DİQQƏT MƏRKƏZƏ: Vətən Savaşında 713 Həqiqətləri -BİRİNCİ HİSSƏ

Şahidlər və Şəhidlər 28-avq, 05:159 tv713 1 213 2







ƏHMƏDOV SÜLEYMAN RƏHİM OĞLU - ŞƏHİD


DİQQƏT MƏRKƏZƏ: Vətən Savaşında 713 Həqiqətləri -BİRİNCİ HİSSƏ






1940-cı il 5 yanvarda Göycə mahalının Ağzıbir kəndində anadan olub. 1947-1953-cü illərdə Azərbaycan türklərinin öz dədə-baba yurdlarından deportasiya edilməsi Əhmədovlar ailəsindən də yan keçmir.

Belə ki, 7 yaşlı Süleyman Əhmədov da 1947-ci ildə didərgin həyatına tuş gəlir. 7 il Göycə mahalında yaşadıqdan sonra o zamankı sovet hökumətinin formal olaraq adlandırdığı “köç siyasəti”nin şərtləri daxilində Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından türklərin deportasiyasına məruz qalanlardan biri də Əhmədovlar ailəsi olur. Yürüdülən mənfur siyasət nəticəsində Qərbi Azərbaycan torpaqlarından sürgün edilən türklər, o cümlədən Əhmədovlar ailəsi o zamankı Azərbaycan SSR-in Ağdaş rayonunda məskunlaşırlar. Onların dədə-baba yurdlarına da Livandan, Suriyadan gətirilən ermənilər yerləşdirilir. Yerli təbii şəraitə uyğunlaşa bilməyən Əhmədovlar ailəsi 3 il Ağdaşda yaşadıqdan sonra 1950-ci ildə yeni təşkil olunan Daşkəsən rayonuna köçmə məcburiyyətində qalırlar.

Orta təhsilini 1957-ci ildə Daşkəsən rayonunda bitirir. 1957-1959-cu illər arasında Saratov şəhərində sovet ordusu sıralarında daxili qoşunlarda həqiqi hərbi xidmətdə olub.

Ali təhsilli olub.

Hərbi xidmətini bitirdikdən sonra Saratov şəhərində hərbi məktəbdə oxuyur. Ali təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdır. Azərbaycana qayıtdıqdan sonra daxili qoşun hissələrinin tərkibində Ağdamda, Qobustanda və Bakının digər rayonlarında xidmət edib. 1974-cü ildə Bakıda xidmət edərkən hərbi hissə komandiri kimi fəaliyyət göstərib.

1990-cı ildən daxili qoşun hissələrindən təqaüdə çıxıb. Təqaüdə çıxandan sonra Nizami rayonunda 222 nömrəli məktəbdə hərbi rəhbər kimi pedaqoji fəaliyyətlə məşğul olub. Az müddətdən sonra Nizami rayonunun maarif şöbəsində hərbi müfəttiş kimi fəaliyyət göstərib.

Xocalı soyqırımından sonra öz hərbçi dostlarıyla birgə 1991-ci ildə yeni yaranan Şıxov batalyonuna yazılır. Milli orduya yazılan Süleyman Əhmədov yeni yaradılan 701 nömrəli briqadaya silah üzrə rəis təyin olunur. Bir müddət bu vəzifədə işləyəndən sonra Süleyman Əhmədov hərbçi dostlarıyla birgə Şəhidlər Xiyabanında and içib Daşaltı əməliyyatında iştirak etmək üçün ön cəbhəyə getmək məqsədilə hərbi rəhbərliyə müraciət edir. Ancaq silah üzrə rəis olduğu üçün Əhmədovun ön cəbhəyə yollanma istəyi müsbət şəkildə öz həllini tapmır və o, yenə də öz vəzifəsini icra etmək üçün tutduğu vəzifədə saxlanılır.

Şuşanın işğalından sonra Süleyman Əhmədov nəyin bahasına olursa olsun, ön cəbhəyə yollanmağı qət edir. Həmin dövrdə üç övladı olan Süleyman Əhmədov Kəlbəcər rayonunun Qılınclı kəndinə gəlir.

713 saylı tabora komandir təyin olunan Süleyman Əhmədov buradan Laçına yollanır. Laçın və Ağdərənin işğalçı Ermənistanın silahlı birləşmələrindən azad edilməsində iştirak edib, bu ərazidə aparılan əməliyyatlara birbaşa rəhbərlik edib.

1992-ci ilin oktyabrında Hoçaz yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına Şəhid olub.

Ailəli olub, üç övlad atası olub.

Süleyman Əhmədov Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidin adına Xətayi rayonunda küçə var.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!





RÜSTƏMOV MEHDİ HƏMDƏM OĞLU - ŞƏHİD








Mehdi Rüstəmov 1956-cı il 1 sentyabrda Laçın rayonunun Pircahan kəndində anadan olub.

1973-cü ildə orta məktəbi bitirdikdən sonra Bakıya gəlib. Bir müddət Bakıda fəhlə işləyib, sonra sovet ordusu sıralarına həqiqi hərbi xidmətə yollanıb.

Hərbi xidmətini başa vurduqdan sonra "Sovet Azərbaycanı" gəmi bərəsində işləyib.

1986-cı ildə Odessa Dəniz Mühəndisləri İnstitutunun qiyabi şöbəsinə daxil olub, ali təhsilini qırmızı diplomla başa vurur. Təhsil aldığı müddətdə "VİXR-2" yanğınsöndürən gəmisində mexanik işləyib.

Torpaqlarımız erməni separatçıları tərəfindən işğal olunan zaman DİN YM və ARDNŞ obyektlərinin YMİ-nin 52-ci "VİXR-11" gəmisinin mexaniki kimi çalışan daxili xidmət baş leytenantı Mehdi Rüstəmov da könüllü olaraq orduya yollanmaq qərarını verir. O zaman könüllü döyüşçülərdən ibarət 713 saylı taborun formalaşmasında birbaşa yaxından iştirak edib.

Yüksək hərbi potensiala və hərbi biliyə malik olan Mehdi Rüstəmov 713 saylı taborun qərargah rəisinin müavini vəzifəsinə təyin edilir. Mehdi Rüstəmov təyin olunduğu vəzifənin icrasına başladığı ilk gündən etibarən özünü cəsur və qorxmaz döyüşçü zabit kimi göstərib.

Döyüş planlarının hazırlanmasında yüksək strateji və taktiki keyfiyyətlər nümayiş etdirməklə Mehdi Rüstəmov keçirilən hərbi əməliyyatların uğurla başa çatmasında birbaşa iştirakçı olub. Bir hücum əməliyyatında 713 saylı taborun döyüşçülərinin Laçının Kürdhacı, Pircahan, Soyuqbulaq, Vağazin, Qorçu, Narınclar kəndlərinin erməni vəhşilərindən təmizlənməsi də belə döyüşlərdən olub.

Laçın və Ağdərənin bir çox kəndlərinin azad edilməsində şücaət göstərən Mehdi Rüstəmov döyüş zamanı gerçəkləşdirdiyi çevik planlara görə yüksək komandanlıq tərəfindən dəfələrlə təşəkkürlər alıb.

Hoçaz qayasının düşmənlərdən azad edilməsi Mehdinin sonuncu döyüşü olur. Bu döyüşdə Mehdi ağır yaralanır.
Qəlbi Vətən eşqiylə döyünən Mehdi 1992-ci il 6 oktyabrda Mehdi Rüstəmov Şəhidlik Zirvəsinə ucalıb.

Şəhidlik Zirvəsinə ucalan Mehdi Rüstəmovun 3 yaşlı oğlu və 7 yaşlı qızı atasız böyüyüb.

Şəhidimizin məzarı Bakıda Şəhidlər Xiyabanındadır.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!





QULİYEV VAQİF RZAQULU OĞLU - ŞƏHİD






Vaqif Quliyev 28 may 1956-cı ildə Laçın rayonunun İpək kəndində anadan olub.

1975-ci ildə orta məktəbi bitirdikdən sonra keçmiş sovet qoşunlarında hərbi xidmətə çağırılmış və xidmətini Monqolustanda başa vurmuşdur.

Respublika üzrə keçirilən güləş yarışlarında iki dəfə çempion olub.

1978-ci ildə Azərbaycan SSR-in 60 illiyi adına Xankəndi Pedaqoji İnstitutuna daxil olmuş və 1982-ci ildə həmin institutun tarix ixtisası üzrə tam kursunu bitirərək tarix və ictimaiyyət müəllimi ixtisasına yiyələnib.

Ali məktəbi bitirdikdən sonra təyinatla Laçın rayonu, Vağazin kənd orta məktəbinə tarix müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub. Az müddət ötəndən sonra isə Vaqif Quliyev həmin məktəbə direktor təyin edilir.

Sonradan pedaqoji fəaliyyətini öz arzusuyla doğma kəndində davam etdirmiş və bu məktəbdə dərs hissə müdiri kimi çalışmışdır.

Vaqif Quliyev 1991-ci ildə erməni separatçılarının işğalçı siyasətlərinə qarşı vuruşmaq üçün könüllü olaraq ordu sıralarına qoşulur, yeni formalaşan 713 saylı taborun tərkibinə daxil olur.

Yüksək hərbi potensial və yüksək fiziki hazırlığa malik olan Vaqif Quliyev komandanlıq tərəfindən bölük komandiri vəzifəsinə təyin edilir. Bölük komandiri kimi Vaqif Quliyevin hər zaman döyüşdə öndə olması tabeliyində olan əsgərlərə də ruh verib.

Vaqif Quliyev 713 saylı taborda ikinci bölüyün komandiri kimi Laçın və Ağdərə istiqamətlərində keçirilən bir çox hərbi əməliyyatlarda iştirak edib, torpaqlarımızın ermənilərdən təmizlənməsində şücaət göstərib. Göstərdiyi şücaətlərə görə komandanlıq tərəfindən dəfələrlə təşəkkürlər alıb.

1992-ci il sentyabr ayının 2-də Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüş zamanı qəhrəmancasına Şəhid olub.

Məzarı Bakıda Şəhidlər Xiyabanındadır.

Şəhid komandirin Beyrək adlı bir övladı var.

Döyüş yoldaşlarının Vaqif Quliyevin misilsiz şücaətləri qiymətləndirilmələrinə baxmayaraq, Şəhidə Milli Qəhrəman adı verilməsi hələ ki,  mümkün olmayıb.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!





HƏSƏNQULİYEV İMAN MEHTİQULU OĞLU - ŞƏHİD






1967-ci il sentyabr ayının 10-da Laçın rayonunun Pircahan kəndində anadan olub.

1974-1984- cü illər arasında Laçın rayonu, Pircahan kənd orta məktəbində oxuyub.

1986-1988-ci illər arasında Xabarovski vilayətinin Qalkino qəsəbəsində sovet ordusu sıralarında SSRİ daxili qoşunlarının xüsusi təyinatlı hərbi hissəsində xidmət keçib.

Hərbi xidmətini başa vurub Azərbaycana qayıtdıqdan sonra Pircahan kənd orta məktəbində və kolxozda əmək fəaliyyətinə başlayaraq müxtəlif işlərdə çalışıb.

1988-ci ildə Ermənistanın işğalçı ekspansiyası başlayarkən düşmən təxribatlarının qarşısının alınması üçün bütün operativ tədbirlərdə fəal iştirak edib.

1989-cu ildə İman anası ilə birlikdə Bakıdan Laçına gələrkən Xocalıda erməni işğalçıları onların gəldiyi avtobusun qabağını kəsərkən İman silahsız olmasına baxmayaraq milis işçiləriylə birlikdə onlarla qadın, uşaq və qocanın düşmən əlinə keçməməsi üçün xüsusi fəadakarlıq göstərmişdir.

1991-ci ildə Pircahan kəndinin gəncləriylə birgə rayon könüllü özünümüdafiə dəstəsinə qoşulub.

1992-ci ilin may ayında Laçın rayonu işğal olunandan sonra İman qardaşları və atası ilə birlikdə Laçın rayonunun ərazisini tərk etməmiş, Qorçu kəndi istiqamətində geri çəkilmişlər.

May ayının sonu iyun ayının əvvəllərində düşmənin Laçın rayonu ərazisində kəndlərimizin talan və qarət etmələrini, eləcə də kəndlərin yandırılmasını dəfələrlə müşahidə etmişdir.

1992-ci ilin yayında düşmənə qarşı döyüşlərdə iştirak etmiş, doğulub boya-başa çatdığı kəndini və rayonunu tərk etməyəcəyinə and içmişdir.

1993-cü ildə Laçın və Kəlbəcər rayonları işğal olunarkən öz doğma qardaşı Vüqar, Kamran bəy və onun oğlu İmanverdi, özünün də döyüşdüyü 713 saylı taborun digər qəhrəman döyüşçüləri ilə birlikdə Laçın və Kəlbəcər rayonu ərazisini tərk etməyərək axıra qədər döyüşmüşlər.

Həsənquliyev İiman Mehtiqulu oğlunun adına məhkəmə Qətnaməsinə əsasən 1993-cü il mart ayının 29-da Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə həlak olması barədə ölüm şəhadətnaməsi verilmişdir.

Həsənquliyev İman subay olub.

Qəbri və qəbirüstü abidəsi yoxdur, bu və ya digər formada adı əbədiləşdirilməyib.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!




HƏSƏNQULİYEV VÜQAR MEHTİQULU OĞLU - ŞƏHİD







1974-cü il iyun ayının 6-d Laçın rayonunun Pircahan kəndində anadan olub.

1981-ci ildə Pircahan kənd orta məktəbinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib.

1990-cı ildə sovet qoşunları adı altında paytaxt Bakıya 4 istiqamətdən yeridilən erməni daşnakları və rus hərbi birləşmələri tərəfindən törədilən 20 Yanvar qətliamından sonra Vüqarın çağırışıyla bütün məktəblilər öz komsomol biletlərini oda atmaqla elə məktəbin həyətindəcə bundan tonqal qalayırlar. Vüqarın Pircahanda qaladığı tonqal millətimizin azadlığı və erməni separatizminə qarşı mübarizəyə yönəli bir çağırış idi.

1991-ci ildə Vüqar məktəbi bitirəndə artıq 3 il idi ki, erməni işğalçıları Azərbaycana qarşı müharibəyə başlamışdılar. Orta məktəbi bitirdikdən sonra Vüqar bir neçə dəfə doğma yurdun müdafiəsi üçün Laçın özünümüdafiə batalyonunun rəhbərliyinə müraciət etsə də, yaşı tamam olmadığı üçün onu batalyonun sıralarına qəbul etməyiblər.

1992-ci il may ayının 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunandan sonra may ayının 9-u və 12-də Vüqar Laçın rayonunun özünümüdafiə batalyonunun rəhbərliyinin şəxsən yanına getməsinə baxmayaraq yenə də eyni cavabla qarşılaşıblar.

1992-ci il may ayının 18-də Laçın rayonu işğal olunarkən Vüqar qardaşları və atası ilə birlikdə Laçın rayonunu tərk etməmiş, rayondan şimal istiqamətə - Qorçu kəndinə qədər geri çəkilmişlər.

1992-ci ilin iyun ayında Vüqar Kəlbəcər rayonundan Bakıya gələrək yeni yaranan könüllülərdən ibarət 713 saylı taborun sıralarına yazılmış, öz döyüş yoldaşlarıyla qısa bir zaman ərzində Kəlbəcər rayonuna, iyun ayının axırındasa Laçın rayonu ərazisinə keçərək düşmənə qarşı döyüş əməliyyatlarına başlamışlar.

Həsənquliyev Vüqar 1992-ci ilin iyul-avqust ayları ərzində Laçın rayonunun Qorçu, Şamkənd, Çorman, Piçənis, Vağazin, Bülüldüz, Haqnəzər, Pircahan və digər kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuş, bir çox ərazilərimizin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Sonradan Vüqar da 713 saylı taborun Ağdərə rayonunun erməni işğalçılarından təmizlənməsi üçün keçirdiyi hərbi əməliyyatlarda digər vətən fədailərimiz kimi qəhrəmanlıqla döyüşmüşdür.

1992-ci il sentyabr-oktyabr aylarında 713 saylı taborun qəhrəman döyüşçüləri ilə birlikdə Laçın rayonunun Hoçazdağ yüksəkliyi uğrunda 28 gün davam etmiş qanlı döyüşlərdə qəhrəmanlıqla vuruşmuş, Hoçazdağ yüksəkliyini düşməndən təmizləyərək Ermənistandan Qarabağa gedən yolu tam nəzarətə götürmüşlər.

Laçın və Kəlbəcər rayonları işğal olunduqdan sonra Vüqar qardaşı İman, Laçın rayonunun tanınmış ağsaqqalı Kamran bəy və onun oğlu İmanverdi, eləcə də Laçın, Kəlbəcər və Azərbaycanın digər ərazilərindən olan döyüşçülərlə birlikdə bu əraziləri tərk etməmiş, vətən torpaqlarını özlərinə məzar seçərək orada qalmış və sonadək düşmənə qarşı döyüşmüşlər.

1993-cü il mart ayının 29-dan sentyabr ayının sonunadək Kəlbəcər rayonu Bəylik, Zülfüqarlı, Almalıx, Quzeyçirkin, Əsirlik, Tunel, Başlıbel, Qalaboynu, Şəkərəm, “Çovdar”, eləcə də Laçın rayonunun Oğuldərə, Dambulaq, Kaha, İmanlar, Hətəmlər, Şəlvə, Hacıxanlı, Narışlar və Bülövlük kəndlərində dəfələrlə düşmənlə qeyri bərabər döyüşə girərək vətən torpağı uğrunda sonadək döyüşmüşlər...

Həsənquliyev Vüqar Mehtiqulu oğlunun adına məhkəmə Qətnaməsinə əsasən 1993-cü il mart ayının 29-da Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə həlak olması barədə ölüm şəhadətnaməsi verilmişdir.

Şəhid Həsənquliyev Vüqar subay olub, qəbri və qəbirüstü abidəsi yoxdur.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!



 
NOVRUZOV RƏMZİ SİYAVUŞ OĞLU - ŞƏHİD






 
 
 
Novruzov Rəmzi Siyavuş oğlu 11 avqust 1971-ci ildə İsmayıllı rayonunun Basqal kəndində müəllim ailəsində anadan olub.

Rəmzi Siyavuş müəllimin ən böyük övladı idi.
 
1977-1988-ci illərdə Kamal Qasımov adına Basqal kənd orta məktəbində oxuyub.


1988-ci ilin sentyabr ayından 1989-cu ilin oktyabr ayınadək  Basqal kəndindəki kombinatda toxucu şagirdi və toxucu işləyib.

1989-1991-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Türkmənistanın Kuşka şəhərində ba.a vuraraq vətənə qayıdıb.

Hələ orta məktəbdə oxuyarkən Rəmzi müəllimlər qarşısında və sinif yoldaşları arasında özünəməxsus hörmət qazanıb. Məktəbi əla qiymətlərlə bitirən Rəmzi hüquqşünas olub haqqın keşiyində durmaq istəyirdi. Lakin erməni qəsbkarlarının torpaqlarımızda törətdiyi terror və qırğınlar onun başlıca arzusuna  yetməsinə mane oldu.


Əsgəri xidmətini başa vurub vətənə dönən Rəmzi erməni separatçılarının işğalçı siyasətlərinə layqli cavab vermək üçün ön cəbhəyə can atırdı. Kiçik qardaşi Anarın Milli Ordu sıralarında döyüşməsinə baxmayaraq, Remzi 1992-ci ilin may ayında könüllü olaraq yeni yaradılmış 713 saylı tabora yazılır. Döyüş yolu Laçın rayonu ərazisinin müdafiəsindən başlayan Rəmzi həm Laçının, həm də Ağdərə rayonunun bir çox kəndlərinin erməni işğalçılarından təmizlənməsində bir çox qərəmanlıqlar göstərib.

27 avqust 1992-ci ildə Rəmzi sinəsinden ağır yara almasına, komandirinin təkidinə baxmayaraq, döyüş sıralarını tərk etməmişdi.

Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüş Rəmzinin torpaqlarımızın azadlığı uğrunda son mücadiləsi olub.

2 sentyabr 1992-ci ildə Rəmzi başından aldığı ağır yaradan qəhrəmancasına Şəhid olub.

Hazırda Basqal qəsəbə tam orta məktəbi 1993-cü ildən Rəmzi Novruzovun adını daşıyır. Burada qəhrəman şəhidin büstü qoyulmuşdur.
Hərbi hissə komandiri və döyüş yoldaşlarının onun şücaətlərini qiymətləndirilmələrinə baxmayaraq, Şəhidə Milli Qəhrəman adı verilməsi indiyədək  mümkün olmayıb.

Rəmzi Novruzov Basqal kənd qəbiristanlığında dəfn olunub.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!





HƏSƏNOV ƏFİLAĞA ƏVƏZ OĞLU - ŞƏHİD







Həsənov Əfilağa Əvəz oğlu 1957-ci il iyun ayının 24- də Cəlilabad rayonunun Günəşli kəndində (keçmiş adı Pakrovka) ziyalı ailəsində dünyaya göz açıb.

Əfilağa 13 uşaqlı ailənin böyük övladı olub.

1964-1974 -cü illərdə doğulduğu kənddə olan 2 nömrəli orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən sonra Bakı maşınqayırma texnikumuna daxil olmuş və 1977-ci ildə buranı bitirmişdir.

1977-1979 cu illərdə Qazaxıstanın Çimkənd vilayətində həqiqi hərbi xidmətdə olub.

1985- ci ildə ailə həyatı qurub. .Bu izdivacdan 3 oğul övladı dünyaya gəlib.

Hərbi xidmətdən tərxis olunduqdan sonra Əfilağa Həsənov Bakı Elektroştamp zavodunda əmək fəaliyyətinə başlayır. Bu zavodda fəhlə kimi işə başlayan Əfilağa sex rəisi vəzifəsinə kimi yüksəlib.

1992- ci ildə könüllü olaraq ordu sıralarına yazılıb. Yeni formalaşan 713 saylı tabora daxil olan birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətində aparılan bir çox uğurlu əməliyyatda iştirak edib.

2 sentyabr 1992- ci ildə Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına Şəhid olub.

Məzarı doğulduğu Cəlilabad rayonunun Günəşli kənd qəbiristanlığındadır.

Hal hazırda məzunu olduğu 2 saylı orta məktəb onun adını daşıyır.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!






MƏMİYEV KAMİL QƏNİ OĞLU - ŞƏHİD








Məmiyev Kamil Qəni oğlu 1969-cu ildə Lacın rayonunun Hocaz kəndində anadan olub..

Hoçaz kənd orta məktəbini bitirəndən sonra Məmiyev Kamil 1989-1990-cı illərdə sovet qoşunlarının tərkibində həqiqi hərbi xidmətdə olub.

Ordudan tərxis olunduqdan sonra könüllü şəkildə 1991-ci ildən Laçin özünümüdafiə dəstəsində vətənin müdafiəsinə qoşulmuşdur.

Kamilin sonrakı döyüş yolu yeni formalaşan 713 saylı taborun tərkibində davam edir. Onunla birgə qardaşı Asəf də bu taborda döyüşür.
29 iyul 1992-ci ildə Hoçaz kəndi ugrunda gedən döyüşdə Şəhid olmuşdur.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!







MƏMİYEV ASƏF QƏNİ OĞLU - ŞƏHİD








Məmiyev Asəf Qəni oğlu 1974-cü ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub.

Asəf Məmiyev 1992-ci ildə Hoçaz kəndində oxuduğu orta məktəbdə təhsilini başa vurub. Elə həmin ilin iyun ayinda 713 saylı taborun tərkibində könüllü hərbi xidmətə başlayır.

Asəf Laçın rayonunun Pircahan kəndində qardaşi Kamilin xidmət etdiyi (Şəhid Vaqif Quliyevin komandir olduğu ikinci bölük) könüllülərdən ibarət 713 saylı taborun döyüşçülərinə qoşulmuş və döyüşlərdə iştirak etmişdir.

29 iyul 1992-ci ildə bu bölük Hoçaz kəndinə daxil olaraq erməni separatçıları ilə qəhrəmancasına döyüşmüşdür. Asəf və Kamil qardaşlarının da iştirak etdikləri bu döyüşdə erməni snayper tərəfindən açılan atəş nəticəsində 7 nəfər döyüşçümüz Şəhid olur. Kamil və Asəf qardaşları da həmin döyüşçülərlə birgə Şəhidlik mərtəbəsinə yüksəlirlər.

Şəhid qardaşların valideyinləri və qohumlari Tərtər rayonunun Ələsgərli kəndində məskunlasdiqlarina görə onlar da həmin kənd qəbiristanlıginda dəfn edilmislər.

Onların adi Hocaz kənd kitabxanasina verilərək əbədiləsdirilmisdir.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!





ƏLİYEV TEYMUR VƏLİYAR OĞLU - ŞƏHİD








1972-cil may ayının 27-də Zaqatala rayonunun Əliabad qəsəbəsində anadan olub.

1979-1989-cu illərdə doğulduğu Əliabad qəsəbəsində yerləşən orta məktəbdə oxuyub.

Məktəbi bitirdikdən sonra 1989-cu ildə sovet ordusuna həqiqi hərbi xidmətə yollanır.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini görən Əliyev Teymur sovet ordusu sıralarından qaçaraq könüllü olaraq Azərbaycanın özünümüdafiə qüvvələrinin tərkibinə qatılır.

Teymur elə ilk günlərdən komandir heyətinin diqqətini özünə cəlb edir. Onun həm fiziki potensialı, həm də ən çətin situasiyalarda belə operativ qərar çıxarma bacarığı keçirilən hərbi əməliyyatlarda kəşfiyyatçı kimi köməyinə gəlir.

Əliyev Teymur 713 saylı taborun tərkibində Laçın rayonunun bir çox kəndlərinin düşmən tapdağından azad edilməsində iştirak edib.

Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına Şəhid olub.

Subay olub.

Şəhid Əliyev Teymurun məzarı doğulub boya-başa çatdığı Zaqatala rayonunun Əliabad kəndindədir.

Qəsəbənin mərkəzi küçəsinə Şəhid Əliyev Teymurun adı verilib.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!




BABAVERDİYEV VÜQAR XASAY OĞLU - ŞƏHİD








Babaverdiyev Vüqar Xasay oğlu 18 iyul 1969-cu ildə Laçın rayonunun Minkənd kəndində anadan olub.

1976-1986-cı illərdə anadan olduğu Minkənd kənd orta məktəbində oxuyub. Məktəb illərində öz vətənpərvərliyi, sözə sadiqliyi və yoldaşlarıyla münasibətdə səmimiliyi ilə yaşıdlarından seçilib.

1987-1989-cu illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Özbəkistanda başa vurub.
Sovet ordusu sıralarından tərxis olunduqdan sonra doğma kəndinə qayıdıb təsərrüfatla məşğul olur.

Orta təhsilli olub.

Erməni separatizminin baş qaldırdığını görən Vüqar özünümüdafiə dəstəsinin tərkibində azadlıq mübarizəsinə qoşulur.

Könüllü olaraq 1992-ci ildə yeni formalaşan 713 saylı taborun şəxsi heyətinin tərkibinə daxil olur. 2-ci bölükdə xidmət edib. Laçın rayonunun bir çox kəndlərinin azad edilməsində qəhrəmanlıqlar göstərib.

Babaverdiyev Vüqar 1992-ci ilin 29 iyulda Hoçaz kəndi uğrunda gedən döyüşdə 7 nəfər səngər yoldaşıyla birgə qəhrəmancasına Şəhid olub.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhid Babaverdiyev Vüqarın ailəsi hazırda Bakıda Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki 17 saylı texniki peşə litseyinin yataqxanasında məskunlaşıb.

Minkənd kənd mədəniyyət evi Şəhid Babaverdiyev Vüqarın adını daşıyır.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!




ƏHMƏDOV MƏMMƏD TAHİR OĞLU - ŞƏHİD







Əhmədov Məmməd Tahir oğlu 10 mart 1969-cu ildə Laçın rayonunun Piçənis kəndində anadan olub.

1976-1986-cı illərdə Piçənis kənd orta məktəbində oxuyub.

Məmməd ailədə tək uşaq olub.

Məktəbi bitirdikdən sonra ailə vəziyyətlərinin ağır olduğunu görən Məmməd iş dalınca Rusiyaya yollanır. Bir müddət Rusiyada işləyib ailəsinin təminatını ödəyib.

Rusiyada dərc edilən "Vesti" qəzetinin səhifələrindən erməni terrorçularının Azərbaycana qarşı işğal siyasəti haqqında məlumatı oxuyan Məmməd dərhal Laçına, doğma kəndlərinə qayıdır.

Rusiyadan qayıdan Məmməd elə səhəri günü özünümüdafiə dəstəsinin tərkibində doğma yurdu qorumağa başlayır.

Əhmədov Məmməd sonradan təzəcə formalaşan 713 saylı tabora daxil olan 3-cü bölüyün tərkibində Laçının bir çox kəndlərinin azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edib.

Hoçaz dağı uğrunda gedən döyüş Əhmədov Məmmədin son döyüşü olub. Məmməd bu döyüşdə qəhrəmancasına Şəhid olub.

Məzarı Bakıda, Şəhidlər Xiyabanındadır.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!




MEHTİYEV SOLTAN NÜSRƏT OĞLU - ŞƏHİD








Mehtiyev Soltan 6 yanvar 1971-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub.

1977- 1987-ci ildə Kəlbəcər rayonunun Oruclu kənd orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən sonra 1988 - 1990-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Perm şəhərinin daxili qoşun birləşmələrində xidmət edib.

Hərbi xidmətini başa vuran Soltan dərhal artıq o dövrdə baş qaldıran erməni separatizminə qarşı mübarizə aparmaq üçün yerli özününmüdafiə batalyonunun tərkibinə daxil olur.

Onun döyüş yolu yeni formalaşan 713 saylı taborun tərkibində Laçının müdafiəsindən başlayıb. Kəşfiyyat bölüyündə ermənilərə qarşı döyüşüb.

Laçın və Ağdərə istiqamətlərində gedən bir çox hərbi əməliyyatlarda iştirak edib.

Həsənlı, Umudlu, Qozlu körpüsü, Çıldıran kəndlərinin azad edilməsində xüsusi qəhrəmanlıq göstərərək çətin vəziyyətə düşmüş hərbçi yoldaşlarını xilas edib.

Mehtiyev Soltan Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən ağır döyüşdə 2 sentyabr 1992-ci ildə qəhrəmancasına Şəhid olub.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!





SARIYEV ƏLÖVSƏT HƏMİD OĞLU - ŞƏHİD







Əlövsət Sarıyev 07.07.1967-ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub.

Şəhid qardaşımızın tərcümeyi-halından bəlli olur ki, Əlövsət 01.09.1974-cü ildə Laçın rayonunun Vağazin kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş və 1984-cü ildə həmin məktəbin 10 -cu sinfini bitirib. Məktəbi bitirəndən sonra Əlövsət bir il istehsalatda çalışıb.

İstər məktəbli dostları olsun, istərsə də istehsalatda işlədiyi iş yoldaşları onun haqqında hər zaman müsbət fikirdə olduqlarını bildirirlər

Onu da qeyd edək ki, Əlövsətin atası Sarıyev Həmid Müseyib oğlu və anası Sarıyeva Bacıxanim Məcid qızı 3 bacı və 3 qardaş olmaqla VƏTƏNƏ layiqli övlad olan 6 uşaq tərbiyə ediblər. Yaxınlarının bildirdiklərinə gör Əlövsət orta təhsilli olsa da, ancaq erməni qəsbkarlarının tarixən satqın, riyakar xislətlərinə çox gözəl bələd idi.

Əlövsət 1985-ci ildə sovet ordu sıralarına hərbi xidmətə çağırılmış, 2 il müddətində sovetlər birliyinin Tambov vilayətində xidmət etmişdir. Azərbaycan torpaqları ermənilər tərəfindən işğal ediləndən sonra Əlövsət 1992-ci ilin may ayında könüllü olaraq yenicə formalaşan 713 saylı taborun tərkibində yenidən hərbi xidmətə yollanıb. İkinci bölüyün komandiri komandiri Vaqif Quliyev, əsgər yoldaşları Səməd Aydınoğlu, Ramiz Rəhimoğlu, Müzəffər Əfqanoğlu və digər yoldaşları ilə doğma yurd- yuvası olan Laçın rayonunun müdafiəsində, eyni zamanda Susuzdağ, Hoçazdağ, Ağdərə istiqamətində gedən qızğın döyüşlərdə iştirak etmişdir.

Əlövsət Sarıyev Hoçaz dağında gedən qeyri-bərabər döyüşdə 06.10.1992-ci ildə qəhrəmancasına Şəhid olmuş və döyüş yoldaşları tərəfindən öz doğma yurdu olan Laçın rayonu, Vağazin kənd qəbiristanlığında dəfn edilib.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!





MUSAYEV RAMİZ RƏHİM OĞLU - ŞƏHİD






Musayev Ramiz 15 noyabr 1962-ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub.

1971-ci ildə Laçın rayon Vağazin kəndində orta məktəbin birinci sinfinə daxil olan Ramiz 1980-cı ildə həmin məktəbin onuncu sinfini bitirib.
Ramiz orta məktəbi başa vurduqdan sonra Rusiya vilayətinin Rostov şəhərinə gedib. Orada işləyə-işləyə həm də sürücülük məktəbinə daxil olub.

1982-1984-cü illərdə sovet ordusu sıralarında xidməti başa vurduqdan sonra Ramiz Azərbaycana qayıdır. Bakı Qafqaz Enerjiquraşdırma Trestində sürücü düzəlib və həmin qarajda sürücülük fəaliyyətilə məşqul olub...

1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Füzuli rayonu ərazisindəki cəbhə xəttinə yollanıb...

Döyüşcü yoldaşları şəhid olduqdan sonra Ramiz iş yoldaşları, əslən Biləsuvardan olan İmanov Elşad və əslən Tovuzdan olan Yunanov Şahlarla birgə Laçın rayonunda yerləşən 713-saylı taborun tərkibinə daxil olurlar.

Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

22.09.1992- ildə Hocaz dağı yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.

Musayev Ramizin ölümündən sonra bir qızı və bir oğlu Vətənə əmanət qalıb.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!





QULİYEV XASAY QAÇAY OĞLU - ŞƏHİD







Quliyev Xasay Qaçay oğlu 22.02.1957-ci ildə Bakı şəhərində anadan olub. O, 1980-ci ildə Bakı şəhəri Xəzər rayonunda (keçmiş Əzizbəyov rayonu) yerləşən 27 nömrəli məktəbi bitirəndən sonra “Azəriqaz” Geofizika İdarəsində sürücü kimi işləyib.

1982-ci ildə ailə həyatı qurub. Hazırda onun bu evlilkdən iki övladı var.

Qızı Bakı Texniki Kollecin mühasibat fakültəsini, oğlu isə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və münasibətlər fakültəsini bitirib.

Quliyev Xasay məlum hadisələr başlayanadan sonra könüllü olaraq ordu birləşmələrinə qoşulub. Onun üçün vətən adı hər şeydən uca idi. O canından çox sevdiyi vətənin müdafiəsi üçün bütün döyüş yoldaşları kimi öz ailəsini Vətənə əmanət qoyub yurdun müdafiəsinə yollanıb. Çünki o düşmənin məkrli olduğunu tarixdən bilirdi.

Xasayın babası Qərbi Azərbaycanın Sisyan rayonunun Şəki kəndindən olub. Babası Quliyev Surxay çar Rusiyası tərəfindən güllələndikdən sonra, nənəsi Gülarə xanım kəndi tərk edərək Laçın rayonunda məskunlaşıb.

Erməni işğalı Xasayın anasıgildən də yan keçməyib. Belə ki, Anası Gülpəri xanımın doğulduğu Qubadlı rayonu da işğalçıların təcavüzünə məruz qalmışdır. Bir zamanlar dostlarıyla Dağüstü Parkda 20 Yanvar Şəhidlərinə məzar qazarkən “kaş ki mənim də məzarım burada olaydı” - deyə arzu edibmiş Xasay.

1992- ci ildə Xasay da 713 saylı taborun tərkibində erməni işğalının qarşısını almaq üçün savaşlara qatılıb, Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib.

Quliyev Xasay 21.08.1992-ci ildə Ağdərə rayonunun Qızılqaya (Arutunaqomer) kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına Şəhid olub.

Məzarı Bakıda Şəhidlər Xiyabanındadır.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!





ƏMİROV SƏMƏD AYDIN OĞLU - ŞƏHİD








10.03.1972-ci ildə Laçın rayonunun Bozgüney kəndində anadan olub.

1979-1991-ci illəırdə Laçın rayon Vağazin kənd orta məktəbində oxuyub.

Orta təhsilli olub.

12.07.1992-ci il tarixdə müstəqil Azərbaycanın ordu sıralarına çağırılıb. 713 saylı taborun ikinci bölüyündə xidmətə başlayıb.

Əmirov Səməd 29.07.1992-ci ildə Laçın rayonu, Hoçaz kəndi uğrunda gedən döyüşdə Şəhid olub.

Şəhidimizin qəbri Laçın rayonu Vağazin kənd qəbiristanlığındadır.

Şəhidimizin üç qardaşı, iki bacısı var.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!







XASİYEV MAHMUD ALLAHVERDİ OĞLU - ŞƏHİD







Xasiyev Mahmud Allahverdi oglu 1960-ci il 14 noyabrda Gurcustan Respublikası, Dmanisi rayonunun Şindilər kəndində anadan olub.

1968-1978-ci ilərdə Şindilər kənd orta məktəbində oxuyub.

1980-1983-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Xidmətini Ukraynada başa vurub.

Hərbi xidmətini başa vurduqdan sonra Mahmud Xasiyev dogma Şindilər kəndinə qaydib.

Orta təhsilli olub.

1984-cü ildə ailə həyatı qurub.

Ailə həyatı qurduqdan sonra işləmək üçün Rusiyaya yollanır.

1990-cı ildə Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonunda yerləşən Naximov küçəsində ev alıb. Ailəsini Bakı şəhərində yerləşdirdikdən sonra yenidən işləmək üçün Rusiyaya yollanır.

1992- ci ildə Bakıya qayıdır.

1992-ci ilin avgust ayında könüllü olaraq erməni işğalçılarına qarşı yeni formalaşan 713 saylı taborun tərkibinə daxil olur. 713 saylı taborun birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən bir çox uğurlu hərbi əməliyyatlarda iştirak edib.

1992-ci il oktyabrın 19-da Lacin rayonunda Hoçaz dağı uğrunda gedən döyüşdə qəhrəmancasına Şəhid olub.

Mahmud Xasiyevin iki övladı hal-hazırda Bakı şəhərində yaşayır.

Məzarı Baki şəhərində, Şəhidlər Xiyabanındadır

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!





QİYASOV MÜZƏFFƏR ƏFQAN OĞLU - ŞƏHİD










3 mart 1970-ci ildə Laçın rayonu, Bozgüney kəndində anadan olub.

1978-1988-ci illərdə Laçın rayonu, Vağazin kənd orta məktəbində oxuyub.

1988-1990-cı illərdə sovet ordusu sıralarında xidmət edib.

13.07.1992-ci ildə 713 saylı taborun tərkibinə daxil olur. Bir sıra hərbi əməliyyatlarada iştirak edib.

Qiyasov Müzəffər 29.07.1992-ci ildə Laçın rayonu, Hocaz kəndi uğrunda gedən döyüşdə Şəhid olub.

Bir qardaş və bir bacısı var.

Şəhidimiz Laçın rayonu Vağazin kənd qəbiristanlığında dəfn edilib.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!






SƏFƏRƏLİYEV BƏHMƏN ÇƏRKƏZ OĞLU – ŞƏHİD






10 yanvar 1961-ci ildə Laçın rayon Pircahan kəndində anadan olub.

1968-1976-cı illərdə Pircahan kənd orta məktəbində oxuyub.

Bəhmən Səfərəliyev orta təhsilli olub.

1976-1978-ci illərdə təhsilini Şuşa şəhər Texniki Peşə məktəbində davam etdirib.

1979-1981 ci-illər arasında Rusiyanın Xabarovski Vilayətində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Sovet ordusundan tərxis olunduqdan sonra Bəhmən Səfərəliyev doğma Pircahan kəndinə qayıdaraq ailə həyatı qurur, bir müddət sonra ailəsiylə birlikdə Bakıya köçür.

Ailəli olub, iki oğlu, bir qızı var.

Bakıda Qanköçürmə İnstitutunda sürücü işləyib.

Bir müddət Bakıda işlədikdən sonra Bəhmən Səfərəliyev yenidən Laçın rayonuna – Pircahan kəndinə qayıdır. Pircahana qayıtdıqdan sonra doğma kənddə müxtəlif işlərlə məşğul olub.


1992-ci il may ayının 18-də Laçın rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunanda ailəsini Bakıya gətirib Xırdalan qəsəbəsində doğmalarının yanında yerləşdirərək böyük qardaşı Səfərəliyev Mehman Çərkəz oğlu və özündən kiçik qardaşı Səfərəliyev Rəhim Çərkəz oğlu ilə birlikdə könüllü olaraq yeni yaradılan 713 saylı taborun tərkibinə daxil olub doğma yurdun müdafiəsinə yollanır. Bir çox uğurlu hərbi əməliyyatlarda iştirak edir.

1992-ci il sentyabrın 18-də Laçın rayonu, Hoçaz kəndi uğrunda gedən döyüşdə yaralı əsgərlərimizin aktiv döyüş zonasından çıxarılmasında Bəhmən Səfərəliyev idarə etdiyi UAZ markalı maşınla xüsusi rəşadət göstərmiş, bir çox əsgərlərimizin həyatını xilas etmişdir. Sonda iki döyüş yoldaşını xilas edib Höçaz yüksəkliyindən qayıdarkən Bəhmənin idarə etdiyi UAZ markalı maşın minaya düşür. Bir ayağını itirmiş Bəhmənə qardaşı Mehman Səfərəliyev və döyüş yoldaşları ilkin yardımı göstərib onu səyyar həkim məntəqəsinə çatdırsalar da, çoxlu qan itirdiyindən həyatını xilas etmək mümkün olmur. Beləcə Səfərəliyev Bəhmən Çərkəz oğlu gözlərini əbədi yumub Şəhidlik Zirvəsinə yüksəlir.

Məzarı Bakı şəhərində Şəhidlər Xiyabanındadır. Bəhmənin mübarək cisminin bir parçası döyüş yoldaşları tərəfindən doğulub boya başa çatdığı Pircahan kəndində basdırılıb.

Bu gün Pircahan kənd orta məktəbi ilk Şəhidi olan Bəhmən Səfərəliyevin adını daşıyır.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!




SƏMƏDOV SƏMƏD KƏRİM OĞLU – ŞƏHİD







1973-cü il iyul ayında Laçın rayonunun Pircahan kəndində anadan olub.

1980-1990-cı illər arasında Pircahan kənd orta məktəbində oxuyub. Məktəbin bütün ictimai tədbirlərində
ən fəal iştirak edən şagirdlərdən olub.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü, eləcə də Bakıda və ətraf rayonlarda sovet ordusunun törətdiyi qanlı Yanvar qətliamından sonra Səməd komsomal təşkilatının sıralarını tərk edərək öz biletindən imtina edib.

1991-ci ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılaraq Almaniyaya göndərilir. Xidmət müddətində Azərbaycanda gedən milli azadlıq hərəkatı və yeni yaranan ordumuz barədə məlumat aldıqdan sonra digər həmvətənlərimiz kimi Səməd də Azərbaycana qayıtmış, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan yeni yaranan 713 saylı taborun sıralarına qoşulur.

Onun döyüş yolu Laçın, Ağdərə və Kəlbəcər istiqamətlərində aparılan hərbi əməliyyatlardan keçib.

1992-ci ilin iyul-avqust aylarında Laçın rayonunun Piçənis, Vağazin, Haqnəzər, Bülüldüz, Pircahan və Hoçaz, Ağdərə rayonunun Getavan, Arutunaqamer və Vəng kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdür.

1992-ci ilin sonlarında 713 saylı tabor ləğv edildikdən sonra xidmətini 811 nömrəli hərbi hissədə davam etdirib.

1993-ci il aprel ayının 1-də Laçın rayonunun Piçənis kəndində döyüşçü öz sinif yoldaşı Laçın rayonunun Pircahan kəndindən olan Ağakişiyev Seymur Qəhrəman oğlu ilə birlikdə düşmən mühasirəsinə düşmüş və sona qədər döyüşərək qəhrəmancasına Şəhid olublar.

Qəbri və qəbirüstü abidəsi yoxdur. Bu və ya digər formada adı əbədiləşdirilməyib.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!





ƏLİYEV CAMAL İLYAS OĞLU - ŞƏHİD







Əliyev Camal İlyas oğlu 1961-ci ildə Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə orta məktəbdə oxuyub.

1978- ci ildə sovet ordusuna həqiqi hərbi xidmətə çağırılıb. 1980-ci ildə hərbi xidmətini başa vuraraq vətənə dönüb.

Orta təhsilli olub.

Hərbi xidmətini başa vurduqdan sonra ayrı-ayrı vaxtlarda həm Azərbaycanda, həm də Rusiyanın ayrı-ayrı şəhərlərində sürücü kimi işləyib.

1988-ci ildən etibarən açıq müstəviyə çıxan erməni separatizmi digər soydaşlarımız kimi Camalın da Vətənin müdafiəsinə qalxmasına səbəb olub. Camal da erməni separatçılarına layiqli cavab vermək üçün yerli özünümüdafiə dəstələriylə birgə canıyla, qanıyla vətənə sipər olub.

Əliyev Camal 1992- ci ildə könüllü olaraq yeni formalaşan 713 saylı taborun sıralarına qoşulur. Laçın rayonunun bir çox kəndlərinin düşmən tapdağından azad edilməsində qəhrəmanlıqlar göstərib.

1992-ci il 5 avqustda Pircahanda qəhrəmancasına Şəhid olub.

Ailəli olub, Camal Şəhidlik Zirvəsinə ucalandan sonra Səbuhi və Cabbar adlı iki oğul övladı atasız böyüyüb.

Şəhidimizin məzarı Bakıda Şəhidlər Xiyabanındadır.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!






MƏMMƏDOV SARVAN MƏMMƏD OĞLU – ŞƏHİD








1969-cu il 27 mart tarixində Laçın rayonu Şamkənd kəndində anadan olub.

1976 -1986-cı illərdə Şamkənd tam orta məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra elə həmin il Laçin rayon hərbi komissarlığının gondərişi ilə Xankəndi şəhər peşə məktəbində sürücülük peşəsinə yiyələnib.

1987-ci ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çagırılıb.Hərbi xidmətə Bakı şəhəri Salyan kazarmasında başlamış və 1988-ci ildə məlum Sumqayıt hadisələrinin yatırılmasında fəal iştirak edib. Salyan kazarmasında erməni əsgərlərilə milli zəmində yaranmış gərginliyin artdığını nəzərə alaraq polkun komandiri general mayor İsrafilovun koməkliyi ilə bir neçə azərbaycanlı əsgəri, o cümlədən Sarvan Məmmədovu Rusiyanın Rostov vilayətinə ezam ediblər və qalan xidməti borcunu Rostov vilayətində də başa vurub.

1989-cu ildə sovet ordusundan tərxis olunduqdan sonra Bakı şəhərində sürücü kimi işə başlayıb. “Kamaz” markalı maşınla əsasən Rusiya istiqamətində yükdaşıma ilə məşğul olub.

Erməni separatizmi baş qaldırandan sonra 1992-ci ildə könüllü olaraq orduya yazılır. 713 saylı taborun tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

1992-ci il avqust ayının 5- də Pircahan kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına Şəhid olub.

Hal-hazırda Məmmədov Sarvanın məzarı Bakı şəhəri Şəhidlər Xiyabanında yerləşir.

Ölümündən sonra onun sevimli idman müəllimi Şamkənd kənd orta məktəbinin direktoru Cahangirov Abdulla Şəfi oğlunun müraciətini nəzərə alaraq Nazirlər Kabinetinin fərmanı ilə onun oxuduğu Şamkənd orta məktəbi Məmmədov Sarvanın adını daşıyır.

Əfsuslar olsun ki, hələ də o məktəb fəaliyyətdə deyil.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!




NİFTALIYEV AĞASƏF HƏBİBULLAH OĞLU - ŞƏHİD










Tarix boyu Vətənimizi var edən də elə bu torpaq uğrunda canlarını fəda edən igidlərimiz olub. Yurdun azadlığı uğrunda savaş meydanlarına girib son damla qanına qədər döyüşərək mübarizə aparan bu igidlər tarixin kəşməkeşli dönəmlərində Vətənimizin ayaqda durmasını hətta gərəkəndə belə canlarıyla təmin etməyi bacarıblar. Nə qədər acınacaqlı olsa da, belə əzablı yollarla adlamağın özü də sanki Azərbaycanın, Azərbaycan İnsanının alın yazısına çevrilib. Bütün məhrumiyyətlərə baxmayaraq yurd sevdası, Vətən sevgisi qəhrəmanlarımızı döyüş meydanına səsləyib. O igidlıər Vətəni özlərinə baba biliblər, o igidlər Vətəni özlərinə bala biliblər. Vətənin hər daşı, hər kəsəyi o igidlərimizə babalarımızın öygüsünü, duasını çatdırıb. Vətənin hər daşını, hər kəsəyini o igidlər heç üzünü belə görmədikləri körpə çağaları kimi əzizləyiblər...


AĞASƏF HƏBİBULLAH OĞLU NİFTALIYEV o öygünü duyanlardan, Vətən torpağını üzünü belə görmədiyi körpəsi tək əzizləyənlərdən olub.

Atası Həbibullah kişi, anası Gülnaz xanım körpə vaxtı Ağasəfi necə əzizləyibdilərsə, onun canına hopan bu doğmalığı böyüyəndən sonra Ağasəf də öz yurduna göstərib....

Ucar rayonunun Şahlıq kəndində dünyaya göz açan Ağasəf ailənin ortancıl oğlu olub. Ömür yoluna gah Ağdam rayonunda, gah Bakıda, gah Daşkənddə, gah Alma-Atada, gah Əfqanıstanda, gah da doğma yurdumuzun cənnət guşələrindən olan Laçınımızda, Ağdərəmizdə, Tərtəruimizdə rast gəlirik. Bu ömür yoluna diqqət edəndə yolların özü bizə Ağasəfin taleyini nəql edir. Son məqsədə, son amala doğru aparan bu yollarda Ağasəf olmazın ağrı, acılar çəkib heç kəsə bildirmədən, çox qaranlıqları adlayıb keçib. Həyatında onu sıxan anlar olub bu yollar, Ağasəfin taleyində də bu yollar kimi gah daralmalar, gah da genişlənmələr, gah enişlər. gah da yoxuşlar olub...

Səkkizillik təhsilini Ağasəf öz doğma kəndində - Ucarın Şahlıq kəndində başa vurub. Təhsilini davam etdirmək üçün Ağasəf qohumlarının yanına – Ağdaşa getsə də, çox keçmir ki, Şahlıq kəndində orta məktəb açıldığına görə yenidən doğma kəndə qayıdır, orta məktəbi əla qiymətlərlə oxuyur. Nümunəvi davranışı, yüksək səviyyəli təhsili ilə həm müəllimlərin, həm də məktəb yoldaşlarının hörmətini qazanır...

Məktəb illərində onu kənd qızlarına xas olan “qorxa-qorxa sevən” sinif yoldaşı Mətanət xanımın söylədiklərindən bəlli olur ki, Ağasəf lap hələ aşağı sinifdə oxuyanda ətrafa qarşı çox diqqətcil və mehriban olub. Yay tətili zamanı ayrılığa dözə bilməyən uşaqların kəndin ortasındakı dükanın qarşısına toplanıb oynamalarından danışan Mətanət xanım dördüncü sinifdə çəkdirdikləri ilk şəkilini tarixçəsindən belə danışır: “Onda biz də şəkl çəkdirmişdik. Şəkilimizi alan gün bir-birimizə xeyli baxmışdıq. O zaman sevginin nə olduğunu anlamırdıq. Bircə onu bilirdik ki, bir-birimizi görməyəndə çox darıxırdıq”...

İllər ötür, zaman keçdikcə Mətanətlə Ağasəf arasında olan gizli sevgi də böyüyür. Günün birində Ağasəf Mətanət xanıma bir kitab və bir açıqca hədiyyə edir 8 martda. Və beləcə bir sevginin təməli qoyulur. Sevgi məktubları bir-birinin ardınca düzülür. Ağasəfin balaca bacısı Kəmalə bu oyunda kiçik poçtalyon olaraq öz “işi”inin – məktub daşımağın öhdəsindən məharətlə gəlir...

İndiki Neft Akademiyasına daxil olan Ağasəf çətin durumu nəzərə alaraq ali təhsilini axşam şəbəsində davam etdirib gündüzlər işləyir...

1986-1988-ci illərdə Ağasəf sovet ordusu sıralarında Əfqanıstanda döyüş yolu keçir. Bu illər ərzində Ağasəflə Mətanət arasında yazışmalar səngimir. Mətanət xanım özününün deməsinə görə Ağasəfdən 39 məktub alır. Hətta bu yazışmalardan kənd camaatı duyuq düşməsin deyə poçtla bir “razılaşma” da əldə olunur..

Mətanət xanım 09.11.1988-ci ildə Ağasəfdən sonuncu məktubu alır. Özünün dediyinə görə Mətanət xanım Ağasəfin Əfqanıstandan sağ qayıtmasına görə 25 manat nəzir də boyun alıbmış. Çox keçmir ki, Mətanət xanımın bu istəyi gerçəkləşir və günün birində “Net tebya prekrasnıy” ətiri əsgər hədiyyəsi timsalında Mətanət xanıma verilir Ağasəfin əliylə. “O ətiri indiyə kimi saxlayıram” deyir Mətanət xanım. Elə ikilikdə çəkilən ilk şəkil də o zaman ərsəyə gəlib. İndi o günləri göz yaşlarıyla xatırlayan Mətanət xanım “birlikdə mandarin yeməyin başqa ləzzəti var imiş” deyir...

Ağasəfin Əfqanıstandan sağ-salamat geri dönüşüylə bağlı Həbibiullah kişi ilk qurbanını kəsir. O qurbanlığı kəsəndə Həbibullah kişi haradan biləydi ki, Ağasəf özünü bu yurd, bu torpaq, bu Vətən uğrunda qurban verəcək...

1990-cı ilin qanlı yanvar gecəsinin dəhşətlərini, vəhşətlərini yaşayanlardan biri də Ağasəf olub. Ağasəfin güllədən deşilən plaşı, pencəyi və yaralanan qoluna məlhəm qoyan da Mətanət xanım olub. Kənddə Ağasəfi ölmüş biliblər. Həqiqətlər üzə çıxandan sonra Həbibullah kişi 1990-cı il 27 yanvarda ikinci qurbanını kəsir. Və nəhayət 4 mart 1990-cı ildə Ağasəfin qohum əqrəbası elçi daşının üstündə otururlar. Beləcə bir xoşbəxt ailənin təməli qoyulur...

Mətanət xanım deyir ki, “həyatda ilk dəfə risq edib 27 dekabrda Ağasəflə bir yerdə, bir maşında kəndə yola düşüb”. Bu tarix iki gəncin yaddaşına əbədi həkk olur, hər ilin 27 dekabr tarixində birgə şəkil çəkdirmək bir ənənəyə çevrilir. Amma neyləmək ki, həyat bu xoşbəxtliyi də onlara çox görür.
Bu xoşbəxt cütlüyə 23 noyabr 1991-ci ildə toy-büsat qurulur. 1992-ci il 15 fevralda Ağasəf Bakıdakı təzə mənzilinin qapısını öz ailəsinin üzünə açır. Binəqədi NQÇİ-nin kompressor sexində işləyən Ağasəfin 1992-ci il 25-dən 26-na keçən gecə erməni və rus hərbi birləşmələri tərəfindən vəhşicəsinə həyata keçirilən Xocalı soyqırımından sonra bütün gülüşləri sanki üzündən qeybə çəkilir, yox olur. Əfqanıstanda keçdiyi döyüş yolu Ağasəfi səngərə səsləyir....

Və nəhayət 1992-ci il 10 mayda Ağasəf öz Mətanətinə “mən cəbhəyə gedirəm” xəbərini verir...

Arzuları təzə-təzə tumurcuqlayan Mətanəti öz kiçik bacısının ümidinə qoyub 17 mayda təlim-məşq zonası olan Üçtəpəyə, oradan da 13 iyunda Laçına yola düşür Ağasəf...

Mətanət xanımın söylədiklərindən: “14 iyul tarixini həmişə arzulayırdım ki, ad günlərimizi birlikdə öz evimizdə keçirək. Mənim sevimlimsə bəlkə də heç bilmirdi ki, bu gün onun ad günüdür. 24 yaşı tamam olurdu Ağasəfin o günü”...

Ancaq Ağasəf o günü də Mətanətə “yalan” danışmışdı – Ağasəf o günü Laçının Vağazin kəndində 713 saylı taborun sıralarına daxil olan səngər yoladşlarıyla birgə yurdun keşiyində idi.

1992-ci il 27 dekabr günündə Ağasəfin ilk qız övladı dünyaya gəlir – balaca Şəhla...
1995-ci ilin mayındasa oğlu Elcan dünyaya gəlir...
1993-cü il 26 dekabrda köhnə ənənə bərpa edilir – Ağasəf, Mətanət xanım və balaca Şəhla üçü bir yerdə şəkil çəkdirirlər...

Döyüş yolu Laçında başlanan Ağasəf sonradan Murovdağ – Ağdərə - Füzuli - Ağdam – Tərtər istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib. 1994-cü ildə Ağasəfə kiçik leytenant rütbəsi verilir. Bu ərəfədə Ağasəf artıq bölük komandiri kimi hərbi tapşırıqları yerinə yetirir. Mətanət xanımın yalvarışlarına baxmayaraq səngər yoldaşlarından ayrıla bilmir, həyat yoldaşına şirin yalanlar verir.

Bununla bağlı Mətanət xanım deyir ki, Ağasəf hətta 1996-cı ildə də verdiyi vədə əməl etmədi: “O, mənə demişdi ki, 15 gündən sonra qayıdacağam, ancaq gəlmədi. Sonra dedi ki, imkan olsa noyabrda gələcək. 27 dekabrda Şəhlanın ad gününü keçirə bilmədik. Çünki Ağasəf gəlməmişdi. Sonuncu dəfə Ağasəf mənə “Sabrina” duxusu, özünə də “Napaleon” ətiri almışdı....

11 yanvar 1997-ci ildə atam bizə gəldi və “yığış, kəndə gedirik” dedi. Nənəm xəstə idi, elə bilirdim ki, o, ölüb. Ancaq kəndə çatanda biz bildik ki, Ağasəf Şəhid olub...

İntihar etmək istəyirdim. Şəhlanın sözləri indi də qulaqlarımda cingildəyir. Şəhla qibləyə uzadılmış Ağasəfi öpüb ağlayanlara xitabən deyirdi: “atam yatıb, səs salmayın. Atam bumbuzdur, üşüyüb”...

Beləcə Laçından başlayan döyüş yolu Tərtər rayonunun Qırmızıkənd kəndində mina partlayışıyla başa çatır. Ağasəf Şəhidlik Zirvəsinə ucalır. Bu gün Ucar rayonunun Şahlıq kəndində 5 Şəhid uyuyur. Onlardan biri də Ağasəf Həbibullah oğlu Niftalıyevdir.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!






BAXIŞOV RƏŞİD HACIAĞA OĞLU - ŞƏHİD







Baxışov Rəşid Hacıağa oğlu 1968-ci il sentyabrin 13-də Kəlbəcər rayonunda anadan olub. O, kiçik olarkən ailəsi Bakı şəhərinə köçüb.

Bakı şəhərində yerləşən 218 nömrəli natamam orta məktəbdə təhsil almağa başlayan Rəşid sonra 136 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib.

Orta məktəbi bitirdikdən sonra 1986-1988-ci illərdə hərbi xidmətdə olub.

Hərbi xidmətdən tərxis olunduqdan sonra Bakı Sənaye Texnikumuna daxil olub.

Rəşid Baxışov texnikumda oxuduğu müddətdə könüllü şəkildə Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün ərizə yazır. 3 ay Göytəpədə yerləşən hərbi hissədə təlim keçdikdən sonra Rəşid Baxışov cəbhə bölgəsinə göndərilib. 713 saylı tabora daxil olan birinci bölüyün tərkibində Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib.

5 avqust 1992-ci ildə Laçın rayonunun Pircahan kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına Şəhid olub.

Rəşid Baxışov subay olub.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 218 saylı tam orta məktəb Rəşid Baxışovun adını daşıyır.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!





FƏRƏCOV ETİBAR BİLAL OĞLU - ŞƏHİD







Fərəcov Etibar Bilal oğlu 8 oktyabr 1969-cu ildə Ermənistan adlanan Qərbi Azərbaycanın Vedi rayonunun Şidli kəndində anadan olub.

1976 -1986 -cı illərdə Şidli kəndində Nəriman Nərimanov adına orta məktəbdə təhsil alıb.

Orta təhsilli olub.

1988 -ci ildə erməni terroruna məruz qaldıqlarından Bakıya köçmək məcburiyyətində qalıblar.

Elə həmin ildən 1991-ci ilədək sovet ordusu sıralarında hərbi dəniz qüvvələrində həqiqi hərbi xidmətdə olub. Xidmətini Ukraynanın Krım şəhərində başa vurub.

Hərbi xidmətdən tərxis olunduqdan sonra 1992 -ci ildə könüllü şəkildə Qarabağ uğrunda gedən döyüşlərə qoşulur. 713 saylı tabora daxil olan Rəhman İsgəndərovun komandanlıq etdiyi birinci bölüyün tərkibində Laçının bir çox kəndlərinin düşməndən azad edilməsində iştirak edib.

1992-ci il 5 avqust tarixində Laçın rayonunun Pircahan kəndində gedən döyüşdə qəhrəmancasına Şəhid olmuşdur.

Subay olub.

Məzarı Bakı şəhərindəki Şəhidlər Xiyabanındadır.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!






ALXAZOV QASIM AYAZ OĞLU - ŞƏHİD






Alxazov Qasım Ayaz oğlu 1968-ci il yanvarın 12-də Laçın rayonunun Alxaslı kəndində anadan olub.

1976-1986-cı illərdə Alxaslı kənd orta məktəbində oxuyub.

1986-1988-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Xidməti borcunu Vladivostok şəhərində yerinə yetirib.

Ordudan tərxis olunduqdan sonra xidmət etdiyi Vladivostok şəhərində dənizçilik məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra Laçının işğalına qədər Vladivostok şəhərində bizneslə məşğul olub.

Laçın rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra vətənə qayıdır. Könüllülərdən ibarət yeni formalaşan 713 saylı tabora daxil olan Vaqif Quliyevin komandiri olduğu 2-ci bölüyün tərkibində erməni işğalçılarına qarşı keçirilən hərbi əməliyyatlarda iştirak edib.

Qısa, şərəfli döyüş yolu keçən Alxazov Qasım 1992-ci il iyul ayının 30-da Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına ,Şəhid olub

Subay olub.

Məzarı Bakı şəhərində Şəhidlər Xiyabanındadır.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!





BƏYLƏROV POLAD HƏTƏM OĞLU - ŞƏHİD






Bəylərov Polad Hətəm oğlu 5 dekabr 1970 -ci ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub.

1977-1987-ci illərdə Laçın rayon Alxaslı kənd orta məktəbində oxuyub

1987-1989-cu illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub.

Torpaqlarımız erməni təcavüzkarları tərəfindən işğal edildikdən sonra Bəylərov Polad da vətənin müdafiəsinə qalxır. 1992 -ci ilin iyun ayında könüllü olaraq yeni formalaşan 713 saylı taborun şəxsi heyətinin tərkibinə daxil olur. 713 saylı tabora daxil olan ikinci bölüyün tərkibində Laçın rayonunun kəndlərinin erməni işğalçılarından təmizlənməsi uğrunda keçirilən hərbi əməliyyatlarda iştirak edib.

1992-cil iyulun 29-da Laçın rayonu Hoçaz kəndi uğrunda gedən döyüşlərdə bir neçə yoldaşlarıyla birgə şəhid olub. Avqust ayının birində Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!






BƏYLƏROV ƏRƏSTUN MƏTLƏB OĞLU -ŞƏHİD





Bəylərov Ərəstun Mətləb oğlu 25.08.1969-cu ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub.

1976 -cı ildə Alxaslı kənd orta məktəbinin 1- ci sinifinə daxil olub.

1981-ci ildə ailəsi Bakı şəhərinə köçərək Binə qəsəbəsi, südçülük savxozu deyilən ərazidə məskunlaşıb.

Bakıya köçdükdən sonra təhsilini Binə qəsəbəsindəki 136 saylı məktəbdə davam etdirib. Hələ məktəb illərindən idmanın güləş növüylə məşğul olub.

Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Xidmətini Sverdlovsk şəhərində piyada qoşun hissələrində başa vurub.

1990-cı ildə Bədən Tərbiyəsi və İdman İnstitutuna qəbul olub.

3-cü kursda oxuyan Ərəstun 1992-ci ildə könüllü olaraq yeni yaranan 713 saylı taborun sıralarına yazılır. Laçın və Ağdərənin bir çox kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Ağdərədə əlindən yaralanır.

2.10.1992 -ci ildə Hoçaz dağı uğrunda gedən döyüşdə Şəhidlik Zirvəsinə uçalıb.

Məzarı Şəhidlər Xiyabanındadır.

Böyüdüyü Binə qəsəbəsindəki uşaq bağçası Şəhid Bəylərov Ərəstunun adına əbədiləşdirilib.

Subay olub.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!





FƏRMANOV SƏDİ ƏLİ OĞLU - ŞƏHİD





Fərmanov Sədi Əli oğlu 1968-ci il avqust ayının 8-də Laçın rayonunun Kamallı kəndində anadan olub.

1975-1985-ci illərdə anadan olduğu kənd məktəbində orta təhsil alıb.

Elə həmin ildə Xankəndi şəhərindəki Pedaqoji İnstitutun "Tarix" fakultəsinə qəbul olub.

1987-1989 - cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Xidmətini Leninqrad (Sankt-Peterburq) şəhərində hava hücümundan müdafiə qoşunlarının tərkibində başa vurub.

Əsgəri xidmətdən sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji İnistitutunun "Tarix və hüquq" fakultəsində davam etdirib.

1992- ci ilin iyun ayında oxuduğu ali məktəbi bitirərək "Tarix və Hüquq" müəllimliyi ixtisasına yiyələnib.

1992- ci ilin iyunun 19-da yeni formalaşan 713 saylı taborun sıralarına yazılır. Laçın və Ağdərə rayonlarında gedən hərbi əməliyyatlarda iştirak edib.

1992- ci ildə Laçın rayonunun Pircahan və Hoçaz kəndləri yaxınlığında gedən ağır və qanlı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. Bu şücaətlərinə görə hərbi hissə komandiri tərəfindən baş leytenant rütbəsi ilə təltif olunub.

Hoçaz dağı ətrafında gedən döyüşlərdə bir neçə postun düşməndən azad edilməsində Sədi fəal iştirak edib. 1992 - ci ilin dekabrın 3-də Hoçaz dağında Qarıqışlaq kəndinə tərəf Əli bulağı yaxınlığında gedən ağır və şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.

Məzarı Bakıda Şəhidlər Xiyabanındadır.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!







ASLANOV NƏSİMİ QOŞUN OĞLU - ŞƏHİD








Aslanov Nəsimi Qoşun oğlu 3 sentyabr 1962-ci ildə Bakı şəhərində anadan olub.

1969-1977-ci illərdə Binə qəsəbəsində yerləşən 117 saylı orta məktəbdə 8 illik təhsil alıb. Paralel olaraq musiqi məktəbində də qarmon üzrə aldığı təhsilini fərqlənmə diplomu ilə başa vutub.

Sonradan təhsilini 101 saylı Abşeron Binə Peşə Məktəbində davam etdirib. 3 illik təhsil alıb.

1981-1983-cü illərdə keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Xidmətini Xarkov şəhərinin Çuquyev qəsəbəsindəki hərbi hissələrdən birində başa vurub.

1983-1988-ci illərdə Binə qəsəbəsindəki 2 saylı həbsxananın nəzdində olan Sərxoşları Ayıltma Məntəqəsində təcili yardım sürücüsü işləyib.

1988-ci ildə Bakı şəhəri Sənaye Pedaqoji Texnikumuna qəbul olub və 1991-ci ildə Texnikumu bitirib. Məzunu olduğu 101 saylı Abşeron Binə Peşə Məktəbində müəllim işləməyə başlayıb.

1992-ci il 26 fevral tarixində rus və erməni birləşmələri tərəfindən törədilən Xocalı soyqırımı zamanı Nəsiminin də ana qohumlarından bir neçəsi şəhid olub.

Erməni separatizminin tüğyan etdiyin görən Nəsimi 1992-ci ilin iyun ayında 713 saylı taborun sıralarına yazılıb. Bu tabora daxil olan Rəhman İsgəndərovun komandiri olduğu 1-ci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

1992-ci il avqustun 21-də Ağdərə rayonunun Qızılqaya (Arutunaqamer) yaşayış məntəqəsinin azadlığı uğrunda gedən döyüşdə Nəsimi şəhid olub.

30 avqust 1992-ci ildə Nəsimi Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

1994-cü il sentyabrın 3-də məzunu olduğu və işlədiyi 101 saylı Abşeron Binə Peşə Məktəbində Nəsiminin büstü qoyulub.

Aslanov Nəsimi Qoşun oğlu doğulduğu vaxtdan şəhid olduğu tarixə kimi Bakı şəh.Xəzər rayonu, Binə qəsəbəsi, Fuad Aynulov kuçəsi, ev 7A, döngə1 ünvanında yaşayıb.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!






SƏFƏRƏLİYEV MEHMAN ÇƏRKƏZ OĞLU – VƏFAT EDİB





Səfərəliyev Mehman Çərkəz oğlu 01.09.1959-cu ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

Şəhid qardaşı Bəhmən Səfərəliyevin adını daşıyan Laçın rayonu, Pircahan kənd orta məktəbini bitirən Mehman Səfərəliyev 1979-1981-ci illərdə Xabarovsk vilayətində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Orta təhsilli, ailəli olub.

1981-ci ildə hərbi xidməti başa vuran Mehman elə həmin il ailə həyatı qurmuş və işləmək üçün ailəsi ilə Bakı şəhərinə köçüb.

1981-1989-cu illər arasında müxtəlif sahələrdə fərqli işlərdə işləmiş, 1989-cu ildə Xırdalan qəsəbəsində Pircahan kooperativini yaradıb.

Azərbaycan torpaqları Ermənistan tərəfəindən işğala məruz qaldıqdan sonra Mehman Səfərəliyev 1992-ci ildə könüllü olaraq ordu sıralarına yazılır. Qardaşları Bəhman Səfərəliyev və Rəhim Səfərəliyev ilə birlikdə yeni formalaşan 713 saylı taborun şəxsi heyətinin tərkibinə daxil olur. Torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulan Mehman bir çox uğurlu hərbi əməliyyatlarda iştirak edir.

1992-ci il sentyabr ayının 18-də Laçın rayonunda Hoçaz döyüşləri zamanı qardaşı Bəhman Səfərəliyevin idarə etdiyi UAZ markalı avtomobilində onun gözləri qarşısında minaya düşüb ağır yaralanır. Mehman Səfərliyev bir neçə döyüş yoldaşı ilə birlikdə yaralı qardaşını tibb məntəqəsinə çatdırsalar da, amma nə yazıq ki, Bəhmən Səfərəliyev onun qolları arasında dünyasını dəyişib Şəhidlik Zirvəsinə ucalır. Qardaşının Şəhid olması Mehman Səfərəliyevi mənəvi olaraq çox sarsıdır.

Qardaşının dəfnindən sonra yenidən döyüş yoldaşlarının yanına – orduya qayıdan Mehman Səfərəliyev 713 saylı tabor ləğv olunana qədər döyüşür.

Müharibədən sonra psixoloji sarsıntı halında olan Mehman Səfərliyev 1996-cı ilə qədər müharibənin acı xatirələrinin ona vurduğu mənəvi zərbəyə görə heç bir yerdə işləyə bilmir.

1996-cı ildə Respublika Pasport Qeydiyyatı İdarəsi rəisinin sürücüsü, sonralar isə həmin idarədə nəzarətçi kimi işləyib.

Üç övladı, yeddi nəvəsi var.

Ölümündən sonra 3 övladı qalıb.

Övladı hazırda Xırdalan şəhəri, 27-ci məhəllə, 12-ci bina, mənzil 20-də yaşayır.

2013-cü ilin dekabr ayında həkim müayinəsi zamanı keçirdiyi sarsıntıların sonucu olaraq xərçəng xəstəliyinə tutulması məlum olur.
Gərəkən müalicələr aparılsa da, Mehman Səfərəliyev 10.07.2014-cü ildə vəfat edib. Qəhrəman döyüşçü Xırdalan qəbiristanlığında dəfn olunub.

Məkanı Cənnət olsun!





ALIYEV ZÖHRAB İBRAHİM OĞLU - VƏFAT EDİB




22 may 1967-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub.

1974-cü ildə Laçın rayonunun Mişni kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirib.

1982-1984-cü illərdə Binəqədi rayon 22 nömrəli texniki peşə məktəbində oxuyub.

1985-1987-ci illərdə Qazaxıstanda aviasiya qoşunlarında sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
Ordudan tərxis olunduqdan sonra 1987-1990-cı illərdə “Qafqazeneryimontaj” müəssisəsinin xəttilə Rusiya Federasiyasının Novosibirsk şəhərində su xətlərinin çəklişiylə məşğul olub.

1990-cı ildə Azərbaycana qayıdır. Elə həmin ildən 1992-ci il 10 aprel tarixinə qədər Keşlə maşınqayırma zavodunun Laçın filialında işləyib.
Ermənistan tərəfindən Laçın rayonu işğal olunandan sonra könüllü olaraq 713 saylı tabora yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

19 oktyabr 1992-ci ildə yaralandıqdan sonra qospitala yerləşdirilir. Müalicə olunduqdan sonra Füzuli bölgəsində gedən hərbi əməliyyatlarda iştirak edib. Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Laçın rayonunun polis qüvvələri tərkibində döyüş yolu keçib.

1994-1996-cı illərdə Mərdəkanda xüsusi orta polis məktəbində oxuyub.

Ailəli olub, 2 övladı var.

1996-cı ildən 2020-ci ilə qədər Laçın polisində xidmət edib.

2020-ci il iyulun 7-də haqq dünyasına qovuşub.

Məkanı Cənnət olsun!






NƏSİBOV TURAB ƏBİL OĞLU
- VƏFAT EDİB






17 aprel 1971-ci ildə Bakı şəhərində anadan olub.

1978-ci ildə Bakı şəhəri, Xətayi rayonunda yerləşən 257 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1986-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirib.

Orta təhsilini texniki peşə məktəbində davam etdirən Turab həmin təhsil müəssisəsini bitirdikdən sonra sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılır.

1989-1991-ci illər arasında Rusiyanın Amur vilayətində həqiqi hərbi xidmətdə olub.

Azərbaycanda başlanan milli azadlıq mücadiləsi, eləcə də Ermənistanın Azərbaycana təcavüzü öz vətənpərvərliyilə seçilən Turabın da ön cəbhəyə yazılmasına səbəb olur.

1992-ci ilin cəbhədə vəziyyətin gərginləşməsilə əlaqədar olaraq 713 saylı taborun sıralarına qoşularaq özünün doğma yurdu olan Laçın rayonuna yola düşüb. O, əvvəlcə Laçın rayonunun Piçənis, Vağazin, Haqnəzər, Pircahan və Hoçaz kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş, sonradan bu döyüş yolunu Ağdərə rayonunun Getavan, Arutunaqamer, Vəng kəndləri uğrunda gedən hərbi əməliyyatlarda da davam etdirmişdir.

1992-ci ilin dekabrında döyüşdüyü hərbi hissə ləğv ediləndən sonra o, Laçın rayonunun polis şöbəsi sıralarına daxil olur. 1994-cü ilin may ayında əldə olunan atəşkəsə qədər Füzuli rayonu istiqamətində gedən bütün döyüşlərdə iştirak edib. Dəfələrlə yaralanma, eləcə də xəstəliklərlə əlaqədar olaraq qospitalda müalicə olunub. Qospitalda müalicə aldıqdan sonra Turab yenidən öz döyüş yoldaşlarının sırasına qayıdır.

Atəşkəslə bağlı müqavilə imzalandıqdan sonra xidməti yerini Bakı şəhərinə dəyişərək 1997-ci ilin mart ayına qədər mühafizə polisində öz xidmətini davam etdirib. Xidməti vəzifəsini yerinə yetirərərkən ağır xəstəliyə tutulmuş və 1997-ci ilin aprel ayının 7-də vəfat etmişdir.

Bu günə qədər qəhrəman döyüşçümüzün öz xidməti vəzifəsini yerinə yetirərkən aldığı xəstəlikdən həlak olması barədə ailə üzvlərinə heç bir sənəd təqdim edilməmişdir.

Ailəsi hal-hazırda Bakı Xətai rayonu Zığ yolu 823 keçid Dənizçilik məktəbinin yataqxanasında məskunlaşıb.

Məkanı Cənnət olsun!




NƏBİYEV NƏRİMAN İSMAYIL OĞLU – VƏFAT EDİB




Nəbiyev Nəriman İsmayıl oğlu 1950-ci ildə Laçın rayonunun İmanlar kəndində anadan olub.

1957-1967-ci illərdə Laçın rayonunun Hacıxanlı kənd orta məktəbində oxuyub.

Orta peşə təhsilli olub.

1967-1969-cu illərdə Bakıda texniki-peşə məktəbində elektrik avadanlıqları üzrə çilingər ixtisasına yiyələnib.

1969-1971-ci illərdə sovet ordusu sıralarında Rusiyanın Orenburq şəhərində həqiqi hərbi xidmətdə olub.

1972-1988-ci illərdə Xankəndi şəhərində avtoçilingər işləyib.

1988-ci ildə Xankəndi şəhərindən məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşıb.

1988-1992-ci illərdə Bakı şəhərində müxtəlif yerlərdə avtoçilingər işləyib.

Ermənistan Azərbaycan ərazilərini işğal edən zaman Nəbiyev Nəriman 1992-ci ildə könüllü olaraq orduya yazılır. 713 saylı tabora daxil olan Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə, Kəlbəcər uğrunda gedən hərbi əməliyyatlarda erməni işğalçılarına qarşı döyüşüb. 1993-cü ildə ordudan tərxis olunub.

Müharibədən sonra yenidən müxtəlif yerlərdə avtoçilingər kimi fəaliyyət göstərib.

1997-2012-ci illərdə Heydər Əliyev adına Neft Emalı zavodunda avtoçilingər işləyib.

Ailəli olub, iki qızı, iki oğlu var.

2012 – ci ildə martın 4-ü 63 yaşında vətən həsrətinə dözə bilməyən Nəriman Nəbiyev Bakı şəhərində vəfat edib.

Məkanı Cənnət olsun!





MƏHƏRRƏMOV ELMAN FƏRHAD OĞLU - VƏFAT EDİB





Məhərrəmov Elman Fərhad oğlu 25.12.1954-cü ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1963-cü ildə Pircahan kənd orta məktəbinə daxil olmuş, 1973- cü ildə həmin məktəbi qurtarmışdır.

1975-1977-ci illərdə sovet ordusu sıralarında Rusiyanın Kuybışev şəhərində mühəndis istehkam qoşun birləşmələrində həqiqi hərbi xidmətdə olub.

Orta təhsilli olub.

1980-1990-cı illər arasında Bakıda Sərdar Bünyadov adına maşınqayırma zavodunda fəhlə işləyib.

Erməni separatizmin baş qaldırdıqdan sonra Məhərrəmov Elman da torpaqlarımızın müdafiəsinə qalxıb. Yeni formalaşan 713 saylı tabora daxil olan 3-cü bölüyün tərkibində Laçın və Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edib.

Ordudan tərxis olunduqdan sonra Bakıya qayıdıb.

Bir müddət ötəndən sonra 1993- cü ildə Rusiyaya Kuybışev şəhərinə işləməyə gedib.

2018- ci ilin may ayında Azərbaycana qayıdıb.

Ailəli olub. Bir oğlu var.

Oğlu orta təhsillidir, işləmir.

Doğma vətəndə az müddət yaşadıqdan sonra 20.11.2018-ci il tarixdə vəfat edib.

Məkanı Cənnət olsun!




HEYDƏROV FİRDÖVSİ ƏMİRXAN OĞLU - VƏFAT EDIB




Heydərov Firdövsi Əmirxan oğlu
12 iyul 1968-ci ildə Laçın rayonu Kamallı kəndində anadan olub.

1973-cü ildə Laçın rayonu Kamallı kənd orta məktəbinə daxil olub, 1983-cü ildə həmin orta məktəbi "əla" qiymətlərlə bitirib.

Ali təhsiilli olub.

1983-cü ildə Azərbaycan Texniki Universitetinə qəbul olub.

1988-1990-cı illərdə Özbəkistan Respublikasında sovet ordusunda həqiqi hərbi xidmətdə olub.

Əsgəri xidmətdən sonra erməni separatızmının baş qaldırdığını görən Firdövsi digər soydaşlarımız kimi Vətənin müdafiəsinə qalxır. Könüllü olaraq yenicə formalaşan 713 saylı taborun şəxsi heyətinin tərkibinə daxil olur. Laçın və Ağdərə istiqamətlərində keçirilən hərbi əməliyyatlarda iştirak edib.

Əsgəri xidmətdən tərxis olunduqdan sonra Firdövsi Heydərov Azərbaycan televiziyasında operator kimi çalışıb.

Bakı şəhəri, Xəzər rayonu, Hövsan südçülük sovxozunda yaşayıb.

Uzun sürən xəstəlikdən sonra 6 may 2014 - cü ildə ağciyər xəstəliyi səbəbindən vəfat edib.

Ailəli olub, iki qızı, bir oğlu var.

Məzarı Binə qəbiristanlığındadır.

Məkanı Cənnət olsun!









ABDULLAYEV ƏLİQULU YUSİB OĞLU - VƏFAT EDİB





Abdullayev Əliqulu Yusib oğlu 1959-cu ildə Laçın rayonunun Hətəmlər kəndində anadan olub.

1966-1977-ci ci illərdə Laçın rayonunun Daşlı kənd orta məktəbində oxuyub.

1978-1980-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Xidmətini başa vurduqdan sonra Xankəndində texnilki peşə məktəbində sürücülük kursunda oxuyur. Kursu bitirəndən sonra rayon istehlak cəmiyyətində sürücü kimi iş fəaliyyətinə başlayır.

1992-ci ildə erməni işğalçılarına qarşı döyüşlər başlayan zaman valideyinlərini və yaxın qohumlarını İsmayıllı, Saatlı rayonlarında yerləşdirərək, könüllü şəkildə orduya yazılır. 713 saylı taborun tərkibində bir çox hərbi əməliyyatlarda iştirak edib.

Ağdərədə ermənilərə qarşı döyüşən Əliqulu idarə etdiyi hərbi maşın ilə şəhidləri və yaralıları döyüş meydanından çıxararar arxa cəbhəyə aparıb.

Ordudakı xidmətdən sonra İsmayıllı rayonunun Gənzə kəndində məskunlaşıb.

Ailəli olub.

2015-ci il dekabrın 25-də İsmayıllı rayonunun Gənzə kəndində dünyasın dəyişib.

İki övladı var. Övladlarının ikisidə 2020-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin Beynəlxalq Münasibətlər ixtisasına daxil olublar. Hal-hazırda təhsillərini davam etdirirlər.
Çap et
Oxşar Xəbərlər

nerkolwerWep 05-fev, 09:25

Детальнее тут

xbox 360 mortal kombat
Ответить

klsieolwerWep 05-fev, 11:25

  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr