TİBB UNİVERSİTETİNDƏN MUROVDAĞA UZANAN YOL

Aktual / Şahidlər və Şəhidlər / Manset 03-okt, 21:139 tv713 3 0




QƏŞƏM RZAYEVİN DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

I HİSSƏ

KÖNÜLLÜLÜKDƏN DÖYÜŞ SIRALARINA: 713 SAYLI TABORA GEDƏN YOL

1992-ci il mayın 17-18-də radioda könüllülərdən ibarət batalyonun yaradılması və Laçın istiqamətində hərəkətə hazırlanması barədə məlumat yayımlandı. Həmin vaxt mən Azərbaycan Tibb Universitetinin ikinci kursunda təhsil alırdım. Bu xəbəri eşidən kimi o vaxtkı «Bakı Soveti» (indiki «İçərişəhər») metro stansiyasının yaxınlığında, Bünyad Sərdarov küçəsi, 10 ünvanında yerləşən qərargaha yollandım. Könüllü olaraq ordu sıralarına qoşulmaq və cəbhəyə yola düşmək istədiyimi bildirdim. Müraciətim qəbul edildi, adım könüllülərin siyahısına daxil olundu və mənə hərbi geyim verildi.
Bir müddət qərargahla əlaqə saxlayıb hazırlıq işlərində iştirak etdikdən sonra, may ayının sonlarında bizi Üçtəpə poliqonuna apardılar. Burada təxminən bir həftə ərzində ilkin hərbi hazırlıq və təlim-məşq məşğələləri keçdik. Təlimlər başa çatdıqdan sonra yenidən şəhərə gətirildik və Müdafiə Nazirliyinə məxsus nəqliyyat vasitələri ilə Kəlbəcər istiqamətinə yola salındıq.
Murovdağ silsiləsindən keçərək Kəlbəcər rayonunun Zülfüqarlı kəndinə çatdıq. Bir neçə gün burada qaldıq. Lakin həmin müddətdə bizə silah-sursat verilmirdi. Bunun səbəbi barədə heç bir məlumatımız yox idi.
Bir müddət sonra nəhayət, silah-sursatla təmin olunduq. Verilən silahlar əsasən atıcı silahlardan ibarət idi. Ancaq avtomatların əksəriyyəti texniki cəhətdən yararsız vəziyyətdə idi. Beləliklə, döyüş hazırlığımızın ilk mərhələsi kifayət qədər çətin şəraitdə başladı.

ŞAMKƏND VƏ ÇORMANDA MÜDAFİƏ MÖVQELƏRİNİN TƏŞKİLİ

İyun ayının ikinci ongünlüyündə Zülfüqarlı kəndindən Laçın rayonunun Qorçu kəndi istiqamətində hərəkətə başladıq.
Hərəkət zamanı öndə kəşfiyyat qrupu irəliləyirdi. Bölüyün əsas qüvvələri isə onun ardınca hərəkət edirdi. Ümumilikdə şəxsi heyətimizin sayı təxminən 100 nəfər idi. Bu, 713 saylı taborun birinci bölüyü idi.
Qorçuya çatdıqdan sonra bölüyün bir hissəsi Şamkənd istiqamətində hərəkət etdi. Kəndə daxil olduqdan sonra komandirimiz baş leytenant Rəhman İsgəndərovun əmrinə əsasən bir tağım Şamkənddə saxlanıldı. Həmin vaxt Rəhman İsgəndərov baş leytenant hərbi rütbəsində idi.
Bölüyün digər şəxsi heyəti isə kəşfiyyat müşayiəti ilə Çorman istiqamətində irəlilədi. Silah-sursat və ərzaq ehtiyatlarımız arxamızca hərəkət edən ZİL-131 markalı avtomobillə daşınırdı.
Çorman kəndinə daxil olduqdan sonra ərazidə kəşfiyyat müşahidələri apardıq. Məlum oldu ki, kənddə erməni silahlı qüvvələri yoxdur. Komandirimiz Rəhman İsgəndərovun göstərişi ilə kəndin müxtəlif istiqamətlərində dörd müdafiə postu təşkil edildi. Şəxsi heyət nisbətən yararlı və şəraitli evlərdə yerləşdirildi.
Beləliklə, Çormanda bölüyün müdafiə mövqeləri müəyyənləşdirildi və ərazidə xidmətə başladıq.

FƏRRAŞ KƏNDİNDƏ KƏŞFİYYAT: SAKİTLİK VƏ MÜŞAHİDƏ

İyun ayının sonunadək Çorman kəndində müdafiə mövqelərində qaldıq.
Təxminən bir həftə sonra komandirimiz Rəhman İsgəndərovun göstərişi ilə beş-yeddi nəfərdən ibarət kəşfiyyat qrupu yaradıldı. Mən də həmin qrupun tərkibinə daxil idim.
Meşəlik ərazidən keçərək Fərraş kəndi istiqamətində hərəkət etdik. Gün ərzində ərazidə müşahidələr apardıq. Hava qaraldığından kəndə daxil olmağı məqsədəuyğun hesab etmədik və səhər tezdən hərəkətimizi davam etdirdik.
Fərraş kəndi hündür dağlarla əhatə olunmuş kiçik yaşayış məntəqəsi idi. Kənddə təxminən 15-20 ev vardı. Evlərə baxış keçirdik, ərazini yoxladıq. Hər tərəfdə dərin bir sakitlik hökm sürürdü. Heç bir silahlı qüvvənin izinə rast gəlmədik.
Axşamüstü bir qədər dincəldikdən sonra Çorman kəndinə qayıtdıq və müşahidələrimizin nəticələri barədə komandirliyə məlumat verdik.

HAQNƏZƏRDƏ KƏŞFİYYAT VƏ DÖYÜŞ TƏMASI

Bir müddət Çorman kəndində qaldıqdan sonra komandirimiz Rəhman İsgəndərov Vağazin kəndi istiqamətində hərəkət etmək barədə göstəriş verdi. Bu məqsədlə iki qrupa ayrıldıq. Birinci qrup əvvəlcədən yola düşdü, biz isə ikinci nəqliyyat vasitəsi ilə onların ardınca hərəkət etdik.
Vağazinə yaxınlaşarkən atəş səsləri eşidildi. Bizə məlumat verildi ki, birinci qrupumuz Haqnəzər kəndi istiqamətində erməni silahlı dəstəsi ilə döyüş təmasına girib.
Dərhal nəqliyyat vasitəsindən düşərək həmin istiqamətə irəlilədik. Bir qədər sonra birinci qrupun geri qayıtdığını gördük. Məlum oldu ki, qarşı tərəfin kiçik bir silahlı qrupu ilə toqquşma baş verib, nəticədə düşmən tərəfdən itkilər qeydə alınıb və bir nəfər əsir götürülüb. Eyni zamanda qoşqulu tırtıllı traktor da ələ keçirilmişdi. Qoşqu ərzaq və müxtəlif əşyalarla dolu idi. Haqnəzər kəndinin əvvəlki vəziyyətindən aydın olurdu ki, yaşayış məntəqəsi qarətə məruz qalıb.
Əldə edilmiş texnika və digər əşyalarla birlikdə Vağazin kəndinə qayıtdıq. Döyüş yoldaşlarımızla söhbət zamanı məlum oldu ki, erməni silahlı dəstəsinin qalıqları bizdən xeyli aralıda yerləşən dağ yamacı ilə Xankəndi-Şuşa istiqamətində geri çəkilib. Məsafənin uzaqlığı və mövcud şərait nəzərə alınaraq onların təqibi həyata keçirilmədi.

VAĞAZİNDƏ MÜDAFİƏNİN TƏŞKİLİ VƏ PİRCAHAN İSTİQAMƏTİNDƏ HƏRƏKƏT

Vağazin kəndində təxminən on gün qaldıq. Burada üç-dörd müdafiə mövqeyi təşkil etmişdik. Komandirimiz Rəhman İsgəndərovun göstərişi ilə səngərlər qazılmış, şəxsi heyət müəyyən edilmiş mövqelərdə yerləşdirilmişdi.
İyul ayının əvvəllərində Pircahan istiqamətində hərəkət edəcəyimiz barədə məlumat aldıq. Həmçinin Laçın polisinin də həmin istiqamətdə fəaliyyət göstərəcəyi bildirildi.
Vağazindən Pircahana doğru hərəkətə başladıq. Bülövlük kəndindən keçərkən Kamran bəylə qarşılaşdıq.
Həmin dövrdə Laçın rayonunun bir çox yaşayış məntəqələrindən əhali və müdafiə qüvvələri çıxmışdı. Lakin Kamran bəy Bülövlük kəndini tərk etməmiş, kənddə tək qalaraq onu qorumağa çalışmışdı.
Onun danışdığına görə, bir gün texnika səsi eşidəndə kəndin yaxınlığındakı dağa qalxıb Pircahan istiqamətindən gələn iki-üç erməni avtomobilini görüb. Əlindəki qoşalülə ov tüfəngi ilə həmin istiqamətə atəş açıb. Nəticədə qarşı tərəfin ilk avtomobilini ərazidə qoyaraq geri çəkildiyini bildirib. Bir qədər sonra həmin avtomobilin götürülməsi üçün geri qayıtsalar da, sonradan bir daha bu istiqamətdə görünməyiblər.
Kamran bəy bizi kənddə qonaq etdi. Çay süfrəsi açdı, ağartı məhsulları və bal təqdim etdi. Təxminən 70 yaşı olmasına baxmayaraq, fiziki hazırlığı, xüsusilə turnikdə nümayiş etdirdiyi idman hərəkətləri hamımızın diqqətini çəkdi. Onun iradəsi və kəndini tərk etməməsi bizdə böyük təəssürat yaratmışdı.

PİRCAHANDA MÜDAFİƏ SİSTEMİ VƏ KƏŞFİYYAT QRUPUNUN ALXASLI İSTİQAMƏTİNDƏ HƏRƏKƏTİ

Bülövlük kəndində bir neçə saat dincəldikdən sonra Pircahan istiqamətində hərəkətimizi davam etdirdik.
Pircahana çatdıqdan sonra təhlükəsizlik tədbirləri çərçivəsində kənddəki evlər yoxlanıldı. Komandirimiz Rəhman İsgəndərovun göstərişi ilə müəyyən edilmiş ərazilərdə müdafiə postları yaradıldı, səngərlər qazıldı və şəxsi heyət döyüş mövqelərində yerləşdirildi. Hər tağımın müdafiə edəcəyi istiqamət müəyyənləşdirildi. Həyəcan siqnalı veriləcəyi təqdirdə bölmələrin hansı mövqelərə çıxacağı da əvvəlcədən dəqiqləşdirildi.
Komandirimiz hər gün şəxsi heyəti sıraya düzərək qarşıda duran vəzifələri izah edir, əmrlərini çatdırırdı.
Pircahana gəldiyimizdən bir gün sonra təxminən 30 nəfərdən ibarət kəşfiyyat qrupu yaradıldı. Qrup Pircahandan Qaraçənli istiqamətinə, oradan isə Alxaslı kəndinə doğru hərəkət etdi.
Yolboyu keçdiyimiz yaşayış məntəqələrində müşahidələr apardıq. Düşmən qüvvələri gözə dəymirdi. Çayı keçərək Alxaslıya çatdıq və orada bir gün qaldıqdan sonra yenidən Pircahana qayıtdıq. Geri dönüş zamanı da marşrut boyunca müşahidələrimizi davam etdirdik. Hər hansı düşmən qüvvəsinin hərəkəti qeydə alınmadı.
Pircahanda təxminən bir həftə qaldıqdan sonra komandirimiz Rəhman İsgəndərov növbəti kəşfiyyat tapşırığının icra ediləcəyini bildirdi. Bu dəfə Laçın polisinin əməkdaşları da bizimlə birlikdə hərəkət edəcəkdilər. Həmin vaxt Pircahan kəndində 713 saylı taborun birinci bölüyü ilə yanaşı, Laçın polisi də müdafiə mövqelərində yerləşmişdi.

ZERTİ İSTİQAMƏTİNDƏ KƏŞFİYYAT: DÜŞMƏN POSTLARININ MÜŞAHİDƏSİ

Kəşfiyyat qrupunun tərkibində bizim bölükdən Əlqan, «Qara» ləqəbli Zöhrab, mən və komandirimiz Rəhman İsgəndərov, Laçın polisindən isə əslən Cəlilabad rayonunun Göytəpə qəsəbəsindən olan Akif dayı və daha üç-dörd nəfər əməkdaş var idi.
Pircahandan çıxaraq aşağı çaya endik. Çayı keçdikdən sonra Bülüldüz istiqamətində yüksəldik. Kəndin aşağı hissəsindən keçərək ərazidə müşahidələr apardıq. Ermənilər gözə dəymirdi. Laçın istiqamətindəki yolları və ətraf ərazini nəzarətdə saxlayaraq Tığık-1 və Tığık-2 kəndlərindən keçib Zertiyə çatdıq.
Bu zaman avtomobil səsi eşidildi. Müşahidə zamanı kəndin içərisində, evlərdən birinin qarşısında avtomobilin dayandığını gördük.
Komandirimiz Rəhman İsgəndərov vəziyyəti qiymətləndirərək kənddəki hərəkətliliyin araşdırılması barədə göstəriş verdi. Qrupun digər üzvləri isə müşahidəni davam etdirirdi.
Mən və Laçın polisinin əməkdaşı Nazim kəndə doğru irəliləməyə başladıq. Kəndə daxil olaraq avtomobilin dayandığı istiqamətə yönəldik. Evin qarşısından keçmək əvəzinə arxa hissəsinə keçdik və oradan binaya daxil olduq.
Elə həmin an atəş səsi eşidildi. Atəşlə eyni vaxtda itin zingiltisi də gəldi. Pəncərədən baxanda itin qan içində, hərəkətsiz vəziyyətdə olduğunu gördük.
Kəndin içərisi hündür ağaclar və sıx ot örtüyü ilə əhatə olunduğundan ətrafı tam müşahidə etmək mümkün deyildi. Bir qədər sonra yenidən avtomobil səsi eşidildi. Pəncərədən baxarkən avtomobilin Laçın istiqamətində uzaqlaşdığını gördük. Beləliklə, müşahidə etdiyimiz nəqliyyat vasitəsi ərazini tərk etmişdi.

LAÇIN İSTİQAMƏTİNDƏ DÜŞMƏN MÖVQELƏRİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

Kənddən çıxaraq əsas qrupa qoşulmağa hazırlaşdığımız vaxt komandirimiz Rəhman İsgəndərovun da kəndə daxil olduğunu gördük. Daha sonra Qarıkaha istiqamətindən keçərək Laçın rayonunun arxa hissəsində yerləşən yüksəkliklərə doğru hərəkət etdik.
Yüksəkliyə qalxdıqda təpənin yuxarı hissəsində ağac kəsən erməniləri gördük. Onlardan müəyyən məsafədə keçərək Laçının arxa hissəsindəki təpənin zirvəsinə çatdıq. Həmin yüksəklik əsasən açıq və çılpaq ərazidən ibarət idi.
Buradan Salatın kəndi istiqamətində müşahidə aparmağa başladıq. Laçın rayonunun daxilində, çayın üzərindəki körpünün yaxınlığında ermənilərə məxsus postun olduğunu gördük. Laçın polisinin əməkdaşlarından biri «zapravka» adlandırılan ərazini bizə göstərdi. Lakin həmin nöqtədə düşmən qüvvələri müşahidə edilmirdi.
Müşahidəni davam etdirdiyimiz zaman dağın aşağı hissəsindən avtomobil səsi gəldi. Baxdıq ki, bu, hərbi təyinatlı UAZ markalı avtomobildir və içərisi erməni hərbçiləri ilə doludur.
Maraqlısı o idi ki, avtomobildəki erməni hərbçiləri bizi görsələr də, əlləri ilə salam işarəsi verdilər. Biz də eyni qaydada cavab verdik. Onlar dağın aşağı hissəsi ilə hərəkətlərini davam etdirərək evlərin arasından keçib gözdən itdilər.
Həmin mövqedən teleqüllə adlandırılan ərazidə erməni hərbçilərinin müşahidə və atəş fəaliyyətini də gördük.
Komandirimiz Rəhman İsgəndərov vəziyyəti qiymətləndirdikdən sonra irəliləməyin təhlükəli olduğunu bildirdi. Onun sözlərinə görə, dağın aşağı hissəsində düşmən postları yerləşirdi və gördüyümüz hərbçilər də həmin postlarda xidmət aparan şəxsi heyət ola bilərdi. Açıq ərazidə müşahidə altında qalmaq riski yüksək olduğundan geri qayıtmaq qərarı verildi.
Bu kəşfiyyat zamanı Laçın istiqamətində ermənilərin üç əsas postunun yerləşdiyini müəyyənləşdirdik. Onlardan biri körpünün üzərində, digəri Qarıkaha tərəfdən Laçın rayonunun girişində, üçüncüsü isə teleqüllə istiqamətində idi.
Geri dönüşə başladıq. Hava qaraldığından hərəkətimizi davam etdirmək çətinləşirdi. Qarıkahanı keçərək Zertiyə çatanda artıq qaranlıq düşmüşdü. Gecəni orada keçirməyə qərar verdik. Səhər tezdən Tığik kəndinin içərisindən keçərək Bülüldüzün aşağı hissəsindən Pircahana qayıtdıq.

BÜLÜLDÜZ İSTİQAMƏTİNDƏ DÜŞMƏN KOLONUNUN GERİ ÇƏKİLMƏSİ

İyul ayının ikinci ongünlüyü olardı. Həmin vaxt komandirimiz Rəhman İsgəndərov kənddə deyildi, müəyyən tapşırığın icrası ilə əlaqədar başqa istiqamətə getmişdi.
Qəfildən postlardan birində xidmət aparan döyüşçü qaçaraq gəldi və Bülüldüz istiqamətindən Pircahan çayına doğru avtomobillərin hərəkət etdiyini bildirdi.
Dərhal silah-sursatımızı götürərək müdafiə mövqelərimizə yönəldik. Postda olan döyüşçülər də əl işarələri ilə Bülüldüz istiqamətindən çaya doğru hərəkət edən avtomobil karvanını göstərdilər.
Təxminən 15 nəfərlik qrupla çaya doğru irəlilədik və müşahidə mövqeyi tutduq. Bir müddət sonra qarşı tərəfin hərəkəti aydın göründü. Kolonun önündə iki UAZ, onların arxasında isə üstü tentlə örtülmüş üç Ural markalı avtomobil hərəkət edirdi.
Çaya təxminən 300 metr qalmış avtomobillər dayandı. UAZ-lardan birindən səkkiz-doqquz nəfər erməni hərbçisi düşdü. Onlardan ikisi ayrılaraq çaya doğru hərəkət etdi. Digərləri isə ərazidə dayanaraq bir-biri ilə əl-qol işarələri vasitəsilə danışırdılar.
Təxminən 25 dəqiqə müşahidədən sonra bizim mövqelərin aşağı hissəsindən qəfil atəş açıldı. Bu, qarşı tərəfin diqqətini cəlb etdi. Ardınca həmin istiqamətdən bir nəfərin təpənin yamacı ilə Pircahan tərəfə qaçaraq ağaclıqda gözdən itdiyini gördük.
Baş verən hadisə bizi ciddi narazı saldı. Çünki naməlum şəxsin özbaşına hərəkəti əvvəlcədən müəyyənləşdirilmiş döyüş niyyətini pozmuşdu. Həmin şəxsin kim olduğunu müəyyənləşdirə bilmədik. Ancaq onun bizim qrupla birlikdə hərəkət edən döyüşçülərdən olmadığına əmin idik.
Vəziyyətin dəyişdiyini görən erməni hərbçiləri geri çəkilməyə başladılar. Onların avtomobilləri Bülüldüz istiqamətində hərəkət edərkən biz də atəşlə cavab verdik. Lakin qarşı tərəf ərazini tərk edərək uzaqlaşa bildi.
Bu hadisə iyul ayının sonlarına təsadüf edirdi. Bir müddət sonra ikinci və üçüncü bölüklər də Pircahan kəndinə gəldilər. Bundan sonra cəbhə xəttində müəyyən müddət nisbi sakitlik yarandı.

29 İYUL: BÜLÜLDÜZ İSTİQAMƏTİNDƏ DÖYÜŞ TAPŞIRIĞI

1992-ci il iyulun 29-u idi. Biz Pircahan kəndində Elburusgilin evində yerləşmişdik. Bu zaman Bülüldüz istiqamətindən atəş səsləri eşidilməyə başladı.
Bir qədər sonra komandirimiz Rəhman İsgəndərovun həmin istiqamətdə hücum əmri verdiyi barədə məlumat aldıq. Ardınca kəşfiyyat qrupumuzun erməni silahlı qüvvələri tərəfindən mühasirəyə düşdüyü bildirildi.
Dərhal silah-sursatımızı götürərək Pircahan çayına doğru hərəkət etdik. Çayı keçdikdən sonra bir neçə qrupa ayrılaraq Bülüldüz istiqamətində irəliləməyə başladıq. Bölmələr müxtəlif istiqamətlərdən hərəkət edirdi. Şəxsi heyətin bir hissəsi isə Pircahan kəndindəki müdafiə postlarında saxlanılmışdı.
Mən həmin əraziyə orta istiqamətdən qalxırdım. Digər qruplar sağ və sol cinahlardan irəliləyirdi. Atəş səslərinin gəldiyi istiqaməti müəyyənləşdirərək hərəkətimi davam etdirdim və təsadüfən kəşfiyyatçılarımızın yerləşdiyi mövqeyə çatdım.
Bura təpənin zirvəsi idi. Erməni qüvvələri pulemyotlardan həmin ərazini intensiv atəşə tutmuşdular. Atəşin sıxlığından mövqedə hərəkət etmək olduqca çətin idi.
Ətrafı müşahidə etsəm də, düşmən hərbçilərini aydın görmək mümkün olmurdu. Atəşin gəldiyi istiqaməti müəyyənləşdirmək üçün bir müddət müşahidəni davam etdirdim. Nəhayət, ermənilərin Bülüldüzün aşağı hissəsindəki ağaclıq ərazidən atəş açdıqlarını müəyyənləşdirdim.
Bu zaman döyüşün digər istiqamətində də intensiv atışma başladı. Sol cinahdan açılan atəş nəticəsində erməni qüvvələri mövqelərini tərk edərək Tığik istiqamətində geri çəkilməyə başladılar.
Döyüş təxminən bir saat davam etdi. Atəşin intensivliyi və mövcud şərait hədəfləri dəqiq müşahidə etməyə imkan vermirdi. Qarşı tərəflə aramızdakı məsafə təxminən 700-800 metr olardı.
Atəş zamanı güllələrdən biri iri cüssəli erməni hərbçisinə dəydi. O, yerə yıxılsa da, bir qədər sonra ayağa qalxaraq axsaya-axsaya yaxınlıqdakı ağaclığa çəkildi. Sonradan döyüş yoldaşlarımız irəli hərəkət etdilər.
Geri qayıdan qruplardan biri yeni vəziyyətdə olan UAZ markalı avtomobillə gəlirdi. Döyüş zamanı erməni qüvvələri silah-sursatını və avtomobilini ərazidə qoyaraq geri çəkilmişdilər.
Əldə edilən UAZ və silah-sursat qənimət kimi götürüldü. Biz də döyüş tapşırığının icrasından sonra Pircahan kəndinə qayıtdıq.

II HİSSƏ

HOÇAZ ƏMƏLİYYATI: ŞƏHİDLƏRİN DÖYÜŞ MEYDANINDAN ÇIXARILMASI

Bülüldüz istiqamətindəki döyüşdən sonra Pircahana qayıdarkən Hoçaz kəndi tərəfdən də atəş səsləri eşidilməyə başladı. Əvvəlcə orada baş verənlər barədə dəqiq məlumatımız yox idi. Kəndə çatanda artıq hava qaralırdı.
Bir qədər sonra komandirimiz Rəhman İsgəndərovdan xəbər gəldi. Bildirildi ki, səhər tezdən Hoçaz kəndi istiqamətində hərəkət edəcəyik. Orada ikinci bölüyümüz döyüşə girib, itkilərimiz var. Şəhidlərimizin döyüş meydanından çıxarılması zərurəti yaranıb.
Gecəni Pircahanda keçirdik. Səhər tezdən komandirimiz Rəhman İsgəndərov şəxsi heyəti topladı. Bizim qrup 33 nəfərdən ibarət idi. Cabbar da həmin döyüş qrupunun tərkibində idi.
O vaxt bir ədəd BMP-1 piyadaların döyüş maşınımız vardı. Cabbar texnikanı işə saldı və biz onun üzərinə mindik. BMP-1-lə kəndin içərisindən yuxarı istiqamətdə hərəkətə başladıq. Mişni tərəfə enərkən qarşımıza bir qrup döyüşçü çıxdı. Onlar Vaqif Quliyevin komandiri olduğu ikinci bölüyün şəxsi heyəti idi. Hoçaz istiqamətindəki döyüşdən geri qayıdırdılar. Onlar yanımızdan keçib yollarına davam etdilər.
Biz isə Mişni çayına doğru endik. Çayı keçdikdən sonra Sonasar istiqamətində hərəkətimizi davam etdirdik.
Sonasarla Hoçaz kəndi arasında yerləşən talada BMP-1-dən düşdük. Cabbar texnikanı yolun sağ tərəfindəki yüksəklikdə saxladı. BMP-1-in üzərindəki pulemyot da çıxarıldı. Ümumiyyətlə, həmin döyüş maşınının texniki vəziyyəti qənaətbəxş deyildi. Onun mühərrikinin işə salınmasında problemlər yaranır, texnika döyüş tapşırığını tam həcmdə yerinə yetirmək imkanına malik olmurdu.
Hoçaz istiqamətində bir qədər irəlilədikdən sonra komandirimiz Rəhman İsgəndərov hərəkəti dayandırmaq barədə göstəriş verdi.
Biz 33 nəfər idik. Komandirimiz qarşıdakı döyüş tapşırığını izah etmək üçün torpağın üstünü hamarladı və planı elə oradaca cızmağa başladı. Onun izahlarından aydın oldu ki, Hoçaz əməliyyatında qüvvələrimiz üç qrupa ayrılacaq, hər qrupun üzərinə konkret döyüş vəzifəsi qoyulacaqdı.
Əsas məqsəd düşmənin kənddəki mövqelərinə nəzarəti ələ almaq, onun müdafiə sistemini sıradan çıxarmaq və əvvəlki döyüşdə şəhid olmuş yeddi döyüşçümüzün nəşini döyüş meydanından çıxarmaq idi.
Qrupların qarşılıqlı fəaliyyəti, hərəkət istiqamətləri və komandirlik idarəetməsi müəyyənləşdirildi. Mən, Mehman və Sahib isə kəndə daxil olaraq oradakı vəziyyəti aydınlaşdırmalı olan qrupun tərkibində idik.
Komandirimiz Rəhman İsgəndərov, Cabbar və «Malış» ləqəbli Asif də döyüş qrupunun digər üzvləri ilə birlikdə ümumi əməliyyatın idarə olunmasını və şəxsi heyətin qarşılıqlı fəaliyyətini təmin edirdilər.
Beləliklə, döyüş tapşırığı müəyyənləşdirildi. Əməliyyatın başlanması üçün müvafiq siqnal gözlənilirdi. Komandirimizin göstərişinə əsasən, müəyyən edilmiş siqnal verilməyənədək atəş açılmamalı idi.

HOÇAZ KƏNDİNDƏ İLK TƏMAS: NAMƏLUM ŞƏXSLƏRİN GÖRÜNMƏSİ

Əmr verildikdən sonra Mehman öndə, Sahib onun arxasında, mən isə üçüncü sırada kəndə daxil olduq. Hoçaz kəndindəki məktəb binasının yuxarı hissəsi ilə irəliləyirdik. Hər birimiz bir-birimizi nəzarətdə saxlayır, aramızdakı məsafəni qoruyurduq.
Bir qədər sonra qarşımıza çəpər çıxdı. Bu maneəni keçmək üçün istiqamətimizi dəyişməli olduq. Əl işarələri ilə bir-birimizə məlumat verirdik. Öndə gedən Mehman sağ-yuxarı istiqaməti göstərdi və biz həmin tərəfə hərəkət etməyə başladıq.
Elə bu vaxt arxadan qəribə bir səs eşitdim. Səs sanki kimsə konserva qabına təpik vurmuş kimi gəldi.
Dərhal arxaya çevrilib səs gələn istiqamətə baxdım. Səs çəpərin arxasından, hündür otların və ağacların arasında qalan sahədən gəlirdi. Sıx bitki örtüyü səbəbindən orada nə baş verdiyini aydınlaşdırmaq mümkün deyildi.
Bir daha irəli baxanda Mehmanla Sahibin artıq yuxarı istiqamətdə hərəkət etdiyini gördüm. Onlara səs barədə məlumat verməyə macal tapmadım. Bir tərəfdən yoldaşlarımdan ayrılmaq istəmirdim, digər tərəfdən isə səs gələn istiqamətdə naməlum hərəkətlilik məni narahat edirdi.
Elə bu tərəddüd içərisində olduğum vaxt çəpərin arxasından bir neçə nəfərin çıxdığını gördüm. Onlardan öndə olan şəxsin saqqallı sifəti aydın seçilirdi. Digərlərinin isə bir-birinə yaxın dayanmaları səbəbindən üzlərini dəqiq görə bilmədim.
Aramızdakı məsafə təxminən 20-25 metr olardı. Saqqallı şəxs məni görən kimi əlini qaldıraraq salam işarəsi verdi. Mən də eyni qaydada cavab verdim. Onlar daha sonra məktəb binası istiqamətində hərəkət etdilər.
Həmin an tamamilə çaş-baş qalmışdım. Mənə salam verən şəxsi ikinci bölüyümüzün döyüşçülərindən birinə oxşatmışdım. Axı biz Hoçaz istiqamətinə hərəkət edərkən ikinci bölüyün şəxsi heyəti ilə qarşılaşmış, onlar da bizim yanımızdan keçib getmişdilər.
Öz-özümə düşündüm ki, bəlkə ikinci bölüyün döyüşçüləri sonradan bizim qüvvələrə qoşulub, başqa istiqamətdən kəndə daxil olublar. Ola bilsin ki, kənddə təhlükə görmədikləri üçün məktəbə doğru hərəkət edirlər.
Mən həmin anda gördüyüm şəxsləri öz döyüş yoldaşlarımız hesab etmişdim.

SALAMLA BAŞLAYAN TƏMAS: QARŞIMIZDAKI ŞƏXSLƏRİN ERMƏNİ HƏRBÇİLƏRİ OLDUĞUNUN AYDINLAŞMASI
Sonra Mehmanla Sahibin getdiyi istiqamətdə yuxarı qalxmağa başladım. Bu zaman oradan atəş səsləri eşidildi. Sürətlə həmin istiqamətə çatanda Mehmanla qarşılaşdım. Sahib gözə dəymirdi.
Mehman xeyli həyəcanlı idi. Çiynində üç avtomat vardı. O, mənə bildirdi ki, iki erməni hərbçisi ilə üz-üzə gəlib və onları atəşə tutub. Daha sonra qarşı tərəfin arxa hissəsindən səs eşidəndə həmin istiqamətə qumbara atıb. Ermənilər qışqıraraq ərazidən uzaqlaşıblar.
Mən ona dedim:
– Sən nə etmisən? Onlar bizim uşaqlar idi! Arxadan gəlib kəndə daxil olmuşdular. Sən heç baxdın ki, kimi vurursan?
Mehman isə etiraz edərək bildirdi ki, qarşılaşdığı şəxslər erməni dilində danışırdılar və onların düşmən hərbçiləri olduğuna şübhəsi olmayıb. Buna görə də atəş açıb.
Mən isə gördüyüm şəxslərin mənə salam verdiyini və məktəb istiqamətində getdiyini israrla söylədim. Həmin anda aramızda ciddi fikir ayrılığı yarandı. Mehman mənim dediklərimə inanmaq istəmirdi və həmin şəxslərin kimliyini dəqiqləşdirmək üçün geri qayıtmağı təklif etdi.

AZƏRBAYCAN BAYRAĞI VƏ HOÇAZ MƏKTƏBİNDƏ ATƏŞ TƏMASI

Geri qayıdıb məktəbin qarşısına baxanda beş nəfərin dayandığını gördüm. Onlara yaxınlaşdıqca əvvəl gördüyüm saqqallı şəxsin də həmin qrupun içində olduğunu tanıdım. Digər şəxslərin sifətləri isə mənə tanış gəlmirdi.
Onlara təxminən 7-8 metr qalmışdı ki, qrupdakılardan biri dönüb mənə nəsə dedi. Həmin anda danışıq tərzindən və səslənməsindən bunların erməni hərbçiləri olduğunu anladım.
Məktəbin girişində kiçik budkaya bənzər tikili vardı. Mən də kəndin içəri tərəfindən, çəpərlərin arasından keçərək onların yanına yaxınlaşmışdım.
Ermənilərdən biri mənə nəsə dedi. Mən dayandım. Düşündüm ki, onlar hələ mənim kimliyimi müəyyənləşdirməyiblər. Geri dönərək yaxınlıqdakı tikilinin yanına çəkilmək istədim. Lakin dönərkən onların söhbəti dayandırıb diqqətlə mənə baxdıqlarını gördüm.
Sifətlərindəki ifadə dəyişmişdi. Hiss etdim ki, şübhələniblər. Mənə elə gəldi ki, qolumdakı Azərbaycan bayrağını görüblər. Onların əllərini silahlarına atmağa çalışdıqlarını görən kimi atəş açmağa məcbur oldum.
İlk atəş nəticəsində solda dayanan erməni hərbçisi sinəsindən yaralandı və məktəb binasının içərisinə doğru çəkildi. İkinci atəş zamanı digər hərbçilərdən biri qolundan yaralandı, əlindəki avtomat yerə düşdü və o, kəndin aşağı hissəsinə doğru qaçdı.
Bu zaman qarşı tərəf də cavab atəşi açmağa hazırlaşırdı. Mən dərhal yaxınlıqdakı otluq sahəyə çəkildim. Bir müddət qarşılıqlı atəş davam etdi. Güllə və atəş səsləri arasında vəziyyəti dəqiqləşdirmək çətin idi.
Atəşin bir anlıq səngiməsindən istifadə edərək sursatı yenilədim və ətrafı müşahidə etməyə başladım. Yaxınlıqdakı tikilinin arxa hissəsində hərəkətlilik hiss olunurdu. Oradan kimsənin başını çıxarıb yenidən gizləndiyini gördüm. Bu, düşmən hərbçilərinin mənim mövqeyimi müəyyənləşdirməyə çalışdığını göstərirdi.
Ərazidə olduğum müddətdə məktəb binasının daxilindən də səslər gəlirdi. Aydın idi ki, erməni hərbçilərinin bir hissəsi binanın içərisində mövqe tutub.
Mən məktəbin giriş hissəsini və ətrafı müşahidə altında saxlayırdım. Bir müddət sonra sağ tərəfdəki otağın pəncərəsində hərəkətlilik nəzərə çarpdı. Kimsə tez-tez başını pəncərədən çıxarıb yenidən içəri çəkirdi. Görünür, həmin şəxs mənim yerləşdiyim yeri müəyyənləşdirməyə çalışırdı.
Bu zaman yenidən atəş açıldı və həmin otaqdan bağırtı səsi eşidildi. Ardınca məktəb binasının ətrafında atəş səsləri davam etdi.
Vəziyyət getdikcə mürəkkəbləşirdi. Bir tərəfdən məktəbin içərisindəki düşmən qüvvələrinin mövcudluğu, digər tərəfdən isə arxa istiqamətdən eşidilən səslər diqqətimi daim ayıq saxlamağı tələb edirdi. Hər an yeni döyüş təmasının baş verə biləcəyini anlayırdım.
ÜMUMİ DÖYÜŞÜN BAŞLANMASI VƏ KOMANDİRİN TƏSLİMÇİLİK TƏLƏBİ

Elə bu vaxt qəfildən ətrafda güclü atışma başladı. Bizim qüvvələr müxtəlif istiqamətlərdən düşmən mövqelərinə atəş açırdılar. Eyni zamanda havada fişəng göründü. Bu, əvvəlcədən müəyyən edilmiş siqnal idi.
Fişəngdən sonra artilleriya atəşi də açıldı. Qrad qurğusundan atılan mərmilərdən biri mənim arxa tərəfimdə, səs eşidilən istiqamətdə partladı. Ardınca qışqırıq və bağırtı səsləri eşidildi. Bir qədər sonra həmin istiqamətdə nisbi sakitlik yarandı.
Bu zaman bizim döyüşçülər məktəbin yuxarı hissəsindən kəndə daxil olmağa başladılar. Öndə Mehmanla Sahib gəlirdi. Mən dərhal onlara məktəbin içərisində erməni hərbçilərinin olduğunu bildirdim.
Qısa müddət ərzində döyüşçülərimizin bir hissəsi məktəbin qarşısına toplaşdı. İkinci bölüyün şəxsi heyəti də həmin əraziyə gəlib çıxdı.
Mən onlara binanın daxilində düşmən qüvvələrinin qaldığını, bir neçə nəfərin orada olduğunu, yaralı erməni hərbçisinin isə kəndin aşağı hissəsinə çəkildiyini bildirdim. Həmin şəxsin qaçdığı istiqaməti də göstərdim.
Komandirimiz Rəhman İsgəndərov məktəbin daxilində qalan erməni hərbçilərinə müraciət edərək təslim olmaları barədə əmr verdi.

YARALANMA VƏ DÖYÜŞDƏN SONRAKI VƏZİYYƏT

Bu zaman mən də uzandığım yerdən qalxdım. Ayağa qalxanda qolumdan qan axdığını gördüm. Yalnız onda yaralandığımı anladım.
Dərhal qolumdakı qanı təmizləməyə başladım. Müharibədən sonra qolumdan çıxarılan qəlpəni görəndə məlum oldu ki, bu, RQD qumbarasının qəlpəsi imiş. Maraqlıdır ki, döyüşün qızğın anında həmin qumbaranın nə vaxt atıldığını və necə yaralandığımı hiss etməmişdim.
Üstümdəki patron daraqları da qana bulaşmışdı. Onları təmizləməyə başladım.
Bu zaman komandirimiz Rəhman İsgəndərov ikinci bölüyün döyüşçülərinə məktəb binasının sağ otağı istiqamətində göstəriş verdi. Qumbaraatan atəşi nəticəsində otağın divarı dağıldı və döyüşçülərimiz binanın daxilinə daxil oldular.
Baş verən toqquşma nəticəsində məktəbin içərisində bir erməni hərbçisi öldürüldü, digəri isə əsir götürüldü.
Elə həmin vaxt çöl tərəfdən yenidən atəş səsləri eşidildi. Baxanda gördüm ki, əvvəllər qolundan yaraladığım erməni hərbçisi kəndin aşağı hissəsindəki evlərdən birinə sığınıb. Bizim döyüşçülər onun olduğu istiqamətdə atəş açdılar və həmin şəxs öldürüldü.
Döyüş başa çatdıqdan sonra Hoçaz kəndində vəziyyəti qiymətləndirdik. Qüvvələrimizin sayı məhdud idi. İki bölüyün şəxsi heyəti ilə eyni vaxtda Pircahan, Hoçaz, Mişni, Sonasar kəndlərini və Hoçaz dağını nəzarətdə saxlamaq mümkün deyildi.
Buna görə də əldə edilmiş mövqeləri uzun müddət qorumaq üçün kifayət qədər qüvvəmiz yox idi.

YEDDİ ŞƏHİDİMİZİN NƏŞİNİN DÖYÜŞ MEYDANINDAN ÇIXARILMASI

Bir gün əvvəl Hoçaz kəndində gedən döyüş zamanı ikinci bölüyümüzdən yeddi nəfər şəhid olmuşdu. Həmin döyüşçülərimiz bunlar idi:
Məmiyev Asəf;
Məmiyev Kamil;
Babaverdiyev Vüqar;
Bəylərov Polad;
Əmirov Səməd;
Alxazov Qasım;
Qiyasov Müzəffər.
Hoçaz əməliyyatının əsas vəzifələrindən biri də məhz bu şəhidlərimizin nəşini döyüş meydanından çıxarmaq idi.
Döyüşdən sonra şəhidlərimizin nəşini və məktəb binasından əsir götürdüyümüz erməni hərbçisini götürərək Pircahan kəndinə qayıtdıq.
Beləliklə, Hoçaz istiqamətində qarşıya qoyulan əsas tapşırıq yerinə yetirilmiş, şəhidlərimizin nəşləri döyüş meydanından çıxarılmışdı.

5 AVQUST: PİRCAHANIN ARTİLLERİYA ATƏŞİNƏ TUTULMASI VƏ NÖVBƏTİ İTKİLƏR

Avqustun 5-i idi. Biz yenə Elburusgilin evində yerləşmişdik. Səhər saat 9-10 radələri olardı. Qəfildən Elburusgilin evinin yanındakı dərənin üstünə mərmi düşdü.
Dərhal silahlarımızı götürərək müdafiə mövqelərimizə doğru hərəkət etdik. Həmin vaxt döyüş yoldaşımız İgid bizə komandirimiz Rəhman İsgəndərovun göstərişini çatdırdı. Bildirdi ki, artilleriya atəşi səngiyənədək hamımız yarğanın içərisində qalmalıyıq. Müvafiq əmr verildikdən sonra mövqelərimizə qayıtmalı idik.
İgid öndə olmaqla hamımız yarğana çəkildik. Düşmən artilleriyası təxminən iki-üç saat ərzində kəndi atəşə tutdu. Atəş səngidikdən sonra şəxsi heyətə öz döyüş mövqelərinə qayıtmaq əmri verildi.
Biz kəndin aşağı hissəsində, Pircahan çayından qalxan yolun üzərindəki posta doğru hərəkət etdik. Həmin əraziyə çatanda döyüş yoldaşlarımız çayın qarşısındakı açıq sahənin düşmən artilleriyası və atıcı silahları üçün müşahidə altında olduğunu bildirdilər.
Bir qədər dayanaraq ağaclıq ərazidən çay istiqamətini müşahidə etməyə başladıq. Döyüşçülərdən biri erməni qüvvələrinin çaydan keçərək Bülüldüz istiqamətində geri çəkildiyini bildirdi.
Elə həmin vaxt bölüyümüzdən dörd nəfər döyüşçünün şəhid olduğu barədə xəbər aldıq.
Şəhidlərimiz bunlar idi:
Fərəcov Etibar;
Əliyev Camal;
Baxışov Rəşid;
Məmmədov Sarvan.
Onların nəşləri artıq Kəlbəcər istiqamətində yola salınmışdı.
Bu itki xəbəri hamımızı sarsıtdı. Cəbhə xəttindəki ağır döyüşlər və düşmən artilleriyasının intensiv atəşi bölüyümüzün şəxsi heyətinə ciddi zərbə vurmuşdu.

GENERAL ZADİR RZAYEVİN GƏLİŞİ VƏ 713 SAYLI TABORUN AĞDƏRƏ İSTİQAMƏTİNƏ YÖNLƏNDİRİLMƏSİ

Avqustun 5-də baş verən hadisələrdən sonra bir müddət erməni silahlı qüvvələri ilə birbaşa döyüş təmasımız olmadı.
Avqust ayının ortaları idi. General Zadir Rzayev Pircahan kəndinə gəldi. Bir məqamı xüsusi qeyd etmək istəyirəm: onun adı Zaur deyil, Zadir idi.
General bizimlə görüşərək Ağdərə istiqamətində vəziyyətin ağır olduğunu bildirdi. Həmin bölgədə şiddətli döyüşlərin getdiyini, bir neçə yaşayış məntəqəsinin nəzarətə götürülməsinin vacibliyini söylədi.
O, 713 saylı taborun döyüşçülərinə müraciət edərək bizim döyüş təcrübəmizə bələd olduğunu vurğuladı. Bildirdi ki, bölüyümüzün şəxsi heyətinin əvvəlki döyüşlərdə qazandığı təcrübədən istifadə etməklə Ağdərə istiqamətində qarşıya qoyulan tapşırıqların icrasına nail olmaq mümkündür.
Eyni zamanda bizi ruhlandıraraq həmin istiqamətdə bir neçə kəndin nəzarətə götürülməsindən sonra qısa müddətdə yenidən əvvəlki mövqelərimizə qayıdacağımızı söylədi.
Beləliklə, Pircahan və Laçın istiqamətində keçdiyimiz ağır döyüş mərhələsindən sonra 713 saylı taborun qarşısında yeni döyüş tapşırığı dayanırdı. Bu dəfə istiqamət Ağdərə idi...

III HİSSƏ

“BİZƏ DEDİLƏR Kİ, ƏRAZİ KƏŞFİYYAT OLUNUB...”

Avqustun ikinci ongünlüyü idi. Birinci və üçüncü bölüklərin şəxsi heyəti Ağdərə istiqamətinə göndərildi. Pircahanda bizim mövqelərimizi 811 nömrəli hərbi hissənin döyüşçüləri tutmuşdu. Biz isə ermənilərin “Vaquas” adlandırdıqları Qozlu kəndinə gəldik.
Bizi yolun kənarında topladılar və qarşıda həyata keçiriləcək əməliyyat barədə məlumat verdilər. Bildirildi ki, Qızılqayaa (Arutunaqomer) kəndinə hücum etməli və yaşayış məntəqəsini ələ keçirməliyik. Əlavə olaraq qeyd olundu ki, ərazidə əvvəlcədən kəşfiyyat aparılıb. Kənddə ermənilərin bir tankı və 100 nəfərə yaxın canlı qüvvəsi var.
Əməliyyat qrupunun qarşısında tabor komandirimiz SÜLEYMAN ƏHMƏDOV və nizami hissə üzrə qərargah rəisinin müavini MEHDİ RÜSTƏMOV dayanmışdılar.
Hücum əmri verilməzdən əvvəl biz təklif etdik ki, əraziyə özümüz kəşfiyyat çıxışı keçirək, mövcud vəziyyəti dəqiqləşdirək və səhərisi gün hücuma başlayaq. Lakin təklifimiz qəbul edilmədi. Həmin vaxt birinci bölüyün komandiri RƏHMAN İSGƏNDƏROV da bizimlə deyildi.
Rəhman İsgəndərovun komandirlik etdiyi dövrdə bir qayda var idi: hər hansı əməliyyata başlamazdan əvvəl ərazi mütləq özümüz tərəfindən kəşfiyyat olunmalı, düşmənin mövqeləri, qüvvəsi və mümkün hərəkət istiqamətləri dəqiqləşdirilməli idi. Bu dəfə isə bizə əminliklə bildirildi ki, bütün bunlar artıq edilib və narahatlığa əsas yoxdur.
Hücum istiqamətini göstərdilər. Ancaq göstərilən nöqtədən kənd görünmürdü. Qarşımızda sıx meşəlik, mürəkkəb dağlıq relyef və çətin keçilən ərazi vardı. Buna baxmayaraq, hücum əmri verildi.
Qozlu kəndindən Qızılqaya (Arutunaqomer) istiqamətində irəliləməyə başladıq. Hər tərəf meşəlik idi. Aşağıya doğru endiyimiz zaman qəfildən qarşımızda evlər göründü. Beləliklə, kəndə çatdığımızı anladıq.
Döyüşə birinci və üçüncü bölüklər cəlb olunmuşdu. İkinci bölük hələ gəlib çatmamışdı.
Təpənin üstünə qalxdıqdan sonra doqquz nəfərlik qrupumuz sağ cinahdan kəndə doğru enməyə başladı. Sol tərəfimizlə isə iki tank və bir “Şilka” hərəkət edirdi.
Bizdən əvvəl beş-yeddi nəfərdən ibarət başqa bir qrup meşənin içərisindən dolanaraq kəndin yuxarı hissəsindəki qəbiristanlıq istiqamətindən düşmənə yaxınlaşmalı, erməni postlarına atəş açmaqla əsas qüvvələrimizin kəndə daxil olmasına şərait yaratmalı idi.
Lakin həmin qrup kəndə yaxınlaşarkən düşmən tərəfindən aşkarlandı və güclü minaatan atəşinə tutuldu. Atışma zamanı qrupun döyüşçüləri arasında yaralananlar oldu. QULİYEV XASAY isə şəhidlik zirvəsinə ucaldı. Qrup şəhid və yaralıları götürərək döyüş mövqeyindən geri çəkilməyə məcbur oldu.

“KƏŞFİYYAT MƏLUMATLARI TAM YANLIŞ ÇIXMIŞDI”

Kəndə doğru enmək istədiyimiz anda tanklarımızdan biri minaya düşərək partladı. Bundan sonra düşmən bizi həm zirehli texnikadan, həm də atıcı silahlardan intensiv atəşə tutmağa başladı.
Atəş bütün istiqamətlərdən açılırdı. Ərazinin sıx meşəlik olması düşmənin mövqelərini və atəş nöqtələrini müəyyənləşdirməyimizi çətinləşdirirdi. Kəndin daxilindəki erməni tanklarından biri qəbiristanlığın yaxınlığından, digər ikisi isə yaşayış məntəqəsinin orta hissəsindən bizim mövqelərimizi atəşə tuturdu.
Beləliklə, əməliyyatdan əvvəl bizə verilən məlumatın ilk ciddi uyğunsuzluğu üzə çıxdı: kənddə bir deyil, üç düşmən tankı vardı.
Bir qədər sonra ermənilər daha bir tankımızı vurdular. Mövqelərimiz güclü atəş altında idi. Nəhayət, müəyyən müddətdən sonra düşmənin iki atəş mövqeyini aşkarlaya bildik. Qarşılıqlı atışma daha da şiddətləndi.
Elə bu vaxt ermənilərin beş nəfərlik bir qrupunun sağ cinahımızdan, meşənin içərisindən dolanaraq arxamıza keçməyə çalışdığını gördük. Dərhal atəş açdıq. Nəticədə düşmənin üç hərbçisi öldürüldü, biri yaralandı, digəri isə qaçaraq aradan çıxdı.
Bundan sonra ermənilər mövqelərimizi həm qumbaraatanlardan, həm də digər atıcı silahlardan intensiv atəşə tutmağa başladılar. Biz sağ cinahdan cavab atəşi açaraq geri çəkilməyə məcbur olduq.
Çünki əməliyyatdan əvvəl təqdim olunan kəşfiyyat məlumatları tamamilə yanlış çıxmışdı. Düşmənin canlı qüvvəsi və texnikasının sayı barədə verilən məlumatlar həqiqəti əks etdirmirdi. Postların yerləşdiyi nöqtələr dəqiq müəyyənləşdirilməmiş, koordinatlar düzgün təqdim olunmamışdı. Üstəlik, tutduğumuz mövqe də taktiki baxımdan əlverişli deyildi.
Düşmən isə yüksəkliklərdən bizi aydın görür və sərrast atəş açırdı. Texnikalarımızın vurulması ilə hücumun intensivliyi də xeyli azaldı.
Təxminən 100 metr geri çəkilərək müdafiə mövqeyi tutduq. Günorta saatlarında başlayan aktiv döyüş təqribən iki saat davam etdi.

“NƏ BAŞ VERDİYİNİ ANLAYA BİLMİRDİM”

Hava qaralmağa başlamışdı. Yolun kənarında tonqal qalayıb əyləşmişdik. Təxminən 70 nəfər olardıq.
Bu zaman sağ cinahımızdan partlayış səsi eşidildi. Səs gələn istiqamətə gedib vəziyyəti öyrənmək istəyəndə digər tərəfdən də eyni səs gəldi. Dərhal döyüş yoldaşlarıma səsləndim:
– Dağılışın! Ermənilər bizi nişangaha götürürlər!
Oturduğumuz yerin sağ tərəfində hündür dağlıq ərazi vardı. Düşündüm ki, yəqin düşmən həmin yüksəklikdən bizi müşahidə edir. Buna görə də ərazini dərhal tərk edib yolun aşağı hissəsinə çəkildik.
Mən yolun alt tərəfində bir ağaca söykənərək ətrafı müşahidə etməyə başladım. Heç nə görmürdüm. Elə bu zaman gözlənilmədən dəhşətli bir zərbə aldım. Nə baş verdiyini anlamadım. Başımın yerə çırpıldığını hiss etdim. Ayağa qalxmaq istədim, amma bacarmadım. Ətrafım fırlanırdı. Addım atmağa çalışsam da, yeriyə bilmirdim.
Bir qədər sonra gözümün qarşısında bir nəfərin dayandığını gördüm. Nəsə danışırdı. Dodaqlarının hərəkətindən bunu anlayırdım, ancaq dediklərini eşitmirdim.
Tədricən ətrafı dərk etməyə başladım. Qulaqlarımda güclü uğultu vardı. Yerə uzandım və yuxuya getdim. Ayılanda artıq özümə gəlmişdim.
Yalnız onda başa düşdüm ki, güclü partlayış baş verib. Tonqal qaladığımız yerdən əsər-əlamət qalmamışdı. Minaatan mərmisinin partlaması nəticəsində ağacdan asdığım buşlatım da deşik-deşik olmuşdu. Qulaqlarımdakı uğultu isə hələ də davam edirdi.
Kontuziya aldığımı anladım.

ERMƏNİLƏRLƏ “DAŞ-QUMBARA OYUNU”

Həmin gün ermənilərin bizi dağın başından müşahidə etdiklərini döyüş yoldaşlarıma bildirmişdim. Gecə düşəndən sonra nisbətən sakitlik yarandı.
Yolun yuxarı hissəsindəki yarğanda yeni post qurduq. Qizilqaya (Arutunaqomer) istiqamətindəki təpənin üst hissəsi ilə bizim mövqelərimiz arasındakı məsafə təxminən 30-40 metr olardı. Döyüşçülərimizin bir qrupu meşəlikdə, biz isə yolun kənarındakı yarğanda mövqe tutduq.
Gecə növbələrini bölüşdürdük. Ətrafımız düşmən qüvvələri ilə əhatə olunmuşdu.
Qaranlıq düşəndən sonra səngərin içində uzanıb yatmışdım. Təxminən bir saat keçmişdi ki, güllə səslərinə oyandım. Yatdığım yerin dərinliyi 50-60 santimetrdən artıq deyildi. Gözlərimi açanda yanan güllələrin başımın üstündən keçdiyini gördüm.
Ayağa qalxmaq təhlükəli idi. Yerimdə bir qədər çevrilərək qarşı tərəfi müşahidə etdim. Qızılqaya (Arutunaqomer) istiqamətindən mövqelərimizə güclü atəş açılırdı.
Mən də pulemyotla həmin istiqamətdə cavab atəşi açmağa başladım. Yanımdakı döyüşçüyə dedim ki, yerdən daş götürüb düşmən tərəfə atsın. Məqsədimiz qarşı tərəfdə qumbara atıldığı təəssüratı yaratmaq və onların reaksiyasını yoxlamaq idi.
Növbəti dəfə qumbara atdıqdan sonra düşmənin atəşi bir anlıq kəsildi. Ətrafa sükut çökdü.

“MEŞƏNİ QADINLARIN VƏ UŞAQLARIN SƏSİ BÜRÜMÜŞDÜ”

Səhəri gün ərazinin relyefini daha düzgün qiymətləndirərək yeni postlar qurmaq üçün mövqelər seçdik. Düşmənlə aramızdakı məsafə çox az idi. Torpağın sərtliyi də səngər qazmağı çətinləşdirirdi. Buna görə bir qədər geri çəkilərək daha münasib mövqe tutduq.
Beləliklə, ermənilərlə üç gün ərzində fasilələrlə atışmalarımız davam etdi.
Üçüncü bölükdən Natiq AQS-dən çox dəqiq atəş açırdı. O, hər dəfə atəş açanda düşmən tərəfdəki səslər və atışma bir müddətlik kəsilirdi.
Üç günlük qarşıdurmadan sonra ermənilərin tanklarından biri kəndin üstündəki təpəyə qalxaraq postlarımızı atəşə tutmağa başladı. Tankın koordinatlarını artilleriya bölmələrinə ötürdük. Artilleriyamızın bir neçə atəşindən sonra düşmən tankı yüksəklikdən enərək kəndə çəkildi.
Həmin gün axşam saatlarında kənddə yaşayan erməni ailələrinin köçürülməsinə başlanıldı. Onlar Vəng istiqamətində hərəkət edirdilər. Meşəni qadınların və uşaqların qışqırıq səsləri bürümüşdü.

“XOSROVUN BATALYONUNDAN BİR QRUP MÜHASİRƏYƏ DÜŞMÜŞDÜ”

Ağdərəyə gəlişimizin beşinci günü idi. Qozlu kəndinin yuxarı hissəsindəki təpədə bizim postumuz yerləşirdi. Həmin mövqedə Yunusun batalyonu dayanmışdı.
Bir müddət sonra postdan xəbər verildi ki, ermənilər hücuma keçiblər və köməyə ehtiyac var.
Mehdi Rüstəmovun əmri ilə köməkçi qüvvələrdən iki bölüyə aid təxminən 30-35 nəfər döyüşçü həmin istiqamətə göndərildi.
Həmin vaxt Yevlaxdan Ağdərəyə başqa bir batalyon da gətirilmişdi. Batalyonun komandiri Xosrov idi. Xosrovun batalyonu Qızılqaya (Arutunaqomer) istiqamətində hücuma keçmişdi. Onlar kəndə həm sol cinahdan, həm də yuxarı hissədən irəliləyirdilər. Biz isə Yunusun batalyonuna köməyə gedirdik.
Əlimdə radiostansiya vardı. Rabitə əlaqəsi zamanı Xosrovun batalyonundan bir qrupun mühasirəyə düşdüyünü və təcili kömək istədiyini eşitdim.
Dağa doğru hərəkət edən qrupdan ayrılaraq onlarla radioəlaqə saxladım. Bildirdilər ki, Qızılqaya (Arutunaqomer) kəndinin yuxarı hissəsində, qəbiristanlıq istiqamətindədirlər. Ərazini yaxşı tanımadıqlarını və bələdçilərinin olmadığını dedilər.
Mən onlara yanan güllələrlə istiqaməti göstərəcəyimi, həmin istiqamətdə hərəkət edərək mühasirədən çıxmağa çalışmalı olduqlarını bildirdim.
Lakin yanan güllələrlə işarə verdiyim zaman dayandığım ərazi güclü “Qrad” atəşinə tutuldu. Mərmilərdən birinin qəlpəsi yaxınlıqdakı ağaca dəydi. Həmin mövqedə qalmağın təhlükəli olduğunu görüb yerimi dəyişdim.
Təpənin üstündən aşağı endim və yenidən Xosrovun batalyonundan olan, təxminən 60 nəfərlik qrupun mühasirədən çıxmasına kömək etmək üçün işarələr verməyə başladım.
Sonra təpəyə qalxaraq baş verənlər barədə Mehdi Rüstəmova məlumat verdim. Onun göstərişi ilə əlavə qüvvə ayrıldı. Mən qabaqda olmaqla meşənin içindəki cığırla mühasirəyə düşən qrupa doğru hərəkət etdik.
Postdan təxminən 150 metr uzaqlaşmışdıq. Həmin yerə çatanda məlum oldu ki, onlar artıq təhlükəli zonadan çıxıblar. Rabitə əlaqəsini davam etdirdim. Füzuli Alməmmədovla birlikdə onlara yaxınlaşmaq istəyəndə atəş açıldı.
Artıq hava qaralmışdı. Görüşün təhlükəli ola biləcəyini nəzərə alaraq geri qayıtdıq. Öz postlarımızdan yanan güllələrlə işarə verdik ki, göstərilən istiqamətdə hərəkət edərək bizim döyüş mövqelərimizə doğru çəkilsinlər.
Onlar yalnız səhəri gün mühasirədən çıxaraq Qozlu kəndinə qayıda bildilər.

“KÖMƏYƏ GEDƏN QRUPUMUZ DÜŞMƏNİ GERİ OTURTMUŞDU”

Xosrovun batalyonu hücum zamanı düşmənin üç-dörd hərbçisini zərərsizləşdirmiş, bir neçə postunu da ələ keçirmişdi. Lakin Vəng istiqamətindən, arxa tərəfdən gələn erməni qüvvələri onları mühasirəyə salmışdı.
Həmin gün də Qızılqayanı (Arutunaqomeri) ələ keçirmək mümkün olmadı. Düşmən bütün imkanlarından istifadə edərək hücumu dayandırmağa çalışırdı.
Qozlunun yuxarı hissəsindəki posta köməyə gedən qüvvələrimiz ora çatanda ermənilər artıq səngəri ələ keçirmək üzrə idilər. Bu zaman azərbaycanca danışan bir erməni döyüşçüsü səngərə yaxınlaşdı. Köməyə gələn bizim döyüşçülər onu zərərsizləşdirdilər.
Bundan sonra qrupumuz düşmənlə birbaşa döyüşə girdi. Şiddətli atışmadan sonra ermənilər itki verərək geri çəkilməyə məcbur oldular.
Xosrovun batalyonu mühasirədən çıxarıldıqdan sonra mən də yuxarıdakı posta qalxaraq döyüş yoldaşlarımızın yanında müdafiə mövqeyi tutdum.

ERMƏNİLƏRİN QOZLU HÜCUMU VƏ 713-CÜ TABORUN DÖYÜŞ MƏHARƏTİ


İki gün sonra Qızılqaya (Arutunaqomer) istiqamətində iki cinahdan növbəti hücum başladı.
713-cü taborun döyüşçüləri düşmənin yayındırıcı həmlələrini dəf etməklə yanaşı, Qızılqaya (Arutunaqomer) istiqamətindəki strateji yüksəkliklər uğrunda da ardıcıl mübarizə aparırdılar. Məqsəd düşmənin diqqətini bir istiqamətə cəmləməsinə imkan verməmək, onun qüvvələrini müxtəlif mövqelər arasında bölüşdürməyə məcbur etmək idi.
Ermənilərin Qozlu kəndinin yuxarı hissəsindən həyata keçirdikləri hücum baş tutsaydı, ümumi əməliyyat planı ciddi təhlükə altına düşəcəkdi. Belə olan halda Qızılqayaya (Arutunaqomerə) hücumun dayandırılması, hətta qüvvələrimizin Qozlu kəndini də tərk etməsi zərurəti yarana bilərdi.
Lakin 713-cü taborun döyüşçülərinin müqaviməti nəticəsində düşmənin bu planı baş tutmadı.
Eyni zamanda Həsənrizin (Aterkin) üstündən və sağ cinahından artilleriya bölmələrimiz (Arutunaqomer) istiqamətini intensiv atəşə tuturdu.
Nəhayət, həmin gün Qızılqaya (Arutunaqomer) kəndi azad edildi. Ermənilər ağır itkilər verərək yaşayış məntəqəsini tərk etdilər. Kənd azad edildikdən sonra itkin düşmüş döyüşçü yoldaşımız Aslanov Nəsiminin nəşini tapıb döyüş zonasından çıxardıq. Qonşuluqdakı Dəvədaşı (Poqosoqomer) kəndi də döyüşsüz təslim oldu.

VƏNG İSTİQAMƏTİNDƏ YENİ HÜCUM ƏMRİ

1992-ci il sentyabrın 2-si idi.
Bizə Vəng kəndinin ələ keçirilməsi barədə döyüş əmri verildi. Qozlu kəndinin yuxarı hissəsindəki təpənin qarşısında taborumuzun şəxsi heyəti sıralanmışdı. Həmin vaxt hər üç bölüyümüz əməliyyata hazır vəziyyətdə idi.
Döyüş tapşırığı barədə məlumat verildikdən sonra birinci bölüyün komandiri RƏHMAN İSGƏNDƏROV irəli çıxaraq hücumun istiqamətlərini və bölmələrin hərəkət ardıcıllığını müəyyənləşdirdi.
Döyüş planına əsasən, öncə beş nəfərdən ibarət kəşfiyyat qrupu hərəkət etməli, ardınca birinci bölüyün tağımları müəyyən məsafə saxlamaqla irəliləməli idi. Birinci tağımdan sonra ikinci, daha sonra isə üçüncü tağım hərəkət etməliydi.
Sağ cinahda VAQİF QULİYEVİN komandirlik etdiyi ikinci bölük irəliləməli idi. BUDAQ NƏSİBOVUN komandirlik etdiyi üçüncü bölük isə ehtiyat qüvvə olaraq arxada gözləməli idi.
Beləliklə, sıx meşəlik, dağlıq və dərələrlə əhatələnmiş ərazidən keçərək Vəng istiqamətində irəliləməliydik.
Döyüş əmri verildi.
Öndəki kəşfiyyat qrupundan sonra tağımlar hərəkətə başladı. Toplandığımız yerdən təxminən 300 metr uzaqlaşmışdıq ki, qəfildən qabaqda gedən qrupun ermənilərlə üz-üzə gələrək döyüşə girdiyini gördük.
Dərhal irəli atıldıq. Şiddətli atışma başladı. Sağ cinahımızda hərəkət edən ikinci bölük də döyüşə qoşuldu.
Öndəki kəşfiyyat qrupu artıq düşmənlə birbaşa təmasda idi. Birinci bölüyün taqımları gözlə görünə biləcək az bir məsafə ilə həmin kəşfiyyat qrupundan geridə irəliləyirdi. Rəhman İsgəndərovun əvvəlcədən müəyyənləşdirdiyi hərəkət ardıcıllığı döyüşün ilk anlarında öz təsirini göstərmişdi.
Ermənilər itki verərək geri çəkilməyə başladılar.
Komandirimiz sol cinahdan ikinci tağımın irəli hərəkət etməsini əmr etdi. Lakin döyüşün qızğın anlarında bəzi döyüşçülərin ayaq üstə hərəkət etməsi mövqelərdə müəyyən qarışıqlıq yaradırdı.
Sağ tərəfimdə Rəmzi dayanmışdı. Ona işarə etdim ki, sürünərək irəli gedək. Ancaq mənə tərəf dönmədi. Onu silkələyəndə güllə yarası aldığını gördüm. Çiynindən tutub arxası üstə çevirdim. Rəmzi başından güllə yarası almışdı. Artıq şəhid olmuşdu.
Dərhal döyüş yoldaşlarıma səsləndim ki, Rəmzinin nəşini döyüş zonasından çıxarmalıyıq. Üç nəfər birlikdə onu götürərək təxminən 100-150 metr geriyə apardıq. Sonra digər iki yoldaşıma tapşırdım ki, Rəmzini arxaya çatdırsınlar.
Həmin ərazidə iki tank dayanmışdı. Tanklardan birinin yaxınlığında ucaboylu bir əsgər vardı. Ondan komandirlərinin harada olduğunu soruşdum. Komandirin olmadığını bildirdi.
Nə üçün döyüşə qoşulmadıqlarını soruşanda isə döyüş əmri almadıqlarını dedi.
Mən ona düşmənin mövqeləri barədə məlumat verdim və atəş açmalarını istədim. Əsgər dərhal tankın içərisinə keçərək göstərdiyim istiqamətə üç-dörd mərmi atdı.
Bunun ardınca ermənilər tankı güclü atəşə tutmağa başladılar. Tankın atəşinin düşmənə təsir etdiyini anladım. Beş-altı dəqiqədən sonra ermənilərin atəşi nisbətən səngidi.
İrəli hərəkət edərkən ikinci bölüyün komandiri Vaqif Quliyevi ağır yaralı vəziyyətdə geri gətirdiklərini gördüm. Aşağı endim. Artıq həmin istiqamətdə döyüş səngimiş, düşmən geri çəkilmişdi.
Həmin döyüşdə tərəfimizdən şəhid olanlar və yaralananlar var idi. Şəhidlər arasında VAQİF QULİYEV, RƏMZİ NOVRUZOV, ƏLAĞA HƏSƏNOV, SOLTAN MEHDİYEV də var idi. Birinci bölüyün birinci taqımından Mehman və Fərrux yaralanmışdı. “Malış” ləqəbli Asif isə itkin düşmüşdü.
Yaralılarımızı döyüş zonasından çıxardıq. Bundan sonra geri çəkilmək barədə əmr aldıq. Təxminən 200 metr geriyə çəkilərək yeni müdafiə mövqeyi tutduq.

“MALIŞ”IN İZİ VƏ YENİDƏN LAÇINA QAYIDIŞ

Komandirimiz Rəhman İsgəndərov komandanlığın çağırışı ilə mövqedən ayrıldı. Biz isə seçdiyimiz müdafiə mövqeyində qalmağa davam etdik.
Səhəri gün tezdən Rəhman İsgəndərov geri qayıdaraq “Malış” ləqəbli Asifin axtarılması üçün yeddi nəfərdən ibarət kəşfiyyat qrupu yaratdı.
Dünənki döyüşün baş verdiyi əraziyə yaxınlaşanda səs eşitdik. Dərhal pusqu mövqeyi tutaraq müşahidəyə başladıq. Bir qədər sonra erməni kəşfiyyat qrupundan bir nəfərin həmin ərazidə dayandığını gördük.
Onu izləməyə başladıq. Ehtiyat edirdik ki, Asif yaralı vəziyyətdə düşmənin əlində ola bilər. Belə bir vəziyyət yaranarsa, həmin erməni kəşfiyyatçısını əsir götürərək dəyişdirmə imkanı əldə edə bilərdik.
Aramızdakı məsafə təxminən 50-60 metr olardı. Qəfildən ağacların arasında həmin erməni gözdən itdi. Bir müddət gözlədik, lakin daha heç kimi görmədik. Düşmən kəşfiyyatçısı ərazini tərk etmişdi.
Ehtiyatla irəliləyərək həmin yerə yaxınlaşdıq. Sol cinah istiqamətində dərə aşağı hərəkət edərkən torpağın üzərində ayaqqabı izləri gördük. Diqqətlə baxanda izlərdən birində dabanın olmadığını müəyyən etdik.
Döyüş yoldaşlarımızdan soruşanda məlum oldu ki, bu, “Malış”ın ayaqqabısının izidir.
İzi izləməyə davam etdik. Qızılqaya (Arutunaqomer) kəndinə təxminən 50-60 metr qalmış izlər itdi. Asifin hansı istiqamətə getdiyini müəyyənləşdirə bilmədik. Bununla belə, onun döyüşdən sağ çıxdığına dair ümidimiz güclənmişdi.
Qızılqayaya (Arutunaqomerə) çatanda iki qrupa ayrıldıq. Komandirimiz Rəhman İsgəndərovun rəhbərlik etdiyi qrup bizdən öndə gedərək artıq kəndə daxil olmuşdu. Biz isə üç nəfər qalmışdıq və kəndə girməmək qərarına gəldik.
Elə həmin vaxt ermənilər kəndi minaatan atəşinə tutdular. Biz kəndin yuxarı hissəsi ilə hərəkət edərək Qozlu istiqamətində geri qayıtdıq.
Qozluya çatanda Asifin sağ-salamat geri dönməsi barədə xəbər aldıq. Bir qədər sonra komandirimizin rəhbərlik etdiyi qrupun da qayıdacağı bildirildi.
Bu hadisədən sonra iki-üç gün Qozluda müdafiə mövqeyində qaldıq. Daha sonra Laçına qayıtmaq barədə əmr verildi.
Maşınlara minib Ağdərə istiqamətindən Laçına doğru geri döndük.

IV HİSSƏ

“1666-CI KOORDİNAT: İKİ GÜN MÜHASİRƏDƏ”

1992-ci il sentyabrın 17-si idi. Bizi Ağdərədən çıxararaq Laçının Pircahan kəndinə gətirdilər.
Elə həmin gün 701 saylı briqadanın komandiri ZADİR RZAYEV gəlib şəxsi heyət qarşısında çıxış etdi. Qarşıda duran əməliyyatın əsas məqsədini açıqladı: Hoçaz istiqamətindən hücum edərək Laçın dəhlizini bağlamaq.
Onun çıxışından sonra tabor komandirimiz SÜLEYMAN ƏHMƏDOV da şəxsi heyət qarşısında danışdı. Hoçaz dağının ələ keçirilməsinin və Laçın dəhlizinin bağlanmasının hərbi baxımdan əhəmiyyətini vurğulayaraq hücum əmri verdi.
Birinci bölüyün komandiri RƏHMAN İSGƏNDƏROV da bizə yaxınlaşaraq qarşıdakı əməliyyat barədə məlumat verdi:
– Hazırlaşın, gecə yola çıxırıq.
Bütün hazırlıqlarımızı gördük. Axşam saat 9-10 radələrində Hoçaz kəndindən olan Umud müəllimin bələdçiliyi ilə Pircahandan Seyidlər istiqamətinə hərəkətə başladıq. Qrupumuzda 60-70 nəfər döyüşçü vardı.
Əməliyyatda birinci bölüklə yanaşı, Nəriman adlı komandirin rəhbərlik etdiyi 30-35 nəfərlik başqa bir qrup da iştirak edəcəkdi.
Gecənin qaranlığında Hoçaz kəndinin aşağı hissəsindəki Hoçaz çayına doğru irəlilədik. Gecə saat üç radələri olardı. Həmin vaxt Hoçaz kəndi də düşmən nəzarətində idi. Kəndin daxilində və ətrafında ermənilərin bir neçə postu yerləşirdi.
Laçın tərəfdən dərə boyunca irəliləyərək Hoçaz və Mollalar kəndlərinin yollarının kəsişdiyi nöqtəyə çatdıq. Bura 1666-cı koordinat kimi tanınan mövqe idi.

RƏHMAN İSGƏNDƏROVUN İKİ SƏRRAST ATƏŞİ VƏ 1666-CI KOORDİNATDAKI SÜKUT

Bizim qrupun əsas vəzifəsi 1666-cı koordinatda mövqe tutmaq, Hoçaz dağına arxadan gələn düşmən qüvvələrinin qarşısını almaq və həmin yüksəklikdə müdafiə olunan erməni bölmələrinin vəziyyətini zəiflətməklə hücum edən əsas qüvvələrimizə dəstək vermək idi.
Ümumi plana əsasən, Soyuqbulaq istiqamətindən hücuma keçən 701 saylı briqadanın döyüşçüləri, Laçın polisi və taborumuzun digər bölmələri ön tərəfdən həmlə edərək dağı ələ keçirməli idilər.
Əməliyyat planına görə, Hoçaz dağı bir sutka ərzində götürülməliydi. Bizim vəzifəmiz isə düşmənin arxadan əlavə qüvvə gətirməsinin qarşısını almaq və onu mühasirə vəziyyətində saxlamaq idi.
1666-cı koordinata çatanda artıq səhər açılırdı. Saat beş-altı radələri olardı. Bura mühüm yol qovşağı idi. Sus, Mollalar və Hoçaz istiqamətlərindən gələn yollar məhz bu nöqtədə birləşirdi.
Bütün günü həmin ərazidə keçirdik. Torpaq çox sərt olduğundan səngər qazmaq mümkün deyildi. Qazma alətlərimiz də yox idi. Avtomatlarımızın süngüləri ilə torpağı qazmağa çalışsaq da, buna nail ola bilmədik.
Düşmənin diqqətini cəlb etməmək üçün mümkün qədər az hərəkət edirdik.
Saat 10-11 radələrində Hoçaz dağı istiqamətindən gələn UAZ markalı avtomobil mövqeyimizin yanından keçərək Laçın istiqamətində hərəkət etmək istədi.
Komandirimiz Rəhman İsgəndərov iki döyüşçünü də götürərək avtomobilin qarşısına çıxdı. Maşında iki erməni vardı. Onlardan birinin zabit olduğunu ehtimal edirdik.
Rəhman İsgəndərov iki sərrast atəş açaraq hər ikisini zərərsizləşdirdi. Döyüş yoldaşlarımız meyitləri avtomobildən kənara çıxardılar. Daha sonra maşını da yolun kənarına çəkərək düşmənin diqqətini cəlb etməməsi üçün gizlətdilər.
Həmin günün qalan hissəsi sakit keçdi.
Gecəni də həmin mövqedə qaldıq.
Səhəri gün tezdən Rəhman İsgəndərov 710 saylı hərbi hissənin bölük komandiri Nərimanla məsləhətləşdi. Mövqedə qalan qüvvələrə Nərimanın rəhbərlik etməsi qərara alındı. Rəhman isə beş nəfərlik qrupla kəşfiyyata çıxdı.

ÜST-ÜSTƏ YIĞILAN ERMƏNİ MEYİTLƏRİ VƏ ÜÇ TƏRƏFLİ MÜHASİRƏ

Mən də həmin kəşfiyyat qrupunun tərkibində idim.
Saat 9-10 radələri olardı. “Karyer” deyilən əraziyə çatdıq. Qarşı tərəfə baxanda düşmən mövqelərində bir BMP və bir neçə erməni hərbçisi gördük.
Ətrafı müşahidə etdiyimiz zaman arxadan atəş səsləri eşidildi. Dərhal geri qayıtdıq.
Bu zaman radiostansiya vasitəsilə bizə məlumat verildi ki, mövqedə qalan döyüşçülərimiz dünəndən susuzdur. Üzərimizdəki su qablarını və kaskalarımızı aşağıdakı bulağın suyu ilə dolduraraq geri qayıtdıq.
Mövqeyə çatanda gördük ki, ermənilərə məxsus ZİL-131 markalı avtomobil həmin istiqamətdən keçərkən döyüşçülərimiz tərəfindən atəşə tutulub. Təxminən 30-40 nəfərdən ibarət düşmən qüvvəsi məhv edilmişdi. Onlardan yalnız biri Mollalar istiqamətində qaçaraq canını qurtara bilmişdi.
Eyni zamanda ermənilərə məxsus BMP-1 də vurulmuşdu.
Lakin düşmən artıq bizim mövqelərimizi və koordinatlarımızı müəyyənləşdirmişdi.
Təxminən iki saat sonra Mollalar istiqamətindən ermənilərə məxsus iki BMP-2 və xeyli canlı qüvvə mövqelərimizə doğru hərəkətə başladı. Bizi bütün istiqamətlərdən atəşə tuturdular.
Vəziyyət getdikcə ağırlaşırdı. Üç tərəfdən mühasirəyə düşmüşdük. Yeganə çıxış yolumuz Hoçaz kəndi istiqamətində qalan, təxminən 100-150 metrlik açıq sahə idi.

“ÖYRƏNDİK Kİ, HOÇAZ DAĞI HƏLƏ DƏ GÖTÜRÜLMƏYİB”

Artıq ikinci gün idi ki, döyüş mövqeyində qalırdıq.
Halbuki bizə verilən döyüş tapşırığına əsasən, cəmi bir sutka həmin ərazidə dayanmalı idik. Bu müddətdə düşmənin arxadan əlavə qüvvə gətirməsinin qarşısını almalı, digər qüvvələrimiz isə Hoçaz dağını ələ keçirməli idi.
Rabitə vasitəsilə arxa mövqelərlə əlaqə saxladıq.
Məhz onda əməliyyatın gedişatı barədə acı həqiqəti öyrəndik: Hoçaz dağı hələ də götürülməmişdi.
Bu xəbər vəziyyətimizi daha da ağırlaşdırdı. Çünki artıq döyüş tapşırığının nəzərdə tutulan müddəti başa çatmış, lakin əsas məqsədə nail olunmamışdı. Biz isə düşmən qüvvələrinin əhatəsində qalmaqda davam edirdik.

“NƏ QƏDƏR ÇAĞIRSAQ DA, ARTİLLERİYA YARDIMI EDİLMƏDİ”

Artıq ikinci gün idi ki, mövqelərimizdə mühasirə şəraitində döyüşürdük. Arxa ilə əlaqəmiz də kəsilmişdi. Düşmən hər tərəfdən üzərimizə gəlirdi.
Bizi atəşə tutan düşmən BMP-2-si qumbaraatanlarımızın effektiv atəş məsafəsindən kənarda yerləşdiyindən onun atəşini susdura bilmirdik.
Mühasirə halqası getdikcə daralırdı. Vəziyyət elə həddə çatmışdı ki, hər an tam mühasirəyə düşə bilərdik.
Buna baxmayaraq, Hoçaz istiqamətində qalan 150 metrlik açıq sahəni nəzarətdə saxlamağa çalışırdıq. Komandirimiz Rəhman İsgəndərov radiostansiya ilə əlaqə saxlayaraq ən azı artilleriya dəstəyi göstərilməsini tələb edirdi.
Hava qaralmağa yaxınlaşırdı. Nə qədər müraciət etsək də, bizə artilleriya yardımı göstərilmədi.
Artıq başqa çıxış yolumuz qalmamışdı. Ümidimiz özümüzə idi. Hava qaralana qədər müqavimət göstərməli, qaranlıqdan istifadə edərək mühasirəni yarıb çıxmalıydıq.
Vəziyyət getdikcə kritik həddə çatırdı. Şəhidlərimiz və yaralılarımız vardı. Ərazidəki ağaclar çox nazik, torpaq isə səngər qazmağa əlverişsiz idi. Düşmənin atəşindən qorunmaq üçün demək olar ki, heç bir imkanımız qalmamışdı.
BMP-dən açılan hər atəş yeni bir itki təhlükəsi yaradırdı.

RƏHMAN İSGƏNDƏROVUN QƏTİYYƏTİ VƏ MÜHASİRƏDƏN ÇIXIŞ

Belə şəraitdə mövqelərdə daha çox dayanmaq mümkün deyildi.
Rəhman İsgəndərov mənə və Mişni kəndindən olan Rafaelə yaxınlaşdı. Digər döyüşçülərə hiss etdirmədən vəziyyətin son dərəcə ağır olduğunu bildirdi.
Bizim qarşımızda konkret tapşırıq vardı: Hoçaz istiqamətindəki açıq sahədən keçərək düşmənin cinahına təsir göstərməli, bununla da əsas qüvvələrimizin mühasirədən çıxmasına imkan yaratmalıydıq.
Rafaellə birlikdə həmin istiqamətə hərəkət etdik. Lakin qarşıda ağaclıqdan sonra açıq tala vardı. Həmin ərazidən keçmək təhlükəli idi. Düşmən bizi asanlıqla müşahidə edə bilərdi.
Rafaellə danışdıq ki, açıq sahəni mümkün qədər sürətlə keçməliyik. Əks halda nə özümüzün, nə də döyüş yoldaşlarımızın mühasirədən çıxması mümkün olacaqdı.
Açıq sahəni keçdikdən sonra düşmənin cinahına atəş açmağa başladıq.
Gözlədiyimiz kimi, ermənilər arasında ani çaşqınlıq yarandı. Həmin istiqamətdən bizə yönələn atəş dayandı.
Düşmənin bir hissəsi aşağıdakı çökək ərazidə yerləşirdi. Rafaellə birlikdə həmin mövqeləri atəş altında saxladıq. Mən əlavə olaraq F-1 qumbarası da atdım.
Atəşimizin təsiri ilə ermənilərin aşağıdan hücum edən qüvvələri irəliləyişlərini dayandırdılar.
Döyüş yoldaşlarımız yaranmış fürsətdən dərhal istifadə etdilər. Komandirlərimiz Nəriman və Rəhman qüvvələrin həmin ərazidən çıxarılmasına başladılar.
Mühasirədən çıxarkən iki şəhidimiz, bir nəfər ağır yaralımız və altı-yeddi nəfər müxtəlif dərəcəli yaralımız vardı.
Hava artıq qaralırdı.
Mövqedən çıxandan sonra Rəhman İsgəndərov bizi də öz yanına çağırdı. Hamımızı toplayaraq bildirdi ki, ərazidən dərhal uzaqlaşmaq lazımdır. Hansı istiqamətdən gəlmişiksə, həmin yolla geri çəkilməliyik. Ən qısa zamanda Hoçaz çayına enməliyik.
Çünki düşmən qüvvələri artıq ön tərəfdən, Mollalar və Sus istiqamətlərindən də təpəyə yaxınlaşırdı.
Beləliklə, 1666-cı koordinatda başlayan və iki gün davam edən ağır döyüşdən sonra mühasirəni yararaq geri çəkilməyə başladıq.


V HİSSƏ

“DAŞIDIĞIMIZ YARALI HOÇAZ ÇAYINDA HƏYATINI İTİRDİ”

Yaralıları götürərək çay istiqamətində hərəkətə başladıq. Yolun bəzi hissələri olduqca dar, ətraf isə zülmət qaranlıq idi. Yaralıları daşımaq getdikcə çətinləşirdi. Üstəlik, əlimizdə onları rahat şəkildə aparmağa imkan verən xərək də yox idi.
Nərimanın bölüyündən olan əsgərlərdən biri xüsusilə ağır yaralanmışdı. BMP-2-nin atdığı mərmi nəticəsində ciddi xəsarətlər almışdı. Ağrılara dözə bilməyən əsgər dönə-dönə bizə yalvarırdı:
– Məni burada qoyun, özünüz gedin!
Onun vəziyyəti həqiqətən ağır idi. Təəssüf ki, üstümüzdə tibbi ləvazimat da yox idi. Digər yaralıları isə döyüş yoldaşlarımızın köməyi ilə birtəhər aparırdıq.
Hoçaz çayına çatanda gecə artıq öz qaranlığını bütün əraziyə çökdürmüşdü. Təxminən yarım saatlıq fasilə verdik. Aclıq, susuzluq və yuxusuzluq hamımızı taqətdən salmışdı. Hava soyuq, ərazi isə kifayət qədər təhlükəli idi. Belə bir şəraitdə uzun müddət dayanmaq mümkün deyildi.
Çaya enən kimi su içdik. Uzun müddətdən sonra ilk dəfə doyunca su içmək imkanımız yaranmışdı. Lakin bu qısa fasilə də ağır itkinin qarşısını ala bilmədi. Daşıdığımız ağır yaralı əsgər həmin müddətdə həyatını itirdi.
Onun ölümü hamımız üçün ağır zərbə oldu. Bir müddət əvvəl həyatını xilas etmək üçün bütün gücümüzü səfərbər etdiyimiz silahdaşımızı artıq xilas edə bilməmişdik.
Yenidən şəhidlərimizi və yaralılarımızı götürərək Pircahan kəndi istiqamətində hərəkətə başladıq. Uzun və məşəqqətli yolun sonunda Pircahana çatdıq...

HOÇAZ DAĞININ AZAD EDİLMƏSİ

Bütün gecəni yol gəlmişdik. Sübh açılanda Pircahan kəndinə çatdıq. Hamımız həddindən artıq yorğun idik. Bir günlük istirahətdən sonra komandirimiz Rəhman İsgəndərovun göstərişi ilə Soyuqbulağa qalxdıq.
Taborumuzun digər qüvvələri həmin istiqamətdə yerləşirdi. Onlar mövqelərini möhkəmləndirərək düşmənə qarşı döyüş əməliyyatlarını davam etdirirdilər. Biz də bir neçə gün Soyuqbulaq və Mişni kəndlərində qalaraq Hoçaz dağı istiqamətində müdafiə mövqelərinin möhkəmləndirilməsində iştirak etdik.
Bir müddət sonra komandirimiz Rəhman İsgəndərov Hoçaz dağının yenidən ələ keçirilməsi üçün hücum planının hazırlandığını bildirdi. Kəşfiyyat məlumatlarına əsasən, əsas zərbənin bir neçə istiqamətdən endirilməsi nəzərdə tutulurdu.
Plan belə idi: taborumuzun ikinci və üçüncü bölükləri, 701 saylı briqadanın batalyonları, eləcə də Laçın polisinin bir hissəsi Soyuqbulaq və Sonasar istiqamətlərindən hücuma keçməli idi. Biz isə Laçın polisinin digər qrupu ilə birlikdə Sonasarın sol cinahından irəliləyərək Hoçaz dağının ən yüksək zirvəsinə qalxmalı, düşmənin arxasına çıxaraq ona gözlənilməz zərbə endirməli idik.
Rəhman İsgəndərov gecə saatlarında hücum planının detallarını izah etdi və döyüş hazırlığına başlamağımızı tapşırdı.
Həmin gecə Sonasar kəndinə gəldik. Gecəni orada keçirərək sübh tezdən Hoçaz dağı istiqamətində hərəkətə başladıq. Yağış yağdığından torpaq sürüşkən idi. Buna baxmayaraq, çətinliklə də olsa, dağın zirvəsinə qalxa bildik.
Laçın polisinin döyüşçüləri dağın sol cinahındakı cığırla aşağı enərək karxana istiqamətindən düşmən mövqelərinə yaxınlaşmağa başladılar. Biz isə Hoçaz dağının ən yüksək zirvəsində mövqe tutduq.
Düşmən bizim orada olduğumuzdan xəbərsiz idi. Zirvədən erməni mövqeləri aydın görünürdü. Ərazini müşahidə altında saxlayaraq komandandan növbəti əmri gözləyirdik.

“ƏMƏLİYYATA ÇİNGİZ ƏLİYEV RƏHBƏRLİK EDİRDİ”

Hadisələr günorta saatlarına təsadüf edirdi. Təxminən saat 13:00–14:00 radələri olardı. Ermənilərin müəyyən bir ərazidə toplaşmağa başladığını müşahidə etdik.
Əvvəlcədən verilmiş əmrə əsasən, döyüş komandirimiz Rəhman İsgəndərov və mayor Çingiz Əliyev Hoçaz dağının ən yüksək zirvəsində yerləşən müşahidə məntəqəsinin yanından ilk atəşi açdıqdan sonra başlanmalı idi.
Hoçaz dağına hücum planını Rəhman İsgəndərov və Çingiz Əliyev birlikdə hazırlamışdılar. Əməliyyata isə mayor Çingiz Əliyev rəhbərlik edirdi. Hər iki komandir bizimlə birlikdə dağın zirvəsinə qalxmışdı.
Zirvədə yerləşən müşahidə məntəqəsindən həm bizim, həm də düşmənin mövqeləri aydın görünürdü. Rəhman İsgəndərov və Çingiz Əliyev ətrafı diqqətlə müşahidə edir, döyüşün gedişinə uyğun müvafiq əmrlər verirdilər.
İlk zərbə artilleriya vasitəsilə düşmənin cəmləşdiyi əraziyə endirildi. Atəş dəqiq hədəfə dəydi. Düşmənin xeyli canlı qüvvəsi məhv edildi, düşərgədəki çadırlar alovlandı. Ardınca səngərlərin arxa hissəsində yerləşən, sursatla dolu digər çadırda da güclü partlayış baş verdi.
Bundan sonra döyüş başladı.
Gözlənilməz zərbədən sarsılan erməni hərbçiləri mövqelərini tərk edərək geri çəkilməyə başladılar. Biz düşməni arxa tərəfdən atəş altında saxlayırdıq. Ön cəbhədən isə 713 saylı taborun ikinci və üçüncü bölükləri, 701 saylı briqadanın digər batalyonları, eləcə də Laçın polisinin döyüşçüləri hücumu davam etdirirdilər.
Düşmənin mövqelərində dörd tank və bir BMP var idi. Ermənilər bu texnikalardan yalnız bir tankı hərəkətə gətirə bildilər. Digər texnikanın döyüşə qoşulmasına imkan vermədik.
Hərəkətə gətirilən tank mövqelərimizi mərmi atəşinə tutmağa başladı. Lakin bir müddət sonra o da Hoçaz dağı istiqamətindən Xənəzək tərəfə çəkildi. Təpənin üzərində dayandıqdan sonra ekipaj üzvləri tankı tərk edərək çaya doğru qaçmağa başladılar.
Təxminən üç-dörd saat davam edən şiddətli döyüşün sonunda düşmən ağır məğlubiyyətə uğradıldı. Nəticədə Hoçaz dağı tamamilə nəzarətimizə keçdi.
Bu, əməliyyatın ən mühüm nəticələrindən biri idi. Çünki Hoçaz dağına nəzarət həmin ərazidəki hərbi mövqelərin təhlükəsizliyi və sonrakı əməliyyatların gedişi baxımından mühüm əhəmiyyət daşıyırdı.

“GERİ QAYIDAN POLİS DÖYÜŞÇÜSÜ MƏLUMAT VERDİ Kİ...”

Hoçaz dağı azad edildikdən sonra düşməndən xeyli sayda hərbi texnika və silah-sursat ələ keçirildi. Bunların arasında dörd tank, bir BMP, zenit qurğusu, minaatan, çoxlu sayda artilleriya və tank mərmiləri, piyada qoşunları üçün silah-sursat və ərzaq ehtiyatları var idi.
Ərazi, demək olar ki, silah-sursat anbarına çevrilmişdi. Düşmənin arxa mövqelərində böyük sursat anbarı yerləşirdi. Anbarlardan biri partlamış, digəri isə salamat qalmışdı. Ən güclü partlayış mərmilərin saxlandığı anbarda baş vermişdi. Bundan başqa, ərzaqla dolu bir vaqon da ələ keçirilmişdi.
Hoçaz əməliyyatı 1992-ci ilin hərb tariximizdə mühüm yer tutan döyüş əməliyyatlarından biri idi. Strateji əhəmiyyətli yüksəklik qısa müddətdə ələ keçirilmiş, düşmənin xeyli hərbi texnikası və silah-sursatı qənimət götürülmüşdü.
Əməliyyatdan bir gün sonra komandirimiz Rəhman İsgəndərov məni yanına çağıraraq dedi:
– Hazırlaş, Rafael ilə birlikdə kəşfiyyata gedirik.
Lazımi hazırlıqları gördük. Səhər saatlarında Rafael, mən, komandirimiz Rəhman İsgəndərov və Laçın polisindən dörd-beş nəfər Hoçaz dağından karxana istiqamətinə doğru hərəkətə başladıq.
Karxananın yanından keçərək Sus istiqamətində irəlilədik. 1666-cı koordinatın qarşısında, kiçik bir təpənin yaxınlığında, ağacsız və açıq ərazidə dayanaraq müşahidə aparmağa başladıq.
Bu zaman Laçın polisinin döyüşçülərindən biri Mollalar istiqamətində təxminən 100–150 metr irəli getdi. Bir qədər sonra sürətlə geri qayıdaraq kəndin içərisində xeyli erməni texnikasının toplandığını bildirdi. Onun sözlərinə görə, müxtəlif təyinatlı avtomobillər və zirehli texnika Mollalar kəndində cəmləşmişdi.
Biz Rəhman İsgəndərovun ətrafına toplaşaraq vəziyyəti müzakirə etməyə başladıq. Polis döyüşçülərindən ikisi isə bir qədər kənarda dayanmışdı.

“KAZARYANIN ÜSTÜNDƏKİ XƏRİTƏDƏ ŞAMKƏND–QORÇU İSTİQAMƏTİNDƏN KƏLBƏCƏRƏ HÜCUM PLANI CIZILMIŞDI”

Rəhman İsgəndərov növbəti taktiki addımlar barədə danışmağa hazırlaşırdı ki, qəfil maşın səsi eşidildi. Dönüb baxanda Mollalar istiqamətindən bir UAZ avtomobilinin sürətlə bizə yaxınlaşdığını gördük.
Hadisələr bir neçə saniyə ərzində baş verdi. Komandirimiz maşının ələ keçirilməsi ilə bağlı göstəriş vermək istəyirdi. Lakin bizimlə olan polis döyüşçülərindən biri əmri gözləmədən pulemyotla avtomobilə atəş açdı. UAZ əvvəlcə dayandı, sonra bir qədər geri hərəkət edərək böyrü üstə aşdı.
Laçın polisinin döyüşçüləri dərhal avtomobilə yaxınlaşaraq içəridəki hərbçilərin silahlarını götürdülər. Maşından məxfi xəritə və hərbi sənədlər də ələ keçirildi.
Götürülən sənədlər arasında öldürülən hərbçilərdən polkovnik Kazaryana məxsus hərbi bilet də var idi. Onun üzərindən çıxarılan siyahıdan məlum olurdu ki, 210 nəfərlik şəxsi heyəti olan batalyon Hoçaz dağı istiqamətində döyüşə gətirilirmiş. Kazaryan “Arşakski” rayonundan 210 nəfərlik döyüşçü dəstəsi toplayaraq Hoçaza köməyə gəlirmiş.
UAZ-da sürücü ilə birlikdə dörd yüksək rütbəli erməni zabiti həlak olmuşdu.
Kazaryanın üzərindən götürülən xəritədə Şamkənd–Qorçu istiqamətindən Kəlbəcərə doğru hücum planı da işarələnmişdi. Xəritədəki oxlar düşmənin Kəlbəcər istiqamətində irəliləmək niyyətini göstərirdi.
Bu sənədlər mühüm məlumat mənbəyi idi. Onlar düşmənin yalnız Hoçaz uğrunda deyil, daha geniş ərazidə hərbi əməliyyatlar planlaşdırdığını göstərirdi.
Lakin sənədləri götürdükdən az sonra Mollalar istiqamətindən yenidən texnika səsi eşidildi. Baxanda bir ZİL-131 avtomobilinin, ardınca isə BMP-2-nin bizə doğru gəldiyini gördük.
Rəhman İsgəndərov dərhal geri çəkilmək barədə əmr verdi. Cəmi yeddi-səkkiz nəfər idik. Qarşımızda isə sayca üstün düşmən qüvvələri vardı. Belə şəraitdə döyüşə girmək ciddi itkilərə səbəb ola bilərdi.
Sürətlə karxana istiqamətinə çəkilərək Hoçaz dağına qayıtdıq. Karxanaya yaxınlaşanda düşmən qüvvələrinin 1666-cı koordinatın ətrafında nizamsız şəkildə atəş açdığını gördük. Görünür, komandirlərinin öldürüldüyündən xəbər tutmuşdular və çaşqınlıq içində idilər.
Hoçaz dağına çatdıqdan sonra müşahidələrimiz barədə komandanlığa məlumat verdik. Düşmənin həmin ərazidə canlı qüvvəsinin və hərbi texnikasının olduğunu bildirdik.
Sonrakı müşahidələr zamanı erməni qüvvələrinin Hoçaz dağı istiqamətində 1666-cı koordinatın aşağı və arxa hissəsindən keçərək Laçın istiqamətinə geri çəkildiklərini gördük.

“HOÇAZ DAĞINA 6-7 NƏFƏRLƏ QALXMIŞDIQ, QALAN QÜVVƏLƏRİN HARADA MÖVQE TUTMASINDAN XƏBƏRSİZ İDİK”

Polkovnik Kazaryanın da daxil olduğu dəstənin məhv edilməsindən sonra Hoçaz dağına qayıtdıq. Ermənilər isə zabitlərinin meyitlərini götürərək ərazini tərk etdilər.
Bir qədər sonra 701 saylı briqadanın batalyonları müxtəlif koordinatlar üzrə müdafiə mövqelərində yerləşdirildi. Eyni zamanda 713 saylı taborun şəxsi heyətində də müəyyən təşkilati dəyişikliklər aparıldı.
Həmin dövrdə birinci bölüyün komandiri olmuş Rəhman İsgəndərov Süleyman Əhmədov və Mehdi Rüstəmovun şəhid olmasından sonra artıq tabor komandiri vəzifəsini icra edirdi.
Biz 30 nəfərlik dəstə şəklində Hoçaz dağının qarşısında yerləşən, karxana adlandırılan ərazidə müdafiə mövqeyinə göndərildik.
Karxana bir-birinin qarşısında yerləşən iki təpədən ibarət idi. Həmin təpələrin arasından avtomobil yolu keçirdi. Bu yol Hoçaz dağından başlayaraq Sus və Mollalar istiqamətindən Laçına doğru uzanırdı.
Beləliklə, Hoçaz dağının ələ keçirilməsindən sonra qarşıda yeni və daha çətin mərhələ – əldə edilmiş mövqelərin düşmənin əks-hücumlarından qorunması və müdafiənin möhkəmləndirilməsi vəzifəsi dayanırdı.

VI HİSSƏ
HOÇAZ YÜKSƏKLİYİ UĞRUNDA DÖYÜŞLƏR
713 saylı əlahiddə taborun 1992-ci ilin oktyabrında Hoçaz yüksəkliyinin müdafiəsi uğrunda apardığı dörd döyüşün xronikası
________________________________________
ERMƏNİ QOŞUNLARININ HOÇAZ YÜKSƏKLİYİNƏ BİRİNCİ HÜCUMU
1992-ci il oktyabrın 9-da Hoçaz yüksəkliyi istiqamətində vəziyyət qəfil gərginləşdi. Düşmən zirehli texnikanın dəstəyi ilə mövqelərimizə doğru irəliləməyə başladı. Həmin vaxt müdafiə xəttindəki qüvvələrimiz sayca az olsa da, mövqeləri əldə saxlamaq və düşmənin irəliləməsinin qarşısını almaq əzmində idi.
Mən Ağdərədə kontuziya almışdım. Ona görə də kənar təsirlər, xüsusilə gurultulu səslər qulağımda şiddətli ağrılar yaradırdı. Oktyabrın 9-da yenə belə bir vəziyyətlə üzləşdim. Silahımı götürüb təpədən aşağı düşdüm. Günorta saat 12-13 radələri olardı. Aşağıda əl damına bənzər bir tikili vardı. Su içmək üçün ora tərəf gedirdim. Bu zaman təpənin başından döyüşçülərimizdən biri qışqıraraq qarşı tərəfdən tankların gəldiyini bildirdi və onların sayını müəyyənləşdirməyə başladı. Əvvəlcə onun zarafat etdiyini düşündüm. Hətta yanındakı şəxsin Yaşar olduğunu da bilmirdim.
Su axtardığım vaxt qəfil qumbaraatan səsi eşidildi. Ardınca döyüşçülərdən biri "Vurdum, vurdum! Tankın birini vurdum!" deyə səsləndi. Elə həmin anda onun yaxınlığına mərmi düşdü.
Üç-dörd nəfər bir yerə toplaşdıq və Hoçaz dağındakı müdafiə mövqelərimizi möhkəmləndirmək üçün geri çəkilmək qərarına gəldik. "Karyer"lə Hoçaz dağı arasında təxminən 300 metr məsafə vardı. Dağın "karyer" istiqamətinə baxan tərəfi isə sıldırım qayalıqlardan ibarət idi.
Yolla geri çəkilərkən Mişni kəndindən olan Zöhrabın yerə oturduğunu gördüm. Ondan niyə dayandığını soruşdum. Ayaqlarından birinin tutulduğunu bildirdi. Ona kömək edərək bir qədər irəlilədik. Bu dəfə də digər ayağında qıcolma yarandığını dedi. Döyüşçüləri köməyə çağırdım. Onlardan biri gəlib mənə yardım etdi. Beləcə, ən axırda dağa doğru hərəkət edirdik. Ara-sıra dayanıb nəfəsimizi dərirdik. Yoxuşu qalxdıqca öz əzələlərimdə də güclü gərginlik hiss etməyə başladım.
Dağa çatanda Zöhraba ayaqlarını ovuşdurmağı, qıcolmanı açmağa çalışmağı məsləhət gördüm. Sonra döyüşçülərimizin yanına gəldim. Sahib və Asəf də orada idi. Dağın zirvəsinə qalxmaq qərarına gəldik. Zirvəyə qədər təxminən 150 metr məsafə vardı. "Vışka" adlandırdığımız sahəyə qalxan istiqamət isə olduqca sərt və qayalıq idi.
Sahib, Asəf və mən qumbaraatanı da götürərək yuxarı qalxmağa başladıq. Arxamızca "Malış" ləqəbli Asif və daha iki-üç döyüşçümüz də gəlirdi.
Zirvəyə çatanda düşmənin bir tankının, onun arxasınca isə bir BMP-nin irəlilədiyini gördük. Tank Hoçaz dağının arxa hissəsinə keçməyə çox yaxın idi. Təxminən 50-60 metr məsafə qalmışdı. Dərhal qumbaraatanla atəş açdım. Lakin mərmi hədəfə çatarkən trayektoriyasını dəyişərək kənara yönəldi. Asəf də atəş açdı, ancaq eyni nəticə alındı. Biz qumbaraatanlardan istifadə üzrə xüsusi hazırlıq keçməmişdik və bunun səbəbini müəyyənləşdirə bilmirdik.
Döyüşçülərə düşmənin həmin istiqamətini intensiv atəş altında saxlamağı tapşırdım. Onlar atıcı silahlarla atəş açarkən mən yenidən qumbaraatandan istifadə etdim. Günəş üfüqdə olduğundan tankın yerləşdiyi sahə kölgədə qalırdı. Atəşdən sonra mərminin hədəfə dəyib-dəymədiyini müəyyənləşdirə bilmədim. Ancaq tankın qəfil dayandığını gördüm. Ardınca sürətlə geriyə hərəkət etməyə başladı.
Tankla arxasınca gələn BMP arasında cəmi 3-4 metr məsafə vardı. Tank qəfil manevr edərkən BMP-yə çırpıldı. Bundan sonra metalın sürtünməsini xatırladan səslər eşidildi. BMP bir qədər irəli hərəkət etdi və onun tırtıl zənciri yerindən çıxdı. Düşmən hərbçiləri texnikanı tərk edərək ərazidən uzaqlaşmağa başladılar.
Bu zaman "karyer" istiqamətindən daha bir tankın gəldiyini gördük. Düşmən hərbçiləri həmin texnikaya çatdıqdan sonra tank da geri döndü və onlar ərazini tərk etdilər. Həmin döyüşdə düşmənin piyada bölmələrini müşahidə edə bilmədik.
Zirehli texnikanın geri çəkilməsindən sonra müdafiə mövqelərimizdə müəyyən canlanma yarandı. Rabitə vasitəsilə komandanlığa məlumat verdim ki, düşmənin hücumu dəf edilib, bir tank və bir BMP döyüş meydanında qalıb. Məlumatı çatdıran kimi rabitə əlaqəsi kəsildi. Yenidən əlaqə yaradaraq tank heyətlərinin texnikanı çıxarmaq üçün göndərilməsini xahiş etdim.
Təxminən bir saat sonra texnikanın qaldığı istiqamətdən səslər eşidildi. Öz qüvvələrimizin gəlib tankı çıxardığını düşündük. BMP-1 isə tırtıl zənciri sıradan çıxdığından həmin ərazidə qalmışdı.
İlk toqquşma zamanı Hoçaz istiqamətində müdafiədə olan qüvvələrimiz təxminən 12-14 nəfərdən ibarət idi. Onlardan yalnız 6-7 nəfəri dağın zirvəsində mövqe tuta bilmişdi. Həmin döyüşçülər arasında mən, Asif, Sahib, Hətəmlər Asəf, Mişni kəndindən Vasif və başqaları var idi. Növbəti gün müdafiə mövqelərinin gücləndirilməsi üçün əlavə qüvvələr gəldi. Həsənquliyev Vüqar, İsmət və Seyfulla qardaşları, «Komissionnı» ləqəbli göyçaylı Rafael, Balaxanıdan Arif, Xasıyev Mahmud, Alməmmədov Füzuli, Mişnidən Polad, Əhmədov Elburus və Fuad müdafiə xəttinə qoşuldular.
Beləliklə, ilk hücumun dəf edilməsindən sonra Hoçaz yüksəkliyində müdafiə imkanlarının artırılması istiqamətində işlər davam etdirildi.
________________________________________

HOÇAZ YÜKSƏKLİYİNƏ ERMƏNİLƏRİN İKİNCİ HÜCUM

1992-ci il oktyabrın 9-da Bakıda Azərbaycan Ordusunun döyüş ruhunun yüksəldilməsinə hesablanmış hərbi parad keçirilirdi. Elə həmin günlərdə düşmənin Hoçaz yüksəkliyini ələ keçirmək niyyəti ilə hücuma keçməsi cəbhədəki vəziyyəti daha da mürəkkəbləşdirirdi.
Hoçaz yüksəkliyi mühüm strateji mövqeyə malik idi. Bu yüksəklik üzərində nəzarətin itirilməsi Soyuqbulaq, Mişni, Sonasar, Hoçaz, Seyidlər, Tığik və Bülüldüz istiqamətlərində yerləşən qüvvələrimizin müdafiə vəziyyətinə ciddi təsir göstərə bilərdi. Düşmənin həmin mövqeyi ələ keçirməsi təkcə Laçın istiqamətində deyil, bütövlükdə cəbhənin bu sektorunda əməliyyat şəraitini öz xeyrinə dəyişmək imkanı yaradardı.
Lakin 713 saylı əlahiddə taborun döyüşçülərinin inadlı müqaviməti düşmənin planlarının həyata keçirilməsinə imkan vermədi.
Oktyabrın 10-u səhər saatlarında bizə bir mərmi yeşiyinə bənzəyən qutu göndərildi. Əvvəlcə içində sursat olduğunu düşündük. Qapağını açanda isə təəccübümüzdən donub qaldıq. İçərisində xeyli ərzaq var idi. Bu qədər aclıq çəkdiyimiz bir vaxtda qarşımıza ərzaq dolu yeşik çıxması bizi həm sevindirdi, həm də təəccübləndirdi. Zarafatlaşaraq düşündük ki, yəqin düşməni geri oturtduğumuza görə bizi ərzaqla mükafatlandırıblar.
Həmin gün taborun bir qrup döyüşçüsü də geri qayıtdı. Beləliklə, mövqelərimizdə təxminən 17-18 nəfər toplaşmışdı.
Hoçaz dağının aşağı hissəsindən keçən yolun kənarında kiçik bir təpə var idi. Həmin yol dağın arxa tərəfinə çıxırdı. Müdafiə xəttinin möhkəmləndirilməsi məqsədilə Oqtay Güləliyevin rəhbərliyi altında bir qrup Laçın polisi həmin əraziyə yerləşdirildi.
Biz dağın zirvəsində mövqelərimizi saxlayırdıq. Eyni zamanda kömək məqsədilə yanımıza Mingəçevir batalyonundan təxminən 10 nəfərlik yeni əsgər qrupu göndərilmişdi. Onlar döyüş təcrübəsi az olan gənc əsgərlər idi. Buna görə də təhlükəsizliklərini nəzərə alaraq onlara mövqelərdən kənara çıxmamağı, döyüşçülərimizin patron daraqlarının doldurulmasına və sursatın daşınmasına kömək etməyi tapşırdıq.
Dağın zirvəsində iki müdafiə qrupuna ayrıldıq. Bir qrup "vışka" adlandırdığımız mövqedən aşağıda yerləşən böyük qayanın yanında müdafiə mövqeyi tutdu. Digər qrup isə bizdən təxminən 20-30 metr aşağıda, qaya və ağaclıqların olduğu sahədə yerləşdi. Məqsədimiz ərazini daha geniş müşahidə etmək və düşmənin hərəkətlərini vaxtında müəyyənləşdirmək idi.
Mövqelərə əlavə silah-sursat daşıdıq, ərzaq təminatımızı da yaxşılaşdırdıq.
Günortaya yaxın düşmənin bizdən təxminən 1,5 kilometr aralıda yerləşən 1666-cı koordinat istiqamətində səngər qazdığını müşahidə etdik. Ağaclıq sahədə çadır da qururdular. Dərhal arxa komandanlığa məlumat verdim. Komandanlıq koordinatları dəqiqləşdirərək həmin ərazinin artilleriya atəşinə tutulacağını bildirdi. Bizdən müşahidəni davam etdirmək və atəşin nəticələri barədə məlumat vermək tələb olundu.
Bir qədər sonra artilleriyamız həmin istiqamətə iki atəş açdı. Bundan sonra düşmən mövqelərini tərk edərək təpələrin arxasına çəkildi. Bir neçə saat sonra isə çadırlarını da sökərək müşahidə edə bilmədiyimiz əraziyə keçdilər.
Həmin gün ciddi toqquşma baş vermədi. Hər iki tərəf mövqelərini möhkəmləndirməklə məşğul idi.
Oktyabrın 11-i səhər saat 9 radələri olardı. Çay dəmləyib içdikdən sonra yenidən müşahidə fəaliyyətinə başladım. Düşmən istiqamətini mütəmadi izləyirdim. Bir də gördüm ki, 1666-cı koordinat istiqamətindəki texnikalar hərəkətə gəldi və yol boyunca Hoçaz istiqamətinə doğru irəliləməyə başladı.
Dərhal komandanlığa və sağ cinahımızda yerləşən qüvvələrə xəbərdarlıq etdim:
"Danışan Zoğal-2-dir. Düşmən Laçın istiqamətindən bizim mövqelərə doğru hücuma keçir".
Məlumatı çatdırdıqdan sonra döyüşçülərimizi də xəbərdar etdim. Hər iki qrup döyüş hazırlığı vəziyyətinə gətirildi. Silahlarımızı, patron ehtiyatlarımızı və digər sursatı yoxladıq.
Düşmənin zirehli texnikası və canlı qüvvəsi "karyer" adlandırdığımız ərazidə cəmləşməyə başladı. Az sonra düşmən texnikası mövqelərimizə atəş açdı. Biz də mövcud atəş vasitələrindən istifadə edərək "karyer"də toplanmış düşmən qüvvələrinə qarşı müqavimət göstərdik. AQS qurğusu da döyüşə cəlb edildi.
Hoçaz yüksəkliyində yerləşən hər iki müdafiə qrupumuz düşmənin texnikasını və canlı qüvvəsini atəş altında saxlayırdı. Döyüş hava qaralana qədər davam etdi. Qaranlıq düşdükdən sonra düşmən qüvvələri əvvəlki mövqelərinə çəkildi.
Sonradan məlum oldu ki, dağın sağ cinahında, Xoznavar istiqamətindən açılan artilleriya atəşi nəticəsində Laçın polisinin əməkdaşı Oqtay Güləliyev şəhid olub, bir neçə nəfər yaralanıb.
Zirvədə yerləşən iki müdafiə qrupumuzdan Əhmədov Elburus güllə yarası aldı. O, dərhal aktiv döyüş zonasından çıxarıldı. Digər döyüşçülərimiz arasında itki olmadı.
Düşmənin isə ciddi itkilər verdiyi barədə məlumatlar daxil olurdu. Döyüş zonasına gedib-gələn avtomobillərin yaralıları və ölənləri daşıyırdı.________________________________________

ARTİLLERİYA ZƏRBƏLƏRİNDƏN SONRA XOZNAVAR VƏ XƏNƏZƏK QARANLIĞA QƏRQ OLDU

1992-ci il oktyabrın 12-13-də 701 saylı briqada komandirinin göstərişi ilə Hoçaz dağının Laçın istiqamətinə baxan sağ cinahında, yolun kənarındakı təpədə təxminən 30 nəfərlik döyüş qrupu müdafiə mövqeləri qurdu.
Döyüşçülərin əsas vəzifəsi düşmənin hərəkətlərini müşahidə etmək, artilleriya vasitələrinin yerləşdiyi sahələri müəyyənləşdirmək və komandanlığı operativ məlumatlarla təmin etmək idi.
Gecə sakit keçdi. Səhər yenidən düşmən istiqamətini müşahidə etməyə başladıq. Gördüm ki, ermənilər əvvəlki mövqelərində səngər qazmaqda davam edirlər.
Mən isə Xoznavar istiqamətində yerləşən düşmən artilleriyasının mövqelərini müəyyənləşdirməyə çalışırdım. Bir müddət sonra Xoznavarın arxa hissəsindən avtomobilin hərəkət etdiyini gördüm. Avtomobil dayandıqdan sonra həmin ərazidə düşmən hərbçilərinin toplaşdığını müşahidə etdim.
Snayper tüfənginin optik nişangahından istifadə edərək əraziyə baxanda yolun kənarında düşmənə məxsus bir topun yerləşdiyini gördüm. Məlumatı dərhal arxada yerləşən artilleriya batareyasına ötürdüm.
İlk mərmi topun təxminən 250 metr yaxınlığına, taxıl sahəsinə düşdü. Nəticədə taxıl zəmisi alışaraq yanmağa başladı.
Həmin sahədə ermənilərə məxsus kombayn işləyirdi. Yanğını görən şəxs ərazidən uzaqlaşmağa başladı. Mən koordinatların dəqiqləşdirilməsi ilə bağlı yenidən məlumat verdim. Atəş istiqamətində təxminən 50 metr sola və 250 metr irəli düzəliş edilməsini bildirdim. Sonrakı iki atəşdən biri düşmən topunun yaxınlığına düşdü.
Ərazidəki hərəkətliliyi müşahidə edirdim, ancaq binoklum olmadığından nəticəni tam dəqiqliklə müəyyənləşdirə bilmirdim.
Günün qalan hissəsi nisbətən sakit keçdi.
Axşam saatlarında Xoznavar istiqamətindən bir-birinin ardınca hərəkət edən işıqları gördüm. Bu, avtomobil karvanına bənzəyirdi. Ermənistan tərəfdən Xoznavar istiqamətinə ondan çox avtomobilin hərəkət etdiyi görünürdü.
Dərhal komandanlığa məlumat verdim. Axşam saat 21-22 radələri olardı. Gördüm ki, Xoznavar istiqamətində böyük avtomobil karvanı irəliləyir. Komandanlıqdan ərazini diqqətlə müşahidə etmək tapşırığı aldım.
Bir neçə dəqiqə sonra artilleriyamız həmin istiqamətə atəş açdı. İlk mərmi kəndin aşağı hissəsinə düşdü. Mən müşahidə nəticələrinə əsasən atəşin dəqiqləşdirilməsi barədə məlumat verdim.
Növbəti mərmilərdən biri kəndin elektrik transformatoruna düşdü. Güclü partlayış baş verdi. Digər mərmi isə avtomobil karvanının hərəkət etdiyi istiqamətə düşdü.
Bundan sonra ərazidəki işıqlar tamamilə söndü. Kənd qaranlığa qərq oldu, avtomobillərin işıqları da görünməz oldu. Artıq müşahidəni davam etdirmək və əlavə dəqiqləşdirmə aparmaq mümkün deyildi.
Həmin gecə Xoznavar və Xənəzək istiqamətlərində qaranlıq hökm sürürdü.
________________________________________
DÜŞMƏN QÜVVƏLƏRİNİN HOÇAZ YÜKSƏKLİYİNƏ ÜÇÜNCÜ HÜCUM

Oktyabrın 16-da Hoçaz dağının zirvəsində müdafiə mövqelərində olan döyüşçülərimizdən səkkiz nəfər istirahət və təmizlik ehtiyaclarını qarşılamaq üçün Mişni kəndinə endi. Uzun müddət səngər şəraitində yaşamaq, məhdud məişət imkanları və ağır döyüş rejimi şəxsi heyətin fiziki vəziyyətinə ciddi təsir göstərmişdi.
Növbəti gün, oktyabrın 17-də səhər saatlarında daha yeddi nəfər Mişniyə yollandı. Döyüşçülər paltarlarını qaynadaraq bitdən təmizləyir, növbə ilə yuyunurdular.
Günortaya yaxın Hoçaz dağının üzərində dörd hərbi helikopterin dövrə vurduğunu gördük. Onlardan biri Hoçaz qayasının üzərində sağa-sola manevr edirdi. Digərləri isə dağın başından Laçın istiqamətinə doğru hərəkət etdilər.
Bir qədər sonra həmin istiqamətdən güclü partlayış səsi eşidildi. Nə baş verdiyini tam anlaya bilmədik. İlk anda dağın başında qalan döyüşçülərimizin hücuma məruz qaldığını və itki verdiyini düşündük.
Dərhal paltarlarımızı götürüb Mişni kəndindən Hoçaz dağının zirvəsinə doğru hərəkətə başladıq. Soyuqbulağın aşağı hissəsindən Hoçaza qalxırdıq. Biz dağa çatanda artıq döyüş gedirdi. Mövqelərimiz intensiv artilleriya atəşinə məruz qalmışdı.
Sürətlə zirvəyə qalxdıq. Orada qalan döyüşçülərimizi sağ-salamat görəndə bir qədər rahatlandıq. Onlar bizə bildirdilər ki, düşmən texnikası əvvəlcə sağ cinahımıza doğru irəliləyib. Həmin istiqamətdə düşmənə məxsus BMP-1 tank atəşi nəticəsində vurularaq yanmışdı. Döyüşçülərin sözlərinə görə, Sumqayıtdan olan bir və ya iki nəfər də həmin ərazidə şəhid olmuşdu.
Düşmən "karyer" istiqamətindən mövqelərimizi güclü atəşə tuturdu. Biz də müqaviməti davam etdirirdik.
Düşmən texnikası ilə mövqelərimiz arasındakı məsafə təxminən 600-700 metr idi. Zirehli texnika müxtəlif istiqamətlərdən mövqelərimizi atəş altında saxlayırdı. Eyni zamanda düşmən piyadaları geri çəkilən qüvvələrimizin mövqelərinə doğru irəliləyirdi. Biz atıcı silahlarla onların irəliləməsinin qarşısını almağa çalışırdıq.
Düşmən piyadaları irəliləyərək sağ cinahımızda səngər qazılmış təpəyə qədər çatdı. Həmin yüksəklikdən arxa mövqelərimizə atəş açmağa başladılar.
Buna cavab olaraq qüvvələrimizi birləşdirib müdafiəni gücləndirdik. Hoçazın ön hissəsindəki çökəkliklərdən və təpələrdən, eləcə də arxa mövqelərdə yerləşən bölmələrimizdən düşmənə qarşı atəş dəstəyi göstərildi.
Nəticədə düşmən piyadaları tutduqları mövqelərdə qala bilməyərək geri çəkilməyə məcbur oldular.
Döyüş hava qaralana qədər davam etdi. Qaranlıq düşəndən sonra düşmən texnikasını da geri çəkərək əvvəlki mövqelərinə qayıtdı.
Bu, oktyabrın 17-də Hoçaz yüksəkliyində düşmənlə apardığımız üçüncü döyüş idi.
Beləliklə, düşmən üçüncü dəfə də Hoçaz yüksəkliyində müdafiə xəttini yarmağa nail ola bilmədi. Bununla belə, artilleriya və zirehli texnikanın intensiv tətbiqi göstərirdi ki, qarşı tərəf yüksəkliyin ələ keçirilməsindən hələ də imtina etməyib.
________________________________________
DÖRDÜNCÜ HÜCUM: HOÇAZ YÜKSƏKLİYİNDƏ ƏN AĞIR DÖYÜŞ

1992-ci il oktyabrın 19-da Hoçaz yüksəkliyində vəziyyət yenidən kəskinləşdi. Düşmən əvvəlki hücumlardan fərqli olaraq daha geniş miqyaslı artilleriya hazırlığı və zirehli texnikanın dəstəyi ilə hücuma keçdi.
Oktyabrın 19-u idi. Həmişəki kimi səhər tezdən yuxudan qalxdıq, ocağımızı qaladıq. Top gilizindən hazırladığımız qəfədanda çay qaynadacaqdıq. Həmin gün də hamımız ocağın ətrafına toplaşmışdıq. Yanımızda gənc əsgərlər də var idi.
Elə bu zaman Tığik istiqamətindən artilleriya atəşi eşidildi. Mərmilərdən birinin bizim istiqamətə gəldiyini görən kimi dərhal mövqelərimizi dəyişdik. Mərmi düz ocağımızın yanına düşdü, ancaq xoşbəxtlikdən partlamadı.
Bir qədər sonra düşmən "Qrad" yaylım atəşli reaktiv sistemindən də atəş açdı. Mərmi dağın üzərindən keçərək Xənəzək istiqamətinə düşdü. Ardınca üçüncü mərmi atıldı. Bu mərmi bizdən 30-40 metr aşağıda, ağacların üzərinə düşərək partladı.
Bir müddət sonra nisbi sakitlik yarandı.
Ətrafa nəzər salarkən Ermənistan istiqamətindən bir hərbi helikopterin Laçın şəhərinə endiyini gördük. Yanımdakı döyüş yoldaşım, laçınlı Asəfdən helikopterin haraya enə biləcəyini soruşdum. O, şəhərin daxilindəki futbol meydançasını göstərərək helikopterin həmin əraziyə enə biləcəyini söylədi.
Bu barədə dərhal radiostansiya vasitəsilə komandanlığa məlumat verdim və hava hücumundan müdafiə istiqamətində yardım istədim.
Təxminən bir saat sonra 1666-cı koordinat istiqamətindən helikopter qəfil havaya qalxaraq mövqelərimizi bombardman etdi. Xoşbəxtlikdən həmin hücum nəticəsində xəsarət alan olmadı. Helikopter daha sonra Mollalar kəndi istiqamətində uçaraq gözdən itdi.
Bunun ardınca Laçın istiqamətindən, 1666-cı koordinat sahəsindən düşmən texnikasının və canlı qüvvəsinin bizim mövqelərə doğru irəlilədiyini müşahidə etdik. Dərhal rabitə vasitəsilə komandanlığı xəbərdar etdik.
Eyni zamanda Tığik istiqamətindən artilleriya atəşi altında idik. Bir müddət sonra düşmən texnikası "karyer" deyilən ərazidə cəmləşdi. Əvvəlki hücumlarda olduğu kimi, bu dəfə də dörd tank və bir BMP ilə irəliləyirdilər. Canlı qüvvələrinin dəqiq sayını müəyyənləşdirə bilmədik.
Düşmən qüvvələri "karyer" istiqamətində cəmləşərək Xoznavar tərəfdən də mövqelərimizə intensiv artilleriya zərbələri endirilməyə başladı. Mərmilər müxtəlif istiqamətlərə düşürdü.
Bir qədər sonra düşmənin bir tankı "karyer"dən çıxaraq aşağıda səngərlərimizin yerləşdiyi istiqamətə doğru sürətlə hərəkət etməyə başladı. İkinci tank isə mövqelərimizi atəşə tuturdu.
Biz hələlik atəş açmır, düşmənin hərəkətini müşahidə edirdik. Müdafiə mövqelərimizdə öz tankımıza da ümid edirdik. Bilirdik ki, zərurət yaranacağı halda o, bizə atəş dəstəyi göstərə bilər.
Düşmənin birinci tankı aşağıdakı səngərlərə yaxınlaşırdı. Həmin ərazidə tankımızın atəşinə məruz qala biləcəyi bir mövqe vardı. Həyəcanla hadisələrin gedişini izləyirdik.
Tank həmin sahəyə çatanda bizim tankımız atəş açdı. Bir neçə atəşdən sonra mərmilərdən biri düşmən tankına dəydi. Güclü partlayış baş verdi.
Mən qumbaraatanı götürərək hazır vəziyyətdə dayanmışdım. Məqsədim tankımızın atəşi nəticə verməsəydi, müdafiəyə əlavə dəstək göstərmək idi.
Tank vurulduqdan sonra onun ekipajı texnikanı tərk edərək uzaqlaşmağa çalışdı. Mən onların istiqamətinə atəş açdım. Atəşdən sonra üç nəfərin yerə yıxıldığını gördüm. Ardınca tankın daxilində güclü partlayış baş verdi. Texnikanın bir hissəsi havaya qalxaraq yerə düşdü.
Düşmənin ilk tankının vurulması müdafiəçilərin döyüş əhval-ruhiyyəsini yüksəltsə də, döyüşün intensivliyi azalmırdı. Tığik və Xoznavar istiqamətlərindən mövqelərimizə artilleriya zərbələri endirilməkdə davam edirdi.
Döyüş fasiləsiz davam edirdi. Tığik istiqamətindəki "Qrad" qurğusu demək olar ki, ətrafı atəşə tuturdu.
Birinci tankın vurulmasından sonra komandanlıqla yenidən rabitə əlaqəsi yaratdım. Düşmənin Tığik istiqamətindəki atəş mövqelərinə qarşı tədbir görülməsini xahiş etdim. Bildirdim ki, həmin istiqamətdən mövqelərimizə atəş açılmasının qarşısı alınmalıdır.
Lakin Tığik istiqamətindən bizə cavab verən olmadı.
Döyüş son dərəcə ağır şəraitdə davam edirdi. Düşmənin ikinci tankı aşağıda yerləşən qüvvələrimizin mövqelərini intensiv atəşə tuturdu. Bu atəş nəticəsində Xasıyev Mahmud ağır yaralandı. Aşağı mövqedəki döyüşçülərimiz onu dərhal təhlükəli sahədən çıxarmağa başladılar.
Düşmənin ikinci tankı mövqelərimizi atəşə tutduqdan sonra irəliləməyə davam etdi. O da birinci tankın hərəkət etdiyi istiqamətdə hərəkət edirdi.
Tank birinci vurulan texnikanın olduğu yerə yaxınlaşanda bizim tankımız döyüş mövqeyindən çıxaraq ona atəş açmağa hazırlaşdı. Lakin düşmən tankı daha tez atəş açdı və bizim tankımızı vurdu.
Aşağıda yerləşən ikinci qrupumuz dərhal hərəkətə keçərək tankın heyətinə kömək etməyə, onları təhlükəli ərazidən çıxarmağa başladı.
Düşmən tankı isə irəliləməkdə davam edirdi. Birinci vurulan tankın yanına çatanda qumbaraatanla ona atəş açdım. İlk mərmi tankın lyukunun sağ tərəfinə dəydi, ancaq texnika hərəkətini dayandırmadı.
Tank irəliləyərək vurulmuş texnikanın yaxınlığındakı əraziyə çatanda ikinci dəfə atəş açdım. Bu dəfə mərmi tankın arxa hissəsindəki yanacaq çəninə dəydi. Arxa tərəfdən alov qalxdı.
Tank əvvəlcə dayandı, sonra geri dönərək hərəkət etməyə başladı. Təxminən 10-15 metr irəlilədikdən sonra tamamilə dayandı. Mühərrikin səsi kəsildi.

ASİFİN BAŞI QANA QƏRQ OLMUŞDU

Ekipaj texnikanı tərk edərək uzaqlaşmağa çalışdı. Həmin vaxt döyüş bölgəsindəki qüvvələrimiz onlara qarşı atəş açırdı.
Döyüş isə hələ də səngimirdi. Düşmən iriçaplı silahlardan, tanklardan, toplardan, minaatanlardan və "Qrad" qurğularından intensiv istifadə edirdi. Tığik və Xoznavar istiqamətlərindən mövqelərimiz aramsız artilleriya atəşinə məruz qalırdı.
Günortadan sonra, təxminən saat 17-18 radələrində "Malış" dediyimiz Asif mənə yaxınlaşdı. Çox yorğun idi, taqətdən düşmüşdü. Ac olduğunu bildirdi.
Mən ona dedim:
"Asif, nə yemək yadıma düşür, nə də yeməyə halım var. Hətta yeməyin harada olduğunu da bilmirəm".
Sonra yenidən düşmən istiqamətinə dönərək atəş açmağa başladım. Elə bu zaman döyüşçülərdən biri Asifin vurulduğunu qışqırdı.
Başımı çevirəndə onu hərəkətsiz vəziyyətdə yerdə uzanmış gördüm. Başı qana qərq olmuşdu. Döyüş yoldaşlarımız dərhal onu döyüş mövqeyindən çıxararaq tibbi yardım göstərilməsi üçün uzaqlaşdırdılar.
Döyüş hava qaralana qədər davam etdi.
Hava qaralmağa yaxın düşmənin üçüncü tankı əvvəlki döyüşdə vurulan ikinci tankın yanına doğru hərəkət etməyə başladı. Qumbaraatanı yenidən döyüş vəziyyətinə gətirərək qayanın üstündən həmin istiqamətə atəş açdım. Mərmi tanka çatmamış havada partladı.
Elə həmin anda söykəndiyim qaya daşına mərmi dəydi. Partlayışın alovu üzümü bürüdü. Hər şey bir anda baş verdiyindən nə olduğunu anlamadım.
Tankdan ikinci atəş açıldı. Mərminin yaratdığı zərbə dalğası məni arxası üstə yerə yıxdı. Qumbaraatan əlimdən düşərək kənara yuvarlandı.
Bir müddət sonra qalxıb oturdum. Əlimi üzümə çəkəndə elə bildim ki, üzüm yanır. Gözlərimi açıb ətrafa baxmaq istədim, hər tərəf qırmızı görünürdü.
Əlimlə yerə toxuna-toxuna qumbaraatanı axtarıb tapdım və yenidən hazır vəziyyətə gətirdim. Düşmən tankı istiqamətində daha bir atəş açdım.
Bundan əvvəl tankın vurulmuş texnikanı dartaraq çıxarmağa çalışdığını hiss etmişdim. Daha bir atəş açdıqdan sonra həmin tankın geri çəkildiyini gördüm. O, Laçın istiqamətinə doğru hərəkət edərək ərazidən uzaqlaşdı.
Artıq hava qaralmışdı. Ətrafda heç nə görünmürdü. Düşmən qüvvələrinin tamamilə geri çəkilib-çəkilmədiyini müəyyənləşdirə bilmirdik.
Partlayışdan sonra başımda və qulaqlarımda güclü uğultu yaranmışdı. Ətrafı eşitməkdə çətinlik çəkirdim. Özümü yaxşı hiss etmirdim. Silahımı götürüb qaya daşından bir qədər kənarda uzandım. Həm ac, həm də susuz idim. Gözlərimin qarşısından qırmızı ləkələr çəkilmirdi.
Bir qədər mürgülədikdən sonra ayıldım. Gənc əsgərlər ətrafımda idilər. Döyüş yoldaşlarımla birlikdə onlara düşmən texnikasının və meyitlərin qaldığı istiqaməti nəzarətdə saxlamağı tapşırdıq. Qaranlıqdan istifadə edərək düşmənin itkilərini döyüş meydanından çıxarmasına imkan verməmək üçün həmin istiqamətə müşahidə və atəş nəzarəti davam etdirilirdi.

DÖRDÜNCÜ DÖYÜŞÜN NƏTİCƏLƏRİ

Oktyabrın 19-da səhər tezdən başlayan döyüş axşam saat 19-20 radələrinə qədər davam etdi. Şəxsi heyət fiziki və psixoloji baxımdan həddindən artıq yorulmuşdu. Gecəni mövqelərdə keçirdik.
Səhər tezdən məlum oldu ki, düşmən gecənin qaranlığından istifadə edərək döyüş meydanında qalan meyitlərini aparıb.
Həmin gün döyüşçülərimizin bir qrupu təmizlik və qismən istirahət məqsədilə Mişni kəndinə endi. Digər qrup isə döyüş meydanında qalmış düşmən texnikasının vəziyyətini yoxlamaq üçün həmin istiqamətə getdi.
Oktyabrın 19-da baş verən döyüş zamanı düşmən tankının qaya daşına endirdiyi zərbə nəticəsində qaya parçalanaraq aşağıda yerləşən Xasıyev Mahmudun üzərinə töküldü. O, ağır xəsarət aldı. Döyüşçülərimiz onu tibbi yardım üçün aparmağa çalışsalar da, Mahmud yolda şəhid oldu.
"Malış" dediyimiz Asif isə baş nahiyəsindən aldığı ağır güllə yarası ilə xəstəxanaya çatdırıldı. Sonradan bir gözünü itirdiyini öyrəndik.
Döyüş zamanı başqa itkilərimizin olmadığını düşünürdük. Biz həmin döyüşdə düşmənin iki tankını vurmuşduq. Həmin texnikaların ekipajları da sıradan çıxarılmışdı. Düşmən tərəfdən xeyli sayda ölən və yaralananların olduğu barədə məlumatlar vardı.
Artilleriyamızın zərbələri nəticəsində düşmənin yaralı və meyitlərini daşıdığı ehtimal edilən ZİL-131 markalı avtomobillərin də vurulduğu və yandığı bildirilirdi.
Oktyabrın 19-da Hoçaz yüksəkliyində keçirdiyimiz dördüncü döyüş əvvəlkilərdən xeyli ağır oldu. Düşmən bu dəfə daha hazırlıqlı qüvvələrlə hücuma keçmişdi. Zirehli texnikanın tətbiqi, atəşin intensivliyi və düşmən bölmələrinin hərəkətləri bunu açıq şəkildə göstərirdi.
Bütün bunlara baxmayaraq, müdafiə xəttimizi saxlamağı və düşmənin hücumunu dəf etməyi bacardıq.
Döyüşdən sonrakı gün döyüşçülərimiz vurulmuş düşmən tankının daxilinə yanacaq tökərək onu yandırdılar.
Mişniyə qayıdanda başqa mövqedə xidmət edən döyüşçülərimizdən biri bizi görüb heyrətə gəldi. O, əvvəlki gün dağın üzərinə düşən mərmilərin sayını hesabladığını, ağır artilleriyadan 170-dən çox atəş açıldığını bildirdi.
Biz isə zarafatla sağ qalmağımızı Allahın qisməti ilə əlaqələndirdik.
Onu da qeyd edim ki, düşmən bizim tankımızı vuranda ekipaj üzvləri arasında ölən olmadı, iki nəfər yaralandı...
________________________________________
RUS POLKOVNİKİNİN ETİRAFI
Hoçaz yüksəkliyi uğrunda döyüşlərin əhəmiyyətini göstərən maraqlı xatirələrdən biri də 713 saylı taborun keçmiş döyüşçüsü, səngər yoldaşımız Mehrab Bağırovun söylədikləridir. Mehrab qardaşımız xəstəxanada əməliyyat olunan zaman təsadüfən GRU Baş Kəşfiyyat İdarəsinin keçmiş zabitiylə rastlaşır. Daha doğrusu, onunla eyni palatada qalıb və onun söylədiklərini bizə nəql etmişdi. Onun danışdıqları 1992-ci ilin oktyabrında Hoçaz istiqamətindəki döyüşlərdə xarici hərbi mütəxəssislərin və xüsusi hazırlıqlı şəxslərin iştirak etməsi barədə ciddi müzakirələrə əsas verir.
Mehrab Bağırov hadisəni belə nəql etmişdi:
«2019-cu ilin yayında 1992-ci ilin avqustunda, müharibə zamanı göz nahiyəmdən aldığım yaranın müalicəsi üçün Rusiyanın Ulyanovsk şəhərində əməliyyat olunmalı idim. Həmin yaraya ağır texnikanın atəşi nəticəsində ağacdan qopan qırıntılar səbəb olmuşdu.
Xəstəxanada GRU – Rusiya Baş Kəşfiyyat İdarəsinin polkovniki olduğunu bildirən Vyaçeslav Vasilyeviç Oniskinlə eyni palatada yatırdıq.
Onun qarnında və sinəsində çapıqlar vardı. Sağ budunun bir tərəfində kiçik, digər tərəfində isə daha böyük yara izi görünürdü. Yeriyərkən axsaması da diqqətimi çəkmişdi.
Yaralarının səbəbini soruşanda əvvəlcə cavab vermədi. Bir müddət sonra məndən azərbaycanlı olub-olmadığımı soruşdu. Azərbaycanlı olduğumu bildirdim.
Bir neçə gün sonra xəstəxanadan evə getdi. Getməzdən əvvəl həm Azərbaycan, həm də Rusiya telefon nömrələrimi götürdü, öz nömrəsini də mənə verdi. Həmin nömrə indiyədək məndədir.
Avqustun 16-da onun 74 yaşı tamam olurdu. Əvvəlcədən ad gününə dəvət edəcəyini demişdi. Həmin gün zəng vurdu və mən də dəvətini qəbul edib yanına getdim. Orada daha iki nəfər də var idi.
Yemək-içməkdən sonra, mən gözümə görə spirtli içki qəbul etmirdim, üzünü mənə tutaraq dedi:
"Sən məndən budumdakı yaranın səbəbini soruşmuşdun. Bilirdim ki, bu yaranın güllə yarası olduğunu düşünürsən. Elədir, bu, güllə yarasıdır. Mən onu 1992-ci ildə Azərbaycanda almışam.
Həmin vaxt GRU Akademiyasında təhsil alırdıq. Mən mayor rütbəsində idim. Oktyabr ayının əvvəllərində, xüsusi hazırlıqlı və elit bölmələrdən hesab olunduğumuz üçün bizə bir təkliflə müraciət etdilər. Dedilər ki, kim ayda 15 min dollar qazanmaq istəyirsə, Ermənistanla Azərbaycan arasında gedən müharibədə iştirak edə bilər.
Söhbət Ermənistanla Azərbaycan arasında yerləşən, adı 'L' hərfi ilə başlayan bir rayondan gedirdi. Seçimdən sonra məlum oldu ki, Ermənistana göndəriləcəyik.
Bizə bildirdilər ki, Ermənistanla Laçın arasında həyati əhəmiyyətli strateji yüksəkliyi ələ keçirmək lazımdır. Biz həmin istiqamətə yollandıq. Tank, BMP və BTR-lərin dəstəyi ilə Laçındakı həmin yüksəklik istiqamətində hücuma keçdik.
Əvvəlcədən bizə qarşı tərəfin ağır silahlarının olmadığı deyilmişdi. Azərbaycanlıların mövqelərində maskalanmış tankın yerləşdirilməsindən xəbərimiz yox idi. Həmin tankın düşmənin bir texnikasını vurduğunu sonradan anladıq.
Biz GRU-nun 23 zabiti və erməni qoşunlarının qüvvələri ilə birlikdə Hoçaz yüksəkliyinin ələ keçirilməsi üçün hücuma keçdik. Qarşımızda avtomat və qumbaraatanlarla müdafiə olunan döyüşçülər vardı.
Çox ağır döyüş getdi. Hərbi təchizat və təminat baxımından üstünlüyümüzə baxmayaraq, erməni qoşunları ilə birlikdə ciddi itkilər verdik. Ağır texnikalarımızdan bəziləri qarşı tərəfin əlinə keçdi. Erməni ordusunun bir polkovniki öldürüldü.
Bizim 23 nəfərlik qrupumuzdan 8 nəfər öldü, mən də daxil olmaqla 7 nəfər yaralandı".
Mehrab Bağırovun sözlərinə görə, o, həmin görüşdə polkovnikə 713 saylı taborun döyüşçüsü olduğunu və Hoçaz uğrunda məhz həmin qrupun qarşısında vuruşduğunu bildirməyib.
Bu hadisənin ən diqqətçəkən tərəfi isə ondan ibarət idi ki, uzun illər əvvəl eyni döyüş meydanında qarşı-qarşıya gəlmiş iki insan 26 ildən sonra bir xəstəxana palatasında, daha sonra isə bir süfrə arxasında görüşmüşdü.
Mehrab Bağırovun sözləri ilə desək, tale onları yenidən üz-üzə gətirmişdi. Bu dəfə aralarında səngər, silah və döyüş meydanı yox, bir masa vardı.
O, həmin anı belə ifadə edirdi:
«Bir anlıq mənə elə gəldi ki, oturduğumuz masa elə Hoçaz yüksəkliyidir. İllər əvvəl məğlub etdiyimiz tərəfin nümayəndəsinin dilindən 713 saylı taborun döyüşçülərinin şücaəti və göstərdiyi müqavimət barədə eşitmək mənim üçün xüsusi məna daşıyırdı.
Mən ona qarşı vuruşanlar arasında özümün də olduğumu demədim»…
Bu xatirə Hoçaz döyüşlərinin başqa bir tərəfinə işıq salır. Lakin polkovnikin söylədikləri müstəqil sənədlərlə təsdiqlənmədiyi üçün onun təqdim etdiyi məlumatlar şəxsi şahid ifadəsi və müharibə xatirəsi kimi qiymətləndirilməlidir...

BİZ SOYUQBULAĞA QAYITDIQ

1992-ci ilin noyabr ayının ortalarında Hoçaz yüksəkliyində döyüş mövqelərində olduğumuz zaman bizə mövqeləri tərk edərək Soyuqbulağa qayıtmaq barədə göstəriş verildi. Bildirildi ki, mövqelərimizə başqa taborların qüvvələri yerləşdiriləcək.

Burada mayor Çingiz Əliyev şəxsi heyəti sıraya düzdü və könüllülərdən təşkil olunmuş 713 saylı taborun ləğv edildiyini bildirdi. Lakin qərarın səbəbi açıqlanmadı.

Daha sonra bizə iki seçim təklif edildi: şəxsi heyətin iki-iki olmaqla digər taborlara paylanması və ya silahların təhvil verilərək hərbi xidmətdən tərxis olunması.
Altı aya yaxın müddətdə çiyin-çiyinə döyüşdüyümüz, ağır döyüşlərdə birlikdə olduğumuz silahdaşlarımızın tanımadığımız digər taborlara ayrı-ayrılıqda göndərilməsi təklifi bizi qane etmirdi. Taborun hansı səbəbdən ləğv edildiyinin izah olunmaması da ciddi narazılıq yaratmışdı.
713 saylı taborun şəxsi heyəti müharibənin ən ağır mərhələlərində döyüşlərdə iştirak etmiş, düşmənin hücumlarının dəf edilməsində, hərbi texnikasının sıradan çıxarılmasında və müdafiə mövqelərinin saxlanılmasında mühüm rol oynamışdı.

Tabor komandiri Süleyman Əhmədov, qərargah rəisinin müavini Mehdi Rüstəmov, ikinci bölüyün komandiri Vaqif Quliyev və digər komandir heyəti döyüşlərin idarə olunmasında iştirak etmişdi.

Tabor Şəhidlər vermişdi. Bu qədər ağır itkilərə baxmayaraq, şəxsi heyətin mükafatlandırılması və xidmətlərinin lazımi qaydada qiymətləndirilməsi əvəzinə, heç bir əsaslandırma verilmədən taborun ləğv edilməsi döyüşçülər arasında dərin təəccüb və narazılıq doğurmuşdu.

Ertəsi gün Pircahan kəndindən Bakıya doğru hərəkət edən hərbi avtomobillərin olduğu barədə məlumat aldıq.

Biz silahlarımızı təhvil verərək Laçını tərk etdik.

Beləliklə, Hoçaz yüksəkliyi uğrunda ağır döyüşlərdə mövqelərini qorumuş 713 saylı əlahiddə taborun döyüş yolu təşkilati qərarla başa çatdı.
Lakin taborun ləğvi onun döyüş salnaməsini, şəhidlərini, yaralılarını və sağ qalan döyüşçülərinin xidmətlərini tarixdən silə bilməzdi.

Bu günədək 713 saylı taborun keçmiş döyüşçülərinin bir çoxunun əməyinin lazımi səviyyədə qiymətləndirilmədiyi, şəxsi heyətin əhəmiyyətli hissəsinin müharibə veteranı statusu almadığı bildirilir.
Bu, yalnız keçmiş döyüşçülərin sosial təminatı ilə bağlı məsələ deyil. Eyni zamanda müharibə tarixinin araşdırılması, döyüş xidmətlərinin sənədləşdirilməsi və tarixi ədalətin bərpası baxımından da diqqət tələb edən problemdir.

SON
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr