QANLA YOĞRULMUŞ QİBLƏGAH

Aktual / Cəmiyyət / Manset / Şahidlər və Şəhidlər / Yazarlar 20-yan, 01:419 tv713 20 0


İGİD TEYMURLU



KEÇMİŞDƏN GƏLƏCƏYƏ MİLLİ RUHUN İZİYLƏ





Siyasətin hər üzü var. Siyasətin məkrli üzü bizə Güney Azərbaycan itkisini, Dərbənd itkisini, Borçalı itkisini, İRƏVAN itkisini "bəxş" edib. Dədə-baba yurdlarımız rusların, farsların ermənilərin, gürcülərin tapdağında qalmışdı və tam əksəriyyəti indi də qalmaqdadı. Siyasətin məkrli üzü bizə 1990-cı ildə 20 Yanvar qətliamını "bəxş" etmiş və elə o gündən ta indiyədək azadlıq deyə hayqıran Şəhidlərimizin uyuduqları Xiyaban millətimizin Haqq Səsinin, Qurtuluşunun Məkkəsinə, qibləsinə çevrilib...

Bu günümüzə gələn yolda çox çilələr adladıq. 44 günlük müharibəyə qədər millət olaraq qəddimiz sual işarəsi formasına düşmüşdi. RƏŞADƏTLİ ordumuzun Zəfər Yürüşü qismən də olsa, qəddimizi düzəltdi, bir az silkələnib Özümüzə qayıtdıq...

O zamana qədər içdiyimiz andlar unudulmuş, Sözümüz də öz Qüdrətindən endirilmişdi. 1990-cı ilin qanlı Yanvarında qanımızı tökmək üçün rusları Bakıya dəvət edənlər o faciənin ideoloqu olan Primakovla bağlı esse yazdırıb həmin gecənin vəhşətlərini millətə unutdurur, sanki rus və erməni hərbi birləşmələrinin törətdiyi Umudlu, Qaradağlı, Xocalı soyqırımı olmayıbmış kimi davranır, rusa da, erməniyə də sevgi ruhu aşılamağa çalışırdılar. Sanki bu torpaq uğrunda 30 minə yaxın QURD ürəkli Oğlanlar canlarını fəda etməyibmişlər kimi davranırdılar...

Bax bu baxımdan ötən zaman kəsiyində Şəhidlərin Əməllərini tapdalayaraq Onları ziyarət etmək Allahını yeyən məmləkət əhlinin davranışına bənzəyirdi...

Məmləkət Əhlinin bu davranışı və buna müqabil Şəhid Baxışlarının Diktəsi nələri söyləyir bizlərə, İlahi? Ayrı-ayrı fərdlər üçün bir sitəmə çevrilən 20 Yanvar tarixini yüksək pafosla Millətin Doğum Günü adlandırırıq, ancaq buna müqabil harın məmurların, döyüşçü haqqını tapdalayan şərəfsizlərin timsalında doğulan millətin qətlinə fərman verənlərin siluetini görəndə tam tərsinə düşünürsən...

Səngər yoldaşının haqqını tapdalayırsansa, demək ki, hələ də bu məmləkətin başı üstündə haray çəkən Kəsik Qolların, Kəsik Qıçların Nigaran Baxışları həmin harın məmurları, həmin döyüşçü haqqını tapdalayanları seyr etmədədir, fərqindəsinizmi!? Öyləsə və öylədir də, Sizlər o Şəhidlər Xiyabanını necə və hansı üzlə ziyarət edirsiniz?!

Nə qədər qəribə səslənsə də fərd olaraq mən də ŞƏHİDLƏR XİYABANINA GETMƏYƏ utanıram. Çünki o Xiyabanda uyuyan 20 YANVAR ŞƏHİDİ, tələbə yoldaşım AZƏR NƏSİBOĞLU və hələ də Onun muradına çatmayan arzuları var...

Çünki o Xiyabanda uyuyan Qarabağ Savaşında komandirim olmuş polkovnik leytenant SÜLEYMAN ƏHMƏDOV
və hələ də Onun muradına çatmayan arzuları var...

Çünki o Xiyabanda 1992-ci ildə Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə canlarını bu Yurdun azadlığı uğrunda fəda edən onlarla 713 saylı tabordan olan qan qardaşlarım, can qardaşlarım, səngər yoldaşlarım və hələ də Onun muradına çatmayan arzuları var...

Çünki o Xiyabanda uyuyan Şəhidlərimiz həm də vətəndaşına sahib çıxacaq Vətəni qorumaq üçün göz qırpmadan canlarını fəda ediblər. Şəhidlərimizin arzularıyla bugünkü reallıq bir-birini tamamlayırmı?
İşsizliyin, tapdalanan haqların timsalında məsələyə yanaşanda Ali Baş Komandanın yürütdüyü uğurlu siyasətlə yanaşı harın məmurların pozucu, dağıdıcı fəaliyyətləri arasına paralellər aparanda tərs mütənasibliyin şahidi oluruq.

Və bütün bunları görəndə bir fərd olaraq o Şəhidlərdən utanıram...

Dərdlərimiz və problemlərimiz beləcə bizə qənim kəsilməkdə...

Nə qədər acınacaqlı olsa da cəmiyyətimizdə mənfi bir tendensiya oturuşmaqda. Məsələyə münasibət bildirənlərin tam əksəriyyəti Şəhidlikdən söhbət düşərkən "3 min Şəhid" ifadəsinə söykənib fikirlərini əsaslandırmağa çalışırlar. Mübariz İbrahimovun qəhrəmanlğından danışan vətəndaş onun səngər yoldaşının adını belə bilmir, yaxud Polad Həşimovun..

Kökündən yanlış və qüsurludur. 1988-ci ildən üzü bu yana istər aktiv döyüş zonasında, istərsə də arxa cəbhədə canını fəda edən qardaş və bacılarımız hamısı bizim Şəhidlərimizdir.

1990-cı il 20 Yanvarda millət olaraq silkələnib Özümüə gəldik. Sanki tarixin bətnindən yenidən doğulub qəhrəman keçmişimizə qovuşduq. O qanlı gecədə Azərbaycan rəsmi statistikaya görə 147 nəfər Şəhid verdi, 744 nəfər yaralandı, 841 nəfər həbs edildi...

QARABAĞ uğrunda gedən Savaşımızın 1992-1994-cü illər mərhələsində itkilərimizlə bağlı məlumatlarda göstərilir ki, Azərbaycandan 11 557 əsgər və zabit şəhid olub. Və bu rəqəm sırf döyüş əməliyyatlarında Şəhid olan hərbi qulluqçuların ilkin siyahısıdır. Həmin rəsmi hesabatlara görə 4 210 vətəndaşımız da itkin (3 503 hərbçi, 841 mülki şəxs) düşüb.

Qeyri‑rəsmi məlumatlardasa bu illər ərzinfə Şəhid olan və itkin düşənlərin sayı 20 -25 min arası göstərilir...

Atəşkəsdən sonra Azərbaycanın 1994-2020-ci illər arasında 610 Şəhid, 750 yaralısı olub. 1994 -2004-cü illər ərzində 326 nəfər mina qurbanı olub...

Sonradan dözümümüzün, iradəmizin, mücadiləmizin sonucu olan 44 günlük Vətən Savaşı nəhayətdə Bizi Özümüzə qaytardı! Amma bu, heç də o demək deyil ki, qazanılan qələbə birbaşa 2020-ci ilin adına yazılır. Əsla. Müstəqilliyimizi qazanandan ta bu günədək siyasi və hərbi sferada qazanılan bütün uğurlar 2020-ci il qələbəmizi təmin edəcək addımlar olub.

1990-cı il 20 Yanvar tarixində o Qanlı Gecənin Bətnindən Şəhidlərimizin timsalında Uca Millətimiz təzədən doğulmuşdusa, apardığımız Vətən Savaşımızın son 44 günlük Zəfər Yürüşündə biz ayaqda durmağı bacardıq!

Şəhid olan, itkin düşən, yaralanan qardaş və bacılarımızın hamısı Azərbaycanın ayaqda durmasını təmin edən soydaşlarımızdır...

Həm o Qanlı Gecə, həm də Qarabağ savaşındakı ŞƏHİDLƏRİMİZ ayrı-ayrı Fərdlərin Faciəsı olsa da, ancaq bütövlükdə Millətin Doğum Günüdür, millətimizin Özünü təsdiq etməsidir..

Bizi doğulduğumuza görə peşiman etmək istəyənlər o Gecənin vəhşətini, o Gecənin dəhşətini, o Gecənin bizlərə əmanət qoyub getdikləri Vətən Sevgisini və bütövlükdə torpaq uğrunda aparılan savaşın mahiyyətini anlamazlar! Bu günlər bizim Qurtuluşumuzun qibləsidir!

Bu gün biz ordu ilə xalqın birliyi, vətəndaş həmrəyliyimiz, qətiyyətli və prinsipial siyasətdə ordu-xalq-hakimiyyət üçbucağında qismən də olsa haqqın bərpasına nail olmuşuq. İtirdiyimiz yurd yerlərindən bir qismi düşmən tapdağından azad edilib.

20 Yanvardan üzü bu yana tapdalanan, tanınmayan Haqqımızı Qarabağ Savaşımızın son 44 günlük Zəfər Yürüşüylə sonuclandırdıq.

Bu gün ətrafımızda hürüşən itlər Azərbaycanın uğurlarını görmək istəmir. Siyasət yenə də öz məkrli üzünü göstərməkdədir. Hələ də bizi gözləyən yurd yerlərimiz var. Nəzərə alsaq ki, hər şeyin zamana ehtiyacı var, onda şübhəsiz ki, Qarabağ Savaşının son 44 günlük mərhələsində olduğu kimi yenə də günün birində orduyla xalqın və hakimiyyətin birliyi bütövlüyümüzü istəməyən bütün düşmənləri dövlət başçısı İlham Əliyevin təbirincə desək, "iti qovan kimi"qovacağıq.
Və biz də öz Qibləmizə üz tutub Sevgimizə sahib çıxacağıq. Bizi yaşadan o Sevgidir - Vətən Sevgisi. Şəhidlərimizin uğrunda can qoyduqları Sevgi..Bizi Özümüzə qaytaran Şəhidlərimizə Allah rəhmət eləsin!
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr