Rüstəmxanlıdan İsa Qəmbərin pensiya məsələsinə reaksiya: Bu ədalətsizliyə üzülürəm
“Deputat statusu və deputat hüquqları ilə bağlı qanunlar nədənsə yalnız Konstitusiyanın qəbulundan sonrakı dövrə, yəni 1995-ci ildən sonraya aid edilir. Amma bu insanlar 1990-cı ildə daha çətin şəraitdə Milli Məclisə seçiliblər və o dövrdə parlamentdə çox mühüm qərarların qəbul olunmasında xidmətləri olub. Mən başqa məsələləri deyə bilmərəm, təbii ki, Konstitusiyanın öz tələbləri var və ondan sonra bir çox sahələrdə nizam yaranır. Ancaq Məclis məsələsi tamamilə ayrı məsələdir. Məclisin fəaliyyəti bütün dövrlərdə 1990, 1995-ci il və sonralar da qırılmaz bir xətt üzrə inkişaf edib. Ona görə də 1990-cı ildə seçilən millət vəkillərinin ümumi qanundan kənarda saxlanılmasını, təqaüd məsələsində onların hüquqlarının tanınmamasını düzgün hesab etmirəm”.
Tv 713. az xəbər verir ki, bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı deyib.
Millət vəkili bildirib ki, istiqlalçı deputatlar haqqında dəfələrlə yazılıb. Onların Azərbaycan tarixində mühüm xidmətləri var:
“Çox çətin şəraitdə biz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Bəyannamə qəbul etmişik. O vaxt böyük təzyiqlər altında müstəqilliyimizin bərpa aktını, o cümlədən bir sıra qanunları qəbul etmişik.
Həmin vaxtın gərgin iş şəraitini o vaxt orada olmayanlar bilməz. Ona görə dəfələrlə demişik ki, deputatların təqaüd məsələsi eyni zamanda 1995-ci ildən əvvəlki milli şuranın üzvlərinə də aid edilsin. Təəssüf ki, bu söz qulaqardına vurulur, ya Cənab Prezidentə çatdırılmır, və yaxud mane olan başqa qüvvələr olur.
Bizim bu deputatlara təqaüd verilməsi ilə bağlı qaldırdığımız məsələ, xahişlərimiz havadan asılı vəziyyətdə qaldı. Onlardan neçə nəfər ehtiyac içində dünyasını dəyişdi. Bu gün həmin tərkibdən yaşayan cəmi 4-5 nəfər qalıb. Onlara təqaüd verməklə dövlət kasıblamaz. Bu bir haqqın, ədalətin bərpasıdır. İndiki millət vəkilləri üçün də çox xoş olar. Mənim o dövrki millət vəkili həmkarlarımın bu gün 180, yaxud 280 manatlıq təqaüdlə sıxıntı içində yaşadığını, amma bizim normal təqaüd aldığımızı eşidəndə mənəvi üzüntü yaşayıram. Bu ədalətsizlikdir və məsələ tezliklə öz həllini tapmalıdır”.
S. Rüstəmxanlı vurğulayıb ki, Konstitusiya 1995-ci ildə qəbul olunsa da, dövlətçiliyin bərpası məntiqinə söykənirdi:
"1990-ci ildə dövlət müstəqilliyinin bərpası haqqında Bəyanat qəbul olunub, 1991-ci ilin oktyabrında dövlət müstəqilliyi bərpa edilib, sonrakı proseslər də müstəqilliyin bərpası və möhkəmlənməsi istiqamətində gedib. Ona görə də o Konstitusiya yeni bir sistem, dövlət yaratmır. Əslində əvvəlki dövrün davamıdır. Bu səbəbdən də 1990-cı illə 1995-ci il arasında uçurum yaratmaq, sanki hər şey tamam yenidən başlayıb məntiqi doğru deyil.
Bəlkə indiki hakimiyyətdə olan bəzi adamların xoşuna gəlməyən deputatlar olub. Ancaq qanunçuluğu şəxsi münasibətlərə görə formalaşdırmaq olmaz. Qanunçuluq ümumən dövlətin təməl prinsiplərinə söykənməlidir”.
Xatırladaq ki, ötən günlərdə Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərə 180 AZN məbləğində pensiya təyin olunması geniş müzakirələrə səbəb olmuşdu.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məsələyə belə münasibət bildirilib: ““Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya yaşına çatmış şəxs 2 halda yaşa görə pensiya hüququna malik olur: fərdi hesabındakı pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, həmin qədər pensiya kapitalı mövcud olmadıqda isə azı 25 il sığorta stajı olduqda.
İ.Qəmbərin fərdi hesabında əmək pensiyasının təyinatı üçün tələb olunan qədər pensiya kapitalının olmadığı, eyni zamanda, əmək kitabçasında sığorta stajının 25 ildən az olduğu müəyyən edilib.
Bu səbəbdən ona yaşa görə pensiya deyil, yaşa görə müavinət (180 manat) təyin olunub”.
Sabiq başqan isə bununla bağlı məhkəməyə müraciət edəcəyini deyib.