BİR ÜRƏYƏ SIGAN LAÇIN!

Manset / Şahidlər və Şəhidlər / Yazarlar / Tarix 26-dek, 20:589 tv713 197 0
BİR ÜRƏYƏ SIGAN LAÇIN!




KÖÇ BAŞLAYANDA GERİDƏ BİR NƏFƏR QALDI – KAMRAN BƏY




Başımızın üstünü qara buludlar alanda, ölkədə hərc-mərcliyin baş alıb getdiyi agır günlərdə, düşmənin kəndlərimizi yandıra-yandıra gəldiyi zaman cənnətməkan Kamran bəy “Laçın” – deyib, durdu. “Getmərəm ki, getmərəm” - dedi!

Bəli, bəy sözü zarafata deməzdi. Deyibsə, belə də olmalı idi.






1992-ci ilin may ayı. Şuşanın kəndlərinin və eləcə də, Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin bir- birinin ardınca işğala məruz qalması vəziyyəti olduqca agırlaşdırmışdı. Artıq Şuşa düşmənin hədəfindəydi. İşgal prosesində ruslara məxsus 366-cı alay və xaricdən gətirilmiş muzdlu döyüşçülərin olması Şuşanın da zəbt ediləcəyinə tam zəmin yaradırdı. Şuşa və ardınca Laşının işğala məruz qalması yerli əhalini çaş-baş vəziyyətə salmışdı.

Bir ayın içində iki mürəkkəb relyefə malik, strateji cəhətdən əhəmiyyətli rayonumuzun düşmənə təslim olunması, olduqca üzücü bir hadisə idi. Gənc Azərbaycan dövlətinin yeni yaranmaqda olan müdafiə məqsədli hərbi hissələrinin tam təşkil olunmaması, müdafiəmizin zəifliyi düşmənin daha da iştahasını artırırdı. Yerli əhali zəif silahlanmış müdafiəçilərin düşmənə müqavimət göstərə bilməyəcəyini başa düşüb, təhlükəsiz ərazilərə köçməyi qət etdilər.

Beləcə köç başladı!

Laçın 10-15 günə tam boşaldıldı. Əhali gümanı gələn, gücü çatan nəyi var idisə yır-yığış edib getdi.

“Texnika qıtlığı”, aramsız yağan yagışlar da insanlara lazım olan yüklərini çıxarmalarına imkan vermədi.

Düşmənsə bu mənzərədən xoşhal olub irəliləyirdi.

Laçınlılardan Qubadlıdan keçib gedə bilməyənləri Kəlbəcər tərəfə istiqamət götürmüşdü. Getməyən bir nəfər qalmışdı – bu, Kamran bəy idi!





ÖZÜNÜMÜDAFİƏ TABORU ƏHALİNİ TAM ARXAYINLAŞDIRMIŞDI




Əhalinin köçüb getməsi, rayon və kəndlərin boşaldılması, Kamran bəyi sözündən döndərə bilmədi. Qohum-qardaş, qonşular, dost -tanış nə qədər israr etsələr də, bəyi inadından döndərə bilmədilər…

Laçın dinc dövrlərdə qoynunda çox igidlər bəsləyib. Ancaq buna baxmayaraq bu dəfə bir cavanı bir orduya bərabər, bir qocası min cavana dəyən lacınlılar elə yerdə gecələmişdilər ki, çarəsi ancaq və ancaq getmək, rayonu tərk etmək idi.

Gənc Azərbaycan dövlətinin milli ordu quruculuğunda ilk addım olan 811 saylı hərbi hissənin Lacında yaranması, nəinki laçınlılar, bütövlükdə Azərbaycan üçün bir ümid, bir güvənc yeri idi. Təəssüflər olsun ki, o dönəmdə cəbhəçilərlə kommunistlərin bir-birinə qarşı barışmaz mövqeləri, bir çox hallarda emosiyalara söykənərək çıxış etmələri birbaşa müdafiəmizi də olduqca kövrəkləşdirirdi.

Düşmən və düşmənin havadarları Spitakda baş verən zəlzələdən bəhrələnərək Ermənistanı bütün növ silah-sursatla təmin etdi, SSRİ silahlı qüvvələrindən geri cagrılan erməni əsgərlər birbaşa münaqişə bölgəsinə cəlb edildi. Siyasi və hərbi təchizat baxımından üstünlüyün əldə edilməsi erməniləri daha da şirnikləndirdi…

Belə bir zamanda Laçının işğal edilməsi lacınlıların özü üçün də gözlənilməz oldu. Yerli əhali dəfələrlə özünümüdafiə qüvvələrinin sıralarına qoşulmaq istəsələr də, edilən müraciətlər nədənsə müdafiəni təşkil edənlərin qəzəbi ilə qarşılanır, “olmaz!” – deyirdilər.

Digər bir tərəfdən də, özünümüdafiə qüvvələrinin belə arxayınlıq, belə özünəgüvənmə nümayiş etdirdiyinə görə xalq da müəyyən mənada bunlara inanırdılar. Bütün bunlar yerli əhalini belə demək mümkünsə, tam arxayınlaşdırmışdı…

1992-ci il aprel ayının 30-da müəmmalı şəkildə Lacın polkunun ləğv edilmə xəbərini laçınlılar artıq rayon işğal ediləndən sonra eşidə bildilər...




CƏBHƏNİN BURAXDIĞI SƏHVLƏR MÜDAFİƏNİN TƏŞKİLİNDƏ DƏ ÖZÜNÜ BÜRUZƏ VERDİ



Laçın 1918- 1920-ci illər Cümhuriyyət dövründə də erməni-rus faşizminin törətdiyi qətliamlara, vəhşiliklərə qarşımərdliklə mübarizə aparmış, Sultan bəy və Xosrov bəy Sultanovların birbaşa komandanlığı altında səfərbər olmağı bacarmışdı. Zəngəzur mahalında, eləcə də Qarabağda yaxşı silahlanmış erməni bolşevik dəstələrinə qarşı mübarizədə düşməni darmadağın edilmiş, torpaqlarımızın yağı tapdağı altına düşməsinə imkan verilməmişdi..

1988-ci ildən Qarabağda ermənilərin başladıgı “Miatsum” hərakatının başlıca məqsəd yenildən Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsini zəbt etmək, Ermənistana birləşdirmək idi. Artıq ermənilərin bu oyunda iştirakına xeyir-dua verənlər də onları daha çox şanslı tərəf kimi inandırmağa çalışırdı.

Qarabağ münaqişəsində rusların birbaşa iştirakını sübut edən ən başlıca amillərdən biri 366-cı alayın Xankəndidə qalması, azərbaycanlılara qarşı cinayətlərdə fəal iştirak etməsi idi. Xocalı faciəsinin tükürpədici dəhşətləri, erməni və rusların dinc əhaliyə qarşı vəhşi davranışları, Qarabağ ətrafında yaşayan azərbaycanlıları müdafiəsiz, çarəsiz, çıxılmaz bir duruma salmışdı. Bir az vəzifəli, imkanlı adamlar xəlvəti olaraq , qiymətdən agır, çəkidən yüngül əşyalarını çıxarıb aparırdılar.
Ermənilərin cəsarətini uzun illər onlarla qonşuluqda yaşayan soydaşlarımız yaxşı tanıdıgından, düşmənin üstünə getməyib, xəlvəti qacanlara barışmaz münasibət göstərirdilər.

Xatırlayıram, qonşu kənddə gecə ilə kənd sovetinin sədrinin xəlvəti ev əşyalarını yığıb aparması xəbərini camaat eşidəndə düz bir həftə onu idarəyə buraxmadılar.

Azərbaycan dövlətinin müstəqilliyini həzm edə bilməyən rusların xalqımızın müqəddəs arzularını gözlərində qoymaq üçün erməni faşist işğalçılarını hərəkətə gətirməsi müharibənin qaçılmaz olduğundan xəbər verirdi.
Münaqişə zonasında yerləşən digər rayonlardan fərqli olaraq Lacında Arif Paşayevin komandanlığı altında, əksəriyyəti yerli əsgərlərdən ibarət nizami hərbi hissə yaradılmışdı.

Hər gün cəbhə xəttindən gələn üzücü xəbərlərdən qəzəblənib, silaha sarılmaq istəyənlərin sayı hesabı yox idi. Ancaq buna baxmayaraq müəyyən səbəblər ortaya atılaraq, müraciət edənlər uzaqlaşdırılırdı.

Mən özüm şəxsən iki dəfə rayon işgal olunmamış, Lacın polkunun komandanlığına və Lacın Polisi şöbəsinə, rayonun müdafiəsində iştirak etmək üçün müraciət etsəm də, “yox” cavabı almışdım. Yeri gəlmişkən, burada bir məqamı qeyd etmək istəyirəm. AXCP-nin yaranmasında hərc-mərcliyin olması, hərəkatda kütləviliyin və özbaşınalığın baş alıb getməsi, rayon rəhbərliyi və ağsaqqallarından imtina edərək onların hərəkatın fəaliyyətinə cəlb edilməmələri, yaxına buraxılmamaları düşünməyə və deməyə əsas verirdi ki, rayon düşmənə qarçı müdafiədə tab gətirməyəcək!
Və sonradan zaman da bunu isbat etmiş oldu.




KAMRAN BƏYİ DÜŞÜNDÜRƏN SUALLAR VƏ LAÇININ ŞİMALNA DOĞRU İRƏLİLƏYƏN DÜŞMƏN




Laçın dağlarına həmin il qış çox sərt gəlmişdi. Təbiətdən fərqli olaraq bizimlə uzun illər "qardaşlıq" etmiş, "möhtəşəm bir imperyanın" xəyanətlərindən Xocalı yarası almış qocaman bir xalqın birdən-birə beli ikiqat bükülmüşdü. Axı bu xalqın hansı pislikləri bu sarı-qırmızıların, onların əllərində oyuncağa çevrilmiş riyakar ermənilərin xoşuna gəlmədi ki, əvəzində ürəyimizə heç zaman unudulmayacaq Xocalı Dağını çəkdilər?
Niyyət bəlli idi...

Harada ermənilər kütləvi yaşayıbsa, ora ermənilərin Azərbaycan torpaqlarında quracaqları “dövlətləri”nə verilməlidir. Amma Qarabağa gedən yolun üstündə - Zabuxda Andranikin qaniçən dəstəsinə babalarımızın hansı tarixi dərsi vermələrini də ermənilər unutmamışdılar.

Bu tarixi qorxunu aradan götürmək, Laçını əbədi ələ keçirmək üçün ermənilər cox düşünmüş, çox ğötür-qoy etmişdilər.

Belə yerdə deyiblər ki, arxalı köpək qurd basar.

Və qurulan hiylələr sayəsində Qurd basıldı da. Laçın şəhəri 1992-ci il 18 mayda rusların köməyilə düşmənin əlinə keçdi. Cənnətməkan Kamran bəyi Laçının işğal xəbəri olduqca məyus etmişdi.

O da düşünürdü ki, bu qədər ordusu, bu qədər polisi qüvvəsi, üstəlik Bakıdan gətirilmiş əlavə hərbiçiləri olan rayonda necə düşmənə təslim edilə bilrdi?! Düşmənin belə zəif müqavimətlə qarşılaşması kimlərin maragında ola bilərdi ?!
“Mən buradayam” deyən 71 yaşlı Kamran bəy bu kateqoriyadan olan suallarla dərin düşüncələrə qərq olmuşdu.

Şəhərdə evlərə vurulmuş odun tüstüsündən hiss olunurdu ki, düşmən artıq Laçın koridoruna nəzarəti ələ keçirib.
Düşmən vacib olan Xankəndi-Gorus yolunu artıq ələ keçirmişdi. Azğınlaşmış düşmənin bununla kifayətlənməyəcəyi də, daha geniş ərazilər zəbt etmək istəyi apaydın görünməkdə idi. Belə bir şəraitdə ermənilərin qarşısında dayana biləcək hərbçilərimiz Kəlbəcər tərəfə deyil, Qubadlı istiqamətində geri çəkilmişdilər.
Beləliklə, düşmən hec bir müqavimət ğörmədən Laçının şimalına doğru irəliləyirdi?!





DÜŞMƏNİ DƏ ÖZ GƏLİŞİNƏ UYĞUN QARŞILAYACAĞAM BU EVDƏ




Dağların qış fəsli o biri fəsillərə nisbətən uzun olur. Payızla yaz fəslindən ömrünə calayan qışın agırlıgından qurtarmamış laçınlıların birdən-birə belə bir namərd düşmənin hücumuna məruz qalmasının yeganə yolu rayonu tərk etmək idi. Bunu görən görən əhalinin tam əksəriyyəti artıq çıxıb getmişdilər. Zatən ortada qınanılası bir şey də yox idi.

Əli silahsız əhalinin müdafiəsiz qalıb dayanması, ikinci Xocalı soyqırımını yaşamaq demək idi. Kəlbəcər yolu ilə çıxanları Murov kimi amansız bir "düşmən" də gözləyirdi. Tərəddüd edənlər, ümidlərini Azərbaycan hökumətinin "rəhminə" baglayanlar da var idi .

Həyatı boyu əlinin qabarı, alnının təriylə yaşayan Pircahanlı Mehtiqulu kişi də Laçının şimalında Kəlbəcərlə həmsərhəd ərazidə ailəsilə bərabər dayanıb gözləməyə qərar vermişdi...

Ürəkləri param-parça edən bir mənzərə isə hər kəsin qəlbini daglayırdı. Laçın od-alova qərq olmuşdu. Düşmən müdafiənin olmamasından istifadə edərək sərbəst şəkildə kəndləri yandıra-yandıra irəliləyirdi. Böyük əksəriyyəti qarətcilərdən ibarət kiçik dəstələri az sayda hərbi qüvvə və az sayda zirehli texnika müşayiət edirdi.


Kamran bəy ömrünün ahıl caglarını yaşasa da, Laçın təbiətindən aldığı ğüc-qüvvət onun xarakterində, onun təbiətində dəliqanlı bir gəncin obrazının formalaşdırmışdı. Bəy doğulub boya-başa çatdıgı Bülövlük kəndindən, öz evindən bir addım da olsa kənara çəkilməmişdi. “Neçə dostu bu evdə necə qarşılamışamsa, düşməni də öz gəlişinə uyğun elə qarşılayacagam bu evdə” – deyirdi Kamran bəy.

Nə dostlarının, nə həmkəndlilərinin, nə də övladlarının təkidi onu bu fikrindən döndərə bilmədi…





TƏKLİYİ ONU DAHA DA CƏSARƏTLƏNDİRİRDİ




Kamran bəy adi bir laçınlı ömrü yaşamışdı. Həmişə gözləri önündə uca dağlar, sıx meşəliklər, meyvəli bağların füsunkarlığı canlanmışdı. İndi bu yerləri atıb getməyi bu ömrünə, bu yaşına bağışlaya bilmirdi Kamran bəy. Nəinki özünün, hətta öz yaşıdlarının belə məğlub gedişlərini də onlara bağışlamırdı.. Tarixdən erməni zülümlərini ağızdan-agıza eşidib, xəbərdar olmuşdu.

Fürsət düşən kimi ermənilərin türklərə qarşı bütün vəhşilkləri edə biləcəklərini, məsum cocuqlarlara belə aman verməyəcəklərinin gözəl bilirdi Kamran bəy. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə rus və erməni birləşmələri tərəfindən törədilən Xocalı soyqırımı bunun ən inandırıcı sübutu deyildimi?

Kamran bəy bu yaşında qaçqınlıgı, köckünlüyü qəbul edib yaşamaq istəmirdi. Onun social şəbəkələr üzərindən yayımlanan tarixi çıxışlarına dönə-dönə qulaq asanda da bəyin danışıqlarından hər şey tam aydın hiss olunur. Zatən biz özümümz bütün bunların canlı şahidləriyik. Çünki Kamran bəy və oğlu İmanverdi də bizim 713 saylı taborun şəxsi heyətinin tərkibinə daxil edilmişdilər. Kamran bəy hələ o dövrdə erməni faşizminin zaman-zaman törətdikləri qətliamlardan və onların xəyanətkar, yalançı, ikiüzlü mövqe tutmalarından bizlərə çox danışmışdı…

“Qara buludlar Laçının başı üstün alanda hər gün bir və bir necə kəndi alovlara qərq edən ermənilər yavaş-yavaş Kamran bəyin yaşadıgı Bülövlük kəndinə də yaxınlaşırdı”. Özünün deməsinə görə bəy bütün bu gördüyü vəhşilikləri, talanı və qarətləri Əliqulu kəndinin qabaq qənşərində olan dagdan müşahidə edirmiş. Təkliyi onu qətiyyətindən döndərmir, əksinə daha da cəsarətləndirirdi. “Heç olmasa öz kəndimi qoruyub, yanmaga qoymayacağam” - deyirdi.

Qonşu Əliqulu kəndində yaşayan ermənilər hələ 1918-ci ildə Bülövlük bəylərini yaxşı tanımışdılar. Dünənə qədər bir imperiyanın tərkibində mürğüləyən iki xalqı üz-üzə qoymaqda rusların məqsədi erməni ədavətindən bəhrələnmək, bölgədə öz varlığını sürdürməkdən ibarət idi. Ermənilərin torpaq iddialarına söykənən milli ədavəti qızışdıran ruslar cox gözəl bilirdi ki, Azərbaycan xalqı yer üzündən silinsə belə Qarabağın yoxluğu ilə, bu ərazinin ermənilər tərəfindən zəbt edilməsilə qətiyyən barışmayacaq. Ermənilər öz torpaq iddialarını gerçəkləşdirsəydilər, heç şübhəsiz ki, rusların da bu torpaqlarda qərar tutacaqları labüd idi. Rusiya və Qərb dövlətləri tərəfindən bütün növ imkanlarla təmin edilmiş, silahlanmış ermənilər fürsəti əldən verməyərək təminat və təchizat baxımından onlarla müqayisədə çox zəif durumda olan Azərbaycan dövlətini ərazilərinin əhəmiyyətli bir hissəsinin itirilməsilə barışmaga məcbur etməyə çalışırdılar...





1257 NƏFƏRLİK QÜVVƏNİ KİM VƏ HARA ÇƏKMİŞDİ?!




Düşmən irəlilədikcə, ərazilər ğünü-ğündən işgala məruz qaldıqca, Laçın yarasından qan axan, getdikcə gücünü anbaan itiriən döyüşçünü xatırladırdı.

Bunun niyəsi də, nədəni də hər kəsə bəlli idi.

Axı çiyinlərini bu yükün altına verib,bu yurdun müdafiəsinə cavabdeh insanların gözlənilmədən oyundan kənarda qalıb uzaqlaşması, hələ də, hər bir lacınlı üçün cavabsız sualdır. Üzbə-üz olmasa da, heç olmasa uzaqdan top və qradlarla artilleriya mövcudlugumuzu düşmənə göstərə bilməzdikimi?

Bu bilirsiniz nəyi xatırladır? Xocalı mühasirədədir: düşmən öldürür, yandırır, əsir götürür. Suşada oturmuş o zamankı hakimiyyət yetkililərisə qırğınlara bir atəşlə olsa belə cavab vermir. Laçını işgalı da eyni ssenarilə davam edirdi.
Fərq onda idi ki, burada insanlar tam mühasirədə deyildi.
O zaman Laçın polkunun əsğər və zabit heyətinin sayı 1257 nəfərdən ibarət olmuşdur. Düşündürücü deyilmi?! 60 min əhali və 1257 nəfərlik hərbi qüvvə ilə Ermənistan və Qarabagla sərhəddə yerləşən Laçın rayonunun müdafiəsini təşkil etmək mümkün deyildimi?! Hara çəkilmişdi bu qüvvələr?

Təbii ki, mümkün idi. Bunu təkbaşına mübarizə aparan Kamran bəy də sübut etmişdi.

Ermənilər Laçının kəndlərinə əllərini, qollarını sallaya-sallaya, məzələnə-məzələnə giriblər, evləri qarət edib, apardıqlarını aparıb, apara bilmədiklərinə isə od vurub yandırıblar, illərlə arzuladıqlarını faşistcəsinə həyata keçiriblər.

Bax o anlarda uzaqdan öz silahına söykənib, ürəyindən keçənləri Uca Tanrıyla məsləhətləşib, ondan ğüc-qüvvət istəyən bir nəfər var idi . Bu xəyallarında ömrünün xoş anlarını, Laçınlı günlərini bir-bir vərəqləyib nəzərdən keçirən, düşmənlə döyüşə hazırlaşan 71 yaşlı Kamran bəy idi...





QƏLƏMLƏ “MARŞ” KEÇƏNLƏR KAMRAN BƏYDƏN YAZMALIYDILAR, HEKAYƏLƏŞDİRDİKLƏRİ NAĞILLARDAN YOX!




1992-ci ilin tarixi video çəkilişinə baxanda adamın gözləri önündə çox şeylər canlanır. Kamran bəy turnikdə göstərdiyi hərəkətləri və səmimi söhbətləriylə əlinə silah götürə biləcək bütün lacınlıların fiziki hazırlığını, iradəsini, dözümünü, düşmənə qarşı mübarizədə hər zaman ayaqda olmasını, eyni zamanda torpağını müdafiə edə biləcək əhalini qacqın salan səlahiyyətlilərin ic üzünü acıb göstərmiş oldu.

Burada Kamran bəyin təmkin dolu çıxışından bir parçanı təqdim etmək yerinə düşər:

"Qiyas gəldi ki, a lələ, erməni gəldi, dur.
Mən tez silahı götürüb çölə çıxdım və soruşdum ki, ə, hanı, ə, bəs hanı, deyirsən ki, erməni gəldi?

Tez Sarıyoxuşun başına çıxıb, baxdım. Gördüm ki, ermənilər Əliqulu kəndini yandırırdı. Bir az keçməmişdi ki, bir niva, bir UAZ və bir ədəd yük maşınının da Bülövlük istiqamətinə doğru hərəkət etdiyini gördüm.

Mən tez silahı hazır vəziyyətə gətirib, gözləməyə başladım.
Ermənilər atəş məsafəsinə catanda qabaqda gələn UAZ maşınına avtomatdan bir maqazin atəş acdım. UAZ dərhal üzü yamaca doğru burulub qaldı. Arxadan gələn maşınlar da dayandılar. Xeyli gözlədikdən sonra arxadan bir nəfər gəlib UAZı da götürüb geri qayıtdılar”.

Sitat gətirdiyim çıxışdan da göründüyü kimi Kamran bəy hərbiləşdirilmiş erməni qarətcilərini təkbaşına dayandırmağı bacarıb. Kamran bəy bu çıxışıyla sübut edir ki, ermənilərin qarşısını kəsmək mümkün olardı. Reallıqda bunu bir nəfər edərək ən azından zaman qazanırsa, geri çəkilən 1257 nəfər hərbçi məntiqlə çox şey edə bilərdi. Ancaq fakt sübut edir ki, torpağı qorumağa mükəlləf ikən daha çox siyasi maraqlara xidmət edən ordudansa, təmiz vicdanlı, qeyrətini, qürurunu, yurdunu, elini, obasını hər zaman qorumağa hazır olan 71 yaşlı kişinin müqaviməti hər şeydən üstün imiş.

Bu gün qələm. dəftərlə “marş” keçib manevrlər edib “hərbi nailiyyətləri”ni hekayələşdirənlər yaxşı olardı ki, Laçını özünə məkkə edən Kamran bəyin bir maqazin patronla bir kəndi necə müdafiə etməyindən yazardılar..

Tarix səhvləri bağışlamır - bu səhvi edib, yalanlarla özlərini bütləşdirənləri qoca tarix hec vaxt bağışlamayacaq!

Cəsarət elə bir Günəşdir ki, hər insanın qəlbində doğmaz! Bunun üçün əzmin, qətiyyətin, iradən olsun gərək – bütün bunları özündə cəmləşdirən Kamran bəydə olduğu kimi!..




(ardı var)



FÜZULİ ALMƏMMƏDOV
keçmiş 713 saylı taborun döyüşçüsü
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr