Koronavirus kapitalizmin sonunu gətirdi? - Politoloq: “Sosializm quruluşu formalaşacaq”
“Koronavirus pandemiyası dünyaya yayılmazdan əvvəl kapitalizm sistemi tükənmişdi. Koronavirusdan sonra isə dünyanın siyasi coğrafiyasında, dünya düzənində ciddi dəyişikliklər baş verəcək”.
Bunu Modern.az-a koronavirus pandemiyasının siyasi təsirləri ilə bağlı danışarkən politoloq Zərdüşt Əlizadə deyib. O qeyd edib ki, artıq dünyada kapitalın qazanc gətirmədiyi bir dövr başlamışdı:
“Bazarların genişlənməsi üçün fiziki imkanlar qalmayıb. Kapitalizmin işləməməsi ilə bağlı dünya alimləri də müzakirələr aparırdılar. Belə bir şəraitdə hansısa bir alternativ tapılacaqmı? Düşünürəm ki, bu istiqamətdə ciddi iş aparılacaq. Hətta dünyanın ən inkişaf etmiş dövləti olan Amerikanın iqtisadiyyatı ona görə ayaq üstdə durur ki, əsassız olaraq, nağd pul çap edirdi.
Bu vəziyyətlə bağlı hər hansı ciddi qərarların veriləcəyini düşünmürəm. Çünki hər bir dövlət, hər bir siyasətçi öz mənafeyini, vəzifəsini güdür. Onlarda bu qətiyyət yoxdur. Düşünürəm ki, koronavirusdan sonra dünya miqyasında ciddi iqtisadi böhran ola bilər”.
Z.Əlizadə düşünür ki, kapitalizm quruluşunu yalnız sosializm əvəz edə bilər:
“Lakin bu sosializm SSRİ-də olduğu kimi mədəniyyətsiz, geridə qalmış, anti-demokratik sosializm olmayacaq. Həqiqətən müasir elmə, texnologiyaya, kompüter biliklərinə söykənən humanist sosializm quruluşu formalaşacaq. Biz bunun nümunələrini hazırda Skandinaviya ölkələrində, Almaniyada və digər bir neçə ölkədə görürük”.
tv713.az