713 SAYLI TABORUN DÖYÜŞ YOLUNDA LAÇIN VƏ AĞDƏRƏ LABİRİNTİ

Manset / Şahidlər və Şəhidlər 02-noy, 22:059 tv713 35 0







TABOR KOMANDİRİ POLKOVNİK LEYTENANT RƏHMAN İSGƏNDƏROVUN XATİRƏLƏRİ



Kuruluş Osman" serialında OSMAN QAZİ söyləyir ki, "biz keçmişə baxıb, keçmişi xatırlayıb GƏLƏCƏYİMİZİ qururuq"...

Bəs biz necə, GƏLƏCƏYİMİZ naminə o keçmişə baxıb, o keçmişi xatırlayırıqmı?...

Çox demirəm, təkcə yaxın keçmişimizə nəzər yetirsək, birmənalı şəkildə demək mümkündür ki, “yox”. Bütövlükdə götürəndəsə unutqanlıq türk millətinin ən böyük düşməni olub.
Unutmuşuq...
Düşmənlərimiz tərəfindən min bir zülmə düçar olmağımızı unutmuşuq...
Kimin dost, kimin düşmən olduğunu unutmuşuq...
Azadlıq mücadiləmizdə canını fəda edən qəhrəmanlarımızı unutmuşuq...
Əvəzində də zaman-zaman eyni bəlalara düçar olmuş, Yalıncıqları at belinə mindirmiş, Bamsı Beyrəklərimizi unutmuşuq...

Nə yazıq ki, bu günün özündə belə həmin proses davam etmədədir. Azərbaycan zaman-zaman rus-fars-eməni triosunun qurduğu hörümçək toruna düşmüş, tarixi torpaqlarımız işğal olunmuş, deportasiyalar, soyqırımlar nəsibimiz olmuş, bütün bunlar sanki azmış kimi düşmənə qarşı aparılan azadlıq mücadiləmizin canfədailər ordusunun gerçək qəhrəmanlarının kimlikləri, onların döyüş meydanında yazdıqları, yaratdıqları tarix hansısa gizli əllərin sayəsində arxa plana keçirilir və beləcə yalanların həqiqət donunda sırınmasıyla təkcə bir taborun deyil, bütövlükdə millətin genefonduna zərbə endirilir.
Eyni aqibəti Qarabağ uğrunda gedən savaşın 1992-ci ildəki ilkin fazasında tarix yazmış 713 saylı tabor və bu taborun döyüşçüləri də yaşamaqdadılar...
713 saylı taborun o dönəmdəki qəhrəmanlıqları canlarını yurdumuz uğrunda fəda edən, bir qisminin Nigaran Ruhları hələ də torpaqlarımız üstündə qıy vuran 33 Şəhidinin Allah qatındakı uca mərtəbələrində, Qazilərimizin Kəsik Qıçlarında, Kəsik Qollarında, tapdalanan haqlarında, tarix üçün yazılan xatirələrində, bir də mətbuatımıza verdikləri müsahibələrdə yaşamaqdadır. Məhz o xatirələrdə, o müsahibələrdə keçmişimiz - gələcəyimizi quracaq keçmişimiz yaşamaqdadır...

Bütün bunlara ayna tutmaq üçün belə müsahibələrdən birini sizlərə təqdim edirik. Müsahibimiz 713 saylı taborda əvvəlcə birinci bölüyün, sonradansa 713 saylı taborun komandiri olan polkovnik-leytenant RƏHMAN İSGƏNDƏROVdur. Bu müsahibədə biz Rəhman İsgəndərovla söhbətimizi 1992-ci ildə Laçın və Ağdərə rayonu ərazisində olan bir neçə döyüş üzərində quracağıq. 713 saylı taborun keçdiyi şərəfli döyüş yolusa ayrı-ayrılıqda rəhmətlik VAQİF QULİYEVİN rəhbərlik etdiyi ikinci bölüyün və BUDAQ NƏSİBOVUN rəhbərlik etdiyi üçüncü bölüyün döyüşçülərinin, eləcə də müəyyən zaman kəsiyində bölük komandirini əvəz edən ƏDALƏT MUSTAFAYEVin xatirələrində öz əksini tapıb. Və biz zaman-zaman həmin xatirələri təqdim edəcəyik.
Beləliklə, diqqət mərkəzə - Sözün Cəng Meydanına O TARİXİ YARADAN, O TARİXİ YAZAN, VƏTƏNİN GƏZƏN ŞƏHİDLƏRİNDƏN BİRİ gəlir: “Azərbaycan Bayrağı” ordenli KOMUTAN, polkovnik-leytenant RƏHMAN İSGƏNDƏROV!





I HİSSƏ

“HANSI İSTİQAMƏTƏ YOLLASANIZ, ORA DA GEDƏCƏYƏM”



- Xoş gördük, cənab polkovnik-leytenant. Mümkünsə özünüz barədə qısaca məlumat verərdiniz.


- Mən İsgəndərov Rəhman 1967-ci ildə Kəlbəcər rayonunun Qılınclı kəndində anadan olmuşam. Orta məktəbi bitirəndən sonra sənədlərimi Bakı Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbinə vermişəm və 1984-1988-ci illərdə bu məktəbin müdavimi olmuşam. Leytenant rütbəsi alandan sonra Ukraynada sovet qoşunları sırasında xidmət etmişəm.
Məlum hadisələrdən sonra mən də Bakıya qayıtdım. 1992-ci ilin may ayında Müdafiə Nazirliyinə gedib sənədlərimi təqdim elədim. Mənə hansı istiqamətə getmək istəyimlə bağlı sual verdilər. Mən də “hansı istiqamətə yollasanız, ora da gedəcəyəm” – söylədim. Kadrlar idarəsindən mənə bildirildi ki, Laçın rayonu işğal olunub, yeni Laçın taboru yaradılır, istəyirsənsə, xidmətini bu taborla bağlaya bilərsən.
Mən də razılaşdım. Səhərisi günü məni həmin taborun birinci bölüyü ilə tanış elədilər. Toplanan əsgərlər də hamısı könüllü idi. Bundan 1-2 gün sonra biz Kəlbəcər istiqamətində yola düşdük.



“713 SƏRBƏST QƏRARLAR QƏBUL EDƏN AYRICA BİR TABOR OLUB”



- Sizi 713 saylı taborla harada tanış etdilər?


- Bakıda, Olimp stadionunun yanında.

- Onda siz Üçtəpə poliqonunda olmamasınız?



- Xeyir, o məndən əvvəl olub...

- Sizin fikriniz mənim üçün maraqlıdır. Peşəkar zabit olaraq o zaman Laçının başı üstünü təhlükə aldığı bir dönəmdə atılan addımların xarakteri baxımından 811 saylı hərbi hissənin Müdafiə Nazirliyi tərəfindən ləğv edilməsini necə dəyərləndirirsiniz?


- Müharibə gedən bir şəraitdə döyüşüb təcrübə toplamış bir alayın, polkun, taborun ləğv edilməsinə pis baxıram. Yəni, hansısa zərurət olubsa, bu hərbi hissənin komandanlığını dəyişmək olardı, amma bütövlükdə şəxsi heyətin buraxılmasına mənfi baxıram.

- Doğrudan da, maraq doğuran məqamlardan biridir. Və elə həmin sualın davamı olaraq Sizcə o dönəmdə hansı zərurətdən bir tabor ləğv edilir, başqa bir taborsa yeni yaradılıb həmin istiqamətə yola salınırdı?


- O dönəmdə mən Azərbaycanda baş verən proseslərdən xəbərsiz idim. Torpaqlarımızın mənfur düşmən tərəfindən işğalını da Ukraynada olanda eşitdim. Yəni, dediyiniz məqamlar məndən əvvəl olan hadisələr idi...

- Bölük komandiri kimi təyin edildiyiniz 713 hərbi hissə, yoxsa tabor olaraq yaradılmışdı?


- Bildiyim qədərində 713-ü əvvəlcə ayrıca bir tabor kimi yaradıblar. Fikirlərində bu olub ki, yaradılan taborun özünün də ayrıca möhürü olacaq. Bölük mənə təqdim olunanda belə deyilmişdi. Ancaq Kəlbəcərə gedəndə bizə dedilər ki, bu tabor 701-in tərkibinə verilir...

- 701-ci briqadaya?


- Bəli, 701-in komandiri o zaman həm zona üzrə komendant, həm də ümumi komandir idi. Həmin zonaya girən qüvvələr də onun tabeçiliyinə keçə bilərdi. Yəni, biz Laçında olsaq da təminatımız, tabeçiliyimiz 701-in komandirindən asılı idi.

- Demək, 713 ayrıca bir hərbi hissə olmayıb da...


- Bildiyim qədərində hərbi hissə kimi əmri olub, ancaq mən o əmri görməmişəm. Sonra bildim ki, 713 sərbəst şəkildə öz qərarlarını verən ayrıca bir tabor olub. Və sonda da 701-in tabeçiliyinə verilib.




“BİZİ QARŞILAMAQ ÜÇÜN MAŞINLAR GÖNDƏRİLMƏMİŞDİ”



- Şərti olaraq “Birinci Qarabağ Savaşı” kimi qəbul edilən ötən əsrin 90-ci illərinin reallıqları dilə gətiriləndə bu günün prizmasından o günü təqdim etməyə çalışanlar demək olar ki, 713 saylı taborun adını belə çəkmirlər. Hətta bəzən adama ironik tərzdə sual da edirlər ki, “axı bu, hansı tabor olub ?”. Elə isə o günün reallıqlarını siz deyin cənab polkovnik-leytenant, qoy kar və kor kürkü yırtıqlar da 713-ün hansı tabor olduğunu “samozvanets” deyil, bir peşəkar zabitin, əsil müharibə adamının dilindən eşitsinlər.

- Lakonik şəkildə desək, 713 701-in tərkibində əsil döyüşən qüvvə idi. Döyüşün nə olduğunu anlamayanların ironik tərzdə “axı bu hansı tabordur?” deməsini də boş verin. 713 saylı tabor özünün döyüş qabiliyyətilə Qarabağ müharibəsinin birinci fazasında tarix yazıb. O tarixi bilməyənlərə, oxumayanlara bugünkü dönəmə qədər 30 illik bir müddət bəs etməyibsə bu gün sən bir müsahibə ilə elələrinə nəsə anlada bilməzsən. Çünki o adamlar bütövlükdə kimliyimizə, tariximizə qənim kəsilənlərdir. Sənsə o tarixi yaz, yetər ki, müharibənin, döyüşün nə olduğunu anlayanlar o qanlı, qadalı illərin gerçəklərini gələcək nəslə ötürmələrində həmin bu yazılar da bir vəsilə olsun. Qaldı ki, mənim 713-ə gəlişimə. Bu 1992-ci ilin may ayının əvvəllərində olub, Müdafiə Nazirliyinin nümayəndəsi məni tabora təqdim edəndən sonra biz Kəlbəcərə doğru istiqamət götürdük. Yol yorucu olduğundan bir az Toğanada dincəlməli olduq. Sonra zamanı itirməmək üçün Murovu piyada qalxmağa başladıq. Digər bir tərəfdən mən özüm də könüllü əsgərlərin dağ massivində necə dözüm nümayiş etdirmə bacarıqlarını əyani olaraq görmək istəyirdim. O zaman bizi qarşılamaq üçün maşınlar yollamamışdılar. Bir xeyli yol qət edəndən sonra maşınlar gəldi. Və biz maşınlara minib Kəlbəcərə getdik.




“BRİQADANIN SİLAHLA TƏCHİZATI ZƏİF İDİ”



Axşam saat 9-10 radələri olardı. Mən Qılınclı kəndinə - qərargaha gəlib komandir briqadaya, qərargah rəisinə məruzə etdim. 10 dəqiqədən sonra bizi yerləşmək üçün Kəlbəcər rayonunun Zülfüqarlı kəndinə yolladılar.

- Zülfüqarlı kəndində olanda hansı səbəbdən şəxsi heyətin silahla təchiz edilməsi yubadılırdı?


- Biz Bakıdan çıxanda məlumat verildi ki, sizi Kəlbəcərdə silahla təmin edəcəklər. Dediyim kimi Zülfüqarlı kəndinə çatanda bizi məktəbdə yerləşdirdilər. Zülfüqarlıda olanda uşaqların gündəlik fiziki hazırlığıyla məşğul olur, onların taktikadan nəzəri biliklərinin artırılması istiqamətində işlər görürdüm.
Zülfüqarlıda olanda mən1-2 dəfə qərargaha gedib bölüyün silahla təmin edilmə zərurətini onlara bildirmişəm. Belə başa düşürəm ki, o gecikmənin səbəbi çox güman ki, briqadanın silahla təchizatının zəif olması olub.




BƏXTİYAR CAVADOVUN ZÜLFÜQARLI SƏFƏRİ



- O zaman Zülfüqarlıya Bəxtiyar Cavadov gəlmişdi. Niyə gəlmişdi, komandanlıqla hansı müzakirələr aparıldı?


- Bəxtiyar Cavadovun komandanlıqla hansı müzakirələr aparıldığını deyə bilmərəm. Ancaq doğrudan da o zaman Bəxtiyar Cavadov Zülfüqarlıya da gəldi, şəxsi heyətlə görüşdü, Vətənin qorunması, ermənilərin qovulması. torpaqların alınmasıyla bağlı vətənpərvər çıxışlar etdi. Qısamüddətli görüş başa çatandan sonra Bəxtiyar Cavadov çıxıb getdi. Sonradan onun harada və kiminlə görüşdüyünü bilmirəm...

- Bəxtiyar Cavadov sağlığında verdiyi müsahibələrdə dəfələrlə vurğulayıb ki, o zaman yaranan batalyonların ərzaq təminatında problemlər olduğu üçün biz bu istiqamətdə hətta yerli camaatin imkanlarından istifadə edirdik. Bu baxımdan soruşdum ki, sizdə də belə bir hal müşahidə edilibmi?


- Ola bilər ki, digər bölüklərdə belə bir hal müşahidə edilsin, ancaq mənim bölüyümdə belə bir şey olmayıb. Sadəcə olaraq, biz Zülfüqarlıda olanda Kəlbəcərin yerli hakimiyyəti bir dəfə heyvan kəsib şəxsi heyət üçün göndərmişdi. Yəni, mən bütün təminatı 701-dən almışam.



“AKİF SƏLİMOV MƏNƏ DEDİ Kİ, LAÇINDA HEÇ BİR QÜVVƏ YOXDUR”



- Briqada tərəfindən nə zaman silahla təmin edildiniz və İlk döyüş mövqeyini siz harada tutmuşdunuz?

- Bir müddətdən sonra 701 bizi silah və ərzaqla təmin etdi və bizim ilk döyüş mövqeyimiz də Laçın rayonunun Qorçu kəndində oldu.

- Qorçu kəndində mövqe tutanda o zaman Laçında hansısa bölüyün, yaxud hansısa tağımın olmasıyla bağlı Sizdə məlumat olubmu?

- Mən Sizə açıq deyim. Bəlkə də dövrün gerçəkliyi idi. O zaman bizim təminatımızda avtomat silahdan başqa heç nə yox idi. Heç bir xəritəmiz belə yox idi, verilən məlumatlar da çox zəif idi. Ancaq bildiyim qədərində o zaman Laçında polis qüvvəsindən başqa heç kim olmayıb. Bizim ilk mövqe tutduğumuz Qorçu kəndində də Laçın polisinin qüvvələri var idi. Biz Qorçuya gələndən sonra mən tağımları dağılmış evlərə yerləşdirdim. Laçın polis qüvvələrinin komandiri də orada idi...

- Polis qüvvələrinin komandiri kim idi?..

- Səlimov Akif. Tağımları yerləşdirəndən sonra mən polis qüvvələrilə görüşməyə getdim. Tanış olduq. Söhbətimiz əsnasında bizim taborun silah baxımından təchizatının çox aşağı səviyyədə olması bir daha üzə çıxdı. Və mən həmin ərəfədə Akif Səlimovdan sağ və sol, qabaq cinahlarda bizə aid olan qüvvələrin olub olmadığını bir daha soruşdum. Akif Səlimov onda mənə dedi ki, “Laçında bizdən başqa heç bir qüvvə yoxdur”.

- Sizə bununla bağlı informasiyanı Laçın polisindən başqa daha kimlər vermişdi?

- Briqadadan da bizə məlumat verilmişdi ki, Laçın polisindən başqa o ərazidə heç bir qüvvə yoxdur. Laçına gələn gündən mən kəşfiyyat qrupu yaratmışam. Əsasən yerlilər və keçmiş sovet ordusunda kəşfiyyatda xidmət etmiş uşaqlardan qruplar formalaşdırmışdım. Və bu uşaqlara 2-3 gün ərzində təlim də keçmişdim. Yaratdığım bu kəşiyyat qrupuyla birgə həm vizual müşahidə, həm də dərinliklərə işləməklə Laçında heç bir qüvvənin olmadığına şahid olmuşam.



“BU QƏRAR DOĞRU QƏRAR OLUB”



- Siz Qorçuda olanda tabordakı bölüklərin tam şəkildə formalaşması hansı səviyyədə idi?

- O zama bizim 713 saylı tabora daxil olan birinci bölük Qorçuda idi. Onda hələ ikinci, üçüncü bölük yox idi. Bu mənada mən də qərar qəbul etməkdə sərbəst idim.

- Onda rəhmətlik tabor komandiri Süleyman Əhmədov orada idi?

- Bir müddətdən sonra briqadanın qərargahından gəldilər. Səhv etmirəmsə, qərargah rəisinin özü tabora komandir təyin etdiklərini bildirdi və rəhmətlik mayor Süleyman Əhmədovu bizə təqdim etdi.

- Yuxarı Qarabağ istiqamətində Laçının qorunması kimə tapşırılmışdı ki, Arif Paşa öz müsahibələrindən birində deyir ki, “məhz o istiqamətdən bizim dairəvi müdafiəmiz darmadağın edilmişdi”?

- Mən olan zaman orada hansısa dairəvi müdafiə deyilən bir şey yox idi. Eləcə də Müdafiə Nazirliyinin heç bir qurumu, heç bir əsgəri və polislə bizdən başqa heç bir qüvvə yox idi. Dediyim kimi Qorçuda ancaq Laçın polisi var idi, bir deə 713 saylı taborun birinci bölüyü. Ola bilsin ki, Arif Paşa “darmadağın edilən dairəvi müdafiə” deyəndə başqa zaman kəsiyini nəzərdə tutub.

- Sizcə o zaman nədən briqada komandanlığı Laçının cənubundan deyil, məhz şimalından döyüş xəttinə girməyə qərar verib? Nədən Qubadlı istiqamətindən döyüşən qüvvələrə yardıma gedib birgə hücumla Ermənistanla Qarabağ arasındakı əlaqəni kəsmək üçün Laçın koridorunu götürməklə Xankəndidəki separatçı ünsürləri mühasirəyə salmaq planı üzərində işlənilməyib?

- Birincisi, mən bölük komandiri olaraq belə qərar verə bilməzdim. Biz briqada komandirinin verdiyi əmrləri yerinə yetirirdik...

- O zaman briqada komandiri kim idi?

- Zadir Rzayev. İkincisi, mən də o fikirdəyəm ki, bu qərar doğru qərar olub. Çünki, Laçınla Kəlbəcərin arasında Kəlbəcəri müdafiə edəcək bir qüvvə yox idi. Ona görə də ola biləcək hücumun qarşısını almaq üçün bu plan üzrə hərəkət edilib.



“713 MÜDAFİƏ NAZİRLİYİNİN ÖZÜ TƏRƏFİNDƏN YARADILIB”



- Taborunuzun təchizatında o zamankı icra strukturunun hansısa bir rolu var idimi?

- Biz isra strukturundan heç nə almamışıq. Hamısını Müdafiə Nazirliyindən almışıq. Yəni, bizi bütün növ təminatla təchiz edən 701 saylı briqadanın arxa cəbhəsi idi. Silahımız, ərzağımız hamısı oradan gəlirdi.

- O zaman Müdaiə Nazirliyinin o zona üzrə anbarına kim komandanlıq edirdi və bütövlükdə Sizin təchizatınız hansı səviyyədə idi?

- Bu suala cavab vermək mənim səviyyəmdə deyil. Təchizat məsələsinə gəlincə onu deyə bilərəm ki, o zamanın reallıqlarına söykənsək, normal idi. Özüm sovet ordusundan gəlmişdim, təchizatın hansı səviyyədə olmasını da gözəl bilirdim...

- Mən xüsusi olaraq silahlanmanın üzərində dayanmaq istəyirəm...

- Silahlanma çox zəif idi. Mənim bölüyümdə demək olar ki, ancaq atıcı silahlar var idi. Sonra mən uzun əziyyətdən sonra qərargah rəisinin yanında oldum ki, heç olmasa mənə tank əleyhinə qumbaratan - RPQ-7 verin. Onlar da 1, yoxsa 2 ədəd RPQ-7 verdilər ki, bu silahlar da 7-ci, 8-ci dəfədə atəş açırdılar. Bu məsələdə mən kimisə qınamıram da. Çünki çətin zamanlar idi, olanımız o idi, onu da verirdilər.

- Sizin taborun hərbi sursatı harada yerləşirdi?

- Biz bir yerdə durmadığımıza görə bölük Şamkəndə adlayandan sonra addım-addım irəlilədikcə silah-sursatlarımızı da əlimizdə olan avtomobillərə yükləyir, tabor irəlilədikcə sursatlarımızı da özümüzlə aparırdıq.

- O zamankı müdafiə naziri Rəhim Qazıyev elə bizə verdiyi müsahibədə vurğulayıb ki, “mənim bu hərbi hissədən xəbərim olmayıb”. Ari Paşa ilə götürdüyümüz müsahibədə o da Rəhim Qazıyev kimi mövqe sərgiləyib. Bəs kimin xəbəri var idi bu taborun yaranmasından, cənab polkovnik-leytenant?

- Bu hərbi hissəni şəxsən Müdafiə Nazirliyinin özü yaradıb. Şəxsən məni kadrlar idarəsi qəbul edib və taborun birinci bölüyünə təqdim ediblər. Şübhəsiz ki, bu da əmr əsasında olub. Ola bilsin ki Rəhim Qazıyev böyük korpuslar haqqında məlumatlı olub, tabor səviyyəsinə enməyib. Məlumatsızlıq onunla bağlı ola bilər. Qaldı ki, Arif Paşaya, biz Laçında olanda Arif Paşa orada yox idi. Və o, heç bilməzdi ki, Kəlbəcərdən Laçına belə bir tabor adlayıb.



“QƏNİZADƏNİ NƏ LAÇINDA, NƏ DƏ AĞDƏRƏDƏ GÖRMƏMİŞƏM ”


- Xocalıdan sonra polkovnik rütbəsi alan Qənizadənin Laçının müdafiəsinin təşkilində və Ağdərə əməliyyatlarında hansı rolu olub?

- Mən o zaman Qənizadəni nə Laçında, nə də Ağdərədə görməmişəm. Komandir briqada Zadir Rzayevdən sonra polkovnik Qənizadə komandir briqada təyin olunub.

- Laçının müdafiəsində Qarabağ istiqamətindəki müdafiəyə görə cavabdeh kim idi?

- Biz olan dönəmdə komandir briqadalar...




II HİSSƏ

“42 KƏNDİNİN ALINMASINDA LAÇIN POLİSİYLƏ 713-DƏN BAŞQA HEÇ KİM O DÖYÜŞLƏRDƏ OLMAYIB ”




- Ardıcıl olaraq keçirdiyiniz hərbi əməliyyatlar sayəsində Sizin tabor Laçının hansı ərazilərini işğaldan azad etmişdi?

- O ərazilərin siyahısı uşaqlarda var...
- Uşaqlarda olan siyahıda vurğulanır ki, “1992-ci ildə Laçının 42 kəndinin işğaldan azad edilməsi sırf 713 saylı taborun keçirdiyi hərbi əməliyyatların sayəsində olub”. Amma məsələ burasındadır ki, bu informasiya digər qüvvələr tərəfindən də bir növ üzününküləşdirilərək cəmiyyətə təqdim edilir...

- Fikriniz aydındır. Mən Sizə olanları ən kiçik detallarına qədər deyə bilərəm. Və dediyiniz o qüvvələrdən kimi istəsəniz dəvət edin, onlara da sübut edim ki, Laçının 42 kəndinin alınmasında Laçın polisilə 713 saylı tabordan başqa heç kim o döyüşlərdə olmayıb. Çünki sol tərəfdən Şamkənd, Çorman istiqamətindən 713, sağ tərəfdənsə Laçın polisi irəliləyib. Sonra biz Laçın polisilə Pircahan kəndində birləşmişik. Rircahan kəndinə qədər biz ayrı-ayrı kəndlərdə dəfələrlə ermənilərlə döyüşə girib onları geri oturtmuşuq, onlardan əsir və hərbi sursatlar götürmüşük. Nə bu döyüşlərdə, nə də ümumiyyətlə Pircahana qədər keçilən yolda mən hansısa əlavə qüvvə görməmişəm.
- İkinci və üçüncü bölüklər tam şəkildə nə zaman formalaşdı və tabora hansı kənddə qoşuldu?

- Sözün düzü, bu işlə birbaşa tabor komandiri məşğul idi. Mən həmişə qabaqda kəşfiyyatda olurdum, rəhbərlik etdiyim birinci bölüklə məşğul idim. Bu işlə tabor komandiri və qərargah rəisi məşğul olurdu. Və mənə Pircahanda dedilər ki, ikinci, üçüncü bölük və qərargah yaradılıb.




“HƏM LAÇIN POLİSİ, HƏM DƏ 713 SAYLI TABOR MİŞNİ KƏNDİNDƏ ERMƏNİLƏRƏ SARSIDICI ZƏRBƏ ENDİRDİ”



- Hoçaz kəndi və Hoçaz yüksəkliyi uğrunda gedən döyüş o zamankı dövr hərb tariximizin ən qanlı və ən şanlı səhifələrindən biri olub. Azacıq bir qüvvə ilə o səhifəni yazan və bu döyüşdə əsas həmlə, əsas zərbə qüvvəsi olan 713 saylı taborun döyüşçülərinin haqqı bu gün də tanınmır. Və nə yazıq ki, dərsliklərə salınması gərəkən o qəhrəmanlıq salnaməsi unutdurulur. Siz susduqca çoxları bu döyüşlə bağlı öz görmək istədiklərini cəmiyyətə həqiqət donunda sırıyır. O döyüşdən danışın, cənab polkovnik-leytenant...

- Hoçaz kəndi və Hoçaz yüksəkliyi uğrunda gedən döyüşlər ayrı-ayrı tarixlərdə olan əməliyyatlardır.. Bu istiqamətdə biz ermənilərin bir neçə hücumunu dəf edərək onları geri oturtmuşuq...

- Hələlik Hoçaz kəndinə olan hücumun təfərrüatları barədə danışardınız...

- Hoçaz kəndinə olan hücumdan qabaq Laçın polisinin və 713-ün Mişni kəndində qanlı bir savaşları oldu. Və bu döyüşdə həm Laçın polisi, həm də 713 saylı taborun döyüşçüləri kifayət qədər erməniləri məhv etdi.
Hoçaz kəndinə olan hücum bundan sonra oldu. Onda bizim qərargahımız Pircahanda idi. Sonradan bildim ki, bizim ikinci bölüyün komandiri Vaqif Quliyev Hoçaz kəndinə hücumdan öncə tabor komandirinə məruzə edibmiş.




“ƏSGƏRLƏRDƏN BİRİ MƏRUZƏ ETDİ Kİ, İKİNCİ BÖLÜK HOÇAZDA DÖYÜŞƏ GİRİB”



- İkinci bölüyün Hoçazda döyüşə girməyini Siz nə zaman bildiniz?

- İyul ayının 29-u idi. Piçənis istiqamətində atışma gedirdi. Ermənilərin orada həm artilleriyası, həm də canlı qüvvəsi var idi. Birinci, üçüncü bölük Laçın polisinin köməyilə həmin istiqamətdə hücumda idi. Atışma çox uzun və çətin oldu. Və biz tabor komandirinin rəhbərliyilə birinci, üçüncü bölük Bülüldüz istiqamətində ermənilərin artilleriya qüvvələrini geri çəkilməyə məcbur etdik, onların hərbi texnikalarını ələ keçirdik. Sonra mən bölüyə göstəriş verdim ki, geriyə Pircahan kəndinə qayıdaq. Biz çaydan yuxarı qalxanda bölüyü düzüb manqa və tağım komandirlərinə şəxsi heyəti yoxlamaq əmrini verdim. Yoxlayıb məruzə edəndən sonra tağım komandirlərinə göstəriş verdim ki, yemək yeməmiş və təmizlik işi görməzdən əvvəl əsgərləri sursatla təmin edin. Çünki hər an döyüş başlaya bilərdi. Mən qaldığım evə yaxınlaşanda əsgərlərdən biri qaça-qaça gəlib mənə məruzə etdi ki, bizim ikinci bölük Hoçaz kəndində döyüşə girərək ermənilərə kifayət qədər itki verib..

- Bəs bizimkilərdən nə qədər itki olmuşdu?...

- Çox təəssüf ki, HOÇAZ kəndi uğrunda gedən döyüşdə bizim ikinci bölüyün döyüşçülərindən də 7-si Şəhid olmuşdu.





“ŞƏHİD QARDAŞLARIMIZIN NƏŞİNİ ÇIXARMAQ ÜÇÜN HOÇAZ KƏNDİNƏ HÜCUM ƏMRİNİ VERDİM”




- Hansı səbəblər rəhmətlik VAQİF QULİYEVin komandiri olduğu ikinci bölüyü Hoçaz döyüşündə mövqe dəyişikliyinə məcbur etmişdi?

- Biz Bülüldüz əməliyyatını uğurla yerinə yetirəndən sonra geri qayıdanda artıq hava qaranlıq idi. Mən Alıyev Cabbarı çağırdım və göstəriş verdim ki, birinci tağımı hazırla, səhər saat 5-də biz Hoçazda qalan Şəhid qardaşlarımızın nəşini çıxarmaq üçün ikinci bölüyə kömək etmək üçün ora gedirik.
Səhər saat 5-6 radələri olardı, biz HOÇAZA doğru istiqamət götürdük. Onda mən öyrəndim ki, ikinci bölük orada kifayət qədər erməni quldurlarını məhv edib, Ancaq sursat çatışmazlığı və ermənilərə əlavə qüvvə gəldiyindən bölük komandiri rəhmətlik Quliyev Vaqif mövqe dəyişkənliyi edərək əlavə qüvvə toplamaq üçün qərar qəbul edib ki, həmin güclə yenidən kəndə hücuma keçsin. Onda artıq biz bir tağmla Hoçaza doğru irəliləyirdik və ikinci bölüyü gözləyə bilmədik...

- Deyəsən o döyüşdə ikinci bölük bir erməni də əsir götürübmüş..

- Bəli, ikinci bölük bir əsir erməni də tutmuşdu.
- Siz hansı istiqamətdən Hoçaza getdiniz?

- Biz Pircahan – Mişni – Sonasar istiqamətində getdik. Bir köhnə BMP-miz də var idi, Cabbar gətirmişdi. O da heç nəyə yaramırdı, ancaq maşın kimi istifadə edirdik. Mən göstəriş verdim ki, BMP-ni meşəliyə sürsün və elə saxlasın ki, lazım olanda onu tez işə sala bilək. Sonra orada tağımı düzdüm..



HOÇAZ KƏNDİNIN TORPAQ ÜSTÜNDƏKİ KOORDİNATLARI



- HOÇAZA gedəndə neçə nəfər idiniz?

- 33 nəfər idik. Manqa komandirlərini irəli çıxardım, özüm bir də silahlarını yoxladım. Bu uşaqların içərisində Hoçazdan olan sürücü-mexanik Paşayev Daşqın var idi. Xəritəmiz yox idi. Ona dedim ki, kəndin giriş çıxışını, ümumi koordinatlarını torpağın üstündə mənim üçün çək. O da çox gözəl izah elədi...

- Torpaq üstündə cızılan plandan sonra qəbul etdiyiniz qərar nə oldu?

- Mən o koordinatları özüm üçün analiz edəndən sonra qərara gəldim ki, Asif öz manqasıyla kəndin yuxarı hissəsinə qalxır..

- Niyə məhz yuxarı?..

- Çünki Hoçaz dağından Hoçaz kəndinə gələ biləcək erməni qüvvələrinin qarşısını almaq üçün mütləq bizim qüvvələrimizdən orada olmalı idi. Verdiyim əmrə görə, ikinci manqa da Rəmzinin rəhbərliyilə Hocaz kəndinin üstüylə meşəylə sızıb Laçın tərəfdən olan vışqanın yanından gələ biləcək erməni qüvvələrinin qarşısını almalı idi.
Ağayev Mehmanın manqasını kəndin içinə saldım. Onlar kəndin içindəki yolun sağ-soluyla, çəpərlərin içiylə irəliləməli, kənddə erməninin olub olmamasını öyrənməli idilər. Bizim belə gizli getməyimiz uşaqları düz ermənilərlə üz-üzə gətirmişdi.
Cabbar ilə Malış isə mənim yanımda qalmışdı.Cabbar BMP-1-in pulemyotunu götürüb uşaqlara dəstək vermək üçün yolu nəzarətdə saxlamalı idi. Elə də oldu. CABBAR gələn avtomobilləri atəşə tutdu və onlar kəndə girə bilmədilər. Asif də rabitəçi kimi qalmışdı, çünki məndə radiostansiya yox idi. Uşaqların toparlanması üçün mən Asifdən istifadə edəcəkdim və etdim də.

- “Döyüşə!” əmrini nə zaman verdiniz?

- Orada, kəndin içində məktəb var idi. O məktəbin arxası təpəlik idi. Təpədə uşaqları düzmüşdüm. Gördüm ki, vışqa tərəfdən bir niva və sonra bir Zil meşədən çıxdı, üstündə də pulemyot. Və mən dərhal “döyüşə!” əmri verdim. Cabbar pulemyotla oranı vurmağa başladı.
- Kəndin içində ermənilər yox idi?

- Döyüş başlayanda Asiflə mən sol tərəfdə idik. Bu dəfə gördük ki, kənddə atışma düşüb. Bizim uşaqalr ermənilərlə qarşılaşmışdılar. Bununla bağlı daha ətraflı şəkildə məlumatı Qəşəmlə Mehman verə bilər. Mən tez Cabbara dedim ki, yerini dəyiş, səni vuracaqlar. Və Malışı yolladım ki, uşaqların bir yerə cəmləşməsi üçün onlara xəbər etsin. Özüm kəndə düşdüm,atışma başladı. Mən oraqdakı əlavə detallara toxunmuram...

- Hansı detallara?

- Bu, o detallardı ki, ayrı-ayrılıqda bizim döyüşçülərdən Qəşəm, Asif, Mehman bir neçə ermənini tam şəkildə zərərsizləşdirmişdilər və bununla bağlı onlar özləri də səhv etmirəmsə, danışıblar...



“İÇƏRİDƏKİ ERMƏNİLƏRİ GÖTÜRMƏK ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİK”



- Uşaqları necə, bir yerə cəmləyə bildinizmi?

- Mən uşaqlardan 7-8 nəfərini öz ətrafıma cəmləyə bildim.

- Bəs taborun ikinci bölüyü nə zaman bu döyüşə qatıldı?

- Ermənilər qaçıb Hoçaz kəndindəki məktəbə doluşanda ikinci bölük köməyə çatdı. Yuxarıda yolu bağlayan iki manqam gələn qüvvələrin qabağını kəsmişdi...

- Sizdə rabitə yox idi ki, göstərişlərinizi bu və ya digər köməkçi vasitələrdən istifadə etməklə həyata keçirirdiniz? Məsələn, necə ki, uşaqlara Malış vasitəsilə xəbər göndərmişdiniz...

- Xeyir, məndə rabitə yox idi. Bircə siqnal raketi var idi üstümdə. Vışqada bir post qoyub qalan tağımı tabeçilyimə yığıb içəridəki erməniləri götürmək üçün hərəkətə keçdim. Ermənilərdən biri çölə çıxdı. Mən erməniyə əmr verdim ki, atəşi dayandırın, təslim olun...

- Təslim oldu?...

- Yox. Erməni döyüşməyi seçdi. Bizim uşaqlardan kimsə atışma zamanı mənim “təslim ol!” əmrimdən imtina edən həmin ermənini gözündən vurmuşdu. Qalan ermənilərin birini əsir götürdük, biri də çıxıb qaçanda onu Həmid vurdu. Hansı ki, o, Qəşəmi əlindən yaralamışdı. Və mən Cabbara komanda verdim ki, öldürülən ermənilərin sənədlərini və düşməndən qənimət kimi götürülən silah-sursatı da toplasın...

- Nə qədər erməni gəbərdilmişdi?

- Səhv etmirəmsə elə həmin gün təkcə biz 30-dan artıq erməni silahını özümüzlə gətirdik. Cabbara bununla bağlı aktın tərtib edilməsini və silahların təhvil verilməsini tapşırdım. Ondan sonra biz Şəhidlərimizin nəşini BMP-nin üstünə qoyub Hoçaz kəndindən çıxıb Pircahan kəndinə gəldik. Bu, Hoçaz kəndi uğrunda gedən döyüşün ümumi təfərrüatıdır...




“GİZLİ MÜŞAHİDƏ POSTU QURUB DİVERSİYA QRUPUNU GÖZLƏYİRDİK”




- Hoçazda 713 saylı tabor tərəfindən darmadağın edilən ermənilər az keçmədi ki, Bülüldüz istiqamətindən Pircahan kəndi istiqamətinə hücuma keçdilər. Pircahan döyüşünün detalları barədə nə deyə bilərsiniz? O zaman Sizə köməyə gələn topçularla koordinativ fəaliyyətiniz necə qurulmuşdu, bu zaman mövqe dəyişkənliyində məqsəd nə idi?

- Mənim rəhbərlik etdiyim bölük Pircahan kəndinin ön hissəsində müdafiə mövqeyində idi. İkinci və üçüncü bölüklərin mövqeləri başqa idi. Biz səngərlərimizi qazıb postlarımızı qurmuşduq. Ondan bir gün əvvəl bizim kəşfiyyat qrupumuz məlumat verdi ki, Laçın istiqamətindən Bülüldüz tərəfə ermənilərin qüvvələri cəmləşir. Gecələr mən qurulan postlardan 1-2 kilometr qabaqda gizli müşahidə məntəqəsi təyin etdim. Və bir dəfə özüm Rzayev Qəşəmlə Pircahan çayına enib erməniləri gözləmişəm ki, birdən onların diversiya qrupları, kəşfiyyatları gələr. Amma postlarım öz yerindədir. Müəyyən məlumatlar topladıq...



“ERMƏNİ POSTUNUN CİNAHINDAN KEÇİB MÜŞAHİDƏMİZİ APARDIQ”



- Siz Pircahan döyüşündən öncə Tığik istiqamətində kəşfiyyatda olmuşdunuz?

- Polislərlə bərabər o istiqamətdə kəşfiyyatda olmuşuq. Sonra özümüz də ayrıca o istiqamətdə Pircahan döyüşündən öncə kəşfiyyatda olmuşuq.

- Nəyi aşkar etdiniz? Tığikdə erməni postuna rast gəldinizmi?

- Post var idi. Ancaq biz postun cinahından keçib müşahidəmizi apardıq. Çünki 3-4 nəfər kəşfiyyat qrupuyla möhkəmlənmiş posta, kifayət qədər qüvvəyə malik müdafiə sektoruna hücum eləmək taktiki baxımdan düzgün deyil... Daha sonra Mürvətin rəhbərliyi altında Müdafiə Nazirliyinin kəşfiyyat qrupu ora gedəndə həmin ermənilərlə qarşılaşıb döyüşə girəndə biz birinci və üçüncü bölüklə onlara köməyə getdik. Əks halda Mürvətin kəşfiyyat qrupu hamısı qırılacaqdı. Biz o döyüşdə həmin kəşfiyyat qrupunu çıxarmaqla yanaşı ermənilərdən bir UAZ maşını da götürdük...




PİRCAHAN DÖYÜŞÜ




Avqust ayının 4-ü səhər saat 5-6 radələri olardı. Birinci bölüyün uşaqları postda idi. Ermənilər həm Pircahan kəndini, həm də postlarımızı artilleriya qurğularından güclü atəşə tutdular. Dərhal bölüyü müdafiə mövqeyinə cəmlədim. Ermənilər Qrad və D-30 toplarıyla mövqelərimizi həm Laçın, həm də Hoçazdağ istiqamətindən dayanmadan atəşə tutmuşdular. Bizim bu artilleriyanı susdurmağa heç bir silahımız yox idi. Ancaq bundan 1-2 gün qabaq Pircahanın arxasına Top-1 batareyası gəlmişdi. Bizim koordinativ fəaliyyətimizin zəif olması topçularla zamanında əlaqənin qurulmamasına səbəb oldu....

- O topçular kimlər idi? Siz onları tanıyırdınızmı, yaxud onlarla hansısa döyüşdə birgə iştirak etmişdinizmi?

- Biz o topçuların heç birini tanımırdıq da və burada kim kimə tabe idi, heç o da bilinmirdi. Məsələn, biz briqadaya tabe idik. Qərargahımız da bizdən çox uzaqda olduğuna görə qərarları da özümüz sərbəst olaraq verirdik..
- 0 topçular briqadaya tabe deyildi?

- Onu bilmirəm...Görünən bu idi ki, aramsız şəkildə ard-arda kəndin içinə mərmilər düşürdü. Birinci tağım postda dayanmışdı, mən ikinci, üçüncü tağımı artilleriya zərbələri səngiyənə qədər münasib bir yerə yerləşdirdim ki, şəxsi heyət atəşə tuş gəlməsin..

- Postda dayanan uşaqlar necə, onlarla əlaqə qura bildinizmi?

- Bəli, öyrəndim ki, postda dayanan Mətləb adında bir uşağın qabırğaları tərəfindən mərmi dəyib. Mən dərhal onun arxaya çıxardılmasını əmr etdim, özüm də postda duran uşaqların yanına qaçdım. Başladım müşahidə etməyə. Ermənilər artilleriya atəşini dayandırandan sonra 2 BMP, 1 UAZ və bir QAZ 66 böyründə şəxsi heyətlə Laçın yolundan Pircahan çayı istiqamətində aşağı enməyə başladılar. Mən də bunları müşahidə edirəm. Bunlar uçuq Pircahan körpüsünə çatanda döyüş sərgisi aldılar. Mən də Cabbara əmr vermişəm ki, ermənilər çayı keçib yuxarı qalxana qədər uşaqları oradan çıxarma. Qumbaratanı çağırıb “El yolu” deyilən yerdə mövqe tutmağı əmr etdim ki, BMP buradan çıxan anda atəş etsin. Gözləyirdim ki, bunlar çayı adlayan kimi bir tağımı aşağıdakı postlara, başqa bir tağımı da Pircahanın üstündəki “Xaçgədik” deyilən” yerdə postlara yerləşdirim...

- Məqsəd nə idi?

- Məqsəd o idi ki, Hoçaz istiqamətindən gələ biləcək düşmənin qarşısı alınsın. Axı bizi həm də Hoçaz kəndi istiqamətindən də vururdular..

- Demək Siz öz bölüyünüzə bütövlükdə Pircahanı 3 istiqamətdən qorumaq əmrini vermişdiniz..

- Düppədüz. Kənd həm Pircahan, həm Seyidlər, “Qızıl evi”ndən, həm də üstəgəl Mişni istiqamətindən qorunmalı idi. Bir manqanı da rezerv saxlamışdım. Gördüm ki, ermənilər çaya tökülüşdülər. Mən əmr verdim ki, “bölük, döyüşə!”. İndi mən uşaqları yanıma çıxarmalı idim...

- Birinci bölükdən Pircahan döyüşündə 4 əsgəriniz Şəhid olub. Bu, necə oldu? Hansı situasiyada bu, baş verdi?

- Mehmanın tağımı dərənin içiylə irəliləyib ikinci, üçüncü bölüyün mövqeyindən adlayıb oradan atışmaq istəyib. Plana görə heç kim və heç bir halda yola çıxmamalı idi. Çünki yola çıxan qüvvələr düşmən üçün açıq hədəfə çevrilirdilər. Bizim birinci bölükdən Şəhid olan döyüşçülərimizsə yola çıxmışdılar. Bu dəfə düşmənin BMP-1-i birbaşa koordinatla onları açıqlıqda vurmuşdu.
Mən bu xəbəri eşidəndə dərhal aşağı qaçdım. Gördüm ki, Etibar hələ sağdı, amma digərləri artıq Şəhid olmuşdular. Etibarın avtomatını götürüb yanına qoydum və dedim ki, qorxma .Maşını çağırdım, Qabil adında oğlan idi, Laçından. Mən bunları maşına yerləşdirəndən sonra bölüyün döyüş mövqeyinə qalxdım.

- Bəs taborun ikinci, üçüncü bölüyü hansı mövqedə idi?

- İkinci, üçüncü bölük bizdən sol cinahda idi. Uzun Güneydən keçib “Həcərin çalası” deyilən ərazidən də aşağı düşmüşdülər və ermənilərə həddən artıq yaxınlaşmışdılar. Hətta avtomatla BMP-yə də atəş açmışdılar. Təbii ki, bu, BMP-yə heç nə edəsi deyildi. BMP də bunlara sarı çevrilib o istiqamətdə atəş edəndə biz yavaş-yavaş irəliləməyə başladıq. Və ikinci, üçüncü bölük tərəfindən görünməyən ermənilər bizim tərəfimizdən gülləbaran edildi.

- Laçın polisi onda harada idi? Polislərdə olan Qrad qurğusuyla erməni texnikasını zərərsizləşdirmək olmazdımı?

- ...Mən Qrad qurğusuna görə onlardan kömək istədim ki, BMP-ni susdura bilək. Çünki BMP uzaq məsafədən bizim daha çevik hərəkət etməyimizə imkan vermirdi. Onlar da QRAD qurğusuyla atəş açdılar. Mərmi BMP-nin yaxınlığına düşdü. Mənim bölüyümdə 62 mm-lik minamyot da var idi, çox sonralar briqadadan göndərmişdilər. Bizdə İbrahimov Sahib var idi. O, sovet qoşunlarında artilleriya qoşunlarında xidmət eləmişdi. Sahib Mişni döyüşündə də minamyotdan istifadə etmişdi. Birinci mərmini Sahib düz ermənilərin içinə saldı. İkinci mərmi BMP-nin 1-2 metrliyinə düşdü. Sonra üçüncü bölüyün uşaqları AQS-lə BMP-ni atəşə tutdular, ancaq bu mərmilər təbii ki, BMP-yə heç nə etmirdi. Və nəhayət BMP dərhal geriyə dönüb aradan çıxdı. Ermənilər də yaralılarını götürüb arxaya çəkildilər... .





III HİSSƏ

“BRİQADANIN DÖYÜŞƏN TABORA EHTİYACI OLUB”






- 713 saylı taborun Laçından çıxarılıb Ağdərəyə gətirilməsini şərtləndirən səbəblər nə idi və bu, taktiki baxımdan nə dərəcədə düzgün idi?

- Həmin dövrdə 701 saylı briqada Kəlbəcər-Ağdərə istiqamətində hücumda idi və bir çox uğurlu əməliyyatlar aparmışdı. Mən belə başa düşürəm ki, komandir briqadanın həmin vaxt erməni mövqelərini boşaltmaq üçün vuruşan, döyüşən bir təcrübəli tabora ehtiyacı var idi. Məhz bunu nəzərə alaraq 713 saylı taboru Laçından götürüb Ağdərə istiqamətinə aparıb. Mən hesab edirəm ki, həmin qərar düz olub.




QIZILQAYA (ARUTUNAQOMER) DÖYÜŞÜNDƏKİ DÜYÜN NÖQTƏSİ




- O zaman briqada komandanlığı Pircahanda məlumat verdi ki, “Ağdərədə Surət Hüseynovun 700 nəfərlik korpusu zasadaya düşüb. Onları zasadadan çıxarmaq üçün üçtərəfli hücum hazırlanır. Siz bu əməliyyatda iştirak edib, korpusu zasadadan çıxarandan sonra geriyə - Laçına qayıdacaqsınız. Bu müddət ərzində də Sizin indiki mövqelərinizi Tahir Süleymanovun dəstəsi qoruyacaq”. Amma tabor Ağdərəyə gedəndən sonra deyilənlərin heç birinin şahidi olmadı.

- Mənim bölüyümdə olan əsgərlərdən biri Bakıda hansısa zavodda mühəndis işləmişdi. Həmin ərəfədə Ağdərəyə getməzdən bir neçə gün əvvəl o, mənə dedi ki, bizim zavod 62-82 mm-lik minamyot hazırlayır. Və həm də dedi ki, şəxsi tanışlığım hesabına tabor üçün o silahlardan gətirə bilərəm. Mən də bunu tabor komandiri mayor SÜLEYMAN ƏHMƏDOVa dedim. O da məni Bakıya ezam elədi. Yəni, həmin ərəfədə mən orada olmamışam. Mən Ağdərəyə gələndə artıq tabor döyüşə girmişdi...

- QIZILQAYA (Arutunaqomer) döyüşülə bağlı səsləndirilən fikirlərə münasibətiniz – “bələdçinin yoxa çıxması”, birinci hücumun uğursuzluğu....

- Mən şahidi və iştirakçısı olduğum döyüşlər haqqında danışa bilərəm. QIZILQAYA kəndinə (Arutunaqomerə) olan ilk hücumda mən olmamışam. Ona görə də bu barədə heç nə deyə bilmərəm...




“ƏLİMİZDƏ KİFAYƏT QƏDƏR KƏŞFİYYAT MƏLUMATI OLMAYANDA BİZ DÖYÜŞƏ GİRMİRDİK”


- Siz onda harada idiniz ki? Və həmin vaxt Sizi bölük komandiri olaraq kim əvəz edirdi?

- Mən onda briqada komandirinin icazəsilə Baklda idim. Və onda məni bölük komandirinin müavini Alıyev Cabbar əvəz edib...

- Yəqin orada hansı taborların olmasıyla bağlı informasiyalara da malik deyilsiniz?

- Mən gələndə orada birinci tabor, Ağdaş taboru, 714, bir də bizim 713 saylı tabor var idi.

- Ümumiyyətlə döyüşə getməzdən öncə kəşfiyyat məlumatlarının toplanılması və bu məlumatların səhihliyinin rolunu necə qiymətləndirirsiniz?

- Döyüşə getməmişdən öncə hər bir komandir bacardığı qədər məlumat toplamalıdır. Radiokəşfiyyat, vizual kəşfiyyat olmalıdır. Laçında olan zaman bizim kəşfiyyat qrupu həmişə işləyib və hər atışmadan, hər döyüşdən öncə o məlumatlar toplanır, tağım komandirlərilə müzakirə edilirdi. Əlimizdə kifayət qədər kəşfiyyat məlumatı olmadan biz döyüşə girmirdik. Laçında mən bu taktikadan istifadə etmişəm.

- QIZILQAYA (Arutunaqomer) əməliyyatına kim rəhbərlik etmişdi?

- Onu bilmirəm. Alıyev Cabbar orada olub.

- Elə isə nəzəri olaraq bu döyüşün hazırlanması və əməliyyatın keçirilməsinə qiymət vermənizi istərdim. Baxın: döyüşçülərə məlumat verilib ki, bu istiqamətdə kəşfiyyat gedib, filan əraziyə qədər hər yer təmizdir, heç yerdə erməni postu yoxdur. Qarşıda heç bir dazorqrup olmadan sıradan tanımadıqları bir bələdçiylə və tanımadıqları ərazi boyunca onlara “irəli!” əmri verilir. Döyüşçülərin dediyinə görə bir az yol qət edəndən sonra bələdçi də yoxa çıxır və ardınca da ermənilərin artilleriyadan, iri çaplı silahlardan, ağır texnikadan gülləbaran səhnəsi. Bütün bunlar nəyin göstəricisidir?

- Nəzəri cəhətdən çox şey söyləmək mümkündür. Bir daha deyirəm ki, mən AĞDƏRƏYƏ sonradan getdim. Elə mənim döyüşçülərimdən olan Nəsimi və Xasay da məhz QIZILQAYA (Arutunaqomer) döyüşündə Şəhid olublar. Ağdərəyə gedəndən sonra mən həmin əraziyə getdim, baxdım, ancaq mən deyə bilmərəm həmin vaxt bölük komandirləri, döyüşə rəhbərlik edənlər hansı qərarları və hansı şəraitdə qəbul ediblər. O döyüşün timsalında nəyin səhv, nəyin düz olduğunu da deyə bilmərəm və ümumiyyətlə bunu demək düzgün deyil. Bu, onların qərarı olub və qərara da hörmətlə yanaşmaq lazımdır...
- 713 saylı taborla briqada komandanlığı, yaxud Müdafiə Nazirliyi arasında nə vaxtsa narazılıq yarada biləcək hansısa insident yaşanıbmı?

- O vaxtı könüllü əsgərlər idi. Hansısa məqamda ərzaq, yaxud digər məqamlarla bağlı yüngülvari narazılıqların olması istisna deyil. Ancaq siz deyən kimi hansısa insidentin yaşanması heç zaman olmayıb. Bizimlə hər zaman təmasda olan briqada komandanlığı idi...
- Siz Ağdərəyə nə zaman gəldiniz?

- Dəqiq tarix yadımda deyil. Ancaq artıq o zaman QIZILQAYA (Arutunaqomer) döyüşü olmuşdu. Tabor QOZLU (Vaquas) kəndində mövqe tutmuşdu...



“QƏRARGAH RƏİSİ “İSGƏNDƏROV, SƏN HƏMİŞƏKİ KİMİ DEMAQOQ SUALLAR VERİRSƏN” DEDİ”




- QIZILQAYA (Arutunaqomer) əməliyyatından sonra Vəngə hücum əməliyyatına hazırlıq prosesinə başlanıldı. Və hücum zamanı yenə də verilən kəşfiyyat məlumatı özünü doğrultmadı. Nə baş verirdi? Və ümumiyyətlə Vəngə hücum lazım idimi? Cüzi bir qüvvə ilə hakim yüksəklikdə olan Vəngin götürülmə ehtimalı nə dərəcədə inandırıcı idi?

- Mən Sizə bir şeyi aydınlaşdırım. Deməli, Vəng əməliyyatından əvvəl tabor komandiri mayor SÜLEYMAN ƏHMƏDOV, qərargah rəisinin müavini MEHDİ RÜSTƏMOV, 2-ci bölüyün komandiri VAQİF QULİYEV, 3-cü bölüyün komandiri BUDAQ NƏSİBOV və 1-ci bölüyün komandiri olaraq mən RƏHMAN İSGƏNDƏROV briqadanın qərargahında olduq. Qərargah rəisi bizə Vəngi göstərdi...
- Qərargah rəisi kim idi?

- Polkovnik Vahid Tacibov. Qərargah rəisi bizə xəritə ilə mövqeləri göstərirdi. Onda mən qərargah rəisinə dedim ki, heç olmasa bizə bir xəritə ver. Bizim taborda Ağdərədən olan yerli uşaq yoxdur. Heç kim heç yeri tanımır. Bu otaqda xəritə üzərində hər şey göstərilir, ancaq orada mən necə hərəkət edim. Bu da başdadı ki, İsgəndərov, sən həmişəki kimi demaqoq suallar verirsən. Ironik bir şəkildə də bildirdi ki, Vəngə bir yol gedir və bu yol da kəşfiyyat olunub...




“ERMƏNİLƏR VƏNGDƏ HAKİM YÜKSƏKLİYƏ SAHİB İDİLƏR, QÜVVƏMİZ DƏ AZ İDİ ”




- Kəşfiyyat olunmuşdumu o yol?

- Mən Sizə adi bir epizodu deyim. Kəşfiyyat nəzərdə tutulan istiqamət üzrə gedir. Düşmənin də gizli müşahidə məntəqələri var. Bizim özümüzdə də bu hallar çox olub. Biz gizlənib maskalanmışıq, ermənilər gəlib bizim yaxınlığımızdan keçib dərinliyə gediblər. Mən bilmişəm ki, bu 3-4 nəfər heç nə edən deyil, amma o ermənilərlə biz çatışmaya girsəydik əvəzində gizli müşahidə postum da aşkarlanacaqdı. Əsas odur ki, qoy mənim postum gizli qalsın.
Ola bilər ki, briqadanın kəşfiyyatı gedib, ola bilər ki, ermənilər də onları boşlayıb. Amma briqadanın kəşfiyyatı gedibmiş. Sonrakı xidmətimdə mən briqadanın kəşfiyyat xidmətinin rəisi işlədim. Oradakı əsgərlərdən soruşdum. Dedilər ki, biz getmişdik. Amma Vəng alınmaz bir qala idi, ermənilər orada hakim yüksəkliyə sahib idilər...




“AĞDƏRƏDƏ OLAN ERMƏNİ QÜVVƏLƏRİNƏ TƏMİNAT VƏNGDƏN GƏLİRDİ”




- İndiyə kimi hələ də mənim üçün qaranlıq qalan, cavablandırılmayan bəzi suallar var...

- Siz hansı sualları nəzərdə tutursunuz?
- Bilmək istərdim, o zaman Vəngə hücum lazım idimi? Bu hücum əməliyyatı planında qüvvələr nisbəti, mövqelərin qiymətləndirilməsi və digər amillər nəzərə alınmışdımı?

- Həmin ərəfədə mən bölük komandiri kimi fikirləşirdim ki, Vəngi götürmək lazım deyil. Amma briqadanın məsuliyyəti və vəziəsi bambaşqa şeydi. O zaman mən qərargahda da dedim ki, biz öncə təminat yollarını daha etibarlı etmək üçün ətrafları təmizləməliyik. Çünki meşəlik erməni qrupları ilə dolu idi. Və bu, o demək idi ki, o strateji yüksəkliyin götürülməsinə gedən yol hım də o qrupların zərərsizləşdirilməsindən keçirdi. İkincisi, mən fikirləşirdim ki, Vəngə hücum Kəlbəcər istiqamətindən daha effektiv olardı. Çünki Ağdərədə döyüş gedirdi, ermənilər də oranı gözləyirdilər. Ancaq sonradan mən kəşfiyyat xidmətində olanda gördüm ki, komandir heyəti düzgün qərar veribmiş. Çünki ermənilərin Ağdərədə olan qüvvələrinə təminat Vəngdən gəlirdi. Belə fikirləşirəm ki, görünür bizim komandir heyətimiz də Vəngi götürüb təminatın qarşısını almaq istəyirmişlər.

- Faktiki mövqelərin dəyərləndirilməsi baxımından vəziyyət necə idi?.

- Fakt ondan ibarət idi ki, hakim yüksəkliklərin hamısı ermənilərin əlində idi...

- Bəs qüvvələr nisbəti nəyi göstərirdi?

- Ermənilərin qüvvəsi 2 dəfə bizdən artıq idi. Həm texniki, həm də təchizat baxımından ermənilər bizdən çox güclü idilər.

- Reallıqda bir taborla Vəngi götürmək mümkün idimi?

- Reallıqda əgər düşmən müdafiə olunursa hücum edən ondan artıq olmalıdır. Bizdə də o qüvvə yox idi.



“VƏNGƏ HÜCUM ƏMƏLİYYATINDA TƏKCƏ 713 SAYLI TABOR İŞTİRAK EDİB”

-


Vəngə hücum əməliyyatının sxeminin təqdim edə bilərsinizmi? Bölüklərin hücum istiqamətləri, bölüklərin koordinatlar üzrə irəlilməsinin effektivlik dərəcəsi, dazorqruppa ilə əlaqənin səviyyəsi, qruplararası əlaqənin koordinasiyası və bu kimi digər məqamlarla bağlı nə deyə bilərsiniz?
- Biz gecəylə meşəyə qalxdıq. Postlar təyin olundu ki, hər ehtimala qarşı düşmənin edə biləcəyi gecə hücumunun qarşısını tam zamanında ala bilək...

- Həmin dönəmdə, 1992-ci il 2 sentyabrda Vəngə hücum əməliyyatı zamanı orada 713 saylı tabordan başqa əlavə qüvvə olubmu?

- Vəngə hücum əməliyyatında təkcə bizim tabor iştirak edirdi...

- O zaman Qozluda və digər mövqedə olan qüvvələr nədən bu əməliyyatda iştirak etmədi?

- Mən o zamanın prizmasından çıxış edib deyə bilərəm ki, bir baş leytenant (o zaman Rəhman İsgəndərov baş leytenant rütbəsi daşıyırdı – müəllif) üçün cavab verilməyə biləcək bir sualdır. Mən briqadanın qərargahında işləmirdim. Yəni, bu kateqoriyadan olan suallara məndən yuxarıda olanlar cavab verməli idilər ki, nədən forma etibarilə cüzi bir qüvvə ilə Vəng kimi bir qalanı necə almaq olar. Konkret olaraq mən o zaman nəzərdə tutlan hücum əməliyyatının təşkiliylə məşğul idim. Və beləcə biz gecə meşədə postları qurub digər əsgərlərə “yat!” komandasını verdik. Səhər tezdən bölüyü qaldırdıq, səhər yeməyini yedik, bu zaman briqadanın döyüş hazırlığı üzrə müavini Eldar İsrafilov gəldi. Biz də taboru düzdük. Düzəndən sonra bilmirəm hansı idi – ya tabor komandiri, ya da Eldar İsrafilov mənə dedi ki, çıx ümumi döyüş tapşırığını, döyüş əmrini şəxsi heyətə izah elə. Mən uşaqlar yatandan sonra bir az qabağa gedib qaranlıq da olsa vizual müşahidə aparmışdım. Vəngə bir yol gedirdi. Yolun sağ və sol tərəfi sıx meşəlik idi. Tabora döyüş əmrini verəndə belə qərara gəldik ki, birinci bölük...




“BİZ QOZLUDAN VƏNGİN GİRƏCƏYİNƏ QƏDƏR MARŞ KEÇƏNDƏN SONRA HÜCUM OLMALI İDİ”

.
- Vəngə əməliyyat planını kim hazırlamışdı və hücuma komandanlığı kim edirdi?

- Mən Sizə deyim ki, o zaman “Vəngə hücum edirsiniz!”- deyə, bizi qərargaha çağıranda komandanlıq tərəfindən heç bir döyüş planı təqdim edilmədi. Mən həm qərargahda, həm də hücuma hazırlıq zamanı polkovnik Eldar İsrafilova o sualı komandanlığa vermişəm ki, hərbi, tibbi təchizatımız necə olacaq. Sualım qulaq ardına vurulub. Bizə başqa cür deyilmişdi...

- Nə deyilmişdi Sizə?

- Bizə deyilmişdi ki, Vəngin girəcəyində postlar var. Bizim fikrimiz VƏNGİN girəcəyinə qədər marş keçmək idi – Qozludan Vəngin girəcəyinə qədər marş keçmək. Orada döyüş sıralanmasından sonra Vəngə hücum olmalı idi. Mən öndə gedən birinci, ikinci bölüyü qorumaq üçün o dazoru təyin etmişdim. Bölüklərin marşrut istiqamətini də mən təklif etdim ki, BİRİNCİ bölük mərkəzdən gedir. İKİNCİ bölük sağla yüksəkliklərlə gedir...

- Siz nəyi və hansı səbəbləri nəzərə alaraq marşrutu belə müəyyənləşdirirdiniz?

- Fikirləşirdim ki, düşmən yolda maneə qura bilər, qarşılaşa bilərik. Belə olan halda birinci bölük döyüşə girən zaman ikinci bölük aldadıcı manevrlə erməniləri ya böyürdən, ya da arxadan vurur. ÜÇÜNCÜ və ƏDALƏTİN gətirdiyi 10-15 nəfər ehtiyatda qalır. Döyüş başlayanda həm VAQİF, həm də mən öz bölüklərimizi idarə edirdik. Yəqin ki, qərargahla əlaqəni rəhmətlik SÜLEYMAN ƏHMƏDOV qururmuş. Ehtiyat qüvvələr də onun tabeliyində idi.



“DÖYÜŞ ƏMRİNİ MƏN VERMİŞƏM”



- Tabora “döyüş!” əmrini kim verdi?

- Əmri mən verdim..

- Deyilənə görə briqadadan onda əlavə qüvvələr də gəlmişdi. Kim idi onlar?

- Əlavə qüvvələr gəlməmişdi...

- Mən Ədalət Mustafayevlə gələn qüvvələri nəzərdə tuturam. Kim idi bu Ədalət Mustafayev, nədən bu adam məhz Vəng döyüşü zamanı 713-ə yönləndirilmişdi? Doğrudanmı o zaman 713-ün Vəngdə uğur qazanması üçün Ədalət Mustafayevin gətirdiyi 10-15 nəfərə ehtiyacı var idi? Və həmin 10-15 nəfər kimlər idi?

- Həmin ehtiyacın olub olmamasını deyə bilmərəm. Ədalət Mustafayev 14-15 nəfərlə gəlmişdi briqadaya və bunları 713-ə yollamışdılar. Qərargah rəisinin müavini Rüstəmov Mehdi bunları qeydiyyata aldı. Səhərki sıra düzülüşündə onlar da dayanmışdılar. Onların içində bir moldavan da var idi, döyüş zamanı ermənilər snayperlə onu vurdular. Hazırda da qəbri Şəhidlər Xiyabanındadır.
Öz uşaqlarımıza döyüş əmrini izah edəndən sonra bunlara da rus dilində həmin sözləri təkrar etdim.





“ONLARDAN HEÇ BİRİ SOL CİNAHDAN HÜCUMA KEÇMƏYİB”



- Həmin 15 nəfər döyüşdə iştirak etdilərmi?
- Biz həmin 10-15 nəfərin döyüşdə nəyə qadir olduqlarını görmədik. Həmin uşaqlardan olan bir moldavanın döyüşə girdiyini gördüm, mən hətta onunpulemyotundan da döyüşdə istifadə etdim. Ancaq digərlərini görməmişəm..
- O dövrün xatirələri əsnasında yadımda deyil, kimsə deyir ki, həmin “çeçenlər” sol cinahdan hücuma keçiblər...

- Onlardan heç biri sol cinahdan hücuma getməyiblər. Çünki onlar sol cinahdan hücuma keçsəydilər, orada olan ermənilərdən bir nəfəri belə sağ çıxa bilməzdi. Bu, onların fantaziyalarının məhsuludur. Onlardan qalan varsa, bu gün də oturub dediklərimi onlara sübut edə bilərəm.



“İKİNCİ BÖLÜK BİZİM SAĞIMIZLA İRƏLİLƏMƏLİ, ÜÇÜNCÜ BÖLÜK İSƏ EHTİYATDA QALMALI İDİ”





- Bölüklərin hərəkət trayektoriyaları hansı koordinatlar üzrə idi?

- Deməli, döyüş planına görə birinci bölük bir tağımla ara məsafə saxlanılmaqla ən təhlükəli yolla gedəcəkdi.
İkinci bölük Vaqif Quliyevin rəhbərliyilə bizdən sağ tərəfdə 500 metr ara məsafə ilə hərəkət etməli idi.
Budaq Nəsibovun üçüncü bölüyü Ədalət Mustafayevin rəhbərliyi altında olan həmin bu qüvvə ilə ehtiyatda qalmalı idi. Və mən hər bir kəsə xüsusi olaraq bildirdim ki, əmr verilməyənə qədər heç kim yerindən tərpənməsin.




“DAZOR QRUPUNA BİR DAHA İZAH ETDİM Kİ....”



Sonra mən bölüyümü düzüb tağım komandirlərinin diqqətlinə konkret vəzifələrini bir daha çatdırdım. Mehman Ağayevin bölməsini dazorqruppa kimi bölüyün qarşısında yola saldım. Və onlara “dazorqruppa elə getməlidir ki, arxadakı qüvvə gərəkəndə onları silahla qoruya bilsin””- deyə, izahat verdim.

– Neçə nəfər idi onlar?

- Onlar səhv etmirəmsə, 5 nəfər idilər. Dazorqrupun arxasınca birinci tağım, onların da arxasınca ikinci tağım gəlirdi. Mən özüm dazorun arxasında birinci tağımın qabağında gedirdim.




“BUDAQ MÜƏLLİM RABİTƏÇİLƏRİNİN ƏN SON ANDA DƏYİŞDİRİLDİYİNİ DEYİRDİ ”



Yerləri dəqiqləşdirəndən sonra öz bölüyümün rabitəsini yoxladım. Bu barədə mənim məlumatım yoxdur, üçüncü bölüyün komandiri olmuş Budaq Nəsibov deyir ki, “hücumdan əvvəl onların bölüklərində rabitəçiləri dəyişiblər”. Bizim bölükdəsə qətiyyən belə şey olmayıb.

- Əməliyyata kim rəhbərlik edirdi?

- Taborun komandiri Süleyman Əhmədov. Mən döyüşə gedən qüvvələrə rəhbərlik edirdim, amma tabor komandiri Süleyman Əhmədov və üçüncü bölüyün komandiri Budaq Nəsibov ehtiyatda qalırdı. Və biz tərpəndik. Öndə dazor qrupu gedir. Mən dazor qrupunu göz müşayiətində saxlaya-saxlaya arxadan gedirəm. Yolda bir dəfə ikinci bölük səhvən bizim yolumuza çıxdı. Yəni, onlar əmrə görə heç bir halda yola çıxmalı deyildilər. Az qaldı ki, çaş-baş qalaq. Dazor məlumat verdi ki, qabaqda bir qrup əsgər var, mən də göstəriş verdim ki, döyüş vəziyyəti alın və məlumatı təfsilatıyla dəqiqləşdirin...

- Dazorqrupun qarşısına çıxan kim idi – düşmən əsgərləri, yoxsa ikinci bölüyün uşaqları?

- Yox, düşmən deyildi. Dazorqrupun rəhbəri Mehman Ağayev məruzə etdi ki, onlar ikinci bölüyün uşaqlarıdır, orada bir çala var, su içirlər. Mən dərhal ikinci bölüyün komandiri Vaqif Quliyevlə danışdım ki, uşaqlara bir daha tapşır ki, heç bir halda birinci bölüyün marşrutuna girməsinlər. O da dedi ki, uşaqlar su içməyə gəlmişdilər və sağa, öz mövqelərinə çəkildilər. Sonra mənə dedilər ki, ikinci bölüyün bir tağımı daha yuxarı ilə gedirlər.



“BİR AZ GETMİŞDİK Kİ, ERMƏNİ İLƏ ÜZ-ÜZƏ DAYANDIQ”




Haradasa kilometr yarım getmişdik ki, bir döngəyə çıxdıq. Döngədən sonra bir dərə var idi. Və orada Mehman məruzə etdi ki, qabaqda 70-80 nəfər canlı qüvvə var. Mehman o zaman məruzə etdi ki, artıq erməni ilə üz-üzə dayanmışdılar. Bilmədim, onlar bu canlı qüvvəni yenə də bizm uşaqlar zənn etmişdilər, yoxsa nə idi. Forma da eyni idi. Hamısı bizim kimi saqqallı, hamısı da bizim kimi “afqanka”da. Məruzə eliyəndə mən “döyüş vəziyyətini alın!” əmrini verdim. Tağım komandirlərinə dedim ki, bütün şəxsi heyəti döyüş vəziyyətinə gətirin. Mən döngədən çıxanda gördüm ki, bu ermənilərdən biri bizim axırda dayanan əsgərin çiynindəki radiostansiyanın ipinə əl atmaq istəyir. Birdən gördüm ki, bunların hamısının sol qolunda ağ bağlanıbdı.Artıq mənə tam aydın oldu ki, bunlar ermənidir və dərhal atəş açdım. Bu dəfə Mehman da komanda verib...

- Mehman hansı komandanı vermişdi?

- Mən hələ ilk gündən kəşfiyyat qrupuna təlim keçmişdim ki, belə situasiyalarda ermənilərlə üz-üzə çıxanda qabaqda olan hər kəs uzanır ki, arxadakılar dəqiq atəş aça bilsinlər. Mehman həmin qərarı vermişdi. Buna qədər Mehman hətta erməniylə siyasi müstəvidə gedən danışıqların mahiyyətilə bağlı danışıb onların fikrini yayındırmaqla vaxt udmağa çalışmışdı. Erməninin biri Mehmanın avtomatını götürmək istəyəndə Mehman da jest edib ona “necə komandirsən ki, sən danışan zaman sənin əsgərin özbaşına hərəkət edir!?” deməklə ona psixoloji təsir göstərmişdi. Həmin erməni də o əsgərə dərhal geri çəklimək əmrini vermişdi...
Və mən atəş açandan sonra Sahib kişi də pulemyotla oturmuş kütlənin içinə atəş açdı. Malış sola qaçdı, radist də yerə uzandı, beləcə mənim qabağım boşaldı, məsafə də yaxın idi. Avtomatda olan mərmilərin hamısını ora boşaltdım. Məndən arxada sol tərəfdə bir avtomat da atəş açırdı. Bunlara da qışqırdım ki, başınızı qaldırmayın. Mehmanı da qıçından vurublar. Ermənilər qalxıb arxaya qaçışdılar. Qaçanı qaçdı, qaçmayanı da yerə uzanıb bizimlə atışmağa başladılar.




“ERMƏNİLƏR MƏNİMLƏ ÜÇÜNCÜ BÖLÜYÜN ARASINA GİRSƏYDİLƏR, HAMIMIZI QIRACAQDILAR”



Bu dəfə məni sağ tərəfdən güclü atəşə tutdular. Erməni komandir də bir bölüyü meşəyə qaldırmış, bir bölüyü öz yanına almış, digər bir bölüyü isə arxada saxlamışdı. Hər üç bölük bizi vururdu. Ona qədər bizim ikinci bölüyümüz gəldi və erməniləri güclü atəşə tutdular. Eməninin çığırtısı gələndə onun təxmini yerini müəyyənləşdirdim. Mən olan yer güclü atəşə tutulduğundan yerimi dəyişdim. Rafaeli çağırdım ki, sol tərəfdə bir xətt üzrə iri ağacların arxasına keçib atəşi davam edin. Orada da bir balaca təpəcik var idi. Ermənilər o təpəciyin başına çıxmaq istəyirdilər, mən bunu başa düşdüm. Onlar həmin təpəni tutsaydılar mənimlə üçüncü bölüyün arasındakı məsafəni bağlayıb bizim hamımızı orada qıracaqdılar. Çox təcrübəli komandir idi. Amma mən ona qədər əmr verdim, Rafael həmin təpəni ələ keçirib erməniləri güclü atəşə tutdu. Orada tək bir ağac var idi, ermənilər bu ağacın yanından qumbaratanla güclü atəş açırdılar. Onun da böyründə bir PK var idi. PK bizi, qumbaratan da rəhmətlik Vaqifin bölüyünü vururdu. İkinci bölük vuruşa-vuruşa gəlib bizə çatdı. Mən ratsiya ilə Mehdiyə dedim ki, tağımlardan bir bölmə meşənin içiylə bunların arxasına keçsinlər..





“RADİOSTANSİYA İŞLƏMƏDİ VƏ SONRA BİLDİM Kİ, ÜÇÜNCÜ BÖLÜK EHTİYATDA GÖZLƏMƏYİB”



O tağım, səhv etmirəmsə Məmmədgil olub, həmin əraziyə keçib ermənilərdən xeyli qırmışdılar. Mənə o qumbaratanı susdurmaq lazım idi. Qumbaraatanın bircə başı görünürdü. Mən sol tərəfimdəki rus, ya moldavandan PK-nı alıb dizi üstə qalxıb bunun boynu ilə başının arasını nişan aldım. Nə qədər patron var idisə hamısını ora boşaltdım. Sonra gedib baxdım ki, hımin erməninin başı çiynindən sallanırdı. Onu susdurmuşduq.
Bu dəfə erməni qüvvəsini arxaya - dərəyə doğru çəkdi...

- Bəs siz hansı addımı atdınız?

- Mən fikirləşdim ki, üçüncü bölüyü salıram dərəyə və bu tağım dərəiçi atışa-atışa qalxır, başqa bir tağım da yuxarıdan bizi vuran qüvvələrin arxasına qalxır. Baxdım ki, radiostansiya işləmədi. Onda mən Rafaelə dedim ki, 5-6 nəfər götürüb dərəyə düşürsən və oradan atəş açırsan. Belə olan halda erməni bütün qüvvələrini arxaya çəkdi. Onlar bizdən hündürlükdə idilər. Atəşin arası kəsilmirdi. Rəmzini vurdular, Fərrux yaralandı. Qışqırdım ki, yerinizi dəyişin, böyük gövdəli ağacların arxasına keçin. Sonra bizim tank vurdu. Tank vuranda mən sağa çəkildim. Fikirləşdim ki, yolun sol tərəfindən dərəyə düşüb daşlıqda gizlənim, bir tağımı ermənilərin arxasınca salım. Bir də gördüm ki, rəhmətlik Vaqifi çıxarırlar. Dedilər ki, Vaqifi vurublar, ikinci bölüyün uşaqları komandirlərini döyüş mövqeyindən çıxardılar. Biz qaldıq orada. Sonra mən bildim ki, onlar atışma başlayanda gözləməyiblər, yarısı bizə, yarısı da ikinci bölüyə köməyə gediblər...



“YƏQİN Kİ, TABOR KOMANDİRİNİN ƏMRİ OLUB”



- Bu, ehtiyatda dayanan bölük idi də?

- Bəli, üçüncü bölük ehtiyatda dayanmalı idi. Döyüşə girəndə də soldan girməli idilər. Yəqin ki, köməyə getməklə bağlı tabor komandirinin əmri olub.

- Vəng əməliyyatında neçə şəhidiniz oldu?

- Vəng əməliyyatında mənim bölüyümdən iki Şəhid, bir yaralı oldu...

- Bəs o döyüşdə Ədalət Mustafayevin qrupu hansı mövqedə idi?

- Mən onları görmədim. Qəşəmin deməsinə görə Ədalətgil sol cinahdan hücuma keçmişdilər.



“VƏNG DÖYÜŞÜ 713 SAYLI TABORUN DÖYÜŞ QABİLİYYƏTİNİ BİR DAHA ÜZƏ ÇIXARDI”


- Nəticə baxımından Vəng döyüşünü necə qiymətləndirirsiniz?

- Nəticə baxımından Vəng döyüşündə 713 saylı tabor öz döyüş qabiliyyətini bir daha göstərdi. Tabor özündən iki dəfə artıq qüvvə ilə birbaşa döyüşə girdi. Və geriçəkilmə də olmadı. Bu döyüşdə düşmənin kifayət qədər canlı qüvvəsini məhv etdik. Sadəcə olaraq ərazini tanımamağımız və bölüklər arasında rabitənin olmaması müəyyən çətinlikləri ortaya çıxardı. Ancaq tabor bu çətinlikdən də sıyrılıb çıxdı. Hücuma gələn düşmənin qarşısını aldıq, onları geri oturtduq. Məhz erməniləri geri oturdandan sonra biz öndə qalan Şəhidimiz Əfilağanın nəşini götürdük..

- Bəs Sizin əsgərlərdən səhv istiqamətə gedən kim idi?

- Bəli, mənim əsgərlərimdən biri səhv istiqamətə getmişdi. Bu, Məmmədov Asif idi. Səhərisi günü mən Asifi tapmaq ümidilə həmin yerə gedəndə ermənilərin hələ də meyid daşıdıqlarını gördüm....

- Siz hücuma gedəndə yolda hansısa bir texnikaya rast gəldinizmi?

- Xeyir.

- Amma bir qisim şahidlərin dediyinə görə tabor mövqe dəyişkənliyinə keçəndə keçilmiş yolda böyrü üstə aşmış bir belarus olub. Bu haradan çıxmışdı?

- Mən görməmişəm...




“ERMƏNİSƏNSƏ, GÜLLƏLƏ BİZİ”



- Sizin tabor Ağdərədən Laçına nə zaman qayıtdı və bu geriqayıdışla bağlı əmri kim vermişdi?

- Vəng əməliyyatından sonra bizim tabor əvvəlki mövqeyinə qayıtdı və bizim uşaqlardan birinin - Məmmədov Asifin olmadığını aşkar etdik. Həmin günü uşaqların silah-sursatını bir daha yoxladım. Təxminən 20-22 nəfər Asifin axtarışına getdik. Ən son döyüş yerimizə çatanda orada yenə də ermənilərin öz meyidlərini maşınlara yüklədiklərini gördük. Oradan sol istiqamətə QIZILQAYA (Arutunaqomer) istiqamətində iki qrupa bölünərək axtarışı davam elədik...
Öncə döyüş zonasına baxdıq. Sonra Qızılqaya (Arutunaqomer) istiqamətnə gəldik. Bərk yorulmuşduq. Biz kəndin girişindəki yolun qırağında oturmuşduq. Aşağıdan əli silahlı bir dəstə çıxıb bizi nişan alıb kimliyimizi soruşdular. Qabaqda bir kapitan dayanmışdı, bizm kimi afqankada idilər. Mən ona kimliyimi dedim. Bu da təmiz azərbaycanca dedi ki, mən sizin azərbaycanlı, ya da erməni olduğunuzu bilmirəm. Amma parolu de, radioəlaqəyə girib dəqiqləşdirim. Bu dəfə İntiqam bərk əsəbləşdi ki, ə kişi, mən filankəsəm, özüm də 8-ci kiilometrdə yaşayıram...

- Silahlar üstünüzdə deyildi ki?

- Yanımıza yerə qoymuşduq. Oturduğumuz yerdə bunun əsgərləri dərhal öz silahlarını bizə tuşladılar. Biz də yorğun idik, hamımız divarın dibində oturmuşuq, avtomatımız da böyrümüzdə idi. Mən elə bildim ki, bunlara ermənidilər. Hər birimizə bir silah tuşlanmışdı. Kapitan öz uşaqlarına əmr verdi ki, bunların silahlarını yığın.

- Yığdılar?

- Mən buna “bir az yavaş ol, sən mənim silahımı ala bilməzsən”dedim. Amma silahlar da yerdədir, əgər zərrə qədər biz tərpəniş edib silahlara əl atmaq istəsək bunlar bizim hamımızı qıracaqlar. Uşaqlar da mənə baxırlar. O uşaqların da barmaqları tətikdədir. Mən bu komandirə dedim ki, “ə kişi, sənə bir daha deyirəm, biz hamımız azərbaycanlıyıq. Sən ermənisənsə, onda bizi güllələ! Nə qanımızı qaraldırsan”. Buna “götür avtomatı” deyəndə hiss olunmayacaq dərəcədə avtomatın remenini ayağıma keçirdim. Əsgərlər yolun o biri üzündə bizimlə üzbəüzdə dayanıblar, kapitan da mənim sağımda silahını da mənə tuşlayıb. Üstəlik kapitandan başqa bir əsgər də silahını mənə tuşlayıb. Dedim bunlar yəqin ermənidir və bizi qıracaqlar. Yenə buna dedim ki, ə, ermənisənsə, birdəfəlik öldür də bizi.

- Uşaqlar neynirdi?

- Uşaqlar da bu kapitana dedilər ki, “ə, avtomatını kənara çək!”. Bu başladı ki, yox mən Sizə çay verəcəm, mənim də başıma belə şey gəlibdi. Elə bu anda gördüm ki, yuxarıdan atılan minamyotun mərmisi gəlir. Mərmi fışıltlyla gəlib düz yolun ortasına düşdü. Buna bir daha dedim ə, bizi minamyotla burada qıracaqlar. Ermənisənsə, bizi güllələ, yox erməni deyilsənsə, qoy duraq tədbir görək.

- Cavabı nə oldu?

- Bunun əsgərləri avtomatlarını saldılar, bir az bizə sarı gəldilər. Dedim ə, minamyot bu atışla özü üçün koordinatı müəyyənləşdirir. Dəqiq bilrəm ki, növbəti mərmi başımıza düşəcək. Artıq avtomatı götürmüşdüm. Mən avtomatı götürəndə minamyotun ikinci atışı oldu. Bu dəfə mərmi daha yaxına düşdü. Və həmin mərminin qəlpəsi düz bunun boğazına sancıldı. Onun əsgərlərinin hamısı birinci atışdan sonra dönüb qaçmışdılar. Yaxşı ki,biz yoldan aşağıda durmuşduq.

- O kapitanın taleyi necə oldu?

- Biz onu döyüş mövqeyindən çıxardıq.



“O KAPİTAN ARXASI ÜSTƏ UZANIB XIRILDAYIRDI”



- Bizim uşaqlardan yaralanan oldu?

- Möhlət və Raci və bir də adını unutduğum kimsə yaralanmışdı. Mən ayağa qalxanda gördüm ki, bu kapitan arxası üstə uzanıb xırıldayır. Mən onun boğazından qəlpəni dartıb çıxaranda əlimi qanlı-qanlı tutub yalvardı ki, “oğlum olub, məni burada qoyub getmə”. Birdən Asəf qışqırdı ki, komandir, üçüncü mərmi gəlir. Bu kapitan dönüb yazıq-yazıq bizə baxdı və dedi ki, “yalvarıram, məni burada qoymayın, oğlum təzə anadan olub, mən onu görmək istəyirəm”. Mən də hazırlaşmışam ki, çıxaq.



“MƏNİ BURADA ATMAYIN, TƏZƏ ANADAN OLAN OĞLUMUN ÜZÜNÜ GÖRMƏK İSTƏYİRƏM”



- Minamyotun atışı səngimişdimi?

- Yox, minamyot susmurdu. Baxdım ki, növbəti mərmi fışıltıyla artıq bizə yaxınlaşıb. Dönüb o kapitanın gözlərinin içinə baxdım. O gözlərdə bir az bundan öncə bizim başımıza avtomatı dirəyən kapitanın nifrətini, qəzəbini görmədim. Mən buna baxanda, o yenə də yalvarmağa başladı ki, məni burada qoymayın...Bi ra anlığa kapitanın “üzünü görmədiyi oğlu”nun kölgəsi gözümün önünə gəldi.
Dözmədim, uzandım bunun üstünə ki, təzə doğulmuş oğlunun üzünü görmək istəyən kapitan sağ qalsın, ona dəyməsin. Fikirləşdim ki, mənə bir şey olsa da olar – mən subayam, bu isə təzə evlənmiş bir adam. Kapitanı qəlpədən qorumaq üçün bunun üstünə uzandım. Mənim də üstümə Asəf uzanıb ki, komandirə mərmi dəyməsin. Mərmi gəlib düz böyrümüzə düşdü. Gördüm ki, yenə də bu kapitandan dəhşətli bir çığırtı səsi gəldi. Baxdım ki, atılan mərminin qəlpəsi yenə də bizim altımızda ola-ola gəlib bunu tutub. Özümüz də məəttəl qalmışıq ki, bu qədər adamın içində qəlpə nədən ancaq bunu tutur!?

- Sonra o kapitanın əsgərləri heç komandirlərini aramadılar?

- Bunun uşaqlarından heç kim qalmamışdı. Hamısı qaçıb kənara çəkilmişdilər. Uşaqlara əmr verdim k, yığışın, tez buradan uzaqlaşaq. Və onlara tapşırıq verdim ki, ərazini bir-bir tərk edirsiniz. Özüm lap axıra qaldım ki, ermənlər gəlsə uşaqlarımı qoruya bilm. Bu kapitan təzədən əlini ayağıma atıb “nə olar, oğlumun sifətini görməmişəm, məni burada qoymayın” - deyə, yalvarmağa başladı. Buna ilkin yardım göstərməyimizə baxmayaraq qəlpənin yerlərindən qan fışqırır. Yenə dözmədim. Uşaqlara göstəriş verdim ki, kapitanı da çıxarırıq. Bunun qollarının altına girib həmin ərazidən çıxardıq.
Yol ilə qaça-qaça gedirik. Dediyim kimi mən də arxada qalmışam ki, erməni gəlsə bunları qoruya bilim. Gördüm ki, yenə də minamyotun mərmisi gəlir. Bu minamyot sanki bizi qarabaqara izləyirdi. Hamı yerə uzandı. Gördüm yenə də bu kapitan qışqırdı. Üçüncü qəlpə də o qədər uşaqların içində yenə bunu tutmuşdu. Gülməkdən də olmuşduq, ağlamaqdan da. Bu yazığın bəxti heç gətirmədi o gün. Tərpənən kimi minamyot onu haqlayırdı..

- Axır sağ qaldımı o kapitan?

- Bəli, nə qədər qəlpə yarası alsa da, biz onu sapsağlam çıxara bildik. Bunun radiostansiyasını da götürdük. Taborla əlaqə yaradib maşın istədik. Və onda bizə dedilər ki, Malış tapılıb, dərhal geri qayıdın...
Və biz burada maşın gözləyəndə bir anlığa “Malış”ın oyunları mənim yadıma düşdü, Maşını gözləyə-gözləyə o oyunlardan danışıb xeyli gülüşdük.

- Hansı oyunlarını deyirsən, “çiyələyi, yoxsa çörəyi”?

- Elə ikisini də...



“MALIŞ”IN DÖYÜŞ SƏRGÜZƏŞTLƏRİNDƏN “ÇÖRƏK VƏ ÇİYƏLƏK” TAKTİKASI




Biz “Malış”ın “itkin düşməsi” nə öyrənmişdik. Ona görə həm də ümidli idik ki, yenə də “Malış” öz taktikasını işə salıb. ”Çünki bu hal bir neçə dəfə təkrar olunmuşdu. Yəni, bu, birinci dəfə deyildi. Yadında olar, döyüşlərdən birində “Malış” erməniləri boşlayıb çörək axtarışına çıxmışdı. Ondan sonra çiyələk epizodu olmuşdu. Yəni, “Malış”da bu, birinci dəfə deyildi, Ona görə biz həm də ümidli idik “Malış” yenə də haradasa özünə etibarlı sığınacaq tapıb. Artıq belə situasiyalarda “Malış” ani olaraq özü üçün düzgün “mövqe” seçməyi bacarırıdı.
- Ancaq axırıncı dəfə “itkin düşməsi” deyəsən əvvəlkilərə oxşamırdı haa...

- Elədi. Çünki o da bizdən öndə gedən dazorqrupun tərkibində idi. Üstəlik bunlar ermənilərlə üzbəüz çıxmıdılar. Ancaq sonradan gördük ki, “Malış”ın taktikası bu situasiyada da özünü doğrultmuşdu...

- “Malış”ın çiyələk qonaqlığı necə olmuşdu e?

- Yadındadır da. Demək möhkəm döyüş gedir. Ermənilərlə bərk atışmadır. Ancaq biz də mövqelərimizi hər zamankı kimi möhkəmləndirmişdik. Mən indi o döyüşü xırda detallarıyla danışmaq istəmirəm. Nə isə, biz erməniləri geri oturdandan sonra baxdıq ki, ”Malış” yoxdur. Ora “Malış”, bura “Malış”, qardaş bu yoxdur. Dərhal axtarış ümün göstəriş verdim. Qruplara bölünüb bunu axtarırırıq. Gördüm ki, uşaqlardan kimsə xəbər elədi ki, tapıldı, buradadır. Hadisənin necə olduğunu soruşanda bu bizə dedi ki, aşağı düşəndə kolluqda topa halda çiyələk görüb. Və deyir ki, “başladım çiyələkləri yeməyə. Fikirləşdim ki, döyüşdən sonra yəqin ki, biz irəliləyə doğru gedəcək, qarşıdakı ərazilərdən də erməniləri çıxaracağıq. Amma mən bax bu çiyələkləri daha oralarda tapa bilməyəcəyəm. Onsuz da uşaqlarımıza əmin idim, bilirdim ki, həmişəki kimi erməniləri darmadağın edəcəklər. Və belə də oldu. Mən də doyunca çiyələkdən yeyib dincəlirdim ki, uşaqların gəldiyini gördüm. Sən demə döyüş artıq qurtarmış, ermənilər darmadağın edilmiş və bu uşaqlar da mənim axtarışıma çıxıblarmış. Amma öz aramızdır, elə mən də həmin ərazini darmadağın etmiş, dərmanlıq üçün ələ gələsi bir dənə də çiyələk qoymamışdım ”...
“Malış”ın sərgüzəştlərini danışdıqca yorğunluğumuz da sanki çəkilib gedirdi. Və bir az keçmişdi ki, tabor komandiri Süleyman Əhmədovun UAZ-ı gəldi. Həmin kapitanı da maşına qoyub gətirib tibb məntəqəsinə verdik. Səhv etmirəmsə, o kapitan 123-ün zabiti idi. Geriyə qayıdandan sonra bölüyün ərzaq və geyim təminatıyla maraqlandım...




“714-Ə KÖMƏYƏ GEDİB SAĞ CİNAHDA MÖVQE TUTDUQ”


O günü məlumat aldım ki, bizim dünənki mövqeyimizdə 714 saylı tabor postda durub.

- Komandiri kim idi bu taborun?

- Komandir Çingiz Əliyev idi. Amma taboru Balay Nəsibov idarə edirdi. Ora ermənilər tərəfindən güclü hücum olduğu bildirildi. Yəqin ermənilər fikirləşib ki, biz çıxmışıq, Qozlunun (Vaquas) üstü strateji mövqeyinə görə həm də əhəmiyyətli bir nöqtə olduğu üçün ermənilər yenidən bura hücuma keçmişdilər. Amma briqada komandiri çevik tərpənmişdi, bizim əvəzimizə o mövqeyə başqa bir taboru yerləşdirmişdi. Mən birinci bölüyün uşaqlarını götürüb onlara köməyə qalxdım.

- Öz təşəbbüsünüzlə, yoxsa hansısa əmr əsasında?

- Əmr verən olmamışdı, bilirdim ki, orada ermənilərin texniki üstünlüyü var. Və mən həmin bölüyün mövqeyinə tərəf qalxdım. Baxdım ki, güclü atışma gedir. Səngərə girib uşaqlarla danışdım, sonra tabor komandiriylə danışdım. Balayla ilk dəfə orada tanış oldum. Dedim ki, köməyə gəlmişəm. O da sağ cinahı göstərib dedi ki, ermənilərin bizim müdafiəmizi oradan yarıb keçmə ehtimalları var. Və biz sağ cinaha keçib orada müdafiə mövqeyi tutduq. Gecə saat 12-yə qədər atışma oldu. Ermənilərin bir BMP-1-i və xeyli canlı qüvvəsi məhv edildi...



IV HİSSƏ

LAÇINA DOĞRU GERİYƏQAYIDIŞ



Biz daha 2 gün Ağdərədə qaldıq. Sonra tabor komandiri SÜLEYMAN ƏHMƏDOV bizə göstəriş verdi ki, siz Laçına qayıdırsınız.

- Bu, ayın neçəsi idi?

- 1992-ci il sentyabr ayının 6-sı, ya da 7-si olardı...

- Siz Laçına qayıdanda təhvil verdiyiniz mövqedə kimlərin dayandığını gördünüz və ümumiyyətlə onda hansı qüvvələr var idi Laçında?

- Laçına qayıdanda biz o vaxt postlarımızı kimlərə təhvil vermişdiksə....

- Tahir Süleymanova...

- Tahir Süleymanovu mən tanıyırdım, amma onu görmədim orada. Beləliklə biz Pircahana yerləşdik. Mən öz bölüyüm mövqe tutan yerə post qoydum ki, Laçından və Hoçaz kəndi istiqamətindən düşmənin gələn qüvvələrini müşahidə etsinlər.

- Siz axı demədiniz ki, 713 saylı tabor LAÇINA qayıdanda 10-15 gün bundan qabaq təhvil verdiyiniz postlarda kim dayanmışdı?

- ....Briqada tam şəkildə ora qayıtmışdı...

- Sizin qayıtmanız bəlli. Söhbət siz ora qayıdanda həmin mövqelərdə kimlərin dayanmasından gedir...

- Mən cavan əsgərləri gördüm, onları da tanımırdım...

- Bildiyim qədərində sizi Laçından Ağdərəyə aparanda deyilmişdi ki, bəs Siz qayıdana qədər qan bahasına əldə etdiyiniz mövqelər Tahir Süleymanovun dəstəsi tərəfindən qorunacaq... Ümumiyyətlə bu Süleymanov Tahir kim idi və nədən digər taborlar, polis qüvvələri ola-ola məhz Tahir o əraziyə gətirilirdi?

- Dediyiniz “niyələr””in cavablandırılması mənim səlahiyyətimdə olmadığı üçün həmin məsələlərə toxunmuram. Bizim mövqelərin qorunması onlara verilmişdi. Amma qayıdanda bilmirəm o postları kim təhvil aldı, yəni, mən bölüyümlə məşğul idim ki, vaxtında deyilən əraziyə onları çatdıra bilim. Sonradan uşaqlar dedilər ki, Laçın polisinin bölük komandiri Kazımov Mehman və keçmiş 811-in tabor komandiri Abdullayev Qalib orada olub. Ancaq fərd olaraq mən bu adamları görməmişəm. Sadəcə olaraq verilən məlumata istinadla bunu deyirəm...



HOÇAZ YÜKSƏKLİYİNİN GÖTÜRÜLMƏSİNƏ HAZIRLIQ



- Hoçaz yüksəkliyinin götürlməsi əməliyyatına hazırlıqla bağlı nə deyə bilərsiniz?

- Bu əməliyyata hazırlıq 1992-ci il sentyabrın 18-i başladı. Komandir heyətini briqadanın iclasına çağırdılar. O biri taborlar da orada idi...

- Əməliyyatda iştirak edəcək qüvvələr hansılar idi?

- Əməliyyatda iştirak edəcək qüvvələr Laçın polisi, 1-ci tabor, 713 və 714- cü taborlar idi.




“BİZİM BÖLÜK 1666-CI KOORDİNATDA MÖHKƏMLƏNMƏLİ İDİ”




- Hoçaz yüksəkliyi uğrunda döyüş nə zaman olub?

- Hoçaz yüksəkliyi uğrunda döyüş biz Ağdərədən Laçına qayıdandan sonra olub...
Biz Pircahana gəldik və sabahısı günü briqada komandirinin yanında iclas oldu.Və iclasda belə qərara gəlindi ki, Hoçaz yüksəkliyi götürülməlidir. Çünki strateji əhəmiyyətinə görə bu yüksəkliyin bizim əlimizə olması böyük önəm kəsb edirdi. İclasda belə qərara gəlindi ki, 713-ün ikinci və üçüncü bölüyü Pircahan-Mişni-Soyuqbulaq istiqamətindən düşmənə hücum edir. Birinci bölük isə Pircahan-Hoçaz kəndi istiqamətindən hərəkət edib ermənilərin postlarının arasından sızma əməliyyatıyla keçib arxadan ermənilərə gələ biləcək qüvvənin qarşısını almalı idi. Əməliyyat belə planlaşdırılmışdı.
- Döyüş plan üzrə baş tutdumu?

- Təəssüf ki, bu döyüş alınmadı.Ondan sonra briqada belə qərara gəldi ki, orada aktiv müdafiəyə keçilsin, qüvvələr təzədən cəmləşdirilsin və mayor Çingiz Əliyevin rəhbərliyilə ikinci döyüş planı hazırlansın.




“HOÇAZDA MƏN ƏMƏLİYYAT RƏHBƏRİNİN KÖMƏKÇİSİ İDİM”




Bu döyüş planı hazırlandı və o da çox uğurlu alındı.

- İkinci döyüş planına görə əməliyyata rəhbərliyi Çingiz Əliyev edirdi?...

- Bəli. Mən də əməliyyat rəhbərinin köməkçisi idim.

- Hansı qüvvələr bu əməliyyatda iştirak edirdi?

- Laçın polisi,713, 714, bir də 710. Laçın polisilə 713 olaraq biz bir yerdə hərəkət etdik. Çingiz və mən Laçın polisilə birgə gecəni Sonasar kəndində qaldıq. Rəhmətlik Oqtay Güləliyev də orada idi. Səhərin qaranlığında biz erkən vışqa deyilən yerə qalxmışıq, yəni bizim istiqamətimiz ora idi.
710 bizdən sağ tərəfdə təpəcikdə idi. 713-ün ikinci bölüyü oradan adlayıb Əli bulağı deyilən yerdə hündürlüyü götürüb geri qaçan ermənilərin qabağını kəsməli, bir də o istiqamətdən gələnlərin qarşısını almalı idi.
Balay Nəsibovun rəhbərliyilə 714 və biz öndən hücumda idik. Biz səhərin erkən çağı meşəylə qalxarkən əməliyyat rəhbərinə dedim ki, bizim getdiyimiz yolun 3-4 km qabaq hissəsini vurun. O da soruşdu ki, “niyə?”. Vışqanın yanına az qalmışdıq. Cavab verdim ki, qoy ermənilər elə bilsin ki, guya biz fikirləşirik ki, burada da ermənilər var və bura post çıxarmasınlar. Çünki ondan bir gün əvvəl Laçın polisindən soyadını bilmədiyim rəhmətlik Elşad kəşfiyyat etmişdi ki, həmin o ərazidə erməni yoxdur. Mən bunu eşitmişdim. Amma mən də Mişni kəndindən olan Nadirov Rafaeli bir neçə döyüşçü ilə həmin əraziyəgöndərdim. Rafael onda bölük komandiri, mən isə tabor komandirinin müavini idim. Onları həmin əraziyə çıxardım ki, deyilənlərə bir daha əmin olum. Onlar da gəlib məlumat verdilər ki, yuxarıda heç kim yoxdur.



ƏMR YERİNƏ YETİRİLDİ – YÜKSƏKLİYİ GÖTÜRDÜK



Səhər saat 9-10 radələri olardı ki, biz vışqanın yanına qalxdıq. Zabitlərdən mayor Əliyev Çingiz, mən, polislərdən Oqtay Güləliyev, bir də birinci bölükdən Nadirov Rafael orada idi. Biz belə qərara gəldik ki, polislərlə 713-ün bir qrupu vışqadan Hoçaz tərəfə gələn ermənilərin qarşısını almaq üçün burada dururlar. Başqa bir qrup vışqadan aşağıda erməniləri atəşə tutur. Soyuqbulaqdan gələn yolun sağ istiqamətində 713-ün birinci və ikinci bölüyü idi. Digər cinahlardasa 701-ə daxil digər taborların qüvvələri. Döyüş başlayandan haradasa bir saatdan sonra dağ tərəfimizdən götürüldü.
- Mümkünsə o döyüşün təfərrüatları barədə bir az ətraflı məlumat verərdiniz.
yüşü kim idarə edirdi?


- Mən...Aşağıda tank var idi. Bu dəfə tankın ekipajı çıxdı, sonra ikinci ekipaj qaça-qaça gələndə yumruğunu silkələyəndə mən əl pulemyotuyla ona sarı atəş açdım, ama tank bizi vurdu. Mərmi Çingizlə mənim aramdan keçdi. Sonra Nadirov Rafaellə Oqtay Güləliyevin başçılıq etdiyi dəstə hündürlükdən aşağı düşdülər - ermənilərin qərargahı olan yerə və oranı götürdülər. Bundan sonra ermənilərin qarşısını almağa başladılar.

- Verilən əmrlər hansı səviyyədə yerinə yetirildi?

- Əmr yerinə yetirildi – o yüksəkliyi biz əldə etdik....




“PLANA GÖRƏ LAÇINDAN GƏLƏN QÜVVƏLƏRİ HOÇAZA BURAXMAMALI İDİK VƏ BURAXMADIQ DA ”




- 1992-ci ilin sentyabr ayının17-si günəşli bir payız günü idi. Bizim birinci bölük dünənki uzun yolçuluqdan, yəni Ağdərə döyüşlərindən sonra Laçın rayonunun Pircahan kəndində dislokasiya olunduğumuz üçün qalacaqları yerləri rahatlayırdı. Ağdərə döyüşlərindən sonra bir neçə gün dincəlib, toparlanma işləri ilə məşğul idi. Elə bu vaxt əsgərlərdən biri gəlib saat 12-də briqadanın qərargahında xidməti müşavirənin olacağını bildirdi. Mən əvvəlcə də Pircahan kəndində olduğumuz üçün birinci tağımın komandiri Nadirov Rafaeli çağırıb Laçın və Hoçaz kəndi istiqamətində olan gizli müşahidə məntəqələrimizi və postlarımızı yoxlamağı əmr etdim. Özüm də müşavirəyə hazırlaşmaq üçün otağıma getdim. Biz Pircahana gələndə Hoçaz və Sonasar kəndləri istiqamətində ayrı-ayrı postlar və gizli müşahidə məntəqələri yaratmışdıq ki, düşməni hərtəfli şəkildə izləyə bilək...
- Müşavirədə nələr müzakirə edildi, hansı əmrlər verildi?

- Saat 12-də briqada komandiri müşavirəyə başladı. Kiçik girişdən sonra sabah Hoçaz dağına olacaq hücum əmrini bizlərə çatdırdı.
- Hoçaz dağına olacaq hücum əməliyyatı planında kimlər və hansı mövqedə yer almışdı?

- Bizim 713 saylı taborun ikinci və üçüncü bölükləri Pircahan-Mişni-Soyuqbulaq istiqamətində hərəkət etməli, birinci bölük isə Pircahan-Seyidlər-"Qızıl evi"-Hoçaz kəndi- Hoçaz kəndindən Laçın istiqamətində yerləşən dağ marşrutu ilə irəliləyib 1666 koordinatında yerləşən yüksəkliyi tutmalı və Mollalar,Sus kəndləri, eləcə də "Vışka"istiqamətindən düşmənə köməyə gələn qüvvələrin qarşısını kəsməli idi. Çünki Laçından gələn qüvvələri biz Hoçaza buraxmamalı idik.





“HOÇAZ KƏNDİNDƏ DÜŞMƏNİN İKİ POSTU VAR İDİ ”




- Hoçaz kəndində düşmənin postu var idi?

- Bəli, Hoçaz kəndində düşmənin bizə məlum olan iki postu var idi...

- Postlar hansı istiqamətdə idi?

- Postun biri məktəbin arxasındakı kiçik təpədə, o birisi də Hoçaz kəndinin girəcəyində vışqanın yanında. Biz bu iki postun arasından sızıb təyin olumuş yerə keçməli idik. Mən komandir briqadaya yaxınlaşıb bəzi məsələləri dəqiqləşdirmək istəyirdim ki, hərbi məktəbdə bizə taktika fənnindən dərs deyən müəllimimi gördüm. Onunla görüşdük, xeyli dərdləşdik, sonra mən bölüyün yerləşdiyi yerə qayıtdım. Çox istərdim ki, tabor birlikdə hücumda olardı, ancaq əmr müzakirə olunmur prinsipinə sadiq qalaraq bölüyümün qarşısına qoyulmuş tapşırığın icrası üçün şəxsi heyətimlə işlərimə başladım.





”ÜÇ YOLDAN BİRİNİ SEÇMƏLİ İDİM”




- İlk olaraq nədən başladınız?

- İlk olaraq Rafaellə postda olan uşaqları çağırıb Hoçaz istiqamətində müşahidə etdiklərini ətraflı şəkildə dəqiqləşdirdim və bütün bölüyü yığıb sabahkı döyüşə hazırlaşmaları üçün tapşırıqlarımı verdim. Gedəcəyimiz marşrutun ağır olduğunu, düşmən postlarının yaxınlığından keçəcəyimizi bildirdim. Ona görə də səs sala biləcək heç bir şeyin olmamasını, silahların remenlərinin uclarının parça ilə bağlanmasını, çəkmələrin altından dəmir nalların çıxarılmasını tapşırdım.

- Gedəcəyiniz marşrutla bağlı hansı kəşfiyyat məlumatlarına malik idiniz?

- Mən Rafael və Hoçaz kəndindən olan Daşqın, bir də Umud müəllimlə gedəcəyimiz yeri dəqiqləşdirmək üçün Pircahanla Hoçaz arasındakı sıx kolluqlarla örtülmüş, keçilməsi çətin olan əraziyə yollandıq. Umud müəllimlə Daşqın yerli döyüşçülərdən idi. Ona görə də ərazini çox gözəl tanıyırdılar. Biz 3 marşrut üzərində dayanıb müzakirələr apardıq. Əvvəlcədən də bu ərazidə rekoqnossirovka işləri apardığım üçün,eləcə də kəşfiyyat məlumatlarını və müşahidələrin nəticələrini nəzərə alaraq son qərarı mən verməli idim. Ona görə də bu 3 yoldan birini seçməli idim.



“AXŞAM SAAT 23.00-DA ÇIXACAĞIMIZI QƏRARA ALDIQ”


Geri qayıdanda uşaqlar hansı yol ilə gedəcəyimizi soruşdular. Mən qısaca “axşam bilərsiniz” – dedim. Bölüyü düzüb yoxladım. Hər əsgərin bir-bir silah və sursatını,çantasını,əlavə darağını, quru yeməklərini və digər ləvazimatlarını yoxladım, sonda isə onlara yerində hoppanma hərəkətlərini icra etdirdim ki, üstlərində hansısa səs sala biləcək əşyaların olub olmamasına əmin olum! Tağım və manqa komandirlərinə döyüş əmri verdim, hər birinə öz vəzifələrini izah etdim. Sonda dincəlmələrini tapşırıb qaldığımız yerə gedib bir az da özüm istirahət etmək istədim. İçəri girəndə bölüyün sevimlisi İslamov Oqtayı gördüm. O, mənə hazır yeməyin olduğunu dedi. Oturmaq istəyəndə içəri girən əsgər ikinci, üçüncü bölüyün indilərdə çıxacağını dedi. Mən Oqtaya “onlara baş çəkim, sonra gəlib yeyərəm” –deyib, ikinci, üçüncü bölüyün düzüldüyü yerə getdim. Tabor komandiri, mayor Süleyman Əhmədov və qərargah rəisinin müavini, kapitan Rüstəmov Mehdi ilə görüşdük. Mən çatanda Mehdi taborun ikinci və üçüncü bölüyünün şəxsi heyətini yoxlayırdı.Tabor komandiri şəxsi heyətə döyüş əmrini çatdırdıqdan sonra sözü mənə verdi, mən bölüklərin gedəcəyi yolu, bəzi tapşırıq və tövsiyyələrimi şəxsi heyətə çatdırıb, onlara bir daha ehtiyatlı olmağı və uğurlar arzuladım. Mən komandirə bir daha dedim ki, çox istərdim ki, bir yerdə gedək, ancaq o da briqada komandirinin əmrini bizim müzakirə etməyə ixtiyarımızın olmadığını dedi.

- Onda Sizin bölük harada idi?

- Bizim bölüyə mən dincəlmək tapşırığını vermişdim, dincəlirdilər. Mən bölüyə qayıdanda artıq hava qaralmışdı.Gördüm ki, birinci taborun birinci bölüyünün komandiri kapitan Nəriman Zeynalov gəldi.

- Birinci tabor da Sizinlə birgə hərəkət edəcəkdi?

- Bəli, o da axşam bizimlə bərabər gedəcəyini dedi. Biz birlikdə gedəcəyimiz marşrutu xeyli müzakirə etdik və sonra axşam saat 23.00-da çıxacağımızı qərara aldıq. Bizim bölük öndə, Nərimangil isə arxada gəlməli idilər.




“MƏN 3 MARŞRUTDAN ƏN ÇƏTİNİNİ SEÇMİŞDİM ”




Tapşırığa uyğun olaraq təyin olunmuş vaxta biz Pircahandan yola çıxdıq. Həmin gecə çox qaranlıq idi. Öndə Umud müəllim, mən, Daşqın və arxada Rafael gəlirdi. Tağım və manqa komandirləri dəfələrlə təlimatlandırılmış və yerlərində idilər. Mən 3 marşrutdan ən çətinini seçmişdim. Yol çox çətin, sürüşkən və tikanlı idi. Nəhayət biz çaya enə bildik. Nəriman Rafaelə bir tərəfdən əsgərləri çaya salır, Daşqın, Umud müəllim və mən digər tərəfdən onları qarşılayır, hara yığışacaqlarını göstərirdik. Nəhayət hamı səssiz-səmirsiz çayı keçib deyilən yerə toplandı.
Gecənin zülmətində ölü bir sükut var idi. Mən düşmən postlarının yaxınlığından keçəcəyimizi bir daha şəxsi heyətə bildirib ehtiyatlı olmalarını onlara xatırlatdım. Uşaqlar bir-birinin ardınca ruh kimi irəliləyirdilər. Düşmənin Hoçaz kəndinin qarşısındakı vışqanın yaxınlığındakı postunun yanından keçəndə mən iki nəfəri özümlə götürüb ermənilərə doğru yaxınlaşdım. Bir nəfər bizdən bir az aralıda olmaq şərtilə ikimiz birgə sürünməyə başladıq. Əgər düşmən ayıq düşsə idi onu əvvəlcədən planlaşdırdığımız kimi səssizcə bıçaqla susdurmalı idik.

- Bunu nəyə görə edirdiniz?

- Bunu ona görə edirdik ki, mənim uşaqlarım Hoçaz kəndini tanıyırdılar, orada döyüşdə də olmuşdular. Yəni atışma olsa idi, birinci düşmənin bizə ən yaxın postundakılar qalxacaqdı və biz təyin olunmuş yerə çıxa biləcəkdik. Amma bizim arxamızca gələn Nərimanın bölüyünün uşaqları həm yerli ərazini tanımadıqları, həm də yerli olmadıqları üçün çətin vəziyyətə düşə bilərdilər. Üstəlik mən onların gecə döyüşü qabiliyyətlərinə də heç bələd deyildim...

- Aydındır, demək bununla siz əməliyyatın pozulmamasını təmin edirdiniz..

- Bəli, ona görə də mən bu qərarı vermişdim. Bu arada fikir verdim ki, bir nəfər düşmən əsgərinin siqaretinin işıltısı gəlir. Biz əvvəlcədən hərəkətlərimizi planlaşdırmışdıq. Ona görə də tam sakit bir halda idik və hər kəs görəcəyi işi bilirdi. Hər şey yaxşı oldu, düşmən bizim keçidimizi hiss etmədi. Bölüklər meşəliklə 1666 yüksəkliyinə doğru hərəkət edirdilər.





“ƏMƏLİYYATI RİSQ ALTINA ATA BİLMƏZDİM”



Bu zaman biz xeyli qalxmışdıq. Artıq hava da işıqlaşırdı. Bu dəfə Rafael arxadan yaxınlaşıb aşağı yolla 4-5 nəfərin yuxarı qalxdığını bildirdi. Mən ona əvvəlcədən tapşırmışdım ki, əgər hər hansı bir hadisə baş versə məndən başqa heç kimə deməsin...

- Nədən?

- Çünki şəxsi heyətin arasında panika yarana bilərdi. Mən ona səssizcə bölüyü sol tərəfə, daha dərinliyə çəkib yoluna davam etməyi tapşırdım. Özüm isə 4 nəfərlə meşəliyin içərisində gizlənib gələnləri gözləməyə başladım. Gördüm ki, dörd nəfər erməni gülə-gülə yuxarı qalxırdılar. Vurmaq üçün yaxşı imkan idi. Ancaq mən əməliyyatı risq altına ata bilməzdim. Qərarım onları boşlamaq idi...

- Hansı səbəblər Sizi bu addımı atmağa vadar etdi?

- Səbəb bu idi ki, əgər atışma olsa idi, səs-küyə kənddəki ermənilər qalxar və Hoçazdakı ermənilər duyuq düşərdi, əməliyyat vaxtından əvvəl pozula bilərdi. Ermənilər çox yaxınlığımızdan gülə-gülə keçib yollarına davam etdilər. Biz onları müşayiət edəndən sonra bölüyün arxasınca yuxarı qalxdıq. Biz deyilən koordinata vaxtında və itkisiz gəldik.




“ARTİLLERİYA HOÇAZ DAĞINI VURMAĞA BAŞLAYANDA...”



Bura üç yolun birləşdiyi, pusu qurmaq üçün çox gözəl bir yer idi. Mən indi briqada komandirinin nə üçün israrla buranı səssiz keçməyi , səsiz sızmağı və tutmağı tapşırıq verməsini bildim. Bura həm Susdan, həm Hoçaz kəndindən, həm də Mollalardan gələn yolun birləşdiyi bir yer idi. Hoçaz dağından düşən yol da ancaq buradan keçirdi. Mən kapitan Zeynalovla əraziyə baxış keçirdim.

- Döyüş mövqeyini necə qurdunuz?

- Təpənin sağ tərəfində, yolun yanında biz, sol tərəfindəsə onlar döyüş mövqeyi seçdilər. Mən bölükdə müşahidəçilər təyin edib qalan şəxsi heyətə ərazinin relyefindən istifadə edərək özlərinə daşdan,ağacdan, qayalıqlardan istifadə etməklə müdafiə mövqeləri düzəltmələrini, eləcə də nə qədər çətin olsa belə süngü bıçaqlarından istifadə etməklə tək nəfərlik səngər qazmalarını tapşırdım.

- Kapitan Zeynalovu Siz əvvəlcədən tanıyırdınız?

- Yox. Onu da qeyd etmək istərdim ki, əvvəlcədən tanımadığım bölük komandiri Nərimanın nə qədər ağıllı və təmkinli zabit olduğunun şahidi oldum. Bu zaman Pircahan kəndindən şimalda yerləşən bizim artilleriya bölməmiz Hoçaz dağını vurmağa başladı, bizə aydın oldu ki, deməli, hücum başlamışdır!



“YA MƏN ƏMRİMİ DÜZGÜN ÇATDIRA BİLMƏMİŞDİM, YA DA UŞAQLAR ƏMRİ DÜZGÜN BAŞA DÜŞMƏMİŞDİLƏR ”




Bizim artilleriya Hoçaz dağını işləyirdi. Bir neçə dəqiqədən sonra Mahmud qaça-qaça gəlib dedi ki, Hoçaz dağından bir UAZ markalı avtomobil sürətlə enir. Mən qaça-qaça meşənin içindən keçən yola yaxınlaşdım. Mahmudla Natiqə ya bir böyük daş, ya da ağac budağı tapıb yoldakı döngəyə atmalarını əmr etdim…

- Məqsəd nə idi?

- Məqsəd aydın idi. Fikirləşdim ki, sürücü bu maneələri görəndə maşını saxlayacaq , Natiqlə Mahmud sürücünü, mən və Rafael isə sağdan maşının rəhbər hərbi qulluqçusunu götürməli idik.

- Götürə bildinizmi?

- Maşın çox sürətlə gəlirdi. Elə bil sürücü bu yerləri lap əzbər bilirdi. Maşın sürətlə gəldiyindən çatdıra bilmədik. Mən heç kimin atəş açmamasını əmr etdim və Mahmudla Natiq yolun altında bir az qabaqda, özüm isə Rafael ilə yolun üstündə gizləndik. Rafaelə onu pıçıldadım ki, heç kim atəş açmır, mən sürücünü vururam, ondan sonra uşaqlar düşüb içəridəkiləri götürürlər.
Maşın döngədən çıxıb bizim gizləndiyimiz yerə sürətlə şığıyırdı. Maşında 2 nəfər var idi. Sürücünün yanındakının qolu sarıqlı idi. Mən sürücünü nişan alıb tətiyi çəkdim. Maşın döngəyə dəyib dayandı. Bu zaman uşaqlar sərrast atəş ilə digərini vurdular… Ya mən əmrimi dəqiq çatdıra bilməmişdim, ya da uşaqlar məni düz başa düşməmişdilər. “Maşını meşəyə sürüb, üstünü basdırın, sənədlərini götürün!”- deyib, oradan uzaqlaşdım...





“ƏLƏ KEÇİRDİYİMİZ MAŞIN GÜRCÜ NÖMRƏLİ İDİ”




Sürücünün özü də Gürcüstan ermənisi idi, digəri isə Hoçazdakı düşmən qüvvələrinin komandirlərindən idi. Mahmud komandirin boğazından qopardığı qızıl xaça tüpürüb meşəyə tulladı. Həmin gün başqa heç bir hadisə baş vermədi.
Gecə sakit keçdi. Səhərisi gün bizim artilleriya yenə də Hoçaz dağını işləyirdi. Nərimanla məsləhətləşib mən bir manqa götürüb Hoçaz dağı istiqmətində hərəkət etdim. Fikrim düşmənin dəqiq yerini müəyyənləşdirib artilleriyaya dəqiq məlumat vermək, imkan olsa Hoçaz dağına çıxıb hücumda olan qüvvələrə dəstək vermək idi. Biz "karyer” deyilən yerə çatanda arxadan bizim postlardan 100-120 metr məsafədə düşmənin bir maşınını və xeyli əsgərinin toplandığını gördüm.

- Bununla bağlı digər qruplara məlumat verdinizmi?

- Rabitə sönülü olduğundan mən heç kimlə əlaqə saxlaya bilmədim. Bu zaman 1666-cı koordinatda olan döyüşçülərimiz düşməni atəşə tutdu. Erməni qüvvələrinin say çoxluğunu görüb mövqe dəyişkənliyinə getmək qərarı üstündə fikirləşirdim. Və qərar qəti idi. Uşaqlardan bir qismi aşağı su dalınca getdi, mən isə digər uşaqlarla birgə yolun aşağı hissəsilə geri qayıtdım. Döyüş gedirdi, meşənin qurtaracağında yolun üstündə kiçik ağaclıqlara düşmən pərakəndə şəkildə atəş açırdı. Biz də meşəlikdə özümüzə mövqe seçərək düşmənə atəş açırdıq. Ermənilərdən yalnız bir nəfər qaçıb qurtara bildi.




“ŞAMİLİ XÜSUSİ OLARAQ AĞAC ALTINA YERLƏŞDİRDİM Kİ…”




- Digər qüvvələrdən xəbəriniz var idimi?

- Onlar da vuruşurdular. Hələ ki, itkimiz yox idi, düşmənəsə Mollalar, Sus və Hoçaz dağından kömək gəlirdi. Döyüş zaman keçdikcə daha da şiddətlənirdi. Nəriman və mən bir-bir öz postlarımızı gəzib uşaqlara dəstək verir və atəşi idarə edirdik. Saat 17.00 radələrində bölüyün müdafiə mövqeyinin önündə 9 vurulmuş avtomobil və 1 ədəd PDM var idi. Düşmənin QAZ-66 maşınının üstündə iki lüləli pulemyot yerləşdirilmişdi və hər dəfə ora qalxmaq istəyən tuşlayıcını Mişnili Şamil vururdu.
Mən Şamili xüsusi olaraq ağacın altına qoymuşdum ki, o maşının üstünə tuşlayıcı çıxan kimi vursun. O da hər dəfə maşının üstünə çıxmaq istəyən düşmən əsgərini vurub aşırırdı. Sonra baxdım ki, Şamil taxıllıqda gedən düşməni zərərsizləşdirmək üçün ora da atəş açır, mən ona bir az da kobud şəkldə bildirdm ki, mən sənə hansı tapşırığı vermişəmsə, onu da yerinə yetir. Sən mənm əmrimi yerinə yetirməlisən.O dedi k, komandir, ermənidir də, vururam. Mən də ona dedim ki, mən səni qorumaq üçün böyrünə adam qoymuşam , sən öz işini gör. Atışma qurtaranda baxdıq ki, Şamiln başı üstündəki ağac deşik-deşik olmuşdu.





“BİZ DAİRƏVİ MÜDAFİƏYƏ KEÇMƏK MƏCBURİYYƏTİNDƏ QALDIQ”


- Atışma neçə saat davam elədi?

- Təxminən saat 17.30 radələrində araya sakitlik çökdü. Biz belə qərara gəldik ki, düşmən yerdəyişmə edib, əsas qüvvələrini cəmləşdirib bizim müdafiənin zəif yerini axtaracaq. Mən vaxtdan istifadə edib uşaqlara yemək tapşırığını verdim, eləcə də sursatlarnı yoxlayıb hazırlamalarını tapşırdım, onda yadıma düşdü ki, mən özüm də dünəndən bəri heç nə yeməmişəm…
- Bu sakitlik nə zamana qədər davam etdi?

- Təxminən saat 18.00 radələrində düşmən müdafiənin sol istiqamətində bir BMP-2 yerləşdirdi və hər tərəfdən hücuma keçdi. PDM-2 qumbaratanın atəş məsafəsindən uzaqda olduğu üçün biz onu vura bilmirdik. Düşmən bizi cinahlardan çaşdırıb arxamıza keçmək istəyirdi. Şəxsi heyət mənim əmrimlə dairəvi müdafiyəyə keçdi. Bu dəfə mən Nadirov Rafaeli çağırıb özü ilə bir nəfər götürüb açıq görünən yerdən qaçıb arxadan gələ biləcək düşməni zərəsizləşdirməyi əmr etdim. Sonradan bildim ki, Rafael Qəşəmlə gedibmiş...





ƏTRAFIMIZ GETDİKCƏ DARALIRDI”





Biz radiostansiya vasitəsilə bildik ki, briqadanın ümumi hücumu alınmayıb. Yəni, dağ götürülməmişdi, ancaq bizə “çıx!” əmri verilməmişdi. Dairə isə getdikcə daralırdı. Nərimanla məsləhətləşib çıxmaq qərarına gəldik. Nərimanın bölüyündən bir Şəhid, bir yaralı, bizdə isə 2 yaralı var idi. Şəhidi elə oradaca basdırdıq, sonradan onun nəşini götürdük. Biz birinci növbədə Nərimanın bölüyünü, sonra isə manqa-manqa öz bölüyümüzü çıxartdıq.

- Nədən belə bölgü?

- Mən zamanında mühasirədən necə çıxmaqla bağlı bölükdə təlim keçmişdim. Ona görə də uşaqlarım çox rahat çıxdılar. Bu zaman atəşin zəiflədiyini görən düşmən BMP-2 ilə hücuma keçdi. Mən yanımdakı əsgərə çıxmaq əmrini verib, Muxanı döyüş vəziyyətinə gətirib sonuncu mərmi ilə PDM-i vurmaq üçün özümə mövqe seçdim. PDM müdafiəçilərin atmadıqların görüb daha da irəliyə şığıdı. Təxminən 150-200 metr məsafədə nişan alıb atəş açdım. Mərmi maşının qülləsinə dəydi, avtomatımı götürüb uşaqlar çıxan tərəfə qaçdım. Bu vaxt sol meşəlikdən məni atəşə tutdular. Dərhal yerimi dəyişdim. Yerimi dəyişən zaman qabaqdan bizimkilər düşməni atəşə tutdular. Və mən qaçaraq uşaqlarımın yanına getdim. Niyazi ilə bir nəfər gördüm. Onlar orada məni görməyəndə arxamca gəliblərmiş.

- Bəs kənddəki ermənilər nə olmuşdu?

- Onlar qaçmışdılar və biz yaralımız Seymuru götürüb aşağı düşdük. Bu, çox ağır çəkili bir əsgər idi, onu götürmək də çətin idi. Dəfələrlə o, yolda Rafaelə "məni burada qoyun gedin" deyirdi. Amma bu, bizim döyüş prinsiplərimizə zidd idi. Bizim təcrübəmizdə yaralını və Şəhidi heç bir halda düşmən mövqeyində buraxmaq yox idi. Biz Hoçaz kəndinin aşağısına – taxıllığa çatanda arxadan maşın səsi gəldi.

- Bu nə maşın idi?

- Ermənilər imiş. Mən uşaqlara yaralını lazımi yerə qoyub tez yolun solunda və sağında mövqe seçmələrini dedim. Maşın gəlib vışqanın yanından Hoçaz dağına sarı qalxdı. Bir az dərin nəfəs alıb geri qayıtdıq.

- Yaralı Seymurun yanına?

- Bəli, ancaq geri qayıtdığımız zaman gördük ki, Seymur qoyduğumuz yerdə yox idi. Sən demə can şirin şeymiş. Biz müdafiə mövqeyi tutduğumuz zaman o, atışma ola biləcəyini nəzərə alıb durub axsaya-axsaya sürətlə Mişni kəndinə sarı getmişdi. Mən gecə uşaqları Mişni kəndində yerləşdirib səhərisi gün briqadanın qərargahına getdim...





713 SAYLI TAQBORLA SON DÖYÜŞ




- Sizin 713 saylı taborla son döyüşünüz nə zaman olub?

- 713 saylı taborla mənim son döyüşüm yenə də 1992-ci ilin dekabr ayında Hoçaz dağında oldu. Mən sənədləri, silahları təhvil vermək üçün briqadanın qərargahına gəlmişdim.

- Taborun silahları Sizə təhvil verilmişdi?

- Biz Bakıya çıxmalı idik, ona görə də…

- Siz özünüzə aid silahlardan danışırsıniz?

- Bəli. Mən hələ Pircahan kəndində olanda briqadanın döyüş hazırlığı üzrə müavini polkovnik-leytenant Rüfət Yəhyazadə ilə danışanda rabitəçi gəlib dedi ki, ermənilər Qarıqışlaq tərəfdən Hoçaz dağına hücum ediblər.

- O zaman taborun şəxsi heyətinin say tərkibi nə qədər idi?

- Dəqiq yadımda deyil Ancaq mənə demişdilər ki, 713-ün və digər uşaqlarının hamısını yığıb Bakıya Salyanski kazarmaya gətirirsən. Orada yenidən formalaşdırma prosesi gedəcək. Və biz də yığışmışdıq.

- Onda 713-dən nə qədər uşaq qalmışdı?

- Təxmini 8-10 nəər olardı. Mən Soyuqbulaqdan sənədləri, ezamiyyə vərəqlərini götürəndən sonra Bakıya çıxmalıydıq.

- Qərargah onda harada idi?

- Qərargah Pircahanda idi, biz özümüzsə Soyuqbulaqda qalırdıq. Mən eşitdim ki, ermənilər hücum edib və bizim bir postumuzu da götürüblər. Mən kifayət qədər Hoçazda olmuşdum və bu ərazini çox gözəl tanıyırdım..

- Deməli, qarşınızda 2 yol var idi: ya Bakıya çıxmalı, ya da Şəhid verdiyiniz o dağa yenidən qayıtmalı. Siz hansını seçdiniz?

- Mən düşünmədən ikinci yolu seçdim. Dərhal maşına oturub qayıtdım Hoçaz dağına. Bütün qalan qüvvələri toplayıb döyüş yerinə getdim. Biz ora çatanda ermənilər artıq bizim postumuzu götürmüşdülər. Əsgərlərimizdən Şəhid olanlar var idi.

- Həmin postlarda kim dayanmışdı onda?

- Biz postları təhvil vermişdik.

- Siz ora gedəndən sonra əməliyyat oldumu?

- Kərimov Rüfətin rəhbərliyi altında bizim uşaqlar əks-hücuma keçdilər. Və biz erməniləri vurub o dağdan saldıq. Kərimov Rüfət erməni zabitlə əlbəyaxa döyüşdə onun çənəsini sındırmışdı. Bir az keçmişdi ki, bizə əlavə kömək də gəldi. Və bir yerdə erməniləri dağdan aşağı sala bildik. Qırılan qırıldı. Sonra dedilər ki, onlar Don kazakları idi. Və bundan sonra mən uşaqları yığdım, gəldik Pircahana, oradan da qalan şəxsi heyətlə Kəlbəcərə gəldik. Səhərisi gün bizə rayon komissarlığından bir avtobus ayrıldı. Qalan şəxsi heyəti mən Salyanski kazarmaya gətirib burada yerləşdirdim.

- Orada bu döyüşçüləri necə qəbul etdilər?

- Orada bizim uşaqları gənc əsgər kimi qəbul etmək istədilər. Bunu da şübhəsiz ki, ağır döyüşlərdən çıxmış könüllülər qəbul etmədilər. Duyulan bu idi ki, onlar dolayı yolla “kim istəyir qalsın, kim istəyir getsin” deyirdilər. .
- Uşaqlar bununla razılaşdılar?

- Yox, uşaqlar bununla razılaşmadılar Mənə də orada dedilər ki, gedib 2-3 gün dincəlirsən və bundan sonra briqada komandirinin sərəncamına keçirsən. Mən haradasa 10-15 gündən sonra Bakıdan vertalyotla Laçına uçdum. Oradan da getdim briqada komandirinin qəbuluna.

- Orada sənə nə deyildi?

- Orada mənə deyildi ki, burada qalıb bizə kömək edirsən. Artıq Ağdərədən qoşun çıxmış, Kəlbəcərlə Ağdərə arasında qüvvə qalmamışdı. Səhərisi gün mən briqada komandirilə Kəlbəcər rayonuna gəldim – icra hakimiyyətinə, hərbi komissarlığa...
- Onda briqada komandiri kim idi?

- Polkovnik Qənizadə. Onda bizim birinci tabor Ağdərə Kəlbəcər istiqamətinə çıxmışdı. Və Çərəkdar istiqamətində mövqe tutmuşdu.

- Bəs qalan mövqelərdə kim dayanmışdı?

- Qalan mövqelər boş idi? Bu da mənə dedi ki, 701-in qərargahında qalırsan və müdafiəyə kömək edirsən. Orada rəhbər də briqada komandirinin döyüş hazırlığı üzrə müavini Yəhyazadə Rüfət idi. Kəlbəcər çıxana qədər mən orada qaldım. Orada yeni tabor yaradırdılar. Onun formalaşmasına, təlimlərin keçirilməsinə, müdafiənin təşkilinə kömək edirdim. Ermənilər Kəlbəcərə hücum edənə qədər mən orada qaldım. Orada xidmət zamanı yaralandım. Qospitalda olanda Kəlbəcər gedəndən sonra mənə dedilər ki, briqadanın kəşfiyyat xidmətinin rəisi təyin olunursan. Bir neçə müddət bu vəzifədə işlədim. Sonra ikinci dəfə Füzulidə yaralandım. Müalicədən sonra məni 776 saylı xüsusi təyinatlı qoşun növünə əməliyyat kəşfiyyat bölməsinin zabiti kimi qəbul etdilər. Burada xidmət edən zaman artıq yaralarım da getdikcə kəskinləşirdi. Bir müddət müalicə alandan sonra Azərbaycan Texniki Universitetində taktika kafedrasının baş müəllimi kimi fəaliyyət göstərdim. Universitetdə hərbi kafedra ləğv ediləndən sonra məni Heydər Əliyev adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə taktika kafedrasının baş müəllimi kimi göndərdilər. Bir müddət orada xidmət etdikdən sonra məni Salyanski kazarmada Ölçmə, Dəyərləndirmə bölməsinin rəisi təyin etdilər. Orada da bir müddət xidmət etdikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Qospitalında Q1 bölməsinin rəisi oldum və buradan da tərxis olunmuşam....


İGİD TEYMURLU
TV713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr