İGİD TEYMURLU
ÜÇ YOL, BİR MƏQSƏD
İranın mövcud siyasi sistemi teokratik və sərt mərkəzləşdirilmiş quruluş olaraq milli muxtariyyət və federalizm kimi modellərə açıq deyil. Bu reallıq Güney Azərbaycanda yaşayan türklərin mübarizə üsullarını tək bir istiqamətə yox, fərqli metodların paralel şəkildə inkişafına məcbur edir. Məhz bu kontekstdə Pezeşkian, Çöhrəqanlı və Tağızadə yanaşmaları bir-birinə alternativ deyil, əksinə tamamlayıcı mahiyyət daşıyır.
İLK OLARAQ PEZEŞKİAN MODELİNƏ BAXAQ.
Bu yanaşma sistem daxilində dəyişiklik etməyə hesablanıb. Yəni, mövcud siyasi çərçivəni dağıtmaq deyil, onun daxilində manevr edərək müəyyən yumşalmalar əldə etmək məqsədi güdür. Bu modelin əsas üstünlüyü onun reallıqla uzlaşmasıdır. Çünki İran kimi qapalı və güclü mərkəzə malik dövlətdə ani və köklü dəyişikliklərdən daha çox, mərhələli transformasiyalar mümkündür. Bu baxımdan Pezeşkian xətti dil, mədəniyyət və sosial hüquqlar sahəsində müəyyən nisbi açılımlar vəd edə bilər. Lakin bu yanaşmanın sərhədləri də aydındır: o, sistemi sındıra bilməz, yalnız onun daxilində oynaya bilər. Deməli, bu model taleyi dəyişdirmir, amma taleyin içində nəfəs alma imkanını genişləndirir.
İKİNCİ İSTİQAMƏT ÇÖHRƏQANLI MODELİDİR.
Bu yanaşma sistemdən kənarda formalaşır və daha çox ideoloji və emosional xarakter daşıyır. Onun çıxışlarında əsas vurğu türk kimliyi, Güney Azərbaycan anlayışı və öz müqəddəratını təyinetmə ideyaları üzərindədir. Bu modelin ən böyük gücü insanlarda siyasi şüur oyatmasıdır. Çöhrəqanlı modelində Güney İnsanı özünü sadəcə vətəndaş deyil, siyasi subyekt kimi dərk etməyə başlayır. Bundan əlavə, bu yanaşma məsələnin beynəlxalq səviyyəyə çıxarılmasında mühüm rol oynayır. Lakin onun zəif tərəfi də buradadır: daxildə sistemli təşkilatlanma və real siyasi rıçaqlar olmadan bu ideya praktik nəticəyə çevrilməkdə çətinlik çəkir. Yəni, Çöhrəqanlı modeli Toplumu hərəkətə gətirir, amma bu hərəkətin istiqamətini və nəticəsini təkbaşına təmin edə bilmir.
ÜÇÜNCÜ XƏTT İSƏ TAĞIZADƏ MODELİDİR.
Bu yanaşma nə birbaşa siyasi fəaliyyət, nə də emosional xarakter üzərində qurulub. Onun əsas funksiyası düşüncə yaratmaqdır. Tağızadə yanaşması Güney Azərbaycan məsələsinə təkcə milli problem kimi yox, regiondakı geosiyasi güc balansının bir elementi kimi baxır. Tağızadə bu məsəlıyə bir növ İran, Türkiyə, Azərbaycan və Qərb arasındakı münasibətlər prizmasından analiz apararaq “nə mümkündür, nə isə sadəcə arzudur” sualına cavab verir. Bu model strateji düşüncə formalaşdırır, riskləri və imkanları açıq şəkildə göstərir. Lakin onun da məhdudiyyəti var: izah edir, amma icra etmir.
Güntay Tölge deyilən birisi kimi bu üç yanaşmanı qarşı-qarşıya qoymaq, onları bir-birini inkar edən xətt kimi təqdim etmək ciddi strateji səhvdir. Çünki reallıqda bu modellər fərqli səviyyələrdə fəaliyyət göstərərək əslində eyni məqsədə xidmət edirlər.
Görünən budur ki;
Pezeşkian modeli — sistem daxilində praktik imkanlar yaradır.
Çöhrəqanlı modeli — gələcəyə yönəli milli ruh və siyasi tələb formalaşdırır.
Tağızadə modeli — bu prosesin strateji xəritəsini cızır.
Belə olan halda, adıçəkilən siyasi fiqurlardan birini digərinə qarşı qoymaq, onları aşağılamaq və ya “çevrimdən çıxarmaq” yanaşması bütövlükdə mübarizənin özünə zərbə vurur. Xüsusilə ayırıcı və ittihamedici dil, ideoloji parçalanmanı dərinləşdirərək ortaq məqsədi zəiflədir.
Əgər məqsəd həqiqətən Bütöv Azərbaycan və ya daha geniş mənada milli birlik ideyasıdırsa, o zaman fərqli metodların toqquşması yox, uzlaşması vacibdir. Tarix göstərir ki, böyük siyasi nəticələr tək bir metodla deyil, müxtəlif yanaşmaların sintezi ilə əldə olunur.
Bu baxımdan ən doğru yanaşma “ya o, ya bu” prinsipi deyil, “hərəsi öz yerində” prinsipidir. Yəni:
- sistem daxilində mümkün olanı əldə etmək,
- sistem xaricində milli şüuru diri saxlamaq,
- bütün bunları isə strateji düşüncə ilə yönləndirmək.
Nəticə olaraq demək olar ki, ayırıcı yanaşma zəiflik yaradır, birləşdirici yanaşma isə güc. Bu məsələdə əsas şüar fərqli ola bilməz: dil birliyi, fikir müxtəlifliyi içində vəhdət və əməl koordinasiyası. Yalnız bu halda mövcud reallıqlar daxilində maksimum nəticə əldə etmək mümkündür...














