ÖLMƏYƏN VƏTƏN EŞQİMİZ VƏ ASILACAQ SÜMÜKLƏR
İGİD TEYMURLU
QARABAĞA KİMİSİ SELFİ ÇƏKMƏK, KİMİSİ DƏ HESABAT VERMƏYƏ GEDİR
Biz Vüqar və İman Həsənquliyev qardaşlarını, Kamran bəy və oğlu İmanverdini axtarmaq üçün, Azərbaycanın özü kimi ikiyə parçalanmış, cisminin bir hissəsi Laçın rayonun Pircahan kəndində basdırılan Bəhmən qardaşımızın., Vağazin kəndində dəfn etdiyimiz Şəhid qardaşlarımız Səmədin, Əlövsətin, Müzəffərin mübarək cisimlərini ziyarət etmək, Onlara hesabat vermək üçün Qarabağa getmək istəyirik, sizsə selfi çəkmək....
Biz Zəfər Tariximizin səhifələrinə tökülən qanlarıyla adlarını həkk etmiş o Nigaran Ruhların hüzuruna çıxıb qisaslarının alındığı xəbərini vermək istəyirik. Biz həsrətlə televizordan Ömərdağ aşırımına baxanda gözlərimiz Vüqarı, İmanı axtarır, hansısa ayrı bir Zirvədən bizi səslədiyini eşidirik, bizə əl edəcəyini görürük xəyallarımızda. Amma Sizlər vaxtilə o Nigaran Ruhların səngər yoldaşları olmuş bu qəhrəmanların istəklərini süründürməklə həm o illərin, həm o illərin Vətən torpağında uyuyan, məzarlarıyla Vətənə keşik çəkən döyüşçülərinin, həm də indi haqlarını tanımadığınız o döyüşçülərin də xidmət etdiyi 713 saylı hərbi hissənin fədailərinin belə müqəddəs arzularına qənim kəsilməklə Zəfər tariximizə kölgə salırsınız!..
Mən bilmirəm, bu, nə prosedur qaydadır. Nədən Qarabağa səfərlərin təşkiliylə bağlı hansı prosedur qaydaların olması, bu işin təşkilatçılğında hansı strukturun yükümlü olması xalqa geniş şəkildə məlumat verilmir?
Nədən 1992-ci ildə Qarabağın azadlığı uğrunda can qoyan KİŞİLƏRin indi o yurd yerlərini gedib ziyarət etmələri bir müşkülə çevrilib?
Nədən "hərə bir yolla" Qarabağa getməlidir?...
Nəzərdə tutulan səfərlə bağlı lazımi sənədlər təqdim ediləndən sonra bunca süründürməçiliyin adı nədir?
Görünən odur ki, bu işdə birbaşa günahkar Müdafiə Nazirliydir. Ortalıqda səfərlərin proseduruyla bağlı yetərli məlumat olmadığından belə demək mümkünsə, yaradılan süni əngəllərdə onların səlahiyyətləri deyil, məsuliyyətləri baxımından, bəli, məhz məsuliyyətləri baxımından birbaşa Müdafiə Nazirliyinin yarıtmaz fəaliyyəti insanların dövlət idarəçiliyinə olan sevgini öldürür...
Əzizlərim, mən Azərbaycan vətəndaşıyam. Nədən verdiyim sənədlər bütün dövlət strukturlarını, ayrı-ayrı təşkilatları("Hərbi Qənimətlər Parkını, Müdafiə Nazirliyini, Qaçqınkomu, Prezident Aparatındakı hərbi müşavirliyi, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçinin kabineti"ni) və dövlət rəsmilərinin kabinetini bunca fırlanmalıdır? Amma bu zaman kəsiyində şou əhlindən tutmuş nə bilim kimlərəcən olan "qruppaları" yığıb aparırsınız oralara....
Cənablar, fərd olaraq şəxsən mən sizlərin ora yığıb apardığınız jurnalistlərin heç birindən az fəaliyyət göstərməmişəm bu dövlət qarşısında - vaxtında silahımla, sonradan da qələmimlə döyüşmüşəm məmləkətim uğrunda, indi də o döyüş davam edir...
ƏVƏZİNDƏSƏ, Zakir Həsənovların, Səbinə Əliyevaların, məhkəmələrin, parlamentarilərin, Əflatun Amaşovların, Hikmət Hacıyevlərin yarıtmaz fəaliyyətləri nəticəsində laqeydlik nəsibimiz olub. Belə hərəkətlərin qarşılığındasa QORUDUĞUMUZ MƏSLƏKİMIMİZ, AMALIMIZ, VƏTƏN SEVGİMİZ OLUB....
"Elektron dövlət" beləmi olur, cənablar!?...
Əgər Müdafiə Nazirliyi zamanında Vətən uğrunda can qoyan oğlanların haqlarını özlərinə versəydi, onların haqlarını tanısaydı və onlara sahib çıxsaydı, bunca süründürməçilik də heç olmazdı.
ZAKİR HƏSƏNOV BİR ODUNDAĞ YÜKSƏKLİYİLƏ BAĞLI ÖZÜNƏ SERENADALAR, ESSELƏR YAZDIRIRDI, AMMA LAÇININ 42 KƏNDİNİ 1992-Cİ İLDƏ AZAD EDƏN, HOÇAZ YÜKSƏKLİYİNİ ƏLDƏ ETMƏKLƏ HƏM DƏ LAÇIN KORİDORUNA NƏZARƏTİ ƏLƏ KEÇİRƏN, 36 ŞƏHİD VERİB, YARISI DA YARALANAN, AĞDƏRƏNİN BİR ÇOX KƏNDLƏRİNİN AZAD EDİLMƏSİNDƏ İŞTİRAK EDƏN, BƏNDƏNİZİN DƏ TƏRKİBİNƏ DAXİL OLDUĞU 713 SAYLI HƏRBİ HİSSƏNİN DÖYÜŞÇÜLƏRİNİN HAQQINI TANIMADIĞI KİMİ İSTƏKLƏRİNƏ DƏ QƏNİM KƏSİLİB!!!
BİLMİRƏM BÜTÜN BUNLAR SİZLƏRİN DUYDUQLARINIZDIR, YOXSA DUYMADIQLARINIZ. HƏR İKİ HALDA GÜNAHKARSINIZ. VƏ BÜTÜN BUNLARA GÖRƏ GƏLƏCƏK NƏSİL SİZİN SÜMÜKLƏRİNİZİ DAR AĞACINDAN ASACAQ!...
Cənab Zakir Həsənovla cənab Kərim Vəliyev hələ də bu yurdun Fədailərini tanımırsa və tanımaq istəmirsə, onda şübhəsiz ki, dediyimiz səfərlərdə heç bu proselərdə iştirakı olmayanlar belə gedib " Xarı bülbül"lə selfi çəkdirəcəklər....
AMMA BİZİM VƏTƏN SEVGİMİZ YENƏ DƏ ÖLMƏYƏCƏK!!!
Cənablar, bu Vətən uğrunda döyüşmək, bu Vətənin dərdləri uğrunda çarpışmaq suçmudurmu!?
Lütfən, deməyin ki, ""yox!
Çünki sizlər əməllərinizlə, keçmiş döyüşçülərə münasibətinizlə sübut etmisiniz ki, bu Vətən uğrunda döyüşmək Sizərin baxışınızla suç imiş!
Elə olmasaydı, rəhmətlik Heydər Əliyevin "veteran" kimi tanıdıqlarını indi sizlər linç edib haqqını tapdalamazdınız.
CƏNAB ZAKİR HƏSƏNOV, məni başa salın görüm Heydər Əliyevin "veteran" kimi tanıyıb ev, torpaq, maşın verdiyi döyüşçünü indiki Müdafiə Nazirliyi və onlarla işbirliyində olan məhkəmələr nədən tanımaq istəmir!? ..
MÜDAFİƏ NAZİRLİYİ VƏ ONUN ARXİV İDARƏSİNDƏ BÖYÜK BİR YOXLAMA İŞİNİN APARILMASI, KEÇMİŞ DÖYÜŞÇÜLƏRLƏ BAĞLI VERİLƏN RƏYLƏR, BUNUNLA BAĞLI MƏHKƏMƏLƏRİN ÇIXARDIQLARI QƏRARLARIN İNCƏLƏNMƏSİ ÜÇÜN SİZDƏN GÖSTƏRİŞ VERİLMƏSİNİ XAHİŞ EDİRIK, CƏNAB ALİ BAŞ KOMANDAN!..
Biz dövlətimizə inandığımız və güvəndiyimiz halda bu qurumlar bizlərin dövlətə olan güvənini öldürürlər!
Bu şişkin dodaqlılar, bu cırıq şalvarlılar, "erməniyə düşmən münasibəti bəsləməyək!", 'erməni xalqı bizim düşmənimiz deyil" deyənlər, "Xocalı soyqırımını azərbaycanlılar özləri törədib" deyən qurumsaq Andreas Qrossa "kişi adam, demokratiyanın dostu" söyləyənlər, müharibənin ilkin dövrlərində qaçıb tuman altında gizlənənlər canıyla, qanıyla yurd uğrunda döyüşə qatılan Kişilərdən çoxmu xidmət edib Azərbaycan qarşısında, cənab Zakir Həsənov!?
Yurd uğrunda can qoyanları zaman etibarilə sortlara ayırmaqla, sizlər nəyin peşindəsiniz, cənablar?
Azərbaycanın varoluşunda, Azərbaycanın Zəfər tarixində müstəqilliyimizi qazanandan ta bu günə kimi can qoyan oğlanların hər birinin rolu var....
O Kişilərin Yolunu hələ də gözləyənlər var - itkin düşmüş Kişiləri, yurd yerlərimizdə daim keşik çəkən Nigaran Ruhları...
Dövlətçiliyimizə sayğınız varsa, tanıyın Şəhidlərimizin, keçmiş və indiki döyüşçülərin haqqını, bölməyin məmləkəti!...
Ətragımızda o qədər küçə itləri hürüşür ki! Məmləkəti o küçə itlərindən qoruyacaq böyüyən bir nəsil var. O nəsil haqlarını tanımadığınız, haqlarını tapdaladığınız cismi də Azərbaycanımız uğrunda Azərbaycanımızın özü kimi ikiyə bölünmüş Oğlanların övladlarıdır. Onların atalarının haqqını tapdalamaqla içlərində olan Vətən Sevgisini öldürməyin! Bizi oralarda səsləyən Vüqarımızın, İmanımızın, Müzəffərimizin, Əlövsətimizin, Səmədimizin Nigaran Ruhları çağırır. Biz sizin kimi selfi çəkməyə deyil, o Nigaran Ruhlara hesabat verməyə gedirik....