CILIZLAŞAN DÜNYAMIZda insanların meteor yağışı
İGİD TEYMURLU
...İtirdiklərimizin fonunda cılızlaşan dünyamızı bir meteor yağışı bürüyüb. Üstündən xeyli müddət keçib. O zaman Marifət müəllim bizə hərbi hazırlıq dərsini tədris edərdi. Hərdənbir saat hesabı azərbaycan dili dərsi keçməyi də ona həvalə edərdilər. Rəhmətlik dədəmlə bir sinifdə oxumuşdu Marifət müəllim. İndi əsas hissəsi Peterburqda Ermitaj muzeyində saxlanılan, öz çəkisinə görə Tunqus meteoritindən sonra keçmiş SSRİ-də ikinci olan məşhur Arus meteoritinin (Yardımlı rayonu) tapılmasıyla bağlı dədəmlə şux zarafatlar edər, o illərə qayıdıb bir-birinə dostcasına ittiham da edərdilər...
Bilmirəm nədəndi...
Bəlkə də bu, adam yaşlandıqca kövrək duyğuların onun iç dünyasını başdan başa bürüməsiylə, adamın öz duyğularının bir növ əsirinə, daha çox mühafizəçisinə çevrilməsilə bağlıdır. Beləcə adam yaşlandıqca elə həmin mühafizəkarlıqla həm də uşaqlaşır.
Görünür indi mən də həmin uşaqlaşan dövrümü yaşayıram ki, hətta əsən küləyin özündə poetik səhnə görür, onda nəsə arayır, o gözəlliklərdən bərk-bərk yapışmaq, şirin xəyallarımla baş-başa qalmaq istəyirəm...
Xəyallarımda məktəb illərinə qayıdanda başda müəllimlərim olmaq şərtilə ayrı-ayrılıqda sinif yoldaşlarımın hər biriylə xəyali diskussiyaya girir, buraxdığımız səhvlərin, eləmədiklərimizin acısını. ağrısını sanki onlarla birgə yaşayıram. Hərdən xəyallarımdan ayrılanda özümü ittiham edirəm ki, çəkməli olduğum yükü axı nədən xəyallarımda onların boynuna yükləyirəm ki?...
Bugünkü düşüncəylə o illərə qayıdanda özünü sanki o zamanda feodal-patriarxal bir dünyanın sakini kimi görürsən. O zamankı yaşam tərzimizdəki adamın cızdağını çıxaran sosial çətinliklər, birgəyaşayışımıza hakim kəsilən qəbilə qayda-qanunları fonunda ucqar bir kənddən çıxan gənclərin ictimai sferada böyük uğurlar qazanması heç şübhısiz ki, valideyinlərimizlə bax bu müəllimlərin bizlərə öyrətdikləri elmin, təlqin etdikləri təlimin, aşıladıqları tərbiyənin sayəsində olub...
İndi anlayırsan ki, milli münasibətlər fonunda sovet sisteminin qoyduğu qadağaları bax bu müəllimlər min cür əziyyətlə sındırıb gələcək Azərbaycan üçün döyüşkən, mübariz vətəndaşlar hazırlayırmışlar. Etiraf edirəm ki, bax biz bunu o vaxt dərindən bilmədiyimizə görə müəllimlərimizi özlüyümüzdə ittiham edər, onları qınayar, hətta bir çox hallarda onlara qarşı sinifdaxili "şagird sui-qəsdi" (oturduqları stulu tabaşirə bulamaq, oturduqları stula iynə sancmaq, oturduqları stulun qıçını sındırıb onu birtəhər ayaqda saxlamaq və sair) də hazırlayıb Onlardan "qisas"ımızı alardıq...
Bütün bunların qarşılığında Onlar da yüngülcə tənbehdən sonra bizləri bağışlayar, öz Böyüklüklərini nümayiş etdirərdilər...
Rəhmətlik Ədalət müəllim, Əmir müəllim bizə Sözün Sehriylə allnmaz qala yapmağı öyrətdi. Marifət müəllimin sayəsində avtomatı tam zamanında söküb yığmağı demək olar ki, qızlı oğlanlı bütün sinfimiz əzbər bilir, atıcı silahlar, qumbaralarla bağlı əsas nəzəri bilikləri ən xırdalıqlarına qədər öyrənmişdi. O zaman Marifət müəllimin "əsgər gedəndə qoy urusdar deməsün ki, filankəsün oğlu qoyun dögü" ifadəsi bəzən içimizdə gizli qəzəb doğursa da, ancaq üstündən illər öləndən sonra o məqamlarda gizlənən həqiqətləri görə bildik. Bu gizli mesajlarla o, rusların bizə olan baxış bucağını təqdim edirdi. Bu gizli mesajlarla o, bizi boğulan azadlığımız uğrunda aparacağımız mübarizədə Qalib Əskər kimi görürdü.
Necə ki, bunu tarix müəllimimiz rəhmətlik Heybət Gülümov "oxuyun, Urusyətə əsgər gedəndə sarıqulaq deyəndə ki, ay çorni, mənim Biotrum (I Pyotru nəzərdə tuturdu) var, bə sənin kimin var?"
formasında açıq mətnlə söyləyirdi. Heybət müəllim bizi öyrədirdi ki, "siz də onlara, ay bizim Bandit (itlərinin adı idi), mənim də Babəkim, şah İsmayılım var deyərsiniz"...
Doğrudan da, sonradan zaman hər şeyi anlatdı. Zaman bizə anlatdı ki, SSRİ adlı imperiya o zaman həm də yerlərdə milli inkişafı əngəlləmək üçün daha incə metodlara əl atırmış. Qeyri millətləri hər cür texnoloji inkişafdan uzaq salmaq üçün, onlardan daha çox əl əməyi prosesində bir vasitə kimi istifadə etmək üçün potensial baza timsalında istifadə edirmiş. Elmin, hərbin ən mükəmməl sahələrinə daha çox slavyanlar cəlb edilirmi. Tariximiz, dilimiz bizə unutdurulurmuş. Müəllimlərimizin də söylədikləri kimi rus imperiyası qeyri millətlərə qoyun kimi baxır, sanki qoyun sürüsü hazırlamaq istəyirmiş. Millətinin sabahını düşünən aydınlarımız da bax bu düşüncəni anlatmaq, bax bu düşüncəni sındıracaq nəsli yetişdirmək üçün vaxtilə orta təhsil aldığım Yardımlı rayonunun Alçabulaq kənd orta məktəbinin müəllimləri Sözün Sehrindən, Sözün möcüzəsindən bir Qala yapıb bu Qalada gələcəyin əsgərlərini yetişdirirmişlər ki, indi də həmin Əsgərlər Bütöv Azərbaycanımızn Fəxr Edə Biləcək Ünvanları cərgəsində dayanıblar.
O Əsgərlərin cismində həm də Müəllimlərimizin Mübarək Ruhları yaşamaqdadır. Ədalət müəllim, Heybət müəllim, Ayaz müəllim, Zəkəriyyə müəllim, Səxavət müəllim, İmran müəllim, Əmir müəllim, Arif müəllim, İsgəndər müəllim, Marifət müəllim, Qəfər müəllim və digər müəllimlərimizin Mübarək Ruhları bax o zəfər yürüşlü Əsgərlərin Cismindədir!...
Biz bilməmişik..
Biz bilməmişik, Onlar bizi QALİB ƏSGƏR olmaq üçün hazırlayırmışlar!
Bax bütün bunların işığında o zamankı müəllimlərimizin eskiz formasında təqdim etdiklərini, söylədiklərini, dediklərini göz önünə gətirəndə sadəcə olaraq, adamı heyrət bürüyür. Hər kəs bilir ki, o zaman gerçəkliyində hər kənddə, hər birlikdə, hər təhsil müəssisəsində, hər idarədə, hər təşklatda "KQB-nin qulaqları, KQB-nin görən gözləri" var idi. İkrahla aldığın dərin nəfəs belə dərhal aidiyyatı strukturlara çatdırılırdı. Amma bütün bu kimi məhrumiyyətlərə baxmayaraq sevgili müəllimlərimiz yenə də günün həqiqətini sözün sehriylə bizə qayğı və sevgi yoluyla andırırdılar...
İndi o müəllimləriizin çoxu Haqq Dünyasına qovuşublar. Şükürlər olsun ki, Azərbaycanımızın imperiya buxovlarından qurtulmasını müəllimlərimizin tam əksəriyyəti görə bildi. Böyük Şəhriyarımız kimi Quzey, Bütöv Azərbaycan deyə-deyə torpaqlarımızın azadlığını görmədən bu dünyadan köç etmədilər...
Hamımız bu dünyadan köçəsiyik. Köçəndə də hamımız hansısa arzunun eşqiylə fani dünyayla vidalaşasıyıq. Bir öyrətmənin, bir müəllimin şagirdinə aşılmaq istədikləri içərisində Vətən Andının, Vətən Eşqinin öz yeri var. Biz bu Andı, biz bu Eşqi dövlətin öz vətəndaşına, vətəndaşın da öz dövlətinə sahib çıxmasında görürük. Həmd olsun Allaha ki, dövlətimiz də öz vətəndaşıyla güclü olmanın formatını ortaya qoymaqdadır..
Ruhları şad olsun dünyasını dəyişən, Haqqa qovuşan bütün öyrətmənlərimizin!
Məkanları Cənnət olsun!
Amma kim nə deyir desin, cılızlaşan dünyamızda insanların bir meteor yağışı kimi bir dünyadan başqa dünyaya köç etməsi ilə, Müəllimlərimizin, Ağsaqqallarımızın, Ağbirçəklərimizin Haqqa qovuşmasıyla dünyamız da günü-gündən balacalaşır, qloballaşan dünyada günü-gündən kiçilirik. Kəndlərimiz, elimiz, obamız öz əzəmətini itirir, cılızlaşırıq...