu uşaqların necə böyüməsindən, necə qidalanmasından, necə reabilitasiya olunmalarından, hansı şəraitdə və necə yaşamalarından? Sabah valideyinləri dünyasını dəyişəndən sonra özlərini belə adi qaydada idarə edə bilməyən bu uşaqlar necə və nə ilə dolanacaqlar? Hanı bu uşaqların sosial təminat güvənliyi? Bütün bunlardan xəbəriniz varmı, ay bu dövlətin qanunvericiləri, idarəediciləri?
VARDIR, ANCAQ HEÇ ...VECİNİZƏ DƏ DEYİL!!
Autizm sindromlu uşaqların reabilitasiyası adı altında talanan milyonları İlahi Ədalət burnunuzdan piltə-piltə gətirəcək, buna əmin olun. Etdiyiniz zülmün on qatını Uca Tanrı qarşınıza çıxaracaq, buna da əmin olun. Göyə bülənd olan bu ah-nalələrə günün birində mütləq cavab verəcəksiniz. Çünki Sizlər Tanrı Dərgahındakı imtahandan üzüağ çıxmamısınız. Əldə etdiyiniz mərtəbədən millətin dərdlərinə çarə bulacaq davranış nümayiş etdirmədiniz və etdirmirsiniz. Heçə saydığınız bəndə, haqqını tanımadığınız o autizmli cocuqlar da Yaradanın ən böyük Əsərlərindən biridir. Siz bu ƏSƏRLƏRİ TAPDALAMAQLA, HAQQINI VERMƏMƏKLƏ küfr etmədəsiniz.
Autuzm sindromlu uşaqları özəl sektorun ümidinə buraxmaq vətəndaşa qayğının yox, bazar təxəyyülünün məhsuludur. Autizm sindromlu uşaqların reabilitasiyası kompleks yanaşma tələb edir - bu uşaqlar reabilitasiya olunmalı, onlara təhsil verilməli, sağlamlıqlarına diqqət yetirilməli, mənzil şəraiti yaxşılaşdırılmalı, gələcək həyatı dövlət tərəfindən sığortalanmalıdır.
Autizm sindromundan əziyyət çəkən uşaqların konkret statistikası Əmək və Əhalinin Sosial Təminat Nazirliyindən götürülməli, bu uşaqlar qeydiyyata alınmalı, onların reabilitasiyası birbaşa dövlət büdcəsindən maliyyələşən mərkəzlər tərəfindən təmin edilməlidir.
ÖZƏL SEKTORLAR autizmin reabilitasiyası məsələsinə sosial siyasətin tərkib hissəsi kimi deyil, birbaşa biznes maraqlarının inkişafı kontekstində baxır. Bütün rayonlar üzrə autizm sindromunun reabilitasiyası ilə məşğul olan mərkəzlər dövlət büdcəsi hesabına fəaliyyət göstərməlidir.
AUTİZMLİ UŞAQLAR BU DÖVLƏTİN VƏTƏNDAŞIDIRSA, HANI BU UŞAQLARA DÖVLƏT QAYĞISI?!
Autizm sindromlu uşaqların valideyinləri "dövlət tərəfindən onlar üçün nəzərdə tutlan bütün güzəşt və imtiyazlar"dan demək olar ki, xəbərsizdir. Və ümumiyyətlə belə bir imtiyaz varmı və hansılardır?
Bu kontekstdə qanunvericilikdə nəzərdə tutulan müddəaların valideyinlərə aşılanması, çatdırılması işi ilə birbaşa Milli Məclisin deputatları məşğul olmalıdırlar. Çox təəssüflər olsun ki, başda Qənirə xanım Paşayeva və Fazil bəy Mustafa ( güllə yarası alan Fazil Mustafaya Allahdan can sağlığı diləyirəm - müəllif) olmaq şərtilə Məlahət İbrahimqızı, Musa Urud kateqoriyasında olanlar autizmlə bağlı maarifləndirmə işində işlərini ancaq şəkil çəkdirib reklam etdirməklə bitmiş sanırlar...
AUTİZMLİ UŞAQLARIN REABİLİTASİYALARI NƏDƏN DÖVLƏT HESABINA HƏYATA KEÇİRİLMİR, DÖVLƏT BABA?
Hakimiyyətdə təmsil olunanlar istisna heç bir soydaşımız bu gün Azərbaycan reallığında autizm sindromuyla maddi baxımdan mübarizə aparmaq qüdrətində deyil. Bunu Dövlət Babanın özü də hər kəsdən yaxşı bilir. Öyləsə vətəndaşa qənim kəsilmənin, vətəndaşı dərdləriylə baş-başa buraxmanın adı nədir?
BİR AUTİZMLİ UŞAĞIN AYLIQ REABİLİTASİYASI ÖZƏL SEKTORDA 2500 MANATDAN AŞAĞI DEYİL.
Üstəgəl həmin ailənjn öz dolanışığı və bu uşağın aylıq xərci ayda 5 min manat edir. Bu pulu vətəndaşa verirsinizmi? Təbii ki, yox. Autizm sindromlu uşaqlara və onların qulluğunda dayanan valideyinlərinə verilən müavinətə baxanda adam bu məmləkətdə doğulduğuna it kimi peşiman olur. Görən bu hökümətin, bu qanunverici orqanın üzvlərinin öz övladları bu gündə olsaydı və onlara da həmin müavinət verilsəydi, özlərini necə hiss edərdilər!?
Texnologiyanın yüksək inkişaf etdiyi indiki durumda yaxın xaricdə bu problemə münasibətdə dövlətin hansı qanunlar qəbul etməsinə diqqət yetirəndə adam dəhşətə gəlir. Rusiya, Türkiyə, Gürcüstan ilə müqayisədə Azərbaycandakı münasibətlər sisteminə diqqət edəndə dövlət olaraq nə qədər rəzil durumda olduğumuzdan adam utanc hissi keçirir. Və bu hala rəvac verən də dövlət adına danışan bütün səlahiyyətlilərdir.
Haqqımızı tanımayan Avropada qocalar evini himayəyə götürür, kilsələr təmir edirik - buna pul tapılır, ancaq öz xəstə vətəndaşına sahib çıxmağa pul tapılmır!?..
AUTİZMLİ UŞAQLAR üçün mavi işığı binaların üzərində deyil, bu uşaqların reabilitasiyalarının təminatı, gələcək həyatlarının qorunması, sosial şəraitlərinin yaxşılaşdırılması məqsədilə qəbul edilən qanunlarda yandır, DÖVLƏT BABA!!!
BU GÜN SƏNİ ALDADIRLAR, DÖVLƏT BABA!
MİLLİ MƏCLİS VƏ ONUN AİDİYYATI KOMİSSİYALARI (elm, təhsil, səhiyyə, sosial təminat komissiyyaları), Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Sosial Təminat Nazirliyi və AUTİZM sindromuyla bağlı özlərinə reabilitasiya deyil, daha doğrusu, biznes mərkəzləri formalaşdıran bir çox işbazlar Səni aldadır, DÖVLƏT BABA!
AYIL, VƏTƏNDAŞINA SAHİB ÇIXMAQLA HƏM DƏ ÖZÜNƏ SAHİB ÇIX, DÖVLƏT BABA!