Şükür Səlimxanlı – yaddaşlarda qalan söz adamı

Cəmiyyət / Mədəniyyət / Manset / Ölkə 23-yan, 17:269 tv713 19 0




Bəzən bir insan bu dünyadan səssiz köçür, amma adı, sözü, duruşu illərlə yaddaşlarda qalır. Şükür Səlimxanlı məhz belə ziyalılardandır. O, səs salmaq, görünmək, ad qazanmaq üçün yox, sözü yaşatmaq üçün yazanlardan, zamanın hay-küylü axarında sakit qalmağı bacaran və sözün məsuliyyətini çiyinlərində daşıyan qələm adamı idi.

Şükür Səlimxanlının adı Azərbaycan jurnalistikasında sensasiya ilə deyil, etibarla, pafosla deyil, ölçü ilə xatırlanır. Onu tanıyanlar üçün Şükür ilk növbədə insan idi- abırlı, təmkinli, qane olmağı bacaran, alnıaçıq yaşayan bir insan. Elə qələmi də özü kimi idi: səs-küysüz, amma dərin. Onun yazılarında ucadan danışmaq ehtiyacı yox idi, çünki demək istədiyini sakit cümlələr də deyə bilirdi.

Şükür Səlimxanlı 1959-cu ildə Yardımlı rayonunda anadan olub. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində filoloji təhsil aldıqdan sonra uzun illər Lənkəran Televiziyasında baş redaktor vəzifəsində çalışıb, daha sonra ANS-in cənub bölgəsi üzrə xüsusi müxbiri olub. Müxtəlif qəzet və internet portalları ilə əməkdaşlıq edib. Bu illər onun həm peşəkar jurnalist kimi formalaşma dövrü olub.

O, jurnalistikaya təsadüfən gələnlərdən deyildi. Sözə münasibəti peşəkar idi, amma rəsmi deyildi. Yazılarında pafosa, hay-küyə deyil, müşahidəyə, dərinliyə, insana üstünlük verirdi. Şükür Səlimxanlı az yazan, amma ölçülü-biçili yazan adamlardandır. “Az yazırdı, amma saz yazırdı” ifadəsi onu ən dəqiq xarakterizə edən cümlələrdəndir. O, yazının da bir ədəb-ərkanı olduğuna inanırdı.

Onun yazılarında fəlsəfi-poetik düşüncə əsas xətti təşkil edirdi. Güclü müşahidə qabiliyyəti, obrazlı dili vardı. Haqqında yazdığı insanın portretini çox vaxt olduğu kimi yox, görmək istədiyi kimi yaradırdı. Bu isə təsadüfi deyildi Şükür Səlimxanlı gözəllik axtaran qələm adamı idi. O, insanlarda yaxşı cəhətləri görməyə çalışır, sözü də o yaxşılıqların üzərinə kökləyirdi.

Sağlığında iki kitabı “Ölümün nimdaş sifəti” və “Nəsil yaddaşı” nəşr olunub. Bu kitablar müəllifin həm fanilik, həm də yaddaş mövzusuna münasibətini açıq şəkildə ortaya qoyur. Ölüm mövzusu onun üçün qorxu yox, düşüncə idi; yaddaş isə sadəcə keçmiş deyil, insanın kimliyini müəyyən edən mənəvi xəzinə idi. Ölümündən sonra isə yarımçıq qalan “Təmiz adın sahibi” kitabı jurnalist dostu Əyyar Cəfərli tərəfindən tamamlanaraq oxuculara təqdim edilib.

Şükür Səlimxanlı şəhər mühitində yaşasa da, elinə-obasına bağlı insan idi. Onun nəfəsində Yardımlının Çanaqbulaq kəndinin havası duyulurdu. Sumqayıtda, Bakıda, Dərbənddə yaşadığı illərdə də davranışında, düşüncəsində doğma yurdun saflığını qoruyub saxladı, hara gedibsə, yurdu yaddan çıxarmadı. Onun üçün insanın harada yaşaması yox, haranı düşündüyü əsas idi.

2013-cü ildə dünyasını dəyişən Şükür Səlimxanlı ölümünə inanmaq istəmədiyimiz insanlardan biri oldu. Sosial şəbəkədəki son paylaşımları bu gün də oxunduqca onun daxili dünyası, imanlı mövqeyi, zamanla narahat münasibəti aydın görünür. Son statuslarında insan qəlbinin toxunulmazlığından, Allah qarşısında əyilməyin ucalığından bəhs etməsi onun həyat mövqeyinin də yekunu idi.

Bu gün onun adı dostlarının, oxucularının yaddaşında yaşayır. Hər zaman xoş xatirələrlə xatırlanır. Yaxşı insanlar yaxşı əməlləri ilə yaddaşdan silinmirlər. Şükür Səlimxanlı da belə insanlardandır.

Deyirlər, insan xatırlandıqca yaşayır. Şükür Səlimxanlı bu mənada yaşayanlardandır. O, bu dünyadan köçsə də, sözünün çəkisi, yazılarının sükutu hələ də qalır.


Tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr