Mətbuat Şurası informasiya məkanında baş verən proseslər zamanı media subyektlərindən və jurnalistlərdən peşəkarlığın nümayiş etdirilməsi tələbi ilə bağlı bəyanat yayıb.
Tv713. az xəbər verir ki, bəyanatda son dövrlər bəzi media təqdimatlarında jurnalistikanın missiyasına uyğun olmayan, hadisələrin mahiyyətindən daha çox süni rezonans yaratmağa hesablanmış yanaşmaların müşahidə olunduğu bildirilib: “Azərbaycan Mətbuat Şurası hesab edir ki, jurnalistika ictimai maraq naminə deyil, auditoriyanın diqqətini cəlb etmək məqsədilə hadisələrdən istifadə vasitəsinə çevrilməməlidir. Xüsusilə, ayrı-ayrı tanınmış şəxslər, o cümlədən vəzifə səlahiyyətləri başa çatmış şəxslərlə bağlı yoxlanılmamış məlumatların, əsassız ittihamların və alçaldıcı ifadələrin yayılması yolverilməzdir. Belə təqdimatlar həm də ictimai müzakirə mədəniyyətinə xələl gətirir.Azərbaycan Mətbuat Şurası bütün media subyektlərini və jurnalistləri insan hüquqlarına, şəxsi həyatın toxunulmazlığına, təqsirsizlik prezumpsiyasına və “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın tələblərinə ciddi əməl etməyə çağırır."




















