BİZ NİYƏ TƏŞKİLATLANA BİLMİRİK ?

Cəmiyyət 17-sen, 18:139 tv713 97 0
BİZ NİYƏ TƏŞKİLATLANA BİLMİRİK ?

AYDIN MƏDƏT 0ĞLU QASIMLI
filologiya üzrə fəlsəfə doktoru, dosent

TƏŞKİLAT VƏ TƏŞKİLATÇILIQ



Tarixən Türk milləti, o cümlədən də Azərbaycan Türkləri iki böyük xarakterə malik olmuşdur. Bunlardan biri “təşkilatçı”, digəri isə “hərbiçi” xarakterlərdir. “Təşkilatçı xarakter” o deməkdir ki, Azərbaycan Türkləri tarixən dövlət qurma yetənəyi və qabiliyyətinə sahib olmuşlar. Onlar tarixən yaratdıqları 20 dövlət, 5 imperiya, 16 xanlıq və 3 respublika ilə bu özəlliyini parlaq şəkildə göstərmiş, bəşəriyyətə ünlü dahilər, böyük mədəniyyət nümunələri bəxş etmişlər.
Azərbaycan xalqının ikinci böyük tarixi xarakteri onun hərbiçi olmasıdır. Hərbiçi xalqın əsas məqsədi dövləti və xalqı qorumaq, intizamlı, cəsur və qəhrəman olmaqdır. Tarix xalqımızın bu özəlliklərə malik olduğunu göstərən saysız-hesabsız örnəklərə şahiddir.
Əfsuslar olsun ki, müəyyən müddətli müstəqil dövlətsizlik və müstəmləkəçilik xalqımızı bu iki mühüm xarakterdən az və ya çox dərəcədə məhrum etmişdir. Azərbaycanın içində bulunduğu sıxıntı və çalxantıların, təşkilatlana bilməmənin, hərbiçi xarakterini qeyb etmənin başlanğıcı iki yüz il öncələrə qədər uzanır. XIX əsrin əvvəllərindən başlayaraq müstəmləkəçiliyin, ikiyə bölünmənin təsiri ilə sürətli bir geriləmə dövrü yaşayan Azərbaycan cəmiyyəti XX əsrin əvvəllərindən bəri başlatdığı milli mücadilə hədəfinə hələ də tam ulaşa bilməmişdir. Tarixin amansız burulğanlarında 5 yerə bölünmüş bu günkü 50 milyonluq bir xalqın yalnız 10 milyonu müstəqil dövlətə, bu və ya digər dərəcədə hərbi gücə malikdir. Bu tarixi durum qarşısında xalqımızın hər bir fərdi, hər bir ictimai və siyasi təşkilatı Quzey Azərbaycan Cümhuriyyətini qoruyub onun imkanlarını genişləndirmək, Güney Azərbaycan Milli Hərəkatına həryönlü yardım edərək Güney Azərbaycanın müstəqilliyinə nail olmaq, bölünmüş Azərbaycanı birləşdirib Bütöv Azərbaycana çevirmək üçün bütün bilik və bacarığını sərf etməyə borcludur. Bunun üçün ilk növbədə xalqımız təşkilatlanmalıdır. Çünki, xalqımızın uzun müddət təşkilatlana bilməməsi ona çox baha başa gəlmiş və bu gün də gəlməkdədir.
Doğrudur, xalqımız XX əsrin əvvəllərində, ortasında və sonunda üç dəfə təşkilatlana bilmiş, Quzey Azərbaycan Cümhuriyyətini və Güney Azərbaycan Milli Hökumətini yaratmağa nail olmuşdur. Lakin bu təşkilatlanmalar dayanıqlı olmadığından birinci Cümhuriyyətimiz cəmi 23 ay, Milli Hökumətimiz cəmi 12 ay yaşamış, ikinci Cümhuriyyətimiz isə bu gün də mövcud olmasına baxmayaraq nə qədər ki, Azərbaycan cəmiyyəti ictimai yöndən təşkilatlanmayıb təşkilatlandığı iddia edilən bu sistemin durumu daima mübahisə və münaqişə mövzusu olaraq qalacaq.
Bütün bunlar xarici təsirlərlə yanaşı həm də daxili səbəblərlə bağlıdır. Bu gün Azərbaycan cəmiyyəti ayrı-ayrı fikir axımlarının çəmbərində sıxılmaqdadır. Bəzi insanlar yabançı dövlətlərin mənafeyinə uyğun ictimai və dini təşkilatlar yaradaraq Azərbaycan cəmiyyətini parçalamaqla məşğuldurlar. Unutmaq olmaz ki, xalq da insanlar kimidir. Ürəyi, beyni və qanı olmayan bir insan yaşaya bilmədiyi kimi xalqlar da ürəksiz, beyinsiz və qansız yaşaya bilməz. Hər bir xalqın ürəyi onun mənəviyyatı və mədəniyyəti, beyni siyasi düzəni və ədaləti, qanı isə iqtisadiyyatı və elmidir. Müasir tibb elmi bir insanın ürəyini və beynini başqa bir insana köçürə, bir insanın qanını başqa bir insana nəql edə bilir. Fəqət belə insanların uzun müddət yaşaması mümkün deyildir. Deməli, bir xalq da başqa bir xalqın mənəviyyatı, mədəniyyəti, siyasəti, elmi və iqtisadiyyatı ilə uzun müddət yaşaya bilməz. Yaşaya bilsə belə o, özü yox, başqası olacaq. Təəssüflər olsun ki, bu adi həqiqət hələ də cəmiyyətimiz tərəfindən tam anlaşılmayıb.
Bəllidir ki, milli mədəniyyətin əsasını milli əxlaq və milli mənəviyyat təşkil edir. Milli mədəniyyət, milli əxlaq və milli mənəviyyat hər bir xalqın yaşam tərzidir. Mədəniyyətsiz, əxlaqsız və mənəviyyatsız insanın vətəni, milləti, ailəsi olmadığı kimi, milli mədəniyyəti sarsılmış, milli əxlaqı sağlam olmayan, mənəviyyatı korlanmış bir cəmiyyətin də hüzur içində yaşaması və ali hədəfə ulaşması mümkün deyildir. Hər bir xalqın özünə məxsus milli mədəniyyəti, milli əxlaqı, milli mənəviyyatı vardır. Milli mədəniyyət bir xalqın fərdlərinin əsrlər boyunca bir-birləri ilə münasibətlərindən doğan dəyərlərin bütünüdür. Milli mədəniyyət deyincə ilk olaraq ağla bir millətin dili, dini, əxlaqı, mənəviyyatı, adət-ənənəsi, ədəbiyyatı, incəsənəti, musiqisi, siyasəti və hüququ gəlir. Təəssüflə qeyd edilməlidir ki, bu gün Azərbaycanda bu dəyərlərin bir çoxu millilik vəsfini qeyb etmiş, onların yerini başqa-başqa xalqlara mənsub dəyərlər tutmuşdur ki, bu da sonda sosial zümrələr arasında bir ziddiyyət yaratmışdır.
Azərbaycanın inkişaf hərəkatı ilk öncə mənəviyyat və əxlaqın bərpasından keçir. Çünki, inkişaf hərəkatının təməl fəlsəfəsi bununla bağlıdır. İctimai, siyasi, hüquqi, elmi və texniki inkişaf da buna bağlıdır. Müdriklərin buyurduğu kimi “elm və hikmət də mənəviyyat və əxlaqdan doğur”. Cəmiyyətin hüzurlu yaşaması üçün hər bir fərdin əxlaqlı, mənəviyyatlı və dürüst olması əsas şərtdir. Əgər bir cəmiyyətdə insanlar son dərəcə əxlaq qaydalarından, mənəviyyatdan, dürüstlükdən məhrumdursa, o cəmiyyətdə hüzurdan danışmağa dəyməz!
Bugünkü Azərbaycan cəmiyyətində bu ziddiyyətlər özünü fərdlərə münasibətdə, siyasətdə, idarəçilikdə, hüquqda zümrələr arası münasibətlərdə, ictimai həyatda və milli dövlətçilik anlayışında da göstərməkdədir. Belə ki, cəmiyyətdə şəxsi fikirlərə, fərdi görüşlərə heç bir dəyər və önəm verilmədiyindən, onların fikir və mülahizələri tamamilə inkar olunduğundan cəmiyyət ümumi inkişafdan qalır. Unudulmamalıdır ki, ictimai, siyasi, estetik və fikri inkişafın ən təsirli amili ayrı-ayrı fərdlərlə bağlıdır. Fərdin yaşadığı mühit fərdə nə qədər dəyər və ilham verərsə, fərd də cəmiyyətdən aldığını artıqlaması ilə ona qaytarar. Çox təəssüflər olsun ki, cəmiyyətimizdə fərdlərin sərbəst rəqabətinə imkan verilmir. “Fərd yox, qohumbazlıq, dostbazlıq var, istedad yox, vəzifə var” prinsipi ilə cəmiyyəti inkişaf etdirmək olmaz. Artıq cəmiyyətimizi çürütmüş olan bu prinsipə son verərək dünyanı saran müdhiş həqiqətləri görməli, cəmiyyətimizi, sivil dünyaya uyğunlaşdırmağa çalışmalıyıq. Unudulmamılıdır ki: “Fərdsiz cəmiyyət düşünmək, əlsiz, ayaqsız, başsız və gövdəsiz insan düşünmək” (Əhməd Bəy Ağaoğlu) deməkdir.
Bugün Respublikamızda Avropa sənaye kapitalizminin doğurduğu bir siyasi rejim olan liberal demokratiya ilə yanaşı vəhşi kapitalizm də uyqulanmaqdadır ki, bunların hər ikisi də milli demokratiya prinsipinə ziddir. Çünki, belə bir siyasi rejim yalnız bir qrup insanın mənafeyini müdafiə etdiyindən Azərbaycan Respublikası Konstitusiyasının bir neçə təməl müddəalarını pozur. Dövlətçilik fəlsəfəsində və mədəniyyətində görünən bir yabançılaşma xalqı milli dəyərlərdən uzaqlaşdırır. Dövlətçilik fəlsəfəsi və milli mədəniyyətdən uzaqlaşmış bir xalqın isə geri qalması təbiidir. Ölkədə görünən bölünmələr, məzhəbçilik, milli sərvətin başqaları tərəfindən talanması, ölkə gəlirinin bir qrup insanın əlində cəmləşməsi, milli mədəniyyətə yabançı olan nəsillərin yetişdirilməsi və s. bu kimi nəsnələr vətən və millətin bütünlüyünü daha da pozur, ölkənin müstəqilliyinə təhlükə yaradır.
Bəllidir ki, demokratiya xalqın bütün zümrələrinin siyasi, iqtisadi və mədəni idarəçilikdə iştirak etməsi deməkdir. Demokratiya ilə hürriyyət anlayışı arasında çox yaxın bir əlaqə vardır. Demokratiya geniş anlamda həm də elə hürriyyət deməkdir. Hürriyyət hər bir şəxsin başqasından əmr, göstəriş almadan öz iradəsinə görə qərar verə bilməsi, sərbəst hərəkət edə bilməsidir. Başqasının basqısı və təsiri altında olan insan azad olmadığı kimi, başqalarından asılı olan xalq da müstəqil sayıla bilməz. Bu anlamda siyasi demokratiya əslində siyasi hürriyyətlər rejimidir. Siyasi demokratiya xalqın bütün fərdlərinin siyasi idarəetməyə, siyasi qərarların alınmasına bərabər şəkildə qatılmasıdır. Vətəndaş siyasi qərarların qəbul edilməsində iştirak etməli, siyasi orqanlara seçmə ilə yanaşı seçilmə hüququna da malik olduğundan siyasi təmsil orqanı olan Milli Məclisdə (xalqın bütün sosial zümrələrinin) də təmsil olunmasıdır. Çünki, Milli Məclis bütün xalqın orqanıdır. Çox təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində seçmə və seçilməni təyin etmə əvəz edir. Bütün qanunverici (Milli Məclis), yerli özünüidarəetmə (Bələdiyyə) və məhkəmə (Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Apellyasiya Məhkəməsi və digər məhkəmələr) orqanları da icra orqanları (Baş Nazir, nazirlər və icra başçıları) kimi təyin edilir, seçkilər formal xarakter daşıyır. Bütün bunlarsa Azərbaycan Respublikası Konstitusiyasının bunlarla bağlı maddələrinə ziddir.
Demokratik dövlətdə ən mühüm amillərdən biri də idarəçilikdir. Bu günkü Azərbaycanda idarəçilikdə bir çox yarıtmaz bürökratların işləməz hala gətirdiyi bir sıra dövlət müəssisələri çökmüş, yeni yaranmaqda olan özəl sektorun böyük əksəriyyəti münasibətə görə qabiliyyətsiz və bacarıqsız şəxslərə həvalə edilmiş, ölkədə vəhşi kapitalizm hökm sürməkdə, haqsızlıqlar baş alıb getməkdədir. Ölkəni idarə edən bir sıra siyasi kadrların bacarıqsızlığı, dünyagörüşünün darlığı, gündəlik keçici süni məsələləri ana məsələlər sanması, nəticədə yeni-yeni problemlərin doğmasına səbəb olmuşdur. İllərdən bəri davam edən sürəkli süni təbliğat nəticəsində ölkə vətəndaşları arasında parçalanmalar yaranmış, vətəndaşların bir-birinə və gələcəyə inamı qalmamış, onların bir qismi işlərini itirməmək üçün iqtidar partiyasına üzv yazılmış, böyük bir hissəsi isə hansı siyasi təşkilata bağlanmanın doğru olduğunu təyin edə bilməyəcəyi bir duruma gətirilmişdir. Xalqın əksəriyyəti arayış içindədir. Vətəndaşları belə bir duruma düşürənlər anlamalıdırlar ki, bununla onlar özlərinə qarşı daha böyük və dağıdıcı bir müxalifət hazırlamışlar ki, bu müxalifət gələcəkdə ölkəni anarxiyaya, iztiraba və çöküşə sürükləyə, yeni-yeni dərdlərin doğmasına səbəb ola bilər.
Ölkənin qanunverici, məhkəmə və prokurorluq orqanları bütünlüklə iqtidarın yan qurumları vəzifəsini icra edirlər. Bu qədər sərhədsiz “silahlarla” təchiz edilmiş və özünü ölkənin hakimi-mütləqi sayan iqtidar həyatın hər tərəfini öz nəzarətində saxlamaqla ümumi inkişafı məhdudlaşdırır, təfəkkürlü insanları təfəkkürsüz, ruhlu insanları ruhsuz bir qəlibə sığışdırmağa, bir sözlə, məşrutiyyəti, yəni milli hakimiyyəti, şəxsi hakimiyyətə çevirməyə çalışır. İkiyə bölünmüş, dəfələrlə bu müdhiş tufanların dalğaları altında əzilmiş olan bu zavallı xalqın bu duruma düşməsinin başlıca səbəbi biz özümüz, bizim dar düşüncələrimiz, kor zehniyyətimizdir. Xalq bu əzici, öldürücü və aşağılayıcı hücumları dəf etmək üçün tarixən bir sıra tədbirlərə baş vurmuşsa da gedilən yol çox dolanbaclı, əyri-üyrü olduğundan uzun zaman bu işi sonuna qədər yürüdəcək cəsarəti göstərə bilməmiş, nəticə əldə edə bilməmişdir. Bundan yararlanan xarici qüvvələr və yerli iqtidarlar xalqı əymiş, onun ruhunu sındırmışlar. Belə bir vəziyyətdə xalqın qarşısında iki yol qalır: ya əzilməyə, sınmağa, məhv olmağa razı olub bu yaşayışı qəbul etmək, ya da sivil cəmiyyətlərdə olduğu kimi mübarizə aparıb öz haqqlarını əldə etmək!
Bugün ölkədə onlarla ictimai təşkilat, birlik, cəmiyyət, şura və siyasi partiya yaradılıb ki, bunların da əsas məqsədi xalqın mənafeyini müdafiə etmək, onun maddi və mənəvi ehtuyaclarını ödəmək, xalqın ayrı-ayrı zümrələri arasında mənəvi birlik yaratmaq olmalıdır. Halbuki biz bunun əksini görürük. Bu təşkilat, birlik, cəmiyyət, şura və siyasi partiyaların əksəriyyətinin proqramları ilə fəaliyyətləri tərs mütənasibdir. Proqramlarda nəzərdə tutulan müddəalar bir kənara qoyularaq ayrı-ayrı şəxslərin özəl diləklərini yerinə yetirməklə yetinirlər.
Azərbaycan xalqını layiq olduğu hüzura qovuşdurmaq, gələcəyindən əmin olmaq üçün bütün xalqı təmsil etməyə ehtiyac duyulur.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr