Prezident sizə bu şansı verdi: Siz nə etdiniz?
2019-cu ildə Prezident İlham Əliyevin köklü dəyişikliklərini çox az adam “islahat” sözüylə məhdudlaşdırırdı.
Çünki Prezident o qədər köklü, kardinal dəyişiklərə imza atır ki, bunu yalnız inqilabla müqayisə etmək olar. Yalnız bir fərqlə: inqilab zamanı iqtisadiyyatda kəskin enmələr, fəsadlar, sosial dağıntılar, toqquşmalar və saymaqla bitməyən narahatlıqlar yaşanır və bir çox hallarda bunların aradan qaldırılması illərlə çəkir.
İlham Əliyevin inqilabında isə əksinə, bütün kardinal dəyişikliklər iqtisadi inkişafla, maaş artımı ilə müşayiət olunur ki, bu da olduqca xoş bir siyasi-ictimai və sosial ovqat yaradır.
Bu islahatların davamı olaraq MM buraxıldı; bu islahatların daha yüksək mərhələyə daxil olması və prosesin dəstəklənməsi üçün növbədənkənar seçkilər keçirildi.
Seçkilərdən bizi artıq 2 gün ayırır və suallar bunlardır: Seçkilər necə keçirildi? Seçkilərdə Prezidentin gözləntiləri doğruldumu? Xalqın gözləntiləri necə?
Bu seçkilərdə nəyi sübut etdik? Yeni MM hansı keyfiyyəti ilə əvvəlkindən fərqlənəcək?
Yeni MM Prezidentin apardığı böyük islahatlar kursuna nə dərəcədə adekvat olacaq?
Doğrusu, bunları müəyyən etmək üçün yaşım və təcrübəm azdır, ancaq düşünürəm ki, əgər biz tanınmış iqtisadçı eksperti, ölkənin ağıllı gənclərindən birini yeniyetməlikdən yenicə ayrılan gənc, kimsənin tanımadığı bələdiyyə sədrinin müavininə (bələdiyyələrin də bizdəki fəaliyyət məhdudluğunu nəzərə alsaq) uduzdururuqsa, seçici tanınmış ekspert, fikir və düşüncə adamı əvəzinə gənc xanımı seçirsə, onda Prezidentin islahatlarına hazır olub-olmamağımız müzakirə edilməlidir!
Əlbəttə, kimsə durub deyə bilər ki, gənc xanım və yaxud digər kiminsə seçilməsində hakim partiya müstəsna rol oynayıb.
YAP-ın inzibati resursları da var, üzvləri də 700 minin üstündədir və ölkənin tək gücüdür, istədiyini reallaşdırmaq imkanındadır. Bütün dünyada belədir – hakim partiyanın əlavə üstünlükləri olur.
Bəs, sən necə, əziz seçici, öz üstünlüklərinin miqyasını bilirsənmi?
Dəyişikliyin sənin məsuliyyətin olduğunu bilirdinmi?
Bunu istədinmi?
Elə bu axarla da dərhal keçək sosial şəbəkələrə, Yutuba...
Seçki pozuntuları ilə bağlı sosial şəbəkələrdə, Yutubda faktlar aşıb-daşır. MSK qəti və sərt mövqeyini ortaya qoydu: bütün faktlar araşdırılacaq, hətta MSK-ya müraciət edilməsə belə, sosial şəbəkədə yayılanlara hüquqi qiymət veriləcək.
MSK sədri bir az da uzağa getdi, bəyan etdi ki, lazım olsa, prokurorluğa da şikayət edəcək!
Şikayətlər varmı? Dairələrə nə qədər şikayət gəlib?
Ədalətli danışın: seçkiyə qatılan namizədlərin nə qədəri hüquqi baxımdan mükəmməldir? Nə qədəri öz hüquqlarını bilir?
Sosial şəbəkələri mən də izləyirəm: polis zorla məntəqədən adamı dartıb çıxarır, elədirmi? Baxdınızmı hər yeri bürüyən o görüntülərə?
Bəs, gördünüzmü ki, polis gələnə qədər o gənc hər kəsi təhqir edirdi? Bəs, gördünüzmü polis onu tutanda polisə birinci zərbəni o gənc vurdu?
Əsəbinizə niyə hakim ola bilmirsiniz? Niyə intellektiniz çatmır? Niyə pozuntuları qeydə alıb, vaxtında DSK-ya, MSK-ya müraciət etmirsiniz?
MSK rəsmən açıqlama yayıb və bu vaxta qədər daxil olan müraciətlərin sayını da, “dərəcəsini” də elan edib, hətta qaynar xəttə edilən, ancaq rəsmiləşməyən müraciətləri də araşdırmaya götürüb.
Nə qədər fakt var, bilirsinizmi?
Həddən artıq az!
Bu qədər hazırlıqsız namizədmi olar? Bu qədər hüququnu bilməyən namizədlər və vəkillərlə hansı ideal seçki keçirmək mümkündür?
Pozuntular qeydə alınmır, aktlaşdırılmır, MSK-ya rəsmi müraciətlər yoxdur, əvəzində kamera qarşısında komissiya üzvləri ilə mübahisələr var, özündən böyüyün üstünə “qışqırma” deyə, hücumlar var.
Əlbəttə, faktlar da var və əminəm ki, onlar hamısı araşdırılacaq, mütləq hüquqi qiymət veriləcək. Ancaq yayılan, hər yeri basan videoların böyük əksərində faktdan daha çox “faktsız mübahisələr” mövcuddur.
İnsafla deyin, bax, bu yazını oxuyanlar etiraf etsin: seçkiyə getmişdinmi? Səsvermədə iştirak etdinmi?
Erkin Qədirli çıxır və deyir ki, seçici fəallığını qaldırmaq üçün mənim də səsimi artırıblar və bu, mənə heç lazım da deyil.
Nə qədər seçici səsini qaldırsalar da, 48 faizə çatmadı. Demək, sən, əziz seçici, seçkiyə gəlmədin, hətta rəsmi statistikada belə, yarıdan çoxunuz öz taleyinizə biganə qaldınız, qeyri-rəsmi statistikada isə bu rəqəm bəlkə də 3/2-dir.
Bu qədər biganəliklə sən Prezidentin başladığı və böyük inqilabı xatırladan islahatlarına nə cür dəstək verdin? Sən ölkə başçısına necə kömək etdin və necə edirsən?
Sosial şəbəkələrdə yazırsınız ki, indiki MM-in əvvəlki MM-dən az fərqi olacaq. Bu “az fərqi” “çox fərq” etmək üçün neylədin? Niyə səs vermədin?
Prezident sənə fürsət verdi, gəlin, dəstək olun, seçin, yeni MM formalaşdıraq işarəsi verdi.
Prezidentin mesajını aldınmı? Bəs, reaksiyan necə oldu?
Kim istəyirdisə, kim necə olmasını arzulayırdısa, o da seçkiyə getdi və səs verdi: bu, büdcə təşkilatındakılar idi – müəllimlər idi, həkimlər idi, YAP-çılar idi, gerisini də gəlmədiyinizə görə seçici fəallığını rüsvayçı səviyyədən qaldırmaq istəyən məntəqə komissiya üzvləri etdi.
Komissiya üzvü kimdir ki? Gənc blogerlərin üstünə qışqırdığı o ağsaqqallar Aydan, yoxsa Marsdan gəlib?
Bu seçkidə nəyə layiqiksə, hətta ondan daha yaxşısını əldə etdik.
Siz nə vaxt Prezidentinizə layiq olacaqsınızsa, nə vaxt Prezidentin çağırışını dərhal hiss edib, cani-dildən ona dəstək verəcəksinizsə, o zaman da fərqli bir MM olacaq.
İndilik isə Prezidentin bizə verdiyi fürsəti sadəcə qaçırdıq.
Özünüzü qınayın, başqa kimsəni deyil və heç olmasa, bundan sonra DSK-lara, MSK-lara normal şikayətlər göndərin.
Bəzən şikayətləri elə tərtib edirsiniz ki, hüquqşünaslar deyil, orta məktəbi normal bitirənlərin gülməyi tutur.
Bəlkə, özünüzü bir az təkmilləşdirəsiniz?..