Füzuli şəhərinin gecə işıqları və Qarabağda ucaldılan bayraqlar.
SABİR RÜSTƏMXANLI
Üç ildir Şuşaya bayrama gedir kimi gedirik. Köhnə təmas xəttindən başlanan görüntülər, viran qoyulmuş kəndlərimiz, izi silinmiş şəhərlərimiz ürək parçalayır, söz yox... Lakin Zəfər yolu ilə meşəli dağlara qalxdıqca, Şuşaya yaxınlaşdıqca sanki bu ağrılar azalır, Şuşaya qovuşmağın sevinci təsəlli olur. Bir daha Şuşada olmaq fürsətinin xoş duyğusu yox, həm də qısa müddətdə görülən bərpa işlərinin, çəkilən möhtəşəm yolların ürəyimizə doldurduğu qürur hissi ovqatımızı dəyişir.
“Su gələn arxa bir də gələr!” deyib babalarımız; təbiətin dövr etməsinə və arası kəsilmədən yenilənməsinə bel bağlayıb gözləyiblər. Ancaq indi gözləməyə vaxt yoxdur. Düşmənin 30 ildə dağıtdıqlarını ən qısa müddətdə əvvəlkindən daha gözəl şəkildə bərpa edib, ona necə deyərlər, daha bir dağ çəkməliyik: yəni sən dağıdıcısan, biz qurucu, sən ziyankarsan, biz yaradıcı, sən vəhşisən, insanlıqdan xəbərin yoxdur, amma biz izindən çiçək göyərən, ayağından yol düşən, əlindən binalar qopan insanıq - Böyük İnsan; dilinə görə dilçəyi olan, dünyanın bütün riyakar tələlərindən səbrlə keçib öz hədəfinə doğru gedən, yalandan, fitnədən uzaq olan, öz milli ləyaqətini diplomatiya bataqlıqlarından bacarıqla adladıb Vətəninə şöhrət gətirən İnsan!
Şuşada keçirilən Türk dövlətlərinin I Mədəniyyət forumuna belə bir ovqatla gedirdik. Sürətlə tikilən ikinci Şuşa yolu, torpağa qayıdan nəfəs, özəlliklə düşmənin vəhşiliklə dağıtdığı Füzuli şəhərinin öz külündən yenidən doğulması görən hər kəsi heyrətləndirir. Bu ilin əvvəlinə kimi Füzuli şəhərinin yerində daş qalaqlarından, uçuq divarlardan başqa bir şey yox idi. İndi isə xarabalıqlar arasından ucalan balaca bir şəhərin ağ evləri günəş şüalarının altında göz qamaşdırır.
Yüz dəfə görsən də Daşaltına doğru aşanda birdən-birə göz önündə açılan mənzərə, Şuşanın belinə dolanan kəmər qayaların, quşqonmaz qayaların əzəməti adamı heyrətləndirir və bu qayalardan qalxaraq Şuşanı düşmən işğalından azad edən Azərbaycan əsgərinin qəhrəmanlığı ilə bir daha qürur duyursan. Mən artıq neçənci dəfədir xarici ölkələrdən gəlmiş qonaqlara bu qayaları göstərib əsgərimizin Şuşaya buradan qalxdığını deyərkən onların necə heyrətləndiklərinin şahidi oluram.
Bu dəfə də həmin hal təkrar olunur: Birinci Türk Dünyası Mədəniyyət Forumuna gələnlər Azərbaycan əsgərinin gücünə və sarsılmaz ruhuna olan heyranlığımıza və sevgimizə şərik olurlar.
Bu il Türk Dünyasının Mədəniyyət paytaxtı - Baş kəndi elan olunmuş Şuşa payızın günəşli günündə elə bir saflıq və təmizlik haləsinə bürünüb ki, dağıdılmış məhəllələri, skleti qalmış evləri görmürsən sanki. Mənim gözümdə yenə Şuşa gənclik illərində xoş günlər keçirdiyimiz sənət beşiyidir. Şəhərin bu günkü mənzərəsinin üstündən gələcəyi görünür. Qısa müddətdə tikilmiş “Şuşa” oteli dünyada görüb qaldığım ən gözəl, müasir otellər səviyyəsindədir.
Otaqlarının səliqə-sahmanından tutmuş, xidmətin səviyyəsinə, restoranındakı yeməklərin çeşidi və keyfiyyətinə görə Bakının seçmə otellərinə nümunə ola bilər. Bu oteldə gələcək Şuşanın addımlarının səsini eşidirsən. Ancaq təkcə bu otel deyil, qısa müddətdə bərpa olunmuş muzeylər, otellər, məscidlər, gözəl orta məktəb binası da yavaş-yavaş şəhərin əski havasını qaytarır. Lakin görülən işlərin miqyasını təsəvvür etmək üçün gərək əsas küçələrdən çıxıb şəhərin iç məhəllələrinə baxasan, onda bir-iki il sonrakı Şuşanı daha yaxşı təsəvvür etmək olur; çünki hər tərəfdə bərpa və tikinti işləri gedir.
Bir anlığa Şuşadan ayrılıb bütün Qarabağ coğrafiyasını göz önünə gətirsən onda Azərbaycanın hərbi gücü ilə yanaşı, iqtisadi gücü ilə də qürur duyarsan. Araz boyu çəkilən dəmir yolu və beynəlxalq səviyyəli avtomagıstrallar, Zəngilanda və Laçında görülən işlər, Füzuli və Zəngilan aeroportları, Laçın-Kəlbəcər yolu, Kəlbəcəri Gəncə ilə birləşdirəcək yol, qırxa qədər tunel... Bütün bunlar savaşdan çıxmış ölkəmizin qısa müddətdə gördüyü işlərin bir qismidir.
Mən Şuşa otelində iki gün ərzində keçirilən, Türk Dünyasının gələcəyinə işıq tutan Mədəniyyət forumundan, TÜRKSOY-un çox mühüm müzakirələrindən, mədəni proqramlardan geniş danışmaq istəmirəm. Bunlar mətbuatda işıqlandırıldı. Müzakirələrdəki çıxışımı da önə sürmək istəmirəm; niyyətim daha çox bu səfərdəki ovqatımı çatdırmaqdır.
Oktyabrın 14-də Forum başa çatdı. Avtobuslarımız Şuşadan çıxanda hava yenicə qaralmışdı. Zəfər Yolu sanki qısalmışdı və eniş-yoxuşu da hiss olunmurdu. Ancaq məni ən çox sevindirən və kövrəldən Füzuli şəhərinin gecə mənzərəsi oldu. Şəhər işıq içində üzürdü, pəncərələrdən süzülən işıqlar 30 illik həsrət qaranlığını əridirdi. Balkonlardan paltar asılmışdı; başqa vaxt buna hirslənsəm də, Füzulidə buna sevindim. Elə bildim işıqların hər biri Füzulidən olan dostlarımın işığıdır. “İşığınız mübarək, dostlar!” - deyə pıçıldadım !
Şuşada, Füzulidə duyduqlarımızı Laçında da yaşamışdıq. Bir azdan Xankəndində, Xocalıda, Əskəranda, Xocavənddə, Ağdərədə də eyni duyğularla gəzib dolaşacağıq.
Mən Şuşa səfərimiz haqqında qeydlərimi yazandan bir gün sonra, Ali Baş Komandan İlham Əliyev həmin şəhərlərin hər birində Azərbaycan bayrağını ucaltdı. Azərbaycan Respublikasının prezidenti seçilməsinin 20 illiyində Qarabağdan millətə verdiyi hesabat onun Prezident kimi gördüyü böyük tarixi işlərin yekunu oldu.
Xankəndində ucaldılan bayrağın önündə Cənab İlham Əliyev qalib sərkərdə inamı və qüruru ilə Qarabağın bütün bir əsrlik tarixinə nəzər saldı, dostlarımıza və düşmənlərimizə gərəkli mesajlar verdi.
Bu müraciət əslində onun 2020-ci ildə Şuşanın işğaldan azad edildiyi gün Şuşaya müraciətlə dediyi həyəcanlı sözlərin davamı idi. Prezident öz böyük qələbə sevincini və Qarabağın gələcəyi ilə bağlı düşüncələrini xalqla paylaşdı. Onun Qarabağ şəhərlərini gəzib hər yeri gözdən keçirməsi, Kərkicahan, Malıbəyli kəndlərinə, Əsgəran qalasına baxması bu torpağın hər bir tarixi abidəsi ilə maraqlanması prezidentin bu gün yazmağa başladığı Qarabağ salnaməsinin gələcək fəsillərinə işıq tutur. Qarabağın dirçəlişi milli-mənəvi mühitimizə yeni hava gətirməklə yanaşı, Azərbaycanın iqtisadi gücünün qat-qat artmasına səbəb olacaq.
14-15 oktyabr 2023