DÖVLƏT BAŞÇISININ GÖSTƏRİŞİ FONUNDA "AZƏRSU"DA MÜLKƏDAR TƏFƏKKÜRÜ
XƏZƏR RAYONU SU KANAL İDARƏSİndə nələr baş verir?
Binə, türmənin arxasına 1 ildən çoxdur ki, suyun verilməsində problem yaranıb. Dəmir yolunun yanında ana xətdə "yenidənqurma" işi aparıb Binə savxoz istiqamətinə su xətti yönəldiləndən sonra suyun verilişində problemlər yaranıb. Öncə 24 saat verilən su sutkada 8 saata endirildi. Sonradan 8 saat səhər axşam olmaqla 4 saata endirildi. Və problem bununla bitmədi. Dediklərinə istinad edilsə, "xətdə təzyiq aşağı düşdü". Evlərdə suyun qəbul edilməsi üçün əhali ən azı 2 "qidrafor" işlətmək zorundadır. İndi də 6 gündür ki, bu əraziyə ümumiyyətlə su verilmir...
Bununla bağlı dəfələrlə həm Xəzər Su kanal İdarəsinin rəhbərliyinə, həm də "Azərsu" yetkililərinə, aidiyyatı strukturun "qaynar xətt"inə məlumat verilsə də, problem hələ də aradan qaldırılmayıb. Problemlə bağlı müraciət ediləndə də lakonik şəkildə ya " təzyiq aşağıdır, biz neyləyə bilərik" cavabı, ya da ironik tərzdə "siz hansı optimal variantı təklif edirsiniz?" hikkəsini ortaya qoyurlar...
Axı bu, vətəndaşın problemi deyil. O problemin həlli üçün yükümlü olan "xidmətçi" məmurlar vətəndaşın cibinin puluyla formalaşan büdcədən hər ay milyonlarla manat məvacib alır.
Sual olunur, "neyləyək?".
Maraqlıdır, ucqar dağ kəndinə hansısa "su verilişi"ndən, hansısa kanalizasiya xəttinin çəkilişindən danışan "Azərsu" nədənsə paytaxt Bakının ətraf qəsəbələrini, özəlliklə Azərbaycanımızın giriş qapısı olan Binə qəsəbəsini su və kanalizasiya xəttiylə təmin edə bilmir və doğrudan da nədən?
Bu, nə paradoksallıqdır və ümumiyyətlə vətəndaşa olan belə münasibətin adı nədir? Xəzər Su kanal idarəsinin kadrlarının əhaliylə ünsiyyət və davranış səviyyəsi demək olar ki, sıfır səviyyəsindədir. Vətəndaşa qolçomaq, mülkədar kimi baxan bu "xidmətçilər"in görünür ki, cənab Prezident İlham Əliyevin dövlət vətəndaş münasibətlərində məmurların boynuna düşən yükü necə qiymətləndirməsindən xəbərləri yoxdur. Adı çəkilən strukturun göstərdiyi xidmət dövlətlə vətəndaş arasında sosial narazılıq formalaşdırmaqdan başqa bir şey deyil. Belə olmasaydı, edilən müraciətlərə baxılar, problemlər aradan qaldırılardı..
449 94 65
559 30 81
559 28 79
Baxın, bu nömrələr Xəzər Su kanal İdarəsinin vətəndaşla əlaqə nömrəsidir. 6 gündür zəng edirəm. Dəstəyin o başından səs gəlir ki, "Siz, Xəzər rayon Su kanal İdarəsinə zəng etmisiniz. Daxili nömrəni bilirsinizsə, zəng edin, əks halda operatorun cavabını gözləyin"...
Gözləyirəm...Çağırır və du...du...du..duuu...
Ən son olaraq problemlə bağlı müraciət etdiyimiz Xəzər rayon Su kanal İdarəsinin baş mühəndisi həftənin beşinci günü axşam saat 6-da suyun veriləcəyini bildirsə də, artıq üstündən bir gün keçib. Yenə də problem ortalıqda qalmaqdadı.
Çıxış yolu arayan vətəndaş "Azərsu" adlı strukturun 955 nömrəli "qaynar xətt"inə zəng edir. Cavab verilir ki, "problemlə bağlı müraciətiniz qeydə alındı, məlumat veriləcək"...
Və yenə də ortalıqda heç bir nəticə yoxdur!!!
Dövlət başçısı cənab İlham Əliyevin imzaladığı "Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası” haqqında QƏRARa "baş idarə" olaraq həm Azərsu" yetkililərinin, həm də bu idarənin tabeliyində olan Xəzər Su kanal İdarəsinin rəhbərliyinin diqqət yetirmələri onların boyun borcudur.
Cənablar “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 672 nömrəli Fərmanını və ondan irəli gələn təlimatları oxuyun, Sizə edilən müraciətlərin hansı formada cavablandırılmasını öyrənmək üçün bir az da bu işlə məşğul olun!..
Haqqında danışılan Qərardan bir hissəni diqqətinizə çatdırıram...
2.11. Kargüzarlıq xidmətinin əməkdaşı müraciət vərəqəsi tərtib edildikdən sonra 1 (bir) iş günündən gec olmayaraq, müraciət vərəqəsindəki əlaqə nömrəsinə zəng edərək müraciət edənlə əlaqə yaratmalı və onun müraciətinə baxan struktur bölmə barədə məlumat verməlidir. Bu mümkün olmadıqda, 3 (üç) iş günü ərzində hər gün ən azı 2 dəfə müxtəlif saatlarda müraciət edənlə əlaqə yaratmağa çalışmalı və bu barədə müraciət vərəqəsində qeydlər aparmalıdır.
2.12. Müraciət vərəqəsi tərtib olunan şifahi müraciətin daxil olduğu struktur bölmənin əməkdaşı Qanunun 10-cu maddəsi ilə müəyyən edilmiş müddətlərə riayət etməklə, müraciətə dair cavab hazırlamalıdır...
Unutmayın, əfəndilər! Bunu mən demirəm, bu, özünü "xalqın xidmətçisi" sanan cənab Prezidentin Sizlərə yönəli göstərişidir!
Buyurun, Siz də əməlinizlə göstərin ki, bu xalqın "xidmətçisi"siniz!
Vətəndaşı su ilə təmin edin, qolçomaq kimi, mülkədar kimi davranmayın ki, günün birində dövlət başçımızın DƏMİR YUMRUĞUna tuş gəlməyəsiniz!!!
İGİD TEYMURLU
Tv 713.az