ÖMRÜN HƏRBƏ MEYDAN OLDU — VAQİF QULİYEV

Manset / Şahidlər və Şəhidlər / Yazarlar / Tarix 25-yan, 10:019 tv713 37 0
ÖMRÜN HƏRBƏ MEYDAN OLDU — VAQİF QULİYEV



BİRİNCİ YAZI

Rus–erməni işğalçılarına qarşı Qarabağın azadlığı uğrunda aparılan mübarizənin birinci mərhələsində xalqın içərisində nüfuz sahibi olan şəxslərin də qatılmalı olduğu müqavimət hərəkatı ya zəif xarakter aldı, ya da bir çox ərazilərdə ümumiyyətlə formalaşmadı.
Sovet hərbi-siyasi məktəbindən çıxmış bu şəxslər cəmiyyət daxilində qəbul edilən, bəzən də zor və təzyiq üzərində qurulan kifayət qədər təsir imkanlarına malik idilər. Lakin həmin nüfuz taleyüklü məqamda susdu. Bəzi hallarda isə məqsədli şəkildə susduruldu. Bu vəziyyətin formalaşmasının ÜÇ ƏSAS SƏBƏBİ var idi.

BİRİNCİ SƏBƏB kolxoz və sovxoz təsərrüfatlarının mövcudluğu ilə bağlı idi. İşğal fonunda bu təsərrüfatlara məxsus mal-qaranın və digər maddi resursların sənəd üzərindən “yoxa çıxarılması”, sonradan isə “düşmənə qaldı” izahı ilə məsuliyyətdən yayınmaq cəhdləri müşahidə olunurdu. Bu yanaşma işğalın labüdlüyünü dolayı yolla qəbul etməklə yanaşı, onu stimullaşdıran amillərdən birinə çevrilirdi. Qısa və konkret cavab belə formalaşırdı: kolxoz və sovxozun əmlakı bütövlükdə düşmənə qaldı.

İKİNCİ SƏBƏB isə azadlıq və müstəqillik ideyasının məhz ruslar tərəfindən “icazə verilmiş proses” kimi təqdim olunacağına inanan, bu prosesin sonradan yeni repressiyalarla nəticələnəcəyindən ehtiyat edən qüvvələrin mövqeyi idi. Onlar kənarda dayanmağı, hadisələrin sonunu gözləməyi daha təhlükəsiz yol hesab edirdilər.

ÜÇÜNCÜ SƏBƏB kimi çıxış edən siyasi qüvvələr isə öz mövcudluqlarını yalnız bir tezislə sübut etməyə çalışırdılar: “Rusları biz qovduq, azadlığı millətə biz gətirdik.” Bu xətt AXC–Müsavat tandeminin siyasi iddialarında açıq şəkildə özünü göstərirdi.

Belə mürəkkəb və ziddiyyətli bir şəraitdə torpaqlarımızın işğaldan azad olunması uğrunda real hərbi təşəbbüs Laçının şimal istiqamətində formalaşdı. 713 saylı taborun mayor (sonradan polkovnik-leytenant) Süleyman Əhmədovun komandanlığı altında hücuma başlaması, müqavimətsiz əraziləri ardıcıl şəkildə ələ keçirən düşmən qüvvələri arasında ciddi təşviş yaratdı.

Hücum əməliyyatlarının icrası məqsədilə Şamkənd–Çorman–Haqnəzər istiqamətinin əsas zərbə xətti kimi müəyyənləşdirilməsi döyüş fəaliyyətinin effektivliyini əhəmiyyətli dərəcədə artırdı.
Əməliyyat rayonlarında kəşfiyyat tədbirlərinin dəqiq, sistemli və məqsədyönlü şəkildə aparılması düşmənin mövqelərinin minimum itkilərlə ələ keçirilməsində həlledici rol oynadı. Bu baxımdan ərazini qarış-qarış tanıyan, Laçını öz varlığı ilə eyniləşdirən Vaqif Quliyevin taborun döyüş sıralarına qoşulması və bir sıra kəşfiyyat əməliyyatlarında fəal iştirakı əməliyyatların uğur əmsalını əhəmiyyətli dərəcədə yüksəltdi.

Vaqif Quliyev Laçının itkisilə barışmayan qəhrəman oğullarımızdan biri idi. Döyüş yoluna 713 saylı taborun tərkibində başlayan Vaqif Quliyevin cəsarəti və qorxmazlığı tabor komandiri Süleyman Əhmədovun diqqətindən yayınmadı. Qısa müddət ərzində özünü bacarıqlı döyüşçü və təşkilatçı kimi təsdiqləyən Vaqif Quliyevə taborun İkinci bölüyünün komandanlığı həvalə olundu...


İKİNCİ YAZI


Müstəqil Azərbaycan dövlətinə taleyin həlledici çağında yetişərək onun müdafiəsi naminə silaha sarılan hər bir soydaşımız əbədi hörmət və ehtiram sahibidir.

Vətən qarşısında öz məsuliyyətini dərindən dərk edərək könüllü şəkildə silaha sarılan qəhrəmanlarımızdan biri də ikinci bölüyün komandiri Vaqif Quliyev olmuşdur.

Vaqif Quliyevi Laçınsız təsəvvür etmək mümkün deyildi. Onun qəlbində daim bölünməz Bütöv Azərbaycan ideyası yaşayırdı. Laçının müdafiəsi onun üçün təkcə hərbi vəzifə deyil, mənəvi borc idi.

Laçın istiqamətində 713 saylı taborn birinci bölüyü ilə hücuma qoşulan V. Quliyevin fövqəladə qətiyyəti və cəsarəti tabor komandiri, mayor Süleyman Əhmədov tərəfindən xüsusi diqqətlə qarşılanır. Tabor komandiri tərəddüd etmədən onu ikinci bölüyə komandir təyin edir.

İkinci bölüyün şəxsi heyəti birbaşa döyüş şəraitində formalaşdırılır. Belə ki, Bakıdakı qərargahda könüllü olaraq döyüşə səfərbər edilən əsgərlər birbaşa Vaqif Quliyevin komandiri olduğu ikinci bölüyün formalaşdırılması üçün göndərilir.

Yüksək təşkilatçılıq bacarığına malik olan V. Quliyev qısa müddət ərzində möhkəm nizam-intizama əsaslanan döyüş qabiliyyətli bir bölük formalaşdırmağa nail olur. Onun şəxsi nüfuzu və komandir avtoriteti bölüyün sürətlə təşkili və möhkəmlənməsində həlledici rol oynayır.
Qısa zaman ərzində yaxın və uzaq kəndlərdən bu bölükdə döyüşmək istəyən könüllülərin müraciətləri xeyli artır.

Bir an belə düşmənin hərəkətlərini nəzarətsiz buraxmayan 713 saylı tabor bölük komandanları Rəhman İsgəndərovun, Vaqif Quliyevin apardığı sistemli müşahidə və dəqiq kəşfiyyat tədbirləri nəticəsində düşmənə sarsıdıcı zərbələr endirirlər.

Beləliklə, V. Quliyevin və birinci bölüyün komandiri, hərb elmini dərindən mənimsəmiş vətənpərvər zabit Rəhman İsgəndərovun rəhbərliyi altında, tabor komandiri mayor S. Əhmədovun əmrinə əsasən Qorçudan başlayan döyüş əməliyyatı Şamkənd, Çorman, Haqnəzər, Təzəkənd, Vağazin və Ərdəşəvi kəndləri, eləcə də onların ətraf yüksəkliklərin nəzarət altına alınmasıyla sonuclanır.

Haqnəzər kəndində düşmənin müqaviməti qısa müddət ərzində tam zərərsizləşdirilir. Bu döyüşlər zamanı düşmənin bir canlı qüvvəsi də əsir götürülür...


(ardı var)








FÜZULİ ALMƏMMƏDOV
713 saylı Taborun döyüşçüsü
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr