
İGİD TEYMURLU
MİLLİ DURUŞUMUZ GÖRKLÜ OLSUN!
Bu gün İranda yaşayan 40 milyondan artıq soydaşımızın taleyinə biganə qalmamalıyıq. Dövlət maraqlarımızdan irəli gələn addımlar kontekstində rəsmilərin mövqeyi başadüşüləndir.
Ancaq ölkəiçi siyasi qüvvələrin, demokratik təsisatların bu konuda seyirçi mövqedə dayanması qəbuledilməzdir.
Soydaşlarımızın tələbləri çərçivəsində Quzey Azərbaycandakı siyasi qüvvələr və demokratik təsisatlar bütün imkanlarını səfərbər etməklə ən azından mənən onların yanında olmalıdır! ÇÜNKİ bizi Tanrı Dağlarına uzanan Yolda Bütöv Azərbaycan gözləyir!
İndiki zamanda İran adlanan Güney Azərbaycandakı 40 milyondan artıq soydaşımızın taleyi bizim biganəliyimizə qurban gedə bilməz! Bu mənada Güney və Quzey Azərbaycandakı siyasi qüvvələr Bütövlük İdealımızın ətrafında birləşməli, 200 illik işğala son qoyulması üçün həyəcanverici çağırış tonlu çıxışla dünyaya səslənməlidirlər!
Zatən 40 milyonun güvənəcəyi ümid qapısı tam müstəqil olan və dünya dövlətləri içərisində üçrəngli bayrağını şərəflə dalğalandıran Quzey Azərbaycandır. Ona görə də soydaşlarımızın haqlı tələblərinin daha geniş auditoriyaya yayılmasında Quzey Azərbaycan bir tribuna olmalıdır!
Şah rejimi, çar Rusiyası adlı hüquqi subyektlər tarixin zibilliyə atılıbdırsa, nədən bu mənfur rejimlər arasında olan razılaşma səbəbindən Azərbaycan türkünün yurdu hələ də ikiyə bölünmüş halda, özü də əsir kimi yaşamalıdır? Hüquqi subyekt yoxdursa demək ki, o razılaşma da yoxdur!
Necə olur Rusiya imperiyası haqqı olmayan Kırımı işğal edir, heç kim səsini çıxarmır, ancaq biz haqqımız olan yurdumuza sahib çıxa bilmirik?!
Bu gün tarixi bir fürsətdir. Bu fürsətdən yararlanmasaq tarix bizi bağışlamaz! Biz mütləq və mütləq soydaşlarımızın yanında olmalıyıq! Şübhəsiz ki, beynəlxalq diplomatiya, təhlükəsizlik və iqtisadi maraqlar hər bir dövlət üçün prioritetdir, o cümlədən Azərbaycan üçün də. Ancaq zamanın reallıqları kontekstində məsələyə yanaşana görürük beynəlxalq hüququn özü belə supergüclər tərəfindən atılan addımlar qarşısında acizdir. Buna Rusiya və ABŞ prezidentlərinin sərgilədikləti əzələ nümayişi də şəhadət verir. Məhz buna müqabil bu gün İranda baş verənlərə münasibətdə Quzey Azərbaycanla yanaşı 400 milyonluq bütöv türk dünyası da güneyli soydaşlarımızın yanında olmalıdır. Türk qövmü olaraq biz buna məhkumuq.
Tarixi və müqayisəli yanaşmanı əsas götürəndə bu, həm də Turan Dünyasının gələcəyi üçün belə demək mümkünsə, etibarlı vasitədir. Ona görə də Türk Dünyasının demokratik təsisatlarının bütün imkanlarını səfərbər etməsi, mənən Güney Azərbaycan türklərinin yanında durması, gərəkərsə, hər cür yardımda bulunması indiki mərhələdə ən vacib addımdır.
Bu yanaşma həm dövlət maraqlarına, həm də insan haqlarına hörmətlə uyğunlaşır, fərqli səviyyələrdə məsuliyyətin paylaşılmasını və soydaşlarımızın haqlı tələblərinin təmin edilməsini göstərir...
Bəli, biz Bütöv Azərbaycana gedən Yolun ən sərt döngəsindəyik. Artıq emosiyalar zamanı deyil, bu mərhələdə biz millət olaraq hesablanmış mövqe, institusional düşüncə ortaya qoymalıyıq. Çünki xalq çoxdan ayılıb, indi düşünür aydınlarımız tərəfindən bizi uğura aparan düzgün strategiya təqdim edilməlidir.
Millətin etməli olduğu mənəvi və ictimai yükü dövlətin üzərinə yükləməməliyik!
Bu, bizim cavabdehlik və məsuliyyətimizdən doğan məsələdir.
Güney Azərbaycandakı soydaşlarımız dilimizi, tariximizi, mədəniyyətimizi bütün məhrumiyyətlərə baxmayaraq 200 il ərzində yaşatmaqla əslində tarixi torpaqlarımızı qoruyub saxladı. İndi də biz o yurda sahib çıxmaqda qardaş və bacılarımızın yanında olmalı, onlara dayaq durmalıyıq.
Bəli, mübaliğəsiz demək mümkünür ki, biz doğrudan da, bu gün Bütövlüyümüzə Gedən Yolun ən sərt döngəsindəyik. Məhz bu döngədə bizə çılğın cəsarət yox, qorxaq sükut yox, şüurlu və səbirli, məqsədyönlü milli duruş lazımdır..
Milli duruşumuz görklü olsun.
Səsimiz hayqırtıdan deyil, Haqdan gəlib Tanrı Dağlarına yüksəlsin!
Bütöv Azərbaycana Gedən Yolda Uca Tanrı yardımçımız olsun!




















