AUTİZM SİNDROMU VƏ DÖVLƏT BABANIN KRİPTOQRAMMASI

Aktual / Cəmiyyət / Sosial / Manset / Yazarlar 02-iyn, 21:139 tv713 11 0





İGİD TEYMURLU

ASİ OLDUĞUNUZ ALLAHDAN QORXUN!





Uşaqları Müdafiə Günündə atəşfəşanlıq yapan məmləkətdə “xalqın xidmətçisi” olan zatlar, sizin AUTİZM SİNDROMLU UŞAQLARda olan fobiyalardan xəbəriniz varmı? Və ümumiyyətlə Sizlər AUTİZM SİNDROMLU UŞAQLARdan, onların AİLƏLƏRİNDƏN, onlara “GÖSTƏRİLƏN DÖVLƏT QAYĞISI”NDAN danışa bilərsinizmi?..

Xəbəriniz varmı ki, “Azərbaycanda hər doğulan yeddi uşaqdan biri autizm sindromlu doğulur...

Sizin bu konuda deyəcəklərimdən xəbəriniz varmı?!

Bu gün Azərbaycanda heyvanların belə statistikası aparıldığı bir zamanda, bu gün Azərbaycanda heyvanlara belə qayğının göstərildiyi bir zamanda autizm və daun sindromlu uşaqların statistikası aparılmır və nədən?

Bu gün Azərbaycanda autizm sindromuyla bağlı ortalıqda dəqiq statistik göstərici olmasa da, amma məhz bu sindromun reabilitasiyası adı altında milyonların mənimsənilməsi prosesi gedir, necə və nədən?

Bu gün Azərbaycanda autizm sindromlu uşaqların hüquqlarının qorunması sıfır səviyyəsindədir və nədən?

Bu gün yayılan qeyri rəsmi informasiyalara istinad etsək (zatən ortalıqda rəsmi informasiya yoxdur), "autizm adı altında fəaliyyət göstərən mərkəzlərdə yerləşdirilən uşaqların tam əksəriyyəti məmur övladlarıdır" və nədən, hansı məqsədlə?

Bu gün Azərbaycanda olan autizm sindromlu uşaqların sosial müdafiəsi Milli Məclis və aidiyyatı dövlət strukturlarının əməli fəaliyyətləri fonunda Dövlət Babanı qətiyyən ilgiləndirmir və nədən?

Bu gün Azərbaycanda autizm sindromlu uşaqlara heç bir dövlət və özəl müəssisələrdə təqvimlə qeyd edilən xüsusi günlərdə hansısa maddi yardım edilmir və nədən?

Bu gün Azərbaycanda autizm sindromlu uşaqlar və onlara xidmət edən valideyinə verilən müavinət sadəcə olaraq, nəinki o adamlara, bütövlükdə insanlığa tüpürməkdur və nədən?..

Bu gün Azərbaycanda fəaliyyət göstərən autizmli uşaqların reabilitasiya mərkəzlərində dərslərin (30 dəq) saatı 20 manatdır - xəbərin varmı, Mir Şahinin "Ana Vətəni, Ata Dövləti"?

Bu gün autizmli uşaqların rebilitasiya mərkəzlərində əgər bir uşaq gündə 4 saat olmaqla həftədə 4 dəfə o mərkəzə gedirsə və saatın qiyməti də 20 manatdırsa, bunun nə qədər xərc tələb etməsindən xəbərin varmı, Mir Şahinin "Ana Vətəni, Ata Dövləti"?

Bu gün bəyənmədiyiniz Avropada, yaxın Gürcüstanda, qardaş Türkiyədə, ay Allah evinizi yıxsın, lap elə bu şərəfsiz haylarda autizm sindromlu uşaqların reabilitasiya mərkəzlərinə gəlib getməsi üçün bizdə xəyal edilən xüsusi ictimai nəqliyyat fəaliyyət göstərir - xəbərin varmı, Mir Şahinin "Ana Vətəni, Ata Dövləti"?

Bu gün autizm sindromlu uşaqları o mərkəzlərə aparmaq üçün ictimai nəqliyyatdan istifadə etmək dəhşətli əzab və dəhşətli əsəb tələb etdiyindən və ümumiyyətlə mümkün olmadığından onların yazıq valideyinləri xüsusi taksi xidmətindən istifadə etmək məcburiyyətində qalırlar - xəbərin varmı, Mir Şahinin "Ana Vətəni, Ata Dövləti"?


Bu gün autizm sindromlu uşaqların yuxarıda vurğulanan məşğələlər çərçivəsində taksi xidmətindən istifadə etməsini gün hesabı götürəndə və bunu aya vuranda 408 manat eləyir - xəbərin varmı, Mir Şahinin "Ana Vətəni, Ata Dövləti"?

Bu gün autizm sindromlu uşaqların gündəlik yemək menyüsündəki şirniyyata və “cipsi”lərə meyilliliklərindən, onların ənənəvi yeməklərə olan kaprizlərindən, bu sadalananların qiymətlərindən xəbəriniz varmı, Mir Şahinin "Ana Vətəni, Ata Dövləti"?


Günə 6 ədəd baharatlı “kreks” (biri 50 qəpikdən), 2 ədəd “Alpenqold” (biri 1 manat 80 qəpikdən) və 4 ədəd “cipsi”nin (biri 3 manat 60 qəpikdən) qiyməti nə qədər edir, xəbərin varmı, Mir Şahinin "Ana Vətəni, Ata Dövləti"?

Bu gün autizmli sindromlu uşaqların reabilitasiyası üçün ən yaxşı metodlardan biri onların həyat tərzlərində rəngarəngliyin olması əsas yerlərdən birini tutur. Yəni, uşağı bu gün bir teatroya aparmısansa, sabah yaxşı olar ki, futbola, o biri gün başqa bir gəzintiyə aparasan. Mən bunların qiymətini bilmirəm, bəs siz necə, heç bu gəzintilərin və mədəni istirahətin qiymətini bilirsinizmi, bütün bunların Azərbaycandakı qiymətlərindən xəbərin varmı, Mir Şahinin "Ana Vətəni, Ata Dövləti"?

Bir autizm sindromlu uşağın evdə hansı oyunlardan çıxmasını və həmin sindromlu uşaqların valideyinləri üçün heç bir şərait yaratmamanızı bilirsinizmi, onların sosial durumundan xəbərin varmı, Mir Şahinin "Ana Vətəni, Ata Dövləti"?

Bir autizm sindromlu uşağın anasına bilmirəm hansı məqsədləri önləmək üçün ayda 80 manat para verilməsindən xəbərin varmı, Mir Şahinin "Ana Vətəni, Ata Dövləti"?

Bir autizm sindromlu uşağın 18 yaşından sonra nə işlə məşğul olacağından, hansı peşənin qulpundan yapışacağından, ən azından quru çörəklə qarnını necə doyuracağından heç xəbərin varmı, Mir Şahinin "Ana Vətəni, Ata Dövləti"?

Bir autizm sindromlu uşağa ay ərzində gərəkən xərcin görünməyən və sadalamadığım tərəflərini heç demirəm, təkcə görünən tərəfini bir hesablayaq, bundan xəbərin varmı, Mir Şahinin "Ana Vətəni, Ata Dövləti"?..

Şübhəsiz ki, dövlətin bütün yetkililərinin sadalananlardan xəbərləri var! Xəbərləri olsa da, olmasa da, aidiyyatı strukturların, məmurların timsalında fakt bundan ibarətdir ki, Dövlət öz vətəndaşını unudub, ona sahib çıxmır!

Xəbərin varmı, Mir Şahinin "Ana Vətəni, Ata Dövləti"?..

Bəyəm bircə sizin qohum əqrəbalarınızın toyu olur, bəyəm bircə sizin qohum əqrəbalarınız ölür, bəyəm bircə sizlər və sizin uşaqlar geyinməlidir, bəyəm bircə sizlər və sizin uşaqlar təhsil haqqına, səhiyyə haqqına, mədəni istirahət haqqına malikdir, cənab Mir Şahinin "Ana Vətəni, Ata Dövləti"?..

Sizin uşaqlar istəsə ayı kəsib yeyə bilər, amma bizimkilər yalxı su qaynadılan qazana gözlərini dikib yuxuya getməlidir, öyləmi?!

Sizin uşaqlar istəsə dünyanın dörd bir küncündə kef çəkə bilər, amma bizmkilər hətta yaxın rayonlarda olan dədələrinə, nənələrinə baş çəkmək imkanında ola bilməzlər, öyləmi?!

Sizin uşaqlar üçün Vətən anlamı harada kefin sazdırsa ora olmalıdır, amma bizimkilər üçün “döyüş alnımıza yazılıb” kriptoqramması əsasdır, öyləmi?!.

Hanı sizlərin dövlət hesabına autizm sindromlu uşaqlara xidmət edən reabilitasiya mərkəzləriniz? Nədən bu reabilitasiya mərkəzlərində autizm sindromlu uşaqlara dərs deyən loqopedlərin, defektoloqların, psixoloqların, əmək və idman müəllimlərinin, bu uşaqlara gündəlik yaşam qaydalarını öyrədən təlimçilərin əmək haqları birbaşa dövlət tərəfindən ödənilmir?

Bəyəm bu uşaqlar Azərbaycan vətəndaşı deyillər? Bu uşaqlara hansı dövlət sahib çıxmalıdır, əfəndilər? Bəs deyirsiniz ki, “Azərbaycan Cənubi Qafaqazın ən inkişaf etmiş ölkəsidir”. Gedin baxın bu konuda qonşu Gürcüstan, Rusiya, Türkiyə nümunəsinə və özünüzdən utanmayacaq dərəcədə böyük olub Azərbaycanı bu məsələnin həllində bir labirintə soxmanızdan danışın….

Bu gün belə atəşfəşanlıqların işığında autizm sindromlu uşaqlarının valideyinlərinin göz yaşları parıldayır. Onlar da sizin kimi valideyinlərdir. Və bu valideyinləri mağmun duruma saldığınız üçün gücləri çatan göz yaşlarını gilələyib sizə yox, Allahın Özünə doğru atırlar. Siz o valideyinlərə zülm etməklə Allaha asi olmusunuz, Allaha! Autizm sindromlu uşaqlara laqeyd münasibət bəsləməklə asi olduğunuz Allahdan qorxun!
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr