CANINA QIYIB YURDDAN VAZ KEÇMƏMƏNİN NÜMUNƏSİ
İstiqlalımıza gələn Yolda çox qurbanlar vermişik. Əlifbamız dəyişib, bir neçə dəfə milli kimliyimiz hədəf götürülüb, deportasiyalara, qətliamlara, soyqırımlara məruz qalmışıq. Torpaqlarımız “peşkəş” olunub, torpaqlarımız işğal olunub, mənəviyyatımız korşaldılıb...
Nə yaxşı bütün bunların qarşılığında heç zaman Azadlıq eşqimiz sönməyib. Şükürlər olsun ki, sonucda dövlət müstəqilliyimizi də bərpa edə bilmişik.
Və dövlət müstəqilliyimizin qazanılmasında, dövlətimizin ayaqda durmasında bizlər ilk növbədə canını bu yurd, bu el, bu oba uğrunda fəda etmiş insanlarımıza borcluyuq. Mənfur düşmənlərimizin Qarabağda həyata keçirdikləri işğal planları həm də onlara dayaq duranların Azərbaycanın varlığına susamalarının görüntüsüdür. Bu plana münasibətdə ölkə içində müxtəlif mövqelər sərgilənib. Kəskin ittihamlar və çılğın davranışlar fonunda həm də gizlədilən həqiqətlər, bir-birinə qənim kəsilmə cəhdləri, kökdən gələn dələnəklərə biganə yanaşmaq da olub. Bütün bunlarsa əsil həqiqətlərin üstündən vaz keçməyimizlə nəticələnib.
Ancaq bizdən bir addım öndə gedən insanlarımızın zamanında atdıqları addımlar düşmənin işğalçı siyasətini durdura bilib. Onlar siyasətin məkrli xarakterindən xəbərsiz olsalar da ancaq içlərində olan vətən, yurd sevgisi Bütöv Azərbaycan tarixində nəsillərə örnək olacaq addım oldu.
Nəinki Laçının, bütövlükdə Azərbaycanımızın fəxr edə biləcəyi Ünvanlardan olan HİDAYƏT, VÜQAR və İMAN HƏSƏNQULİYEV QARDAŞLARInın, KAMRAN BƏY VƏ OĞLU İMANVERDİnin həyat tarixçələrinə nəzər yetirəndə də bütün bunların şahidi oluruq...
TƏKBAŞINA APARILAN MÜBARİZƏ VƏ BİZİM UNUTQANLIĞIMIZ
Ot kökü üstə bitər deyiblər və bu atalar sözünün gerçək misallara söykənməsini biz Laçın rayonunun, Pircahan kəndindəki Həsənquliyevlər ailəsinin timsalında da görürük. Mehtiqulu kişi ilə Mərmər ananın tərbiyə etdiyi övladların yurd uğrunda apardıqları mücadilənin timsalında da bu aydın şəkildə görünür.
Hələ sovet dönəmində dağ cüssəli oğul itirən rəhmətlik Mehtiqulu kişinin ona verilən maddi təzminatdan imtina etməsi, sonradan baş qaldıran erməni separatizminə qarşı onun oğlanları İmanın, Vüqarın, Etibarın torpaqlarımızın azadlığı uğrunda mücadiləyə qalxmaları da deyilənləri təsdiqləyir.
Kiçik qardaşları da Hidayət Həsənquliyevin özü kimi milli qürurumuzu, milli kimliyimizi bütün nədənlərə baxmayaraq daim uca tutublar...
Hidayət Həsənquliyevin sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olarkən erməni fitnəkarlarının əliylə öldürülməsi əslində qoca tarixin millət olaraq bizə verdiyi dərs idi. Ancaq nə yazıq ki, bizlər o zaman ermənilər tərəfindən törədilən belə bir dəhşəti diqqətdən qaçırmış, Mehtiqulu Kişinin təkbaşına apardığı mücadilənin fərqinə varmamışıq.
Hidayət Həsənquliyevin sovet dönəmində erməni fitnəsiylə faciəli şəkildə öldürülməsi bir daha təsdiqləyir ki, “Böyük Ermənistan” xülyasıyla yaşayan Cənubi Qafqazda çox sonralardan özünə yuva quran mənfur qonşularımız tarix boyu biz türklərin qəsdinə durmuş, bütün mümkün vasitələrdən istifadə etməklə öz məkrli niyyətlərini həyata keçirmək uğrunda gizli fəaliyyətdə olublar. Elə Hidayət Həsənquliyevin ölümü də bu kontekstdəndir. Aşağıda sizlərə təqdim edəcəyimiz tərcümeyi-halda Hidayət Həsənquliyevin apardığı mücadilə və buna münasibətdə ermənilərin atdıqları addım öz əksini tapıb...
HİDAYƏTİN APARDIĞI MÜCADİLƏ VƏ DÖRD QARDAŞIN ANDI
Hidayət Həsənquliyev 10 noyabr 1965-ci ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1972-1982-ci illərdə Pircahan kənd orta məktəbində oxuyub.
Məktəbi bitirdikdən sonra 2 il kolxozda işləyib.
1984-cü ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılır.
Əvvəlcə Qazaxıstanda, bir müddət ötəndən sonra da Tacikistanda motoatıcı batalyonda xidmət edib. Əfqanıstana göndərilməsi nəzərdə tutulan bu hərbi hissədə milli zəmində baş verən insident nəinki Hidayətin sonrakı xidməti fəaliyyətinə təsir edir, birbaşa erməni komandirlərin fitnəsiylə onun öldürülməsiylə nəticələnir.
Özlüyündə mənfi tendensiya olsa belə sovetlər zamanında bütün hərbi hissələrdə “dedovşina” və hərbi hissə daxilində hansısa millətin tutduğu mövqe uğrunda hər zaman açıq və ya gizli formatda mübarizə gedib. Hətta belə mübarizələr bir çox hallarda qanlı toqquşmalara, əsgərlərin “tribunallar”a verilməsilə nəticələnsə də, millətlərin məqsəd uğrunda apardıqları mübarizədən geri çəkilməmələri də o günlərin reallığı olub. Bu reallıqlar içərisində Azərbaycan əsgəri hər zaman öz milli kimliyini uca tutmuş, öz haqqının kiminsə tərəfindən tapdalanmasına heç bir zaman yol verməmişdir. Elə Hidayət Həsənquliyevin həqiqi hərbi xidmətdə olduğu hərbi hissədə də belə bir olay baş verib və Hidayətin özü də milli təəssübkeşliyin qurbanı olub...
Hidayət Həsənquliyevin xidmət etdiyi hərbi hissənin, eləcə də bu hərbi hissəyə daxil olan “batalyon” komandirinin hər ikisi milliyyətcə erməni olub. Məhz bu amildən istifadə edərək həmin hərbi hissədə olan ermənilərin digər millətlərlə müqayisədə daha üstün mövqedə tutulması, həmçinin erməni millətindən olan əsgərlərə bütün imkan və şəraitlərin yaradılması sonucda onların daha yüksək fikirlərə düşməsinə gətirib çıxarır. Üstəlik ermənilərin türklərə olan pataloji nifrətləri bu hərbi hissədə Azərbaycandan olan əsgərlərə münasibətdə də özünü büruzə verib. Azərbaycandan olan əsgərlərə qarşı münasibətdə ermənilərin özlərini əsil söz sahibi kimi aparmaları, Azərbaycandan olan əsgərləri öz sərsəm istəklərinin qulluqçusuna çevirmək cəhdləri sonucda millətimizin bu hərbi hissədə ayağa qalxmasıyla nəticələnib.
Ermənilərin bütün bu kimi təzyiq və təhdidlərinə cavab olaraq 1984-cü ilin 21 iyulunda Azərbaycandan olan əsgərlər arasında təbliğat aparmaqla onları bir yerə cəm edən Hidayət Həsənquliyev Daşkəsən və İmişli rayonundan olan yoldaşlarıyla hərbi hissədə olan bütün erməniləri gecənin zülmətində ayağa qaldırıb onları bu zamana qədər elədiklərinə görə o dövrün prinsipləriylə cəzalandırırlar. Həm fiziki, həm də mənəvi baxımdan ermənilərin aldıqları yara, ermənilərin aldıqları xəsarət hərbi hissədə böyük ajiotaja səbəb olur.
Hərbi hissə komandirinin əmriylə Hidayət Həsənquliyev başda olmaqla Daşkəsəndən və İmişlidən olan bu üçlük 23 iyul 1984-cü ildə qaubvaxta salınırlar. Milliyyətcə erməni olan həmin hərbi hissənin komandiri Hidayət və onun yoldaşları olan kameraya xlorlu su tökdürür. Bu əsgərləri bir sutka ərzində xlorlu suyun içində saxlayırlar. 24 iyulda kameranın qapısı açılanda Daşkəsəndən və İmişlidən olan əsgərlərin elə yerindəcə öldükləri bəlli olur. Onlarla bir yerdə olan Həsənquliyev Hidayət hələ o saatlarda sağ imiş. Sağ qalan Hidayət tibb məntəqəsinə çatdırılsa da, onu xilas etmək mümkün olmur, elə həmin tibb məntəqəsindəcə keçinir.
O zamanın hərbi qaydaları çərçivəsində əsgərlərin meyidlərini öz ailələrinə təhvil vermək üçün yola salınır. Dəfn mərasimində iştirak edən hərbi hissənin nümayəndəsi tabutun açılmamasını iddia olaraq irəli sürsə də Mehtiqulu kişinin prinsipiallığı qarşısında gələn nümayəndə geri çəkilməli olur. Və tabut açılır. Mehtiqulu kişi övladıyla son dəfə vidalaşaraq onu islami qaydada dəfn elətdirir.
Dəfndən az bir müddət keçəndən sonra 1984-cü ildə həmin hərbi hissənin nümayəndələri “xidməti müddətdə həlak olmuş əsgərlər”in ailələrinə baş çəkib məsələnin yuxarı instansiyalar tərəfindən qabardılmaması üçün həlak olanlara görə o zaman üçün kifayət qədər böyük məbləğ olan maddi təzminatın ödəniləcəyini bildirirlər. Həsənquliyev Hidayətin atası Mehtiqulu kişinin qaldırdığı iddia ərizəsi əsasında həmin hərbi hissənin komandirinə məhkəmə ölüm hökmü çıxarır. Avcaq çox təəssüflər olsun ki, o hərbi hissənin nümayəndələrinin Mehtiqulu kişiyə maddi təzminatla bağlı etdikləri təklif Daşkəsəndən və İmişlidən olan həlak olmuş əsgər valideyinləri tərəfindən qəbul edilmiş və məsələyə münasibətdə o kəslərin tutduqları mövqe nəzərə alınaraq “ölüm” hökmüylə bağlı çıxarılan məhkəmə qərarı sonradan 1985-ci ildə 15 illik həbs cəzasıyla əvəzlənir...
Və elə bu cinayət kontekstində erməni xəyanətkarlığına, ermənilərin türklərə qarşı daim barışmaz mövqedə dayanaraq onlara qarşı terror aktlarından istifadə etmələrinə münasibətdə milli qürurumuzu, kimliyimizi hər şeydən uca tutan Hidayət Həsənquliyev kimi türk övladlarının azadlıq mübarizəsinin nümayişini görürük. Paralel olaraq Hidayətin atası Mehtiqulu kişinin bu məsələdə prinsipiallığı da türkün öz qürurunu hər şeydən uca tutmasının nümunəsidirsə, çox təəssüflər olsun ki, Daşkəsəndən və İmişlidən olan valideyinlərin atdıqları addım da bizim unutqanlığımızın bariz göstəricisidir...
Torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalında məhz elə həmin unutqanlığımız da az rol oynamayıb. Və bəlkə də əsas həlqələrdən biridir. Elə həmin 80-ci illərdə millət olaraq hamımız Hidayətin düşüncəsilə yumruğu bir yerə vurub haqqımıza sahib çıxmağı ölümün özündən üstün tutsaydıq, elə həmin 80-ci illərdə millət olaraq biz hamımız Mehtiqulu kişinin düşüncəsilə 1988-ci ildə Tığik kəndindən olan hamilə qadının, bətnindəki və yanındakı uşaqla həyat yoldaşının ermənilər tərəfindən doğranmasına prinsipialcasına yanaşsaydıq, qisasçı obrazımızı dünyaya təqdim etsəydik, bax bugünkü dərdlərə düçar olmazdıq. Amma etiraf edək ki, həm o zamankı hərbi və siyasi rəhbərliyimiz, həm də millətimizin müəyyən kəsimi nə Hidayətin, nə də onun atası Mehtiqulu kişinin düşüncəsilə hərəkət edə bilmədik. Əvəzindəsə öz mağmunluğumuzun və öz unutqanlığımızın əsirinə çevrildik. Sonucda da yurdumuzdan, yuvamızdan, elimizdən, obamızdan didərgin düşdük....
Hidayət Həsənquliyevin ermənilərə qarşı apardığı mücadilə kiçik qardaşları Vüqarla İmanın, eləcə də Etibarın apardığı mücadilədən bir az fərqli situasiya və bir az fərqli məkanlarda baş versə də, amma mahiyyət etibarilə bu dörd qardaşın mübarizəsinin ana xəttində ermənilərin sərsəm iddialarına və onların xəyanətkarlıqlarına qarşı bütün nədənlərə baxmayaraq yurdunu, millətini müdafiə edəcək əsgərin içdiyi and dayanır. Həsənquliyev qardaşlarının apardıqları mücadilə bütövlükdə tariximizin şanlı səhifələrindəndir. Kimin necə düşünməsindən, kimin necə münasibət bəsləməsindən asılı olmayaraq O TARİXİ bu qardaşlar yaradıblar. Mehtiqulu kişi də adıyla o tarixə möhür vurub....
CANDAN KEÇİLƏR, YURDDAN VAZ KEÇİLMƏZ NÜMUNƏSİ
Ulularımızdan gəlmə qədim türklərin yurd sevgisini içində yaşadan bu qardaşlar candan keçilər, yurddan vaz keçilməz prinsipiylə düşmənə sinə gərib, son damla qanlarına qədər təkbaşına olsa belə mübarizə aparıblar. Necə ki, bunu Hidayət etmişdi, onun kiçik qardaşları Vüqarla İman, eləcə də Kamran bəy və oğlu İmanverdinin də aylarla erməniyə qarşı dayanmaları, bu Laçın qartallarının əks cəbhədə həyata keçirdikləri diversiya aktları əslində bir qəhrəmanlıq dastanının mövzusudur. Şübhəsiz ki, günün birində xalq öz qəhrəmanları haqqında o dastanı qoşacaq və bu dastan bütöv türk dünyasında dillər əzbəri olacaq.
Amma nə yazıq ki, bizlər bu gün hələ də O QƏHRƏMANLARIMIZIN TƏQDİMATLARINDA OLAN ÖZ KİTABLARIMIZı oxumuruq. Əslində bu gün biz əgər vətənpərvərlikdən danışırıqsa, onda Həsənquliyev qardaşlarının yurd uğrunda apardıqları mübarizə orta məktəb dərsliklərini başdan-başa bəzəməlidir. Misilsiz qəhrəmanlıqlar göstərən bu qardaşlarla Kamran bəyin əsil bəylərə xas kişiliyi, əsil bəylikdən gələn alicənablığı, əsil bəylikdən gələn qorxmazlığı, əsil bəylikdən gələn haqqına sahib çıxmaq prinsipiallığı nəinki bu günümüzün gəncliyi, bütövlükdə millətimizin sabahı və varlığı üçün bir simvola çevrilməlidir.
Görünür müstəqilliyimizi bərpa edə bilsək də, işğal altında olan təfəkkürümüzdə hələ də inləyən, vurnuxan nəsnələr var.
Bu gün müstəqil Azərbaycanda işğal olunmuş təfəkkürlər problemi var, ya da təfəkküründə dövlətçiliyimizə, millətçiliyimizə, kimliyimizə kin bəsləyənlər artıq bütün cəbhə boyu əsas səngərləri ələ keçiriblər...
Dincələn ruhumuzun deyəsən sərgərdan halından xəbərləri yox bu adamların...
Azərbaycanın maraqları içimizdə olan tanımadıqlarımız tərəfindən çoxdan işğal olunub...
Dövlətçilik prinsiplərimizlə uyuşmayan məqamlar at belinə qaldırılıb...
Ancaq Həsənquliyev qardaşlarının, Kamran bəy və onun oğlunun Nigaran Ruhları hələ də o dağlarda dolaşır, hələ də bizim nankorluğumuza baxıb haray çəkirlər.
Eşidirsənmi o Ruhların harayını, Azərbaycan İnsanı!?
Tanıyırsanmı bu gün də yurd yerlərimizə sahib çıxan o Ruh Adamlarını!?
O Ruh Adam Həsənquliyev Hidayətdi, o Ruh Adam Həsənquliyev Vüqardı, o Ruh Adam Həsənquliyev İmandı. O Ruh Adam Kamran bəydi, o Ruh Adam Kamran bəyin oğlu İmanverdidi və Onların Yolunu gedən digər qəhrəmanlarımızdı...
Hər birimiz bu Oğulların etdiklərini fəxrlə danışmalı, fəxrlə tanıtmalıyıq. Ki, yetişən nəsil Özünü tanısın. Öyləsə, tanıyın və tanıdın Azərbaycanımıza sahib çıxmağı canı bahasəna yaşadan Kişiləri.
HƏSƏNQULİYEV İMAN MEHTİQULU OĞLU
1967-ci il sentyabr ayının 10-da Laçın rayonunun Pircahan kəndində anadan olub.
1974-1984- cü illər arasında Laçın rayonu, Pircahan kənd orta məktəbində oxuyub.
1986-1988-ci illər arasında Xabarovski vilayətinin Qalkino qəsəbəsində sovet ordusu sıralarında SSRİ daxili qoşunlarının xüsusi təyinatlı hərbi hissəsində xidmət keçib.
Hərbi xidmətini başa vurub Azərbaycana qayıtdıqdan sonra Pircahan kənd orta məktəbində və kolxozda əmək fəaliyyətinə başlayaraq müxtəlif işlərdə çalışıb.
1988-ci ildə Ermənistanın işğalçı ekspansiyası başlayarkən düşmən təxribatlarının qarşısının alınması üçün bütün operativ tədbirlərdə fəal iştirak edib.
1991-ci ildə Pircahan kəndinin gəncləriylə birgə rayon könüllü özünümüdafiə dəstəsinə qoşulub.
1992-ci ilin may ayında Laçın rayonu işğal olunandan sonra İman qardaşları və atası ilə birlikdə Laçın rayonunun ərazisini tərk etməmiş, Qorçu kəndi istiqamətində geri çəkilmişlər.
May ayının sonu iyun ayının əvvəllərində düşmənin Laçın rayonu ərazisində kəndlərimizin talan və qarət etmələrini, eləcə də kəndlərin yandırılmasını dəfələrlə müşahidə etmişdir.
1992-ci ilin yayında düşmənə qarşı döyüşlərdə iştirak etmiş, doğulub boya başa çatdığı kəndini və rayonunu tərk etməyəcəyinə and içmişdir.
1993-cü ildə Laçın və Kəlbəcər rayonları işğal olunarkən öz doğma qardaşı Vüqar, Kamran bəy və onun oğlu İmanverdi, özünün də döyüşdüyü 713 nömrəli hərbi hissənin digər qəhrəman döyüşçüləri ilə birlikdə Laçın və Kəlbəcər rayonu ərazisini tərk etməyərək axıra qədər döyüşmüşlər.
HAŞİYƏ: 1989-cu ildə İman anası ilə birlikdə Bakıdan Laçına gələrkən Xocalıda erməni işğalçıları onların gəldiyi avtobusun qabağını kəsərkən İman silahsız olmasına baxmayaraq milis işçiləriylə birlikdə onlarla qadın, uşaq və qocanın düşmən əlinə keçməməsi üçün xüsusi fəadakarlıq göstərmişdir.
Həsənquliyev İiman Mehtiqulu oğlunun adına məhkəmə Qətnaməsinə əsasən 1993-cü il mart ayının 29-da Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə həlak olması barədə ölüm şəhadətnaməsi verilmişdir.
Həsənquliyev İman subay olub.
Qəbri və qəbirüstü abidəsi yoxdur, bu və ya digər formada adı əbədiləşdirilməyib...
Vüqar da qardaşı İmanı bir an belə olsa tək buraxmamış, əksinə Ona dayaq durub erməni qəsbkarlarına qarşı mübarizə aparıb. Bu yolda onlar ac qalıblar, susuz qalıblar, ancaq hər cür məhrumiyyətlərə baxmayaraq içlərində yaşatdıqları yurd sevgisindən ilham alıblar, döyüşüblər və sonunda Şəhidliyin Zirvəsinə ucalıblar. Belə Qəhrəmanlarımızın keçdikləri həyat yolu millət olaraq bizlər üçün bir yol göstəricisidir. O yol qəhrəmanlıq yoludur. Tanıyaq və tanıdaq Vüqar Həsənquliyevi.
VÜQARIN PİRCAHANDAKI TARİXİ ÇAĞIRIŞI QALADIĞI TONQALIN İŞIĞINDA
1974-cü il iyun ayının 6-d Laçın rayonunun Pircahan kəndində anadan olub.
1981-ci ildə Pircahan kənd orta məktəbinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib.
ZƏRURİ QEYD: 1990-cı ildə sovet qoşunları adı altında paytaxt Bakıya 4 istiqamətdən yeridilən erməni daşnakları və rus hərbi birləşmələri tərəfindən törədilən 20 Yanvar qətliamından sonra Laçın rayonunun Pircahan kəndində Vüqarın çağırışıyla bütün məktəblilər öz komsomol biletlərini oda atmaqla elə məktəbin həyətindəcə bundan tonqal qalayırlar. Əslində Vüqarın Pircahanda qaladığı tonqal millətimizin azdlığı və erməni separatizminə qarşı mübarizəyə yönəli bir çağırış idi. Amma nə yazıq ki, necə ki, zamanında Hidayətin çağırışından, İmanın Xocalıda erməni işğalçılarıyla təkbaşına mübarizəsindən biz millət olaraq nəticə çıxarmamışdıqsa, eləcə Vüqarın tarixi çağırışının da fərqinə vara bilmədik. Elə bunun nəticəsidir ki, üstündən 30 il adlasa da, Yanvar qətliamının ideoloqu və rəhbəri olan Yevgeni Primakovla bağlı Bakı Slavyan Universiteti adlı ali təhsil ocağımızda esse yazmaqla bağlı müsabiqələr keçirilir. Vüqarın kiçik yaşıyla ötən əsrin 90-cı illərində dərk etdiklərini üstündən 30 il keçsə də saçı, saqqalı ağaran, problemləri qartıyan millət hələ də deyəsən gerçəkləri dərk etmək çabasında bulunmur!..
1991-ci ildə Vüqar məktəbi bitirəndə artıq 3 il idi ki, erməni işğalçıları Azərbaycana qarşı müharibəyə başlamışdılar. Orta məktəbi bitirdikdən sonra Vüqar bir neçə dəfə doğma yurdun müdafiəsi üçün Laçın özünümüdafiə batalyonunun rəhbərliyinə müraciət etsə də, yaşı tamam olmadığı üçün onu batalyonun sıralarına qəbul etməyiblər.
1992-ci il may ayının 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunandan sonra may ayının 9-u və 12-də Laçın rayonunun özünümüdafiə batalyonunun rəhbərliyinin şəxsən yanına getməsinə baxmayaraq yenə də eyni cavabla qarşılaşıb.
1992-ci il may ayının 18-də Laçın rayonu işğal olunarkən Vüqar qardaşları və atası ilə birlikdə Laçın rayonunu tərk etməmiş, rayondan şimal istiqamətə - Qorçu kəndinə qədər geri çəkilmişlər.
1992-ci ilin iyun ayında Vüqar Kəlbəcər rayonundan Bakıya gələrək yeni yaranan könüllülərdən ibarət 713 nömrəli hərbi hissənin sıralarına yazılmış, qısa bir zaman ərzində Kəlbəcər rayonuna, iyun ayının axırındasa Laçın rayonu ərazisinə keçərək düşmənə qarşı döyüş əməliyyatlarına başlamışlar.
1992-ci ilin iyul-avqust ayları ərzində Laçın rayonunun Qorçu, Şamkənd, Çorman, Piçənis, Vağazin, Bülüldüz, Haqnəzər, Pircahan və digər kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuş, bir çox ərazilərimizin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Sonradan Vüqar da 713 nömrəli hərbi hissənin Ağdərə rayonunun erməni işğalçılarından təmizlənməsi üçün keçirdiyi hərbi əməliyyatlarda digər vətən fədailərimiz kimi qəhrəmanlıqla döyüşmüşdür.
1992-ci il sentyabr-oktyabr aylarında 713 nömrəli hərbi hissənin qəhrəman döyüşçüləri ilə birlikdə Laçın rayonunun Hoçazdağ yüksəkliyi uğrunda 28 gün davam etmiş qanlı döyüşlərdə qəhrəmanlıqla vuruşmuş, Hoçazdağ yüksəkliyini düşməndən təmizləyərək Ermənistandan Qarabağa gedən yolu tam nəzarətə götürmüşlər.
Laçın və Kəlbəcər rayonları işğal olunduqdan sonra Vüqar qardaşı İman, Laçın rayonunun tanınmış ağsaqqalı Kamran bəy və onun oğlu İmanverdi, eləcə də Laçın, Kəlbəcər və Azərbaycanın digər ərazilərindən olan döyüşçülərlə birlikdə bu əraziləri tərk etməmiş, vətən torpaqlarını özlərinə məzar seçərək orada qalmış və sonadək düşmənə qarşı döyüşmüşlər.
1993-cü il mart ayının 29-dan sentyabr ayının sonunadək Kəlbəcər rayonu Bəylik, Zülfüqarlı, Almalıx, Quzeyçirkin, Əsirlik, Tunel, Başlıbel, Qalaboynu, Şəkərəm, “Çovdar”, eləcə də Laçın rayonunun Oğuldərə, Dambulaq, Kaha, İmanlar, Hətəmlər, Şəlvə, Hacıxanlı, Narışlar və Bülövlük kəndlərində dəfələrlə düşmənlə qeyri bərabər döyüşə girərək vətən torpağı uğrunda sonadək döyüşmüşlər...
Həsənquliyev Vüqar Mehtiqulu oğlunun adına məhkəmə Qətnaməsinə əsasən 1993-cü il mart ayının 29-da Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə həlak olması barədə ölüm şəhadətnaməsi verilmişdir.
Şəhid Həsənquliyev Vüqar subay olub, qəbri və qəbirüstü abidəsi yoxdur. Bu və ya digər formada adı da əbədiləşdirilməyib...
Onu da qeyd edək ki, bizə bütün bunlarla bağlı ətraflı məlumatları mühasirədə olduqları müddətdə Vüqargilin yanlarından gəlmiş döyüşçü yoldaşları nəql edir. O günlərin vəhşətini xatırlayan keçmiş döyüşçülər bunu özləri üçün az da olsa bir vicdan rahatlığı kimi sanırlar...
KAMRAN BƏYİN ÖLÜMÜNDƏ "ƏCƏL" VƏ "XƏYANƏT" İZLƏRİ
713 saylı hərbi hissənin keçmiş döyüşçülərindən olan İSAYEV MƏMMƏD Kamran bəy və onun silahdaşlarıyla bağlı bunları söyləyir: " Bunu mənə 1972-ci il təvəllüdlü Laçın rayonunun Dambulaq kəndindən olan Xosrov danışıb. Onunla təsadüfən rastlaşmışam. Söhbət əsnasında Xosrov Kamran bəylə bağlı maraqlı məlumatlar verdi. Xosrov hazırda Ağcabədidə yerləşən Ağdam qəsəbəsində yaşayır. Həm də oradakı Ağdam məktəbində müəllim işləyir. Onun deməsinə görə bu adam söylədiklərini şəxsən Seyid Qədimlə söhbətində eşidib.
Kəlbəcər çıxanda Seyid Qədim kahada qalıb. Bu 12 nəfər, o cümlədən 713 saylı hərbi hissənin döyüşçülərindən olan mayor Etibar Həsənquliyevin qardaşları Vüqar və İman da Seyidin yanında olublar. Sonradan Kamran bəy onları götürüb Laçına gedib. Xosrov Seyidə istinadla Vüqarın və İmanın orda olmasını deyir. Ancaq onlar qayıdan 4 nəfərin arasında olmayıblar...
Xosrovun deməsinə görə Seyidin oğlu da var. Onlar haqqında kitab da yazılıb. Seyid Qədimin deməsinə görə Kamran bəy öz əcəli ilə sarılıq xəstəliyindən vəfat edib. Sonradan onu silahdaşları aparıb Laçın rayonunun Bülövlük kəndində dəfn ediblər.O adamlar 12 nəfər olublar, bunlarla hərbçilər də olub. Kamran bəyin oğlu İmanverdi ayağından qəlpə yarası alıbmış. Dəfndən sonra oraya ermənilərin hücumu olur. İmanverdi və bir neçə nəfər qeyri bərabər döyüşdə Şəhid olur. Həmin döyüşdən cəmi 4 nəfər qurtulur. həmin kəslər oradan qaçıb Başlıbel kahasında Seyid Qədimgilə qoşulurlar. Və sonra Kəlbəcərdən çıxırlar. Xosrov danışır ki, Seyid Qədimin deməsinə görə ermənilər Kamran bəyin evinin zirzəmisində bir azərbaycanlını da zəncirə vurublarmış. Həmin döyüşdən qurtulan 4 nəfər Vüqar və İmanın orada Şəhid, yaxud əsir düşmələrini görməyiblər. Zəncirlənmiş nəfərin kimliyi də bəlli olmayıb"...
713 saylı hərbi hissənin başqa bir döyüşçüsü MƏZAHİR QƏHRƏMANOV da Kamran bəyin ölümünü təsdiqləyir. Və bunu Şakirdən eşitdiyini deyir. Şakir Bülövlükdəki döyüşdən qurtulan 4 nəfərdən biri olub.
Keçmiş döyüşçü AĞAKİŞİYEV NƏSİMİ Şakir Əkbərovun Laçın rayonunun Alıqulu kəndindən olduğunu deyir və onun bildirdiyinə görə Şakir 53 gün əsir olub, hazırda Xırdalanda yaşayır.
"Hazırda Bərdədə yaşayan o zamankı əsir"in dilindən səslənənlərisə 713 saylı hərbi hissəyə daxil olan 2-ci bölüyün komandiri ( həmin bölüyün komandiri VAQİF QULİYEV Ağdərədə şəhid olandan sonra bölüyə komandanlıq Ədalət Mustafayevə həvalə edilib) ƏDALƏT MUSTAFAYEV belə nəql edir: "O zaman Bülövlükdə 30-a qədər adam olub. Onlar Şəlvədə yaşayıblar. Sonradan bunlaradan bir qisim ayrılaraq Seyid Məmmədin zağasına gediblər. Digərləri qayıdanda əsir düşüblər. Bunu danışan adamın öz də əsir olub. O adam deyir ki, bizimlə bir yaşlı kişi var idi, oğlu da yanında. O kişi xəstə idi. Onları ermənilər güllələdi"...
Ədalət Mustafayevin deməsinə görə həmin adam Sabirabaddan olan o zamankı Yevlax batalyonunun uşaqlarındandır.
"Kamran bəyin yeznəsi də deyir ki, onları güllələyiblər. Bir nəfər onlardan ayrılıb getmək istəyəndə əsir düşüb, o əsir bunların yerini ermənilərə nişan verib. Ermənilər də bunların hamısını Seyid Məmməd zağasında güllələyiblər. Bunu danışan Kamran bəyin yeznəsi İldırımın qardaşı Qələndərdir. Qələndər hazırda Nərimanov rayon polis bölməsində işləyir, polkovnik-leytenantdır". Bunu da Ədalət Mustafayev söyləyir.
Biz Özümüzə qayıdanda böyük olacağıq
Bəli, bu oğullar bütövlüyümüzə, varlığımıza, istiqlalımıza gələn yolda canlarını fəda etdilər. Azərbaycan bu Oğulların sayəsində ayaqda durmağı bacardı. Hidayətlərin, Vüqarların, İmanların, Kamran bəyin, İmanverdilərin azadlıq eşqi yetişən nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün bir örnəkdir. Yetər ki, millət olaraq bizlər bu örnəyi zaman-zaman nəsillərə ötürə bilək. Kökümüzdən gələn gələnəklərə sahib çıxaq.
Bu və ya digər səbəblər ucbatından unudulan və unutdurulan həqiqətlərə ayna tutaq. Qədim türkün yurd sevgisini içində bəsləyərək dağlara çəkilib aylarla son nəfəsədək torpaqlarımızın azadlığı uğrunda ermənilərlə mübarizə aparan, milli kimliyimizin, millətçiliyimizin, dövlətçiliyimizin keşiyində dayanan Hidayət, Vüqar və İman qardaşlarının, onları yurd sevgisiylə, Vətən eşqiylə böyüdüb tərbiyə edən Mehtiqulu Kişinin, Kamran bəy və oğlu İmanverdinin adları bu gün millətimizin fəxr edə biləcəyi Ünvanlardandı. Gəncliyimiz hər zaman bu Ünvanlara üz tutmalı, Hidayətin, Vüqarın, İmanın, onların atası Mehtiqulu Kişinin, Kamran bəylə oğli İmanverdinin vətən sevgisindən, milli təəssübkeşliklərindən mənəvi qida almalıdır. Hidayət də, Vüqar da, İman da, Kamran bəy də, oğlu İmanverdi də Ruh Adamı olaraq torpaqlarımız işğaldan tam azad edilənə qədər işğal altında inləyən torpaqlarımızda yurdun sahibi olaraq dolaşacaqlar.
Nə yazıq ki, aparılan yanlış təbliğatlar nəticəsində bütün bunlara müqabil bizim də təfəkkürümüzdə vurnuxan nəsnələr var, sanki bəsirət gözlərimiz bağlanıb. Bütün “nədənlər”ə baxmayaraq günün birində xalqın özünün belə qəhrəman övladlarına dastan qoşacağı şəksizdir. Haqq nazilər, üzülməz.
Biz Özümüzə qayıdanda böyük olacağıq. Bu qəhrəmanların apardıqları mücadilə bizi Özümüzə qaytarmaq yolunda atılan addım olub. Bu yurdun azadlığı uğrunda canını fəda etmiş yurddaşlarımızın qısasını mütləq düşməndən alacaq, itirilmiş bütün yurd yerlərimizi düşməndən azad edəcəyik -Qarabağı aldığımız kimi!..
Bax onda O Sərgərdan Ruhlarımız dinclik tapacaq!
Bax onda bizlər vətənin nankor övladları olmaqdan qurtulacağıq!
Bax onda bizlər Mehtiqulu Kişinin, Hidayətlərin, İmanların, Vüqarların, Kamran bəyin, İmanverdinin Ruhları qarşısında daha mağmuncasına dayanmayacağıq!
Əksinə o Ruhlar qarşısında hesabat verib, Özümüzə sahib çıxmaqdan qürur duyacağıq...
Məkanları Cənnət olan Şəhidlərimizə Uca Yaradandan rəhmət diləyir və Vətən Savaşında 713- ün həqiqətlərini görmək üçün Uca Yaradandan unutqanlara dünyaya bəsirət gözüylə baxmağı nəsib etməyi arzulayırıq!!!
İGİD TEYMURLU
Tv 713. az