İGİD TEYMURLU
ODURAĞARAN - RUHLAR DİYARI
Azərbaycanın cənubunda ODURAĞARAN adında bir kənd var - bizim kəndimiz. Bu sətirləri də kəndimin kəndimi tanımadığım yurd yerimizdən yazıram. Özünün səssiz fəlakət dövrünü yaşayan YARDIMLI RAYONUnun məqsədli, ya da məqsədsiz şəkildə boşalan kəndlərindən biridir ODURAĞARAN. Nə baş verir Yardımlıda?
Yerli icra strukturlarının, bu yurdun seçicilərini Sahibə Qafarova deputatxanasında təmsil edən qanunverici orqanın işçisinin baxımsızlığı və yarıtmaz fəaliyyətləri sayəsində digər kəndlər kimi bu kənd də demək olar ki, boşalıb. İşsizlik baş alıb gedir, heç bir perspektiv və ümid yeri yox. Çox evlərin qapısına kilid vurulub, vaxtilə qayır-qayır qaynaşan o həyətlərdə indi çaqqallar, tülkülər məskən salıb.
Kəndin yolu yoxdur, qazı yoxdur, tibb məntəqəsi yoxdur, kitabxanası yoxdur, bütövlükdə yaşayış üçün gərəkən şərait yoxdur. Bircə interneti var - orada yaşayanların əllərində olan 5-10 manatı da Seyid Əhməd diliylə qoparan internet. Xalqın yaddaşına, şüuruna, əxlaqına, davranışına, sosiallaşmasına düşmən kəsilən internet...
Məktəb yolunda nə bir müəllim görünür, nə də bir şagird! Təhsilin inkişafına bazar təfəkkürüylə yanaşan Əmrullayev Eminin idarəetməsi bu kəndi pedaqoji fəlakətlə üz-üzə qoyub.
Bütün növ fəlakətlər bu kənddə yaşanmaqda. Və bu fəlakətlərin fonunda dövlətin büdcəsindən əmək haqqı alan məmurlarla deputatxana işçilərimizin kefləri ala buludun yanında...
ODURAĞARAN kəndinin timsalında Yardımlının başı üstündəsə qara buludlar. Hər yer tənhalıq. Ağaclara, daşlara, bulaqlara, çəpərlərə, bələtlərə, ev-eşiklərə, tövlələrə, peşgarlara çökən sükut adamı dəhşətə gətirir. İlahi, bu millət hara yox olub belə?! Öz evinin ağası, bəyi olan bu kəndin camaatını Bakının qul bazarlarına, daş karxanalarına səsləyib aparan nədi belə? Nədir bu paytaxtda yaşamaq yox e, sürünmək, əzilə-əzilə gününü bir qarnı ac, bir qarnı tox yola vermək sevgisi?!..
Elə bu ah-vayla 40-45 il bundan öncəki zamanlarda olduğu kimi axşamüstü Dömmə dediyimiz yerə baş çəkirəm. Hələ də ümidlə gözlərimi Türbə tərəfə zilləyib kəndi tozanağa basan qoyun sürülərinin gələcəyini, heyvanı başqa qapıya gedənlərin "hay filankəs, hay filankəs, bizim saru kərə qoyinimiz sizdə gögü a" çağırışına "yox ay qağa, yooox, yox, ama bizdə bi dənə bənöüş qoyin var, sizün dögü ki?"- deyə, cavab verməsini, kənd itlərinin ağız-ağıza verib hürüşməsini eşidəcəyimi, nobata gedənin cavanlar tərəfindən "qadalaruy alım, gedəysən gə gedəy biznən, qoinnəri hariyə aparmişdün otdamağa, bəlkə oralarda ilişib qalıb kol-kosda" - deyə, sorğu-suala çəkəcəklərini düşünürdüm...
Əvəzindəsə tam bir səssizliyin şahidi oldum...
Əvvəllərdə olduğu kimi nə qoyun sürüsü, nə də bir ins-cins yoxdur. Ümidlə, təsəlliylə və bir az da həyəcanla Pocaya doğru gedirəm ki, bəlkə kimsəyə rast gəldim.
Yenə də eyni mənzərə!..
Haça gədiyə, Qayabaşına, Hamardağa qalxıb kəndi seyr edirəm. Kənddə 5-6 evi çıxmaq şərtilə heç bir evin bacasından tüstü qalxmır...
Selolar deyilən yerdən Hamardağa, oradan da Quzaylara adlayıram. Bu da Nurməhməd gölü, Nöütdü göl. Yekə ləpəkdən keçib Bəgalı daşında otururam. Bir zamanlar sıx meşəlik olan indisə kol-kos üzünə həsrət qalan Sarı təpə kurqanının olduğu əraziyə baxdıqca tapdalanan tariximizə görə günahkarların ənkə böyüklərini belə "yağlayıram".
Mişeyrəgölə baxıram. Göldə də bir göllük qalmayıb artıq. Ta Maral otlayan dağa qədər gedirəm. Ekoloji fəlakət yaşanmaqda, flora və fauna məhv edilib, meşə massivi deyilən şey yox. Və yenidən qayıdıram Haça gədiyə. Burda oturub bütöv kəndimizin görünən yerləriylə ətraf kəndlərə, mənimlə üzbəüz, uzaqda görünən, Yardımlının simvoluna çevrilən Qız qalasını seyr edirəm. Nə uzaqdan, nə də yaxından tənhalığıma son qoyacaq Allahın ən böyük əsəri olan bir insana rast gəlmirəm. Görünən bu ki, Yardımlıda Allahın Özünü də dəfn ediblər...
Yurd yiyəsiz qalıb. Yeridikcə ayağımın altından ah-nalə səsi eşidirdim sanki. Yetim qalan torpağın yalvarışı ərşə bülənd olub. Ocaqlar sönüb, dədə-babalarımızdan miras qalan adət-ənənəni yaşadacaq kimsənə yox. Dünən uşaq səsi gələn həyətlər bu gün çaqqalların vaqqıltısına möhtac qalıb.
Sosial siyasətlə millətin qanına yerikləyənlərin tamahı ucbatından bu yurd yerini abad edəcək həmkəndlilərim iş, çörək, rahatlıq axtarışıyla düşüblər çöllü-biyabana...
Artıq ODURAĞARANın timsalında bütöv Yardımlını məzarlığa çevirən köç böyük mənada milli problemə çevrilib. Qonşu rayonlarla müqayisədə qədim oğuz yurdu olan Yardımlının bu şəkildə boşaldılması, idarə və təşkilatlatların regionlaşdırılması adı altında bu rayonun bütün mənalarda "qol-budaqları"nın vurulması, səlahiyyətsizləşdirilməsi gələcəyimiz üçün hörümçək torunun qurulmasından xəbər verir. Ölən kəndlərimizə biçilən kəfənlərin fonunda din bərəkət ərşə çəkilib. Xurafatı, mövhumatı yayan mollalarımız çox, əkənimiz, biçənimiz yox.
Paytaxt Bakıda heç başqa sahələri demirəm, mətbu cameədə ordenli, medallı, adlı-sanlı, şanlı-şöhrətli, hörmətli-izzətli, iffətli, heybətli, ənisiri-vucudunda az qala namaz qılınan tək göstərilən qələm əhli var ki, sanki kor və kardılar. Bütün bunları nədənsə görmürlər, ya da ki, "...qoy mən salim olum" məsələsi bunların nəfslərini zorlayıb.
Hələ bu sadalananlar qalsın bir yana. Axı bu boşalan kəndlər var haaa, bu ərazidə vahidləri həm də YARDIMLININ MƏDƏNİ İTKİSİDİR. Özəlliklə Odurağaranın. Bu gün Odurağaranda Ərdəbil, Təbriz dialekti də, folklorumuz da, dədələrimizdən, nənələrimizdən bizə ötürülən həyat bilgimiz, türkəçarələrimiz də nəfəs ala bilmir, köç edir, boğulur, məhv olur. Və o susanlar da dodaqaltı fatihə oxuyub, aş həsrətilə gözlərini qazana zilləməkdə...
Strateji baxımdan da məsələyə yanaşanda təhlükənin daha böyük və daha məkrli olduğunu görürük. Boşalan kəndlər həm də ucqar və sərhəd ərazilərin zəifləməsi baxımından gələcək itkilərmizə yaşıl işıq yandırır, bunun əsasını qoyur. Odurağaran kimi tarixi yaşayış məskənləri boşaldılmaqla həm də toponimlər məhv edilir...
Beləcə məhv edilən o kəndlərdən biridir ODURAĞARAN. "Ucqar" dediyiniz, icra strukturundan, bələdiyyəsindən, deputatxana işçisindən yarımayan YARDIMLInın boşalan bir kəndi. Gəlməsəniz də, görməsəniz də, ruhlar diyarını xatırladan bu kənd bizim kəndimizdir. Özünün səssiz fəlakət dövrünü yaşayan kəndimiz. Bəlkə Siz deyəsiniz, Yardımlıda nə baş verir?



















