"UŞAQPULU" HAVASI SİYASİ RƏQQASLARIN TƏQDİMATINDA

Aktual / Cəmiyyət / Ölkə / Yazarlar / Manset 07-iyn, 14:539 tv713 29 0





İGİD TEYMURLU



SƏHNƏYƏ ÇIXAN SOLİSTLƏRİN NÖVBƏTİ İFASI



Son vaxtlar qəribə bir mənzərə yaranıb. Cəmiyyətdə uşaqpulunun bərpası tələbi güclənən kimi, sanki görünməz bir dirijor çubuğunu havada yelləyir və növbəti ifaçı səhnəyə çıxır.

Əvvəlcə Günay Ağamalı qollarını açıb siyasi valsın ilk dövrəsini vurdu. Ardınca "Mirşahin" deyilən Şahin Ağayev "Real" səhnəsinin mərkəzinə keçərək uzun bir solo konsert verdi, ritmi yüksəltdi, notları sərtləşdirdi. Sonra Razi Nurullayev siyasi tanqonun incə addımları ilə meydana daxil oldu, mövzunun ətrafında dövrələr cızdı. İndi isə Erkin Qədirli ideoloji fokstrotun müşayiəti altında tribunaya çıxaraq növbəti partiyanı ifa edir.

Kənardan baxan adam istər-istəməz düşünür: doğrudanmı bu qədər təsadüf bir yerə yığıla bilər?

Çünki mövzu dəyişmir.

İfaçılar dəyişir.

Ssenari isə olduğu yerdə qalır.

Arqumentlərin də məzmunu dəyişmir. Birinə görə uşaqpulunun demoqrafiyaya təsiri yoxdur. Digərinə görə insan dövlətə yox, özünə güvənməlidir. Başqası hesab edir ki, sosial ödənişlər problemi həll etmir.

Əlbəttə, heç kim iddia etmir ki, uşaqpulu ölkədəki bütün problemlərin sehrli həllidir. Heç kim demir ki, aylıq veriləcək müəyyən məbləğ mənzil böhranını, işsizliyi, inflyasiyanı, sağlamlığı məhdud insanların problemlərini və ya sosial ədalətsizliyi aradan qaldıracaq.

Ancaq sual başqadır.

Niyə söhbət vətəndaşa çatacaq bir neçə manatdan düşəndə iqtisadi nəzəriyyələr birdən-birə bu qədər fəallaşır?

Niyə sosial dəstək mövzusunda qəfil büdcə qayğısı yaranır?

Niyə dövlətin vətəndaşa verəcəyi vəsait hesablananda qənaətcil olmaq yada düşür, amma başqa istiqamətlərdə bu həssaslıq görünmür?

Bu ölkədə mənzil qiymətləri rekord həddə çatıb.

Təhsil xərcləri ailə büdcəsini əzir.

Səhiyyə xidmətləri insanların cibini boşaldır.

Gənc ailələr kirayə bazarının əsirinə çevrilib.

Bütün bunlar qəbul olunur.

Amma həmin yükün bir hissəsini dövlətin bölüşməsi təklif ediləndə qəfil yeni bir fəlsəfə meydana çıxır:

"İnsan özü qazanmalıdır."

Doğrudur.

İnsan işləməli, qazanmalı, ailəsini saxlamalıdır.

Amma vətəndaşın da sualları var.

Əgər hər şeyi insan özü etməlidirsə, onda sosial dövlət anlayışı nə üçündür?

Əgər ailə bütün yükü təkbaşına daşımalıdırsa, dövlətin sosial siyasəti hansı məqsədə xidmət edir?

Əgər büdcə xalqın vergiləri və ölkənin təbii sərvətləri hesabına formalaşırsa, həmin xalqın övladlarına ayrılacaq vəsait niyə bəzilərinə artıq xərc kimi görünür?

Məsələnin ən maraqlı tərəfi isə başqadır.

Uşaqpulunun əleyhinə danışanların əksəriyyəti ayın sonunu çatdırmaq dərdi yaşayan insanlar deyil.

Onlar bazara əlində sonuncu əlli manatla girən adamın yerində deyillər.

Onlar məktəbli övladının geyimini, hazırlığını, dərmanını, yol pulunu hesablayan valideynin yerində deyillər.

Onlar hər ay kommunal ödənişlə ərzaq səbəti arasında seçim etməyə məcbur qalan ailələrin yerində deyillər.

Səhnədə çıxış edənlərin bir aylıq gəliri ilə minlərlə ailənin bir illik qayğıları arasında böyük məsafə var.

Bəlkə də buna görə səhnədən görünən mənzərə ilə həyatın içindən görünən mənzərə bir-birinə bənzəmir.

Bir tərəfdə artan yaşayış xərcləri altında əzilən ailələr dayanıb.

Digər tərəfdə isə uşaqpuluna qarşı rəqs ansamblının növbəti proqramı nümayiş olunur.

Əvvəl Günay Ağamalı vals oynadı.

Sonra Mirşahin solo ifa etdi.

Ardınca Razi Nurullayev tanqo addımları ilə dövrə vurdu.

İndi isə Erkin Qədirli fokstrot ritmində səhnəyə çıxıb.

Musiqi dəyişir.

Rəqqaslar dəyişir.

Amma tamaşanın adı dəyişmir.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr