
YURDU TƏRK ETMƏYƏN, VƏTƏNİN SON NƏFƏSİNİ QORUYANLARIN DASTANI...
Kişilər olur ki, onların həyatı bir kəndin taleyinə çevrilir.
Kişilər olur ki, Şəhid olduqdan, vəfat etdikdən, yoxa çıxdıqdan sonra belə xalqın yaddaşında ayaq üstə qalırlar...
Kamran bəy Abdurrəhmanov həmin kişilərdən idi.

O, Laçının sadəcə bir sakini deyildi. O, Laçının özü idi — sərt qayası, dumanlı dağı, məğrur meşəsi, əyilməz ruhu idi. Çünki bəzi adamların adı çəkiləndə insanın gözünün önünə yalnız bir insan gəlmir, bütöv bir yurd gəlir. Kamran bəyin adı da belə adlardan idi.
1920-ci ildə Laçının Bülövlük kəndində dünyaya göz açan Kamran bəyin taleyi elə uşaqlıqdan savaşların, müqavimətin və yurd uğrunda mübarizənin içində formalaşmışdı...
Atası Müseyib bəy 1905-ci ildə erməni daşnaklarına qarşı aparılan müqavimətin əsas iştirakçılarından olmuşdu. O illərdə Andronikin quldur dəstələri Zəngəzurun kəndlərini odlayanda, bu torpağın kişiləri silaha sarılmışdı. Müseyib bəy və onun silahdaşı Camal bəy Əhmədov da həmin qeyrət sahiblərindən idi.
Kamran bəy o ruhun davamı idi.
Onun anası Xurşud xanım isə Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanovun əmisi qızı idi. Yəni bu ailədə Vətən sevgisi sadəcə hiss yox, soy yaddaşı idi.
Kamran bəy 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdu. Güllənin insan bədənini necə parçaladığını, savaşın insan ruhunda necə yaralar açdığını görmüşdü. Amma qəribəydi — bütün bunlara baxmayaraq, o, nifrət adamına çevrilməmişdi. Çünki həqiqi döyüşçülər savaşı ən çox görən adamlardır və onlar həyatın qiymətini daha yaxşı bilirlər.
Müharibədən qayıtdıqdan sonra Kamran bəy həyatını arıçılığa bağlayıbmış.
Bu, heç də təsadüfi seçim deyildi.
Çünki arıçılıq insandan səbr istəyir.
Arıçılıq insandan halallıq istəyir.
Arıçılıq insandan təbiətlə danışmağı bacarmaq istəyir...
Həmin səbr, həmin halallıq, həmin təbiətlə danışmaq bacarığı Kamran bəyin varlığında toplanmışdı. Kamran bəy torpağın dilini anlayan adamlardan idi. Həyətində yüzlərlə arı ailəsi vardı. Elə buna görə də sonralar əsgərlər ona “Bal Kamran bəy” deyirdilər. Elə 713 saylı taborla ilk qarşılaşanda da şəxsi heyəti bala qonaq etmişdi Kamran bəy.
Amma Kamran bəyin balı yalnız şirinlik deyildi.
O balın içində Vətən sevgisi vardı.
Qarabağ savaşının ilk illərində cəbhəyə bal göndərər, əsgərlərin ərzaq təminatında iştirak edərdi. Çünki müharibənin odundan, alovundan keçən və 1992-ci ildə də onu yaşayan Kamran bəy yaxşı bilirdi ki, döyüş təkcə silahla aparılmır. Yorğun döyüşçünün boğazından keçən bir qaşıq halal nemət də savaşın bir hissəsidir.
1992-ci ildə Laçın işğal ediləndə insanların üzündə qəribə bir ifadə vardı — gözlərində doğma yurddan didərgin düşməyin qorxusu, baxışlarında illərlə qurduqları həyatın bir anda dağılmasının ümidsizliyi, çöhrələrində isə əsrlərlə qoruduqları torpağın düşmən tapdağı altında qalacağına inanmaq istəməyən insanların donuq heyrəti vardı...
Kənd yolları köç karvanına dönmüşdü...
Qadınlar ağlayırdı...
Qocalar dönüb evlərinə son dəfə baxırdı...
Uşaqlar nə baş verdiyini anlamırdı...
Amma Kamran bəy çoxundan fərli olaraq getmədi.
Çünki bəzi adamlar üçün yurdu tərk etmək ölməkdən ağırdır.
Oğlu İmanverdi ilə birlikdə meşələrə çəkildi. Sonradan Pircahandan olan Mehtiqulu Kişinin oğlanları olan İman və Kamran Həsənquliyevlər də Kamran bəylə birlikdə Laçının dağlarında postlar qurdular. Düşmənə qəfil hücumlar etdilər. Ermənilər üçün gözə görünməyən təhlükəyə çevrildilər. Ermənilərin özündən əldə edikləri silahları onların özlərinə yönəldib yurdu yağı düşməndən azad etmək üçün ölüm dirim savaşına girdilər...


Yetmiş yaşına yaxınlaşmış bir kişinin dağlarda bu qədər çevik hərəkət etməsi gəncləri heyrətləndirirdi. Onun yanında olan döyüşçülər danışırdılar ki, Kamran bəy qayaların arasında elə hərəkət edirdi, sanki dağların özü onu qoruyurdu.
Əslində Kamran bəyi və silahdaşlarını qoruyan da o torpağa olan sədaqətləri idi...
Laçın işğal olunandan sonra yurdun müdafiəsi üçün könüllülərdən ibarət 713 saylı tabor formalaşdı. Bu tabor ermənilərlə lokal döyüşlər keçirib Laçının kəndlərini bir-bir düşməndən azad edirdi. Ərazilərimizin düşməndən azadedilmə əməliyyatı zamanı Bülövlük kəndində taborun şəxsi heyəti meşələrə çəkilmiş Kamran bəy və oğlu İmanverdini aşkar edir. Və beləcə həm Kamran bəy, həm də oğlu İmanverdi 713 saylı taborun şəxsi heyətinin sıralarına daxil edilir.
Yüngül atıcı silahlarla silahlanmış, heç bir hərbi texnikası, artilleriyası olmayan mayor Süleyman Əhmədovun komandiri olduğu 713 saylı tabor Laçının 42 kəndini bir-bir kəşfiyyat edib düşmən qüvvələrdən təmizləyəndə Kamran bəy öz imkanları çərçıvəsində taborun ərzaqla təminatında da misilsiz xidmətlər göstərmişdir...
713 saylı tabor dağılandan sonra belə Kamran bəy Abdurrəhmanov, oğlu İmanverdi, eləcə də Pircahanlı İman və Vüqar Həsənquliyev qardaşları silahı yerə qoymadılar. Onlar geri çəkilib rahat həyat seçən adamlardan deyildilər. Laçının işğalıyla barışmayan bu döyüşçülər yenidən dağlara, meşələrə, qayalıqlara və mağaralara çəkilərək düşmənə qarşı partizan müharibəsinə başladılar.
Bu artıq klassik hərbi savaş deyildi.
Bu, yurdunu itirmiş insanların ölüm-dirim savaşı idi.
Kamran bəy ətrafına cəsur gəncləri toplayaraq Laçın və Kəlbəcər istiqamətində erməni silahlı birləşmələrinə qarşı ardıcıl əməliyyatlar həyata keçirirdi. Dəstə əsasən gecə reydləri, qəfil basqınlar və ani hücum taktikasıyla hərəkət edirdi. Onlar düşmənin canlı qüvvəsinə və təminat yollarına ağır zərbələr vurur, daha sonra yenidən meşələrin dərinliyinə çəkilirdilər.
Laçının sərt relyefi, keçilməz meşələri və dağ cığırları Kamran bəyin ən yaxın müttəfiqinə çevrilmişdi. Bölgənin hər qarışını əzbər bilən Kamran bəy və silahdaşları mövqelərini peşəkar şəkildə dəyişir, düşmənin mühasirə cəhdlərini dəfələrlə boşa çıxarırdılar.
Ermənilər onları tapmaq üçün bütün vasitələrə əl atırdı. Əraziyə əlavə qüvvələr yeridilir, axtarış əməliyyatları keçirilir, yollar nəzarətə götürülürdü. Lakin bütün bunlara baxmayaraq, Kamran bəyin dəstəsinin izi itirdi. Çünki onlar artıq adi silahlı qrup deyildilər — dağların ruhuna çevrilmişdilər.
Düşmən onların haradan çıxacağını bilmirdi.
Amma gələcəklərini bilirdi.
Bu qeyri-müəyyənlik erməni silahlı birləşmələri arasında ciddi psixoloji gərginlik yaradırdı. Kamran bəyin adı artıq düşmən üçün qorxu simvoluna çevrilmişdi. Onun rəhbərlik etdiyi partizan dəstəsi Laçın meşələrində ermənilər üçün görünməyən cəza qüvvəsi kimi qəbul olunurdu.
Kamran bəy isə bütün bu mübarizənin mərkəzində dayanırdı — yaşına baxmayaraq iradəsini itirməyən, döyüş ruhunu sındırmayan bir ağsaqqal kimi...
İmanverdi atasının ən yaxın silahdaşı idi. O, atasının yalnız oğlu yox, həm də yol davamçısı idi. Ata və oğul eyni səngəri, eyni təhlükəni, eyni taleyi paylaşırdılar. Birinin saçları ağarsa da, digərinin gəncliyi od içində bərkiyirdi.
Onların mübarizəsi artıq yalnız torpaq uğrunda deyildi.
Bu, qeyrətin, ləyaqətin və Vətənə sədaqətin son həddə qədər müdafiəsi idi...
1967-ci ildə doğulan İmanverdi sakit xarakterli, düşüncəli adam kimi tanınırdı. Kitabxana müdiri işləməsi də onun mənəvi dünyasından xəbər verirdi. Kitabı sevən adam idi. Amma Vətən sevgisi onun üçün kitablarda yazılan romantik hiss deyildi.

O, sevgini yaşayırdı.
Atasının yanında böyümüşdü. Onun baxışlarından qeyrəti, duruşundan ləyaqəti öyrənmişdi.
Ata-bala dağlarda çiyin-çiyinə döyüşürdülər. Biri ömrünün qürub çağında idi, biri həyatının ən qaynar çağında... Amma hər ikisinin içində eyni od yanırdı — Laçını düşmənə rahat buraxmamaq.
Kamran bəyin baxışlarında daş kimi sərt iradə vardı.
Silahdaşları olan İmanverdinin, İman və Vüqar Həsənquliyevlərin baxışlarında isə ölümün üstünə gedən sədaqət...
Kamran bəyin ailəsinin ən böyük qəhrəmanlarından biri də Balış xanım idi.
Müharibələrin görünməyən qəhrəmanları olur. Adları çox çəkilmir. Amma orduları ayaqda saxlayan da elə həmin adamlardır.
Balış xanım belə qadın idi.
Müharibənin ən ağır günlərində Balış xanım da müsəlləh əsgər olaraq topladıqları balı Kəlbəcərə qədər gətirib əsgərlərə çatdırmışdı. O yollar ölüm yolları idi. Amma Balış xanım qorxmurdu. Çünki onun üçün Vətən uğrunda savaşan əsgər öz övladı qədər əziz idi.
Bu ailənin böyüklüyü isə ən çox bir cümlədə görünürdü...
Həm Kamran bəy, həm Balış xanım əsgərlərə tapşırmışdılar:
— Əgər biz erməni əlinə düşsək, bizi güllələyin... əsir düşməyək...
Bu, adi söz deyildi.
Bu, bir millətin qeyrət anlayışı idi.
Bu, ləyaqətin ölümə qalib gəldiyi məqam idi.
Çünki bəzi insanlar üçün əsir yaşamaq ölümdən ağırdır...
1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. Dağlar qalın qar altındaydı. Murov aşırımı isə ölüm ilə həyat arasındakı son keçidə çevrilmişdi. O günlərdə yalnız yollar donmurdu — insan taleləri də donurdu...
Həmin qanlı və şaxtalı günlərdə Kamran bəy Abdurrəhmanov, oğlu İmanverdi, eləcə də İman və Vüqar Həsənquliyev qardaşları da Murov yollarında idilər. İşğalın, mühasirənin və amansız təbiətin içində son ana qədər geri çəkilmədən mübarizə aparırdılar.
Sonralar İman və Vüqar Həsənquliyevlərə ölüm şəhadətnaməsi verildi. Onların şəhidlik taleyi rəsmiləşdi. Amma Kamran bəy və oğlu İmanverdi haqqında bu günə qədər dəqiq bir xəbər əldə olunmadı.
Nə nəşləri tapıldı...
Nə də əsirliklərinə dair hər hansı məlumat ortaya çıxdı...
Sanki Laçının meşələri və Kəlbəcərin sərt qayaları onları öz qoynunda gizlədi.
Bəlkə də buna görə Kamran bəy və İmanverdi haqqında danışanda insanın içində qəribə bir hiss baş qaldırır — sanki onlar tam yox olmayıb, hələ də o dağların hansısa yerində Vətənin keşiyini çəkirlər...
Çünki bəzi insanlar ölümü ilə deyil, yoxluğu ilə əfsanəyə çevrilirlər...
Sanki Laçının meşələri, Kəlbcərin sıldırım qayaları Kamran bəyi, İmanverdini, İman və Vüqar Həsənquliyev qardaşlarını öz qoynuna aldı...
Balış xanım isə bu dərdin ağırlığına dözə bilmədi. Çünki bəzi qadınlar ağlamaqdan yox, içində yanan nisgildən ölürlər. Balış xanım da o nisgildən öldü...
Bu gün Kamran bəyin və İmanverdinin, eləcə də, ölüm şəhadətnaməsi verilsə belə İmanla Vüqarın taleyi tam bilinmir.
Amma bəzi adamlar itkin düşmürlər.
Onlar Vətənin yaddaşına çevrilirlər.
Laçının meşələri onların nəfəsini hələ də saxlayır.
Bülövlüyün və Pircahanın küləyi onların adını hələ də pıçıldayır.
Kəlbəcərin qayaları bəlkə hələ də onların ayaq səslərini gözləyir...
Çünki Vətən uğrunda yoxa çıxan adamlar torpağın ruhuna çevrilirlər.
Kamran bəy Abdurrəhmanov və silahdaşları olan oğlu İmanverdi, Pircahan kəndindən olan Mehtiqulu Kişinin oğlanları İman və Vüqar Həsənquliyevlər da həmin ruhlardan biridir.
Qüruru işğal olunmayan kişilərdən biri...
İGİD TEYMURLU
Tv713.az


















