Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 34-cü ili tamam olur.
Tv713. az xəbər verir ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.
Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.
Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilmişdir. O vaxtdan Azərbaycan yenidən müstəqilliyinə qovuşmuşdur.
Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdı. 2 mart 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
Qeyd edək ki, Azərbaycanda Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunan iş günüdür.















