İGİD TEYMURLU
BİR ZƏFƏRİN İKİ QƏHRƏMAN NƏSLİ, BİR AMALIN İKİ MƏRHƏLƏSİ
Zəfər Bayramı sadəcə hərbi Qələbənin ildönümü deyil. Bu tarix Azərbaycan xalqının sınmayan iradəsinin, milli birliyinin, dövlətçilik əzminin və qəhrəmanlıq salnaməsinin təntənəsidir. Bu gün üçrəngli bayrağımızın qürurla dalğalandığı torpaqlara baxarkən bir həqiqəti xüsusi vurğulamalıyıq: bu Zəfər bir günün, bir döyüşün, yaxud bir nəslin qələbəsi deyil. Bu, illərlə davam edən mübarizənin, fədakarlığın və nəsillərarası qəhrəmanlıq estafetinin nəticəsidir.
Şərti olaraq Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları adlandırdığımız iki nəslin mübarizəsi əslində eyni amalın – Vətənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması uğrunda mübarizənin iki tarixi mərhələsidir.
Birinci Qarabağ savaşının özünəməxsus ağırlığını, o illərin reallıqlarını və qəhrəmanlıqlarını həmin döyüşlərin iştirakçıları hamıdan yaxşı bilirlər. Müstəqilliyini yenicə bərpa etmiş, iqtisadiyyatı dağılmış, ordusu formalaşma mərhələsində olan, siyasi və hərbi baxımdan son dərəcə mürəkkəb vəziyyətə düşmüş Azərbaycan əslində təkcə Ermənistanla müharibə aparmırdı. Qarşısında Ermənistanın arxasında dayanan, onu hərbi-siyasi və digər vasitələrlə dəstəkləyən nəhəng Rusiya imperiyasının gücü də vardı.
Bunu o illərin səngərlərində döyüşənlər, silahı əlində Vətən torpağını qoruyanlar çox yaxşı bilirlər. Onlar bəzən silah-sursat çatışmazlığı, bəzən siyasi iradəsizlik, bəzən də daxili çəkişmələr şəraitində ölüm-dirim mübarizəsi aparırdılar. Bütün bunlara baxmayaraq, düşmənin daha geniş əraziləri işğal etmək planlarının qarşısı alındı. Azərbaycan dövlətçiliyinin qorunması, müstəqilliyimizin yaşadılması naminə misilsiz qəhrəmanlıqlar göstərildi.
Həmin illərdə biz təkcə torpaqlarımızı müdafiə etmirdik, həm də dövlət olaraq ayaqda qalmaq, tarixin bizi saldığı ağır labirintdən çıxmaq uğrunda mübarizə aparırdıq. Bu yolun nə qədər qanlı və çətin olduğunu Birinci Qarabağ savaşının iştirakçıları yaxşı xatırlayırlar.
Sonra illər keçdi. Azərbaycan dəyişdi. İqtisadiyyatımız gücləndi, dövlət institutlarımız möhkəmləndi, ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Strateji müttəfiqlərimizlə münasibətlər, xüsusilə hərbi-texniki əməkdaşlıq, müasir silah sistemləri və döyüş təcrübəsinin mənimsənilməsi Ordumuzun imkanlarını əhəmiyyətli dərəcədə artırdı.
Amma bir mühüm məqamı unutmayaq: bu inkişafın, güclənmənin və Zəfərə aparan yolun arxasında Ali Baş Komandanın qətiyyəti, prinsipiallığı, rəşadətli ordumuz, xalqın iradəsi, dövlətin siyasi xətti və milli həmrəylik dayanırdı.
Birinci Qarabağ savaşının döyüşçülərinin övladları, qardaşları, silahdaşlarının davamçıları atalarının yarımçıq qalmış mübarizəsini Zəfərlə başa çatdırdılar. Bir vaxtlar səngərlərdə düşmənin qarşısında sinə gərənlərin başladığı mübarizə 44 günlük Vətən müharibəsində tarixi nəticəyə çevrildi.
Əslində hər iki savaşın qarşısında dayanan əsas məqsəd eyni idi: Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və dövlət müstəqilliyini qorumaq. Birinci mərhələdə dövlətçiliyimizi və qalan torpaqlarımızı qorumaq, düşmənin işğalçılıq planlarının genişlənməsinə imkan verməmək uğrunda mübarizə apardıq. İkinci mərhələdə isə işğala son qoymaq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmək məqsədimizə nail olduq.
Və buna nail olduq!
Bu Qələbədə Birinci Qarabağ savaşının iştirakçılarının da, İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının da özünəməxsus payı var. Birincilər ən ağır şəraitdə Vətən müdafiəsinin nə olduğunu göstərdilər, torpağa bağlılığın və döyüş əzminin nümunəsini yaratdılar. İkincilər isə həmin mübarizəni yeni hərbi-siyasi reallıqlar, güclü ordu və müasir döyüş imkanları ilə Zəfərə çatdırdılar.
Biri təməl qoydu, digəri həmin təməl üzərində Zəfər tarixini yazdı. Biri Vətənin müdafiəsi üçün qanını tökdü, digəri Vətənin azadlığı üçün canından keçdi. Onları ayıran zaman, şərait və hərbi imkanlar olsa da, birləşdirən amal dəyişmədi: Azərbaycan!
Bütün bu mərhələlərdən keçərək bir həqiqətə gəldik: bizi düşdüyümüz məğlubiyyət labirintindən çıxaran, ən ağır sınaqlardan keçirən və Zəfərə aparan başlıca qüvvə milli həmrəyliyimiz oldu. Xalqın, Ordunun və dövlətin bir amal ətrafında birləşməsi, çətin günlərdə bir-birinə dayaq olması, ǰümumi məqsədi şəxsi maraqlardan üstün tutması tarixin gedişini dəyişdi.
Bu gün Zəfər Bayramını qeyd edərkən həmin həmrəyliyi qorumaq, gücləndirmək hər birimizin mənəvi və vətəndaşlıq borcudur. Çünki Zəfər yalnız qazanılmamalı, həm də qorunmalıdır. Onun siyasi, iqtisadi, mənəvi və hərbi dayaqları möhkəmləndirilməlidir.
Bu möhtəşəm tarixi bizə yaşadan şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, qazilərimizə, müharibə iştirakçılarına, ön və arxa cəbhədə fədakarlıq göstərən hər kəsə minnətdarlığımızı bildiririk.
Bu gün üçrəngli bayrağımızın kölgəsində bir daha qürurla deyirik: biz eyni Vətənin övladları, eyni amalın daşıyıcılarıyıq. Birinci savaşın səngərində başlayan mübarizənin Zəfər meydanında tamamlanması tariximizin ən böyük mənəvi qələbəsidir.
Zəfərimiz əbədi, milli birliyimiz sarsılmaz, üçrəngli bayrağımız daim ucalarda olsun!
8 Noyabr – Zəfər Bayramımız mübarək!

















