Türklər təşkilatlanmış millət olsaydı...

Cəmiyyət / Manset 03-iyl, 18:259 tv713 143 0
Farslar dövləti türkün, islamı ərəbin əlindən aldılar



Azərbaycan tarixinə baxışda aydınlarımızın qənaətində olan fikir müxtəlifliyi özlüyündə təbii hal olsa da, ancaq məsələyə konseptual şəkildə yanaşanda bunun qorxunc tendensiya olması şəksizdir. Aparılan müşahidələr də göstərir ki, belə qənaətlərin bir çoxunda yad ideoloji konsepsiyalara söykənmə daha çox üstünlük təşkil edir. Və hansısa gizli qüvvə belə ideolojinin oturuşması üçün həmin "fikir adamları"na daha geniş meydan verirlər. Azərbaycan tarixinin önəmli səhifələrindən olan Babəkə, Şah İsmayıla münasibətdə də bunun şahidi oluruq..

Fikirlərinə tam hörmətlə yanaşdığım Yasəmən Qaraqoyunlu xürrəmiliyi batiniliyin bir parçası sanır və batinilərin Sasanlı imperiyasını bərpa etmək istəklərinin olması qənaətinı ortaya qoyur.

Maraqlıdır, görəsən dəyərli Yasəmən xanımın bu qənaəti hansı qaynaqlar əsasında formalaşıb? Və ümumiyyətlə fərq etməz, hansısa səbəblər ucbatından söykənə biləcəyimiz, bizi sabaha aparacaq ideoloji konsepsiyanı ortaya qoya bilməməyimiz zaman-zaman biz türklərə nəyi "bəxş" edib?

Yaxud, Babəkə münasibətdə baltalama siyasətinin kökündə hansı gerçəklər dayanır? Eləcə də Şah Ismayıla münasibətdə, nədən onun təriqətçiliyi daha çox diqqət mərkəzinə çəkilir?

Bütövlükdə cəmiyyətimizdə oturuşan münasibəti nəzərdə tuturam, heç İsmayılın qurduğu dövlətdən bunca danışan yox, amma hamı onu təriqətçiliyə görə baltalamaqda. Gedilən yol, çatılan mənzil qalıb bir yanda fonda elə hey vasitələr təqdim edilir. Babəki və Şah İsmayılı biz olduğu kimi təqdim edə bilməmişik, səbəb nədir?

Tv 713. az saytı bu kateqoriyadan olan bəzi məqamlara aydınlıq gətirmək üçün
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi YASƏMƏN QARAQOYUNLUnun fikirlərini oxuculara təqdim edir..



Türklər təşkilatlanmış millət olsaydı...

Bu kateqoriyadan olan suallar çox dərin mövzudur. Təbii ki, bunları da yazmalıyıq, yazacağıq da. Çünki həmin mövzular tariximizin ən önəmli nöqtələridir.

Bəlkə də suallarınıza cavab tapa bilərsiz bu yazıda.

Təşkilatlanmış Farslar, Ermənilər, Təşkilatlanmamış Türklər

Farslar-öz ideologiyası, yolu, fəlsəfəsi (tarix, din, dil, ədəbiyyat, kosmoqoniya, dövlət anlayışı) olan təşkilatlanmış millət. Bu təşkilatlanmadan doğan ruh və güc ilə qalib millətləri incə -incə əridən, öz milli mənfəətlərinə çalışdıran millət. Nə türklər, nə ərəblər, nə yunanlar onları yenə bilmədi. Türklər, ərəblər, yunanlar fars Dövlətini çökdürdülər, lakin milləti yenə bilmədilər. Millət o qədər güclü idi ki, türkü, ərəbi qalib olduğu halda fars ruhu ilə etkisiz hala gətirib, fars mədəniyyətinə və tarixinə aşiq olan kütləyə çevirdiıər. Dövləti türkün, islamı ərəbin əlindən aldılar. Zərdüşt Yunan Fəlsəfəsini və Səmavi dinlərin strukturunu İran -Hind dini təsəvvürləri ilə bəzədi, nə səmavi dinlər, nə yunan fəlsəfəsi, nə bu günkü Avropa hegemonyası və imperializm farsın qarşısında meydan oxuya bilmədi. Əksinə Avropa imperializmi Farsı diriltdi, ona dövlət qurdu. Hətta Fars ideologiyası imperializmin ideoloji əsası oldu. Bir avuc təşkilatlanmış fars İran platosunda dövlət və mədəniyyət quran türk millətini farslaşdırdı( oxu: mı), iranlılaşdırdı, əritdi, güc kimi etkisiz kütlə yığınına çevirdi(mi). Rəsulzadənin, Əhməd Ağaoğlunun əsərlərində fars millətinin xarakteri və tarixdə oynadığı rol haqqında dəyərli fikirlər var. Tarixçi Nasir Purpirar və sosioloq Əli Şəriəti isə farsların başqa mədəniyyətləri necə öldürdüklərini, tarixdən sildiklərini gözlər önünə sərmişlər.

Ermənilər öz ideologiyası, fəlsəfəsi siyasi-dini yapısı, yolu olan təşkilatlanmış millət. Munlərlə illər dövləti olmasa belə Türklər arasında ərimədi, itmədi, Osmanlının, Azərbaycan Xalq Cümhiriyyətinin çöküşündə ciddi rol oynadı

Nə farsların, nə ermənilərin min illərlə dövlərləri olmamışdır. Lakin təşkilatlanmış millət olduqları üçün ayaqda qalmışlar, hətta yabançı hakim dövlətlərə meydan oxumuşlar. Dövlətin mahiyyətini dəyişmişlər. Farslar bütün yabançı dövlətlərin və kültürlərin içinə sızaraq o dövlətləri, kültürləri farslaşdırmışlar. Öylə ki, fars ədəbiyyatının və dilinin yaradıcıları keçmişdə də, günümüzdə də türklər olmuşlar. Türk dövlətlərinin baş vəzirləri və katibləri fars olduğu üçün Türk dövlətinin dili, yazı dili, ədəbiyyatı, ruhu farsca olmuşdur.

Türklər- Fəlsəfəsi, ideologiyası, yolu olmayan, təşkilatlanmamış millət. Türklərin hər zaman dövlətləri oldu. Lakin dövlət olsa belə, milləti təşkilatlanmamış millətdir. Türklər hər zaman dövlət qurdular, lakin bu dövlətlər Türk Millətinə yox, yabançılara çalışdı, Türk Millətini gücləndirmək, şahlandırmaq, diri tutmaq əvəzinə, ərəbə, farsa çalışdı. Hər zaman dövlətlə millət arasında bir qopuqluq, bir məsafə açıldı. Türklər Çini, Hindistanı, Romanı, İranı yendilər, buralarda böyük imperatorluqlar qurdular, lakin ideoloji və fəlsəfi baxımdan təşkilatlanmamış millət olduqları üçün, qalib olduqları halda, dövlət əllərində olduğu halda, zamanla məğlub etdikləri xalqlara və mədəniyyətlərə yenildilər, çinliləşdilər, farslaşdılar, ərəbləşdilər, ruslaşdılar...

Bu gün İranda Türk o qədər zəifdir ki, dövlət uğrunda yox, dil uğrunda, ölməmək uğrunda mübarizə aparır.


Bu gün Türk Millətinin tarix hafizəsi o qədər dağılmış, yıpranmışdır ki, Rusiya, Ukrayna torpaqları mənim torpağımdır deyə bilmir. Rusiya federasiyasının 21 türk, yalnız 1 Rus federasiyası olduğu halda, nədən bu dövlət Rus dövləti, Rusiya adlanır da, Türkiyə, Türk, Türküstan, Qızıl Orda adlanmır. Türk-Xəzər torpaqlarında Ukrayna dövləti kimi saxta bir dövlət necə meydana çıxdı? Buradakı türklük Rus millətinə niyə yenildi, niyə yox oldu?


Çünki ruslar təşkilatlanmış millətdir, türklər təşkilatlanmış millət deyildir. Əgər Rusiya federasiyasındakı 21 türk respublikası rus dilində danışırsa, türklər yenik düşmüşdür deməkdir. Diqqət edin. Ruslar azınlıq, türklər çoğunluq olduğu halda, Türklər əsla Rusları assimilyasiya edə bilmədilər, Ruslar Türkləri assimilyasiya etdilər, yox etdilər. Edirlər. Türklər nə qalib olduqlarında, nə yenik düşdüklərində əsla başqa mədəniyyətləri və dilləri, millətləri assimilyasiya etməmişlər, yox etməmişlər, bu türk millətinin doğasında yoxdur, əksinə qalib də olduqlarında, yenik də düşdüklərində hər zaman özləri millət kimi başqa mədəniyyətlərə və xalqlara yenilmişlər. Fərqli dinlərin içində əriyib getmişlər. Çünki ideolojiləri və fəlsəfələri yoxdur. Çünki təşkilatlanmış millət deyillər.

Çin hansı cürətlə Doğu Türküstanı işğal etmişdir? Türk milləti təşkilatlanmış millət olsaydı Çin, Rus, Fars, Erməni dövlətləri var ola bilirdimi? Soyqırım yapa bilirdimi?

Əgər Çindən Adriatikə qədərki 10 milyon.kv.km alanda yaşayan 350 milyon türk ortaq ideoligiya, dil, mənəviyyat, strategiya və fəlsəfə ətrafında birləşmiş təşkilatlanmış millət olsaydı, Çin, Rusiya, İran, İraq, Suriya, Misir, Əfqanıstan, Pakistan , Macarıstan, Finlandiya-bütün Avrasiya dəyişəcəkdi. Bu geniş türk hinterlandında tarix hafizəsini, milli gücünü və mənəviyyatını itirmiş dağınıq, təşkilatlanmamış Türk milləti tarixi zaman içində can verməkdədir. Əriməkdə, yox olmaqdadırlar. Çünki türk aydınının ruhu Çin, Fars, Rus, Avropa, Ərəb mədəniyyətləri qarşısında ruhən, mənən yenik düşmüşdür.

Türklər imperatorluqlar quran millətdir. Lakin öz imperatorluğunda belə türk milləti hər zaman başqa kültürlərə yenilmiş, ərimiş, getmişdir. İmperiya quran millətdir, Lakin ortaq ideologiya, fəlsəfə ətrafında təşkilatlanmadığı üçün hər zaman yeniləcəkdir.(Allah qorusun. Bu fikirləri üzüntü ilə yazıram)

Tarix göstərir ki, dövlət deyil, millət əsasdır. Təşkilatlanmış millətlər dövlətləri olmadığı halda belə ayaqda durmağı bacarmışlar. Farslar, yəhudilər, ermənilər buna misaldır.

Dövləti qurub da, özünə çalıştıra bilməyən millət təşkilatlanmamış millətdir. Bu gün nə Azərbaycanda, nə Türkiyədə dövlət Türk millətinə çalışmır. Azərbaycanda da, Türkiyədə də Dövlətlə Türk Milləti arasında böyük məsafələr vardır.

Üzülərək yazıram. Türk Milləti təşkilatlanmamış Millətdir.

Tanrım, Sənə şükürlər olsun ki, Təşkilatlanmamış millətimi fəlsəfəsi olan millətlər və mədəniyyətlər qarşısında hələ də diri tutursan. O mənim millətimdir, əzizimdir Tanrı, millətimi qoru!...


İgid Teymurlu
Tv 713. az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr