"Qarabağa Dönüş" poema: 4-8 bölümlər

Manset 17-may, 04:349 tv713 53 0
"Qarabağa Dönüş"  poema: 4-8 bölümlər


SABİR RÜSTƏMXANLI -75 silsiləsindən



4-cü bölüm

...Mən sizə bu savaşda ölməyi əmr edirəm,
Siz ölümə gedəndə ölüm sizdən qaçacaq.
Bu şəhərin yolunu üzümüzə açsanız
Allah da dərgahında sizə qucaq açacaq.

Mən sizə bu savaşda ölməyi əmr edirəm
Ancaq ölüm gəlmədən düşməni öldürməyi.
Başqasının yurduna göz dikəni ağladıb
30 il yas tutanın üzünü güldürməyi!

Mən sizə bu savaşda ölməyi əmr edirəm,
Ölümün qucağına dirilik sinməlidir.
Əmrim ölüm olsa da ancaq bu son savaşdan
Əsgərim qələbəylə, sapsağlam dönməldir!
Qarşıda sıldırımlar, dik qayalar baş-başa,
Gərək qartal olasan, gərək qanadın ola.
Ya da bu qayalardan səni alıb qaldıran
Bir uçuş ehtirasın, dəli inadın ola.

Daşlar soyuq, sürüşkən, altda dibsiz uçurum,
Qayaların başında düşmən əsgəri min-min.
Yağış ol, dumana dön, düşmən duyuq düşməsin
Gözündəki şimşəyi görənə kimi sənin.

Ölüm-dirim anında haqdan gələn bir nida
Kəlmeyi-şəhadəttək ürəklərdə bəslənir.
Bu əmrin ilk vətəni Çanaqqala olmuşdu,
Yüz ili adlayaraq Şuşada da səslənir.

Əsgərin silahı yox, əmrin özü silahdır,
Bu əmr özü qanaddır, qaldırır uçurumdan.
Düşmən gözünü açıb görür bir körpə ruhu
30 yaşa dolaraq gəlibdir Xocalıdan.

Qarnı yarılan ana, döşü kəsilən ana,
Cənnətdən süd verərək igid ərlər böyütdü.
O zorlanan qızların bakirə gözəlliyi
Qisasa könül verib min-min əsgər böyütdü...



5-ci bölüm


Adına qurban olum, ey adsız qəhrəmanım!
Ruhundakı tilsimə heyran olub durmuşam.
Siz Vətən fədaisi! Qəlbimdə hərənizə
Neçə ləqəb düşünüb, neçə ad uydurmuşam.

Yürü, yürü, Mete xan, burda da sərkədəsən,
Arxanca qanadlanıb Qazanla, Beyrək gəlir.
Gürşad saraylar yıxır qırx igidi başında,
Özgürlük deyə-deyə Xürrəmi Babək gəlir!
Gəlir Oğuz, Bayandur, Alparslan, Qızıl Arslan,
Çağrı bəyin yoluna düzülüb neçə oğul,
Siz bu günün Çingizi, siz bu günün Timuru,
Sizlərin simasında dirilibdir Ərtoğrul!
Sizin adınız namus, qeyrət, şəhid, intiqam,
Milyon-milyon adlı var tüpürürlər adına.
Ata-ana ad verib böyütdülər sevgiylə,
Sonra da alışdılar pis övladın oduna.
Get, adsız qəhrəmanım, Qacar ala bilmədi,
Bu qalanı seyr etdi dediyi o şüşədən.
Qala - təxəllüsündür, Qaya - sənin ayaman
Öz əsil adınısa alacaqsan Şuşadan...

Ya da ki, Dədəm Qorqud dilləndirib qopuzu
Türkün ölməz ruhundan verər sözə yeni can.
Deyər ki, ayırmıram sizi bir-birinizdən,
Şuşa fatehlərinin bir adı var: Qəhrəman!...



6-cı bölüm

Əsgər boşəllə gedir Qalanı fəth etməyə,
Tək bircə bıçağı var, gizli tutur ovcunda.
Bıçağın tiyəsində gözlərinin işığı,
Neçə düşmən taleyi bir bıçağın ucunda.

Tankın yarsın sinəni, topun yuvana dəysin,
Namussuzun nə işi bu namus savaşında?
Bir ağzın var, bir qarnın, sanki yemək güc verir,
Dünyanın ərzağını əndərdilər başından.

Şuşada şırmandıqca sanırdın yenilməzsən.
Hələ Yallı da getdin qutsal Cıdır düzündə.
Ayaq qoyduğun torpaq bilmədin sənin deyil
O şənliklər, o rəqslər gələcəkdir gözündən.

Vaqifin gözəlləri bu düzdə gəzən zaman
Sənin xalqın hardaydı. Sən özün harda idin?
Bu qala qayalarda bir qala da ucaldan
Pənah xanın dövründə sən hansı gorda idin.

Qalanın divarları - qayaların davamı,
Burda quş quşluğuyla qanad salıb qayıtmış.
Sərkərdələr, fatehlər ölkələr basa-basa
Əli çatmadığından qalaya dil uzatmış...

Bircə Qacar almışdı ikinci hücumunda,
Baxmaqdan yorulanda aylarla hayıl-mayıl.
Bəndəsi o dünyaya həsrət getməsin deyə,
Ona gizli yolları göstərmişdi Əzrayil.

Şuşada ömür sürüb, Şuşada gün keçirmək,
Gözəllərin qisməti, igidlərin bəxtiydi.
Neçə saray tiksə də Pənah xan Qarabağda
Şuşa qızıl sarayı, Şuşa büllur taxtıydı.
Şuşa Bülbülün səsi, Şuşa səsin bülbülü,
Sözün İsa bulağı, "Çahargah" zənguləsi.
Bəstəkar yetirməsə bundan sonra min il də
Min il diri qalacaq Üzeyirin bəy səsi.

Havası bal, suyu bal, ağzının sözü də bal,
Onu arı əzmiylə qayalarda hörmüşük.
Hər qarış torpaq üçün ölmək necə olurmuş,
Ölüm sevinci nədir? Bu qalada görmüşük...

İki dostla yazmışdım qayasında adımı.
Qayadan silinsə də qalacaq yaddaşlarda.
Şair adını yazdı, əsgərim zəfərini
Tarixim yaşadıqca silinməz bu daşlardan.



7-ci bölüm


Qala zülmət içində, sabah günəş doğacaq,
Əsgər qurd gözü ilə gecə də görməlidir...
Diş ilə, dırnaq ilə yapışıb qayalardan
Düşmənin başı üstən qalaya girməlidir...

Qalaya girməlidir hava kimi, ruh kimi,
Tankın, topun üstünə boş əllə getməlidir.
Qonşusunun yurduna soxulmağın sonunu
Otuz il qanmayana bu gün öyrətməlidir...

Laçın, Xankəndi yolu - tanklar burun-buruna.
Canlı çəpər çəkibdi canilər hər köşədə.
Düşmən hardan bilsin ki, əsgərim qanadlıdır,
Bulud kölgəsi kimi sürüşür bu şüşədən.

Ona gülməli gəlir bizim son niyyətimiz,
Min-min gözdən yayınıb Şuşaya qalxa bilmək.
Ölkələrə əl açan erməni ümidiylə
Erməni ordusunu bir əllə boğa bilmək!

Azuqə aşıb-daşır, silahları tükənməz,
Yeyib-içir, əylənir, nə qorxu var, nə də qəm.
Lap dünyanın ən güclü qoşunuyam, nə olsun,
Üstünə hansı yolla, ha yandan gedəcəyəm.

Qayaların dibiylə nəğməsiylə axır çay,
Nə qədər coşub-daşa qalaya yetmir səsi.
Burda kəsib yolumu, Şuşanın sinəsinə
Sağalmaz yara vuran Daşaltı faciəsi.

Yurdunun harayına qalxan igid dostlarım
Bu dərənin dibində xəyanətə yem oldu.
Görən, niyə soran yox, bu kimin oyunuydu
O şeytan tələsini orda quran kim oldu?

Hər yerindən duranın çiynində zər paqonu,
Millət ayıra bilmir fərarini qaziylə.
Onca nəfər əsgərin onbaşısı olmayan
Papağını yan qoyub sərkərdə ədasıyla.

Keçmiş olsun, Daşaltı, yenə gəlir əsgərim,
Bu ağlar dərələrə unutdursun yasını.
Şuşadan gedənlərin övladları gəlib ki,
Burda axan qanların alsınlar qisasını!



8 ci bölüm.


Əsgər qalxır qalaya,
çıxılmazdır daş-divar.
Ancaq əsgərimin də poladdan pəncəsi var.
Qartal dırnaqlarını daşlara çala bilir,
Uçurumun üstündən asılıb qala bilir.
Gecənin havasını doldurub cigərinə
Bilir ki, vuruşacaq yüz dostunun yerinə.
Bu qoyun sürüsünə qurd kimi saldırmalı,
Qoynundakı bayrağı Şuşada qaldırmalı!
Bayrağı qaldırmalı ala buludlarla tən,
Qoy onu hər tərəfdən görsün yaralı Vətən,
Şuşam uca olsa da, bayraq ondan da uca,
Altında keşik çəkib mən də baxım doyunca.
Sonra düşmən gülləsi sinəmdə yanır, yansın,
Təki Vətən göyündə bayrağım dalğalansın!
Qala divara möhtac, divar qalaya möhtac,
Komandir əmr eləyir:
- Şuşanın yolunu aç.
Gecə sisli, dumanlı, gecə - hücum fürsəti.
Əsgərin öz gücünü göstərmək qətiyyəti...
Qaya üzünə durur,
Qaya qəsdində durub.
Qaya deyil nizədir,
Yaraları təzədir.
Daşaltıdan dikələn
Qaya deyil, bəladır,
Qayaların başında
Yol gözləyən qaladır.
Gecə zülmət pərdəsi
Gözlərindən tük çəkir.
Üstdə qulaq-qulağa
Çaqqallar keşik çəkir.
Keşikçi projektor
Qaranlığı darayır.
Yayınmaz gözdən quş da,
Sübhə kimi arayır.
Ancaq əsgər dayanmır,
Yolu sözündən keçir.
Dumanın qanadından,
İynə gözündən keçir...
Nə ordu vecinədir,
Nə Qacar deyən "şüşə".
Bir həsrətli tələsir
aşiqiylə görüşə.
Gecə nəmli, divar yaş,
Oğlum, ehtiyatlı ol, ayağından qaçar daş,
Əsgər hərdən yan-yana, hərdən nəfəs-nəfəsə,
Hərdən qulaq kəsilir qaladan gələn səsə.
O haqqın sorğuçusu, son hökmü verən Allah
Görünməz bir tor hörüb, kim bacarar, ya pənah!
Əsgər asılıb tordan qalxır hörümçək kimi
Sarmaşıb qayalara yazağzı çiçək kimi.
Hər daşda bir kəpənək,
Buz daşları isidən, qəzəbdən yanan ürək...
Damarında dolaşır Xocalıda axan qan.
Ay doğa onbeşgünlük, yapışa işığından.
Göydən bir ulduz baxa, qollarına güc gələ,
Süd yoluna sarılıb bircə anlıq dincələ.
Qatılaşır qaranlıq,
Əsgər durmur bir anlıq.
Ona qalxmaq əmri var,
Düşmənin mövqeyini yaxıb-yıxmaq əmri var.
Maska üzünü örtür, gözlərini gizləməz.
Torpaqdan göyərəcək! Düşmən bunu gözləməz!..
İstehkam, səngərləri dağılacaq bu gecə,
Allahın köməyiylə, ədalətin hökmüncə.
Ölüm mələyi kimi qonsun düşmən bağrına,
Bir əsgər qələm çəksin yüzünün varlığına.
Qayalar da xəbərsiz, qarşısında dikəlib,
Ancaq doğma nəfəsdən onlara da can gəlib!
Dırmaşırlar divarla - silahı bıçaqları,
Savaşda ad çıxarmış Yaşmanın uşaqları.
Beynində neçə arzu, neçə görüş həsrəti...
Hamısını unutmuş,
Bir əli qaranlıqdan, biri buluddan tutmuş...
Düşməndən alacağı qisas qaldırır onu,
Ürəyinə güc verən yol gözləyən ellərdir.
Çatır qulaqlarına anaların ağısı,
Fələyə üsyanları davam edir illərdir.

Gözündə Xocalının, Gəncənin körpələri,
Tərtəmiz gözlərindən yaş yerinə qan axır.
Çox sevinmə bu yasa, dayan, uşaq qatili,
Barmağım gözlərini deşmək üçün darıxır.

Uzaq maviliklərdən baxır Polad Həşimli
Mehriban bir səs ilə "Qalx!" deyir əsgərinə.
Silkələ qayaları, yol aç qaya döşünlə
Yürü, xeyir-duamla mən də köməyəm sənə.

Şəhidlərin ruhları qaya üstə çıraqdı,
Mübariz də dumandan sıyrılıb gəlir birdən.
Fikrində son döyüşü özü gedir qabaqda
Qoruyur divar kimi əsgəri güllələrdən.

Nə qədər sərt olsa da, bu qayalar, bu daşlar
Övladını tanımış, yol verib qaldıracaq.
Duman görünməz edib, bu gecə əsgərlərim
Bir qoyun sürüsünə Qurd kimi saldıracaq.

Birdən sükut pozulur,
düşmən şübhəyə düşmüş,
Elə bilir canlıdır dumandan sıyrılan daş.
Qayaya baxa-baxa səngərində büzüşmüş,
Dərələrdən dumanla kim qalxır yaşaş-yavaş?

Projektor işığı gözünü qamaşdırır
Növbə çatsa sevinclə gedib bir az yatardı,
Bu dibsiz uçurumlar xəyalını çaşdırır.
Günəş çıxsa canından bu qorxunu atardı...

İşıqla bir gecəyə yağır güllə yağışı,
Əsgərim yaralandı, gücü yox dırmaşmağa.
Şuşanı öz gözüylə görmək arzusu vardı,
Öndə son maneədi, qanadı yox aşmağa!

Tez yaralı əsgəri dostu alır çiyninə,
Yox, burda dayanılmaz,
silahdaş buraxılmaz,
Daşlara sinə-sinə yuxarı qalxır yenə,
Bir əsgər yolda qalsa bu qalaya çıxılmaz...

Qollarını boynuma bərk-bərk dola, buraxma,
Səni qaldıracağam - bu daşlar buz olsa da!
Yaran da sağalacaq Şuşanın havasından,
Bir yerdə gedəcəyik bu yol sonsuz olsa da!

Boynunu qucaqlayan dostu deyil, qanaddır,
Soyuq payız gecəsi əsgərim yanıb gedir.
Nə sınmaz bir dəyanət,
nə sarsılmaz inaddır
Yaralı dost yük deyil, yenə dırmanıb gedir!..

"Qardaş, sən burax məni,
ağıram, üzülmə, get!
Bax Şuşaya doyunca, mənim də gözümlə, get!"

"Şuşaya öz gözünlə, sap-sağlam baxacaqsan!"
Belə deyir əsgərim yaralı qardaşına.
Allah ona güc verir, coşur damarında qan,
Hamıdan tez dırmanır qayaların başına!

Düşmənin əcəlidir qayadan qalxıb gələn,
Haraya qalxır-qalxsın, tapacaq endirəcək.
Neçə projektoru sübhün əsintisiylə,
Ya da öz nəfəsiylə şam kimi söndürəcək!

Üzeyirin "Cəngi"si birdən gəlmişdi dilə,
Xanın, Seyidin ruhu bir muğam çaldırırdı.
Şəhid qəhrəmanlarım öz ruh əlləri ilə
Adsız qəhrəmanları Qalaya qaldırırdl!
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr