HƏVƏSKAR TALIŞŞÜNASIN ƏSASSIZ İRADLARINA CAVAB
09 fevral 2014 – cü il tarixdə TALISH. ORG saytında “Cənub xəbərləri” qəzetində talışların etnogenezi ilə bağlı çap etdirdiyim altı məqaləm haqqında Rabil Abdinovun “Biləcəridən o yana tanınmayan “tarixçilər” “ adlı məqaləsi yerləşdirilmişdir. Onun bu məqaləsində mənə qarşı irəli sürdüyü bütün ittihamlar tamamilə əsassızdir.
R. Abdinovun yazdıqlarından fərqli olaraq, mən 1985-ci ildən Azərbaycan Respublikasının cənub – şərq hissəsinin Antik dövr abidələri mövzusundakı dissertasiya üzərində işləyirəm. 1987-ci ildən Cənub bölgəsində işləyən arxeoloji ekspedisiyalardan birinin daimi üzviyəm. Yazdığim məqalələr də indiyədək aparılmış elmi tədqiqatların nəticəsidir.
Mən İqrar Əliyevi bir yox, beş məqaləmdə tənqid etmişəm. Hadisə də belə olub: Etnik tariximiz haqqında əsl həqiqətin nədən ibarət olduğunu bilmək istəyənlərin həsrətlə gözlədiyi 7 cildlik “Azərbaycan tarixi”nin I cildi 1998-ci ildə çapdan çıxmışdı. Etnik tariximizlə bağlı bütün mövzular da İqrar Əliyev tərəfindən yazılmışdı. O, gözlənilən ümidləri puça çıxarmışdı. Onunla razılaşmayanlara isə müxtəlif yerlərdə, o cümlədən “İmpuls” qəzetinin səhifələrində “Özündən çox razı kəmsavad Əlisa Nicatın “tənqidinə” cavab” və “Mətbuatda iki kəmsavad böhtançı məqaləsinin çap olunması ilə bağlı T. Hacıyevə cavab” adlı silsilə məqalələrində alimə yaraşmayan formada divan tuturdu. Həmin vaxt mən mətbuat səhifələrində onun buna haqqının olmadığını bildirdim və çap etdirdiyim aşağıdakı məqalələrimdə “Azərbaycan tarixi”nin I cildində yol verdiyi çox ciddi səhvləri diqqətinə çatdırdım:
1. Udinlər Albandırmı? (“EKSPRES” qəzeti, 13 mart 2001-ci il).
2. Azərbaycan qədimdən türklərin yaşadığı ölkədir (“Millətin səsi” qəz., 25 – 31 mart 2001-ci il).
3. .Alban tayfası qafqazdill olmayıb (“EKSPRES” qəz., 12 iyul 2001-ci il).
4. Assimilyasiya , yoxsa sürgün? (“EKSPRES” qəz., 11 sentyabr 2001- ci il).
5. Mannalıların etnik mənsubiyyəti və tarixi taleyi (“EKSPRES” qəz., 5 aprel 2002 – ci il).
Təbii ki, o bu məqalələri oxudu, lakin mənə güldən ağır söz demədi və məqalələrimə də cavab vermədi.
Bu məqaləmdə R. Abdinovun yalnız kadusilərlə bağlı iradlarına yalnız, Biləcəridən o yanda da tanınmış tarixçilərin yazdıqları əsasında cavab verəcəyəm.
“Kadusilər irandilli deyil” fikri mənə məxsus deyil
R. Abdinov bilməlidir ki, İran tarixçiləri də Kadusi tayfasının Ari olmadığını təsdiq edirlər (A. Fazili. Azərbaycanın qədim tarixi müasir İran tarixşünaslığında. B. 1970, s. 110, 119). Azərbaycan tarixçilərindən İqrar Əliyev 1960 – cı ildə çap etdirdiyi “Midiya tarixi” adlı əsərində kadusilərin irandilli olmadığını göstərmişdir (səh. 106). İ. Əliyev kimi akademik Əlisöhbət Sumbatzadə də 1990-cı ildə çap etdirdiyi “Azərbaycanlılar – etnogenez və xalqın formalaşması” adlı əsərində göstərir ki, Atropatenanın şimal – şərqində yaşamış güclü Kadussi tayfası irandilli deyildi (səh. 43). L. N. Qumilyov isə Gilan və Mazandaranın qədim əhalisindən bəhs edərkən yazırdı ki, buradakı kimi, Elbrus dağlarının yamaclarında da , ari tayfaları ilə birlıkdə, ari olmayan kadusilər də yaşayırdılar (Bax: Тысячетие вокруг Каспия. Б. 1991 , S. 63). Göründüyü kimi, bu fikir mənə məxsus deyildir, amma yazılı mənbələrdəki məlumatları sistemləşdirməklə onu təkzibedilməz hala gətirmişəm. Sonrakı məqalələrimi oxuyanda buna əmin olacaqsınız.
Kadusilərin talışların əcdadı olması fikri yalnız ehtimaldır.
Iran alimləri Əhməd Kəsrəvi və Əli Əbdolıni, eləcə də əslən Cənub bölgəsindən olan bəzi alim və tədqiqatçıları çıxmaq şərti ilə, qalan müəlliflər bunun ehtimal olduğunu bildirirlər. Bunu iddia edənlərin əlində isə kadusilərin yaşadığı ərazinin bir hissəsində hazırda talışların yaşamasından başqa tutarlı bir fakt yoxdur. Varsa, qoysunlar ortaya. R. Abdinovun yazdıqlarının əksinə olaraq 2007- ci ildə çapdan çıxmış Azərbaycan Milli Ensiklopediyasında kadusilər haqqında verilmiş məlumatda (səh. 100, 171) onların talışların əcdadı olması ilə bağlı heç bir məlumat yoxdur. Azərbaycan tarixinin akademik nəşrində də həmçinin ( Bax: Azərbaycan tarixi. I cild. B. 2007, s. 285 – 286). İqrar Əliyev isə kadusilərin kimin əcdadı olmasından bəhs edərkən göstərirdi ki, onlar bu gün Gilanda gilanlıların simasında yaşayırlar ( Очерк истории Атропатены. Б. 1989, С. 16).
Talışların mənşəyi problemi barədə.
R. Abdinov iddia edir ki, T. Əzizovun niyyəti “talışların əcdadını nəyin bahasına olursa – olsun bir türk ya monqol mənşəli xalqa bağlamaq və ya onları dillərini dəyişmiş türkdilli kimi qələmə verməyə hesablanıb”. Halbuki mən artıq aydın şəkildə yazmışam : “Talışların soykökündə qədim dünyanın Skif, Sak, Sarmat tayfalarının irandilli hissəsi və türklər dayanır” (“Cənub xəbərləri” qəzeti, 8 may 2013). “Kadusilər talışların əcdadı deyil , soykökündə qarışıq nikahlar və ola bilsin ki, müəyyn qədər də talışlaşma vasitəsi ilə iştirak etmiş tayfalardan biridir” (“Cənub xəbərləri” q. , 20 sentyabr 2013). Talışların müəyyən bir hissəsinin ən azından talışlarla türklərin qarışıq nikahının nəticəsi olduğunu kim inkar edə bilər?
Ermənilərin niyyəti puça çıxacaqdır.
Məlum olduğu kimi, Yerevan Dövlət Universitetində erməni alimləri Ə. Hümbətovun da arzularını nəzərə almaqla Cənub bölgəsinin tarixini yazırlar. Onu da deyək ki, Talış bu ərazinin yalnız bir hissəsi olduğundan bəzi iddialara baxmayaraq, Cənub bölgəsi adı daha düzgündür. Yazdıqlarım da, ermənilərə verilən elmi cavab və tarixi həqiqətdir. Bu məsələdə başqa müəlliflər də zamanında mənim kimi eyni halla üz – üzə qalmışdır. Belə ki, f. e. d. Məsud Məmmədov da Lənkəran ovalığının etnotoponimləri haqqında yazarkən göstərirdi ki, talışların antropoloji quruluşu müxtəlifdir və buna qədim dövrdə İranda və Kiçik Asiyada yaşamış əsas antropoloji tiplərin nümayəndələrinin Talışda da yaşayaraq talışlaşmasının nəticəsi kimi baxılmalıdır ( AEA –nın Xəbərləri. 1974, №6, s. 108). Və yaxud, B. Miller 1925-ci ildə Talışda olarkən düzənlikdə yaşayan qarabuğdayı və dağda yaşayan ağbəniz talışların fiziki tipləri arasında fərqin olduğunu göstərir və bunun səbəbinin öyrənilməsinin zəruriliyini bildirirdi (Q. Cavadov. Talışlar. B. 2004, S. 30). Sonralar antropoloji tədqiqatlar zamanı məlum oldu ki, Astara rayonunda yaşayan talışlar daha braxikefal (yastıbaş) olduqları halda, Lerik rayonunda yaşayanlar mezokefaldırlar. Bunun da nəticəsidir ki, Oolış adlandırılan dağlılardan artıq elmi ədəbiyyatda Qaleş adlı ayrıca xalq kimi bəhs edilir.
R. Abdinov bilməlidir ki, elmdə axıradək saxtakarlıq etmək olmur və ya edilmiş səhv gec – tez düzəldilir.
TOFİQ ƏZİZOV
Tarixçi – arxeoloq.