Qazaxın 3 min hektarı ermənilərə necə verildi?
Hazırda ən ciddi müzakirələrdən biri də Qazaxın Ermənistan ərazisində qalan kəndlərinin Azərbaycana qaytarılmasıdır.
Tv 713. az bu anklavların Ermənistanın “mühasirəsi”nə düşməsi və sonradan zəbt edilməsinin tarixi barədə Məhərrəm Göyüşoğlunun paylaşdığı faktları təqdim edir:
1983-də ermənilər Qazax rayonu ərazisindən torpaq qoparmaq sevdasına düşdülər. Bunun üçün bütün resurslarını işə saldılar. Həm Moskvada, həm də Bakıda bütün şəbəkə aktivləşdirildi. Böyük hissəsi Kəmərli kəndinin meşələri olmaqla, Əskipara dərəsinin, Cəfərlinin üstü, Sofulu və Bərxudarlı kəndlərini Qazaxa birləşdirən strateji yüksəkliklər ermənilərə peşkəş edildi. Ümumilikdə 3000 hektardan çox ərazi.
Kimlər gəldi:
Öncə Azərbaycan Kommunist Partiyasının katibi Şamil Rəsizadə Noyanberyan tərəfdən ermənilərlə birgə Kəmərli meşələrinə gəldi, burda yığışmış yerli əhaliyə ermənicə salam verdi. Gözünü sevdiyim, bizim eloğlu və əsasən elqızlarımız bunu və bərabərində gətirdiyi erməniləri paya ilə bir yaxşı döydülər. Əsir kimi gətirib Kəmərlinin mərkəzində sifətlərinə tüpürdülər.
Sonra sovet hökuməti başladı repressiyaya. Dönəmin kənd rəhbərlərini (rəhmətlik İsa Bəbirov və başqalarını) istintaqa cəlb etdilər. Rəsizadənin ağzını cıran qadını qolçomaq qızı çıxardılar. Sonra Mərkəzi Komitənin ikinci katibi, rus canişini Viktor Polyaniçko gəldi Qazaxa. Müxtəlif vədlər, filan. Olmadı.
Sonunda dönəmin Azərbaycan KP MK rəhbəri Kamran Bağırov gəldi. Təxminən belə bir çıxış etdi: Əziz həmvətənlər, mənə yazığınız gəlsin. Məni 8 saat Moskvada ayaq üstə saxladılar. Təzyiq edirlər. Elə bilin, mənə verirsiz, mən ölüm, mənə bağışlayın.
Sonra Bala Cəfərli kəndinin ərazisində erməni restoranında Dəmirçiyanla oturub imzalayıblar torpaqların verilməsini, yemək yeyiblər. Deyilənə görə, həmin görüşdə Dəmirçiyan Bağırovun bahalı saatını da oğurlayıb.
Nəticə: 1990-cı illərdə Qazaxın sərhəd kəndləri atəş altında qaldı. Bu gün işğalda olan kəndlərimiz anklava çevrildi, nəticədə işğal olundu.