EKRANA YOX, VİCDANINA BAX, "MİR" ŞAHİN!

Aktual / Cəmiyyət / Yazarlar / Manset 13-iyl, 22:559 tv713 28 0


İGİD TEYMURLU





TAMAŞAÇI ETİMADI ƏMR İLƏ DEYİL, VİCDAN VƏ PRİNSİP İLƏ QAZANILIR




"Televizora baxmamaq tərbiyəsizlik kimi qəbul edilməlidir." REAL TV-nin "mir" Şahin Ağayevinin işlətdiyi bu cümləni eşidəndə mənim yadıma ilk düşən adam Molla Dilavər Kişi oldu. Elə həmin Molla Dilavər Kişi ki, sözü üzə deyən, özünü akademikdən tutmuş adi adama qədər hər kəsi tənqid edən, heç kimdən çəkinməyən bir xarakter kimi yadda qalıb. İstər-istəməz adam düşünür: görəsən, o Kişi öz oğlunun bu yanaşmasına nə deyərdi?

Çünki söhbət televizordan yox, düşüncə tərzindən gedir.

Sənə ağsaqqallar baxır, alimlər baxır, müəllimlər baxır, həkimlər baxır, bütöv bir cəmiyyət baxır. Elə həmin cəmiyyətin içində televizora baxmayan minlərlə insan da var. İndi onların hamısını tərbiyəsiz elan etmək hansı məntiqin məhsuludur, Şahin Ağayev?

Yoxsa tərbiyənin yeni meyarını televiziya reytinqi müəyyən edir?

Bəs saqqallı və saqqalsız personajların mətbuatı yallama çapmalarının adı nədir?

Bəs jurnalistikanı siyasətin quyruğuna bağlamağın adı nədir?

Bəs həqiqəti şəraitə, marağa və karyeraya uyğun ölçüb-biçməyin adı nədir?

Bəs tamaşaçıya həqiqətin yalnız lazım bilinən hissəsini göstərməyin adı nədir?

Bəs milyonların etimadını korporativ maraqlar naminə xərcləməyin adı nədir?

Rəhmətlik Vahid demişkən, bir loxma çörək üçün qəhbəyə, oğraşa möhtac qalanları, qul bazarlarında can çürüdənləri, daş karxanalarında ilan kimi qıvrılanları, dəhşətini sözlə ifadə etməyin belə çətin olduğu Tərtər cinayətini görməməzlikdən gəlməyin adı nədir?

Sadalanan bu kiçik reallıqlar danışılmayan televiziyanın mən nəyinə baxım?

Əgər sən bunu tərbiyə ilə əlaqələndirirsənsə, onda televizora baxmamaq bəlkə də ən mədəni etiraz formasıdır.

Çünki məsələ televizora baxmaq deyil.
Məsələ televiziyanın cəmiyyətə baxa bilməsidir.

Sən hansı düşüncənin sahibisən ki, tamaşaçıdan televiziyaya qarşı mütləq hörmət tələb edirsən? Hələ də dərk etmirsən ki, hörmət tələb olunmur, qazanılır. Etimad pafosla, yüksək tonla, özünü toxunulmaz elan etməklə yaranmır.
Etimad prinsipin qiymətini karyeradan baha bilənlərin sərvətidir, Ağayev Şahin!..

İstər ANS olsun, istər REAL – adlar dyişsə də, mahiyyət dəyişməyib. Hər iki kanal illərlə tamaşaçıya "xalqın sözünü deyirik" obrazını satmağa çalışıb. Halbuki xalqın sözünü deməklə hakim siyasi ab-havanın sözünü xalqın sözü kimi təqdim etmək tamam başqa şeylərdur, Ağayev Şahin!

Jurnalistika hakimiyyətə də, müxalifətə də, istənilən korporativ marağa da eyni məsafədə dayanmalıdır.
Bu məsafə görünməyəndə jurnalistika yox, şəxsi maraq qarşılığında təbliğat başlayır. Necə ki, bunu sən edirsən,
tamaşaçıdan incik düşüb "niyə televizora baxmırsan?" deyirsən.

Ağayev Şahin, mən niyə Bulqakovun şapşapi oğrularının oyun nömrələrinə, öz gidişən yerlərini əlləriylə deyil, ayaqlarıyla qaşımalarına baxmalıyam?..

Sən və sənin kimi personajlar jurnalistikanı siyasətin quyruğuna bağlayacaqsınız, mən də sizə baxacağam?

Sən həqiqəti gündəlik maraqların süzgəcindən keçirəcəksən, mən də sənə baxacağam?

Sən bu gün dediyini sabah şərait dəyişəndə başqa cür izah edəcəksən, bunun müqabilində vəzifə, sərvət, toxunulmazlıq qazanacaqsan, mən də sənə baxacağam?

Sən cəmiyyətə obyektivlik satıb uyğunlaşma nümayiş etdirəcəksən, mən də sənə baxacağam?..

Ay sən öləsən!

UNUTMA...

Tamaşaçının baxmamaq haqqı var.
Sənin isə tamaşaçının gözünə baxa biləcək jurnalistika ortaya qoymaq məsuliyyətin var. Jurnalistin ən böyük kapitalı efir vaxtı deyil, vicdanıdır

Ən bahalı studiya...
Ən müasir texnika...
Ən yüksək reytinq...
Bunların heç biri itirilmiş etimadı geri qaytara bilmir, Ağayev Şahin.

İnsanlar jurnalistin səsinə yox, onun dünəni ilə bu günü arasındakı məsafəyə baxırlar. O məsafədə formadan formaya düşən Şahinləri görəndə adamın "heyrət, ey büt!" deməyi gəlir.

Sən özündən büt düzəltməyə çalışırsan.
Amma büt olmamışdan əvvəl bu cəmiyyət sənin kötüklüyünü çoxdan görüb. Məsafələr prinsip ilə ölçülmürsə, tamaşaçı da televizordan uzaqlaşır, Ağayev Şahin.

BİR MƏQAM DA VAR..

İnsan əvvəl doğulduğu torpaq qarşısında cavabdehdir. Sənin doğulduğun Yardımlı mərd insanların yurdudur. Sözü imzadan ağır bilən insanların elidir Yardımlı. Belə bir eldən çıxmış adamdan cəmiyyət ilk növbədə prinsip gözləyir, Ağayev Şahin.
Əgər öz rayonunun yolları, məktəbləri, kəndləri, sosial problemləri illərlə diqqətdən kənarda qalıbsa və sən bunları israrla gündəmə gətirmək əvəzinə başqa prioritetlərin arxasınca getmisənsə, adam düşünür: Doğulduğu elə borcunu ödəyə bilməyən biri milyonların mənəvi borcundan necə danışa bilir? Doğulduğun torpaq insana təkcə doğum şəhadətnaməsi vermir, vicdan da verir...

Televizora baxmamaq tərbiyəsizlik deyil.

Tərbiyəsizlik həqiqəti dekorasiyaya çevirməkdir.

Tərbiyəsizlik jurnalistikanı siyasətin əlavəsinə çevirməkdir.

Tərbiyəsizlik tamaşaçının etimadını sonsuz kredit hesab etməkdir.

Tərbiyəsizlik cəmiyyətə vicdan dərsi keçə-keçə vicdanın səsini eşitməməkdir.

Mənə görə əsl tərbiyəsizlik elə sənin işlətdiyin həmin ifadədir.

Ona görə də məsələ televizora baxmaq deyil.
Əvvəl ekranda görünən adam güzgüyə baxmalıdır.
Sındırdığı güzgünün qırıntılarında "Akademikin son sözü"nü oxumalı, özündən uzaqlaşdığın özündən utanmalısan.
Çünki tamaşaçı ekrana baxmaya bilər.
Amma vicdan həmişə insana baxır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr