“ERMƏNİNİ DİRİ TUTUB BRİQADAYA VERƏK, BƏLKƏ SİLAH VERDİLƏR”

Manset / Şahidlər və Şəhidlər 21-mar, 13:579 tv713 7 0




“ERMƏNİNİ DİRİ TUTUB BRİQADAYA VERƏK, BƏLKƏ SİLAH VERDİLƏR”


ALXANOV ASƏF: “TƏZƏCƏ VAĞAZİNƏ ÇATMIŞDIQ Kİ...”




...Kəşfiyyat məlumatları əldə ediləndən sonra Qorçu kəndində dislokasiya olunmuş bizim 713 saylı tabor Şamkənd istiqamətində hərəkət etdi. Biz Şamkəndə gələndən sonra ətraf ərazilər kəşfiyyat olundu, postlar quruldu. Sonra komandirimizin cızdığı plan əsasında bizim birinci bölüyün 3-cü tağımı Şamkənddə qalmaqla digər iki tağımsa Çorman istiqamətində hərəkət etdi.

Mən də Şamkənddə qalan 3-cü tağımın şəxsi heyətinin tərkibində idim. Tabor komandirimiz mayor Süleyman Əhmədov da bizimlə idi. Biz növbəlilik prinsipiylə postlara çıxır, ətraf əraziləri nəzarət altında saxlayırdıq. Kənd ermənilər tərəfindən dağıdılmış, qarət edilmiş və yandırılmışdı...
1992-ci ilin iyun ayının axırları idi. Biz Şamkənddə olanda əmr gəldi ki, birinci bölük tam şəkildə Vağazin kəndində dislokasiya olunur. Və biz hazırlıq işlərinə başladıq. Səhər bizə bir Zil-131 göndərildi. Sürücüsü də salyanlı Əzizağa idi. Silah-sursatlarımızı və ərzaq ehtiyatlarımızı maşına yükləyib müəyyən məsafəni irəliləyəndən sonra Vağazin kəndinə çatdıq.

Biz Şamkənddə olanda sonradan 713 saylı taborda bölük komandiri olan Vaqif Quliyev komandirimizə bizimlə döyüşmək istədiyini bildirdi və razılıq aldıqdan sonra o da bizimlə birgə Vağazinə gəldi. Biz Vağazinə gələndə bu kənddə heç bir qüvvə yox idi. İlk olaraq Vağazinə gələn bizim tağım olub. Elə təzəcə Vağazinə çatmışdıq ki, məlumat verildi ki, Haqnəzər kəndində ev yanır. Üstəlik Haqnəzər kəndi istiqamətində güllə səsi də eşidildi. Çox güman ki, bu, ermənilərin parolu idi. Biz maşındakı sursatları boşaldandan sonra tağım komandiri Cabbar Əzizağaya göstəriş verdi ki, gedib Rəhmangili də gətirsin. Rəhmangil onda Çorman kəndində idilər. Əzizağa da gedib Rəhmangili gətirəndə maşını möhkəm sürdüyündən yoldan çıxıb ağaca dəymişdi...


“ERMƏNİNİ DİRİ TUTUB BRİQADAYA VERƏK, BƏLKƏ SİLAH VERDİLƏR”


Haqnəzər kəndi istiqamətində hansısa texnika səsinin gəldiyini bildirdilər. Demək olar bütün tağım texnika səsi gələn həmin istiqamətdə hərəkət etdi. Haqnəzər kəndi istiqamətində müşahidə aparanda gördük ki, ermənilər yolun kənarındakı yaşıllıqda oturub yeyib içir, yanlarındakı bir traktor da işlək vəziyyətdədir.

Ermənilərlə bizim aramızda məsafə uzaq olsa da, rəhmətlik Sədi tələskənik edib onlara atəş açdı. Ermənilər duyuq düşdülər. Onlar bizi görəndə qaçmağa başladılar. Həm aramızdakı məsafənin çox olması, həm də uzun yol qət etdiyimizdən yorğun olduğumuza görə ermənilərə çata bilməzdik. Bunlar dağın arxa üzünə aşıb uzaqlaşdılar. Biz onları müşahidə etmək üçün həmin dağa yaxınlaşanda ermənilərin pərən-pərən düşdüyünü gördük. Sahiblə mən eyni istiqamətdə gedirdik. Dağın o üzünə aşanda gördük ki, uşaqlardan Əfilağa və Vaqif müəllim bir ermənini mühasirəyə alıb ondan təslim olmalarını tələb edirlər. Erməni də təslim olmur.

Bu dəfə Vaqif müəllim göstəriş verdi ki, “bütün imkanlardan istifadə edib ermənini diri tutmalıyıq. Çünki bizə silah-sursat az gəlir, ermənini diri tutub briqadaya verək ki, bəlkə bunun müqabilində az da olsa patron, silah əldə edə bildik”.

Uşaqlara dedim ki, vəziyyəti nəzarətdə saxlayırsınız, mən erməniyə yaxınlaşıram, görsəniz ki, atəş açır, siz məndən qabaq onu vurarsınız. Və mən erməniyə yaxınlaşıb ona dedim ki, biz səni girov götürüb Ermənistana öz əsgərimizin qarşılığında veririk, təslim ol.

Bu erməni də ağaca söykənib və mənm danışıqlarıma heç bir reaksiya vermir, danışmır, sanki quruyub qalıb. Mən yavaş-yavaş buna yaxınlaşıb cəld bir hərəkətlə avtomatın qundağıyla bu erməninin alın nahiyəsindən vurdum. Aşağıda 6-7 metr məsafədə dərədən su axırdı. Vurduğum zərbədən sonra bu erməni diyirlənib həmin dərəyə düşdü. Və sanki bu, elə bil birdən ayıldı. Erməni ayılanda mən buna macal verməyib yenidən avtomatın qundağıyla onu vurdum və dərhal uşaqları da köməyə səslədim. Uşaqlar da tez bir zamanda özlərini yetirdilər, ermənini tərksilah edib, Vağazin kəndinə gətirib komandanlığa təhvil verdik. Komandanlıq da həmin ermənini Kəlbəcərə aparıb briqadanın qərargahına təhvil verdi. Bundan sonra bizim tabora xeyli silah-sursat verildi. Qalan ermənilərisə tuta bilmədik…



“ATDIĞIM QUMBARA MAŞININ ÜSTÜNƏ DÜŞDÜ”



İyul ayının 15-i olardı. Bizim 713 saylı taborumuz Laçın rayonunun Pircahan kəndində dislokasiya olunmuşdu...
Sakit bir hava idi. Biz də postdan qayıdıb dincəlirdik. Günün ikinci yarısında bizə məlumat verildi ki, Mişni kəndində Rafaelgilin tağımı döyüşə giriblər, onlara təcili olaraq kömək lazımdır.

Bizim tağım dərhal hazırlaşıb dağı aşdıq. Ağdərə çayını keçib Mişni kəndinə qalxdıq. Biz kəndə qalxanda bölük komandirimiz Rəhman İsgəndərov da bizimlə idi. Bölük komandirimiz mənə, Sahibə və Əfilağaya göstəriş verdi ki, siz dərhal yolu bağlayın. Komandirimiz bizə göstərişini verəndən sonra özü də bir neçə nəfərlə kəndin içinə girdi.

Biz çayın qırağıyla qalxıb Mişni kəndindən çıxan yolu tam nəzarətə götürdük. Artıq döyüş başlamışdı. Bir saata yaxın olardı ki, amansız döyüş gedirdi. Üstəlik Pircahan tərəfdən də yardımçı qüvvələr bizə DŞK və minamyotla dəstək verməyə başlamışdılar.

Həmişəki kimi döyüşdə davam gətirə bilməyən ermənilər yenə də qaçmağa başladılar. Gördüyümə görə ermənilərin bir UAZ və bir QAZ-66 maşınları var idi. Qızğın döyüşü görən ermənilər maşınlarını döndərməyə belə imkan tapa bilmədiklərindən QAZ-66-nı dalı-dalı sürməyə başladılar.

O zaman biz artıq yolda pusqu qurmuşduq. Deməli, mən ortada gözləyirdim, Əfilağa sağ, Sahibsə sol tərəfimdə idi. Əlimdə qumbaranı tutmuşam ki, maşın yaxınlaşanda ona doğru atım. Baxdım ki, həyəcandan qoruyucunu da çıxarmamışam. Qumbaranın qoruyucusunu çıxartmamışdan Sahiblə Əfilağaya tapşırmışam ki, siz qumbara partlamamış ayağa qalxmayın. Gördüm ki, UAZ mənə yaxınlaşır. Bu anda UAZ mənim 5-6 metrliyimdə idi. Mən kolun arxasından çıxıb qumbaranı UAZ-a doğru atdım, qumbara maşının üstünə düşdü. Qumbara partlayandan sonra UAZ dayandı. Əfilağa, Sahib və mən ayağa qalxıb təzədən UAZ-ı güllə yağışına tutub, sonra geriyə çəkildik. Çünki bizim arxa tərəfimiz təmiz açıqlıq olduğu üçün ermənilər üçün hədəfə çevrilə bilərdik. Beləcə mövqe dəyişkənliyi edib ermənilərə qarşı müqavimət göstərməyi davam elədik.

Gördük ki, çayın o tayında olan Mehman, Asif verilən koordinatlar üzrə minamyot və DŞK ilə bizə dəstək olurlar. Bu döyüşdə də ermənilər məğlub oldu. Və biz xeyli sursatla yanaşı maşınları da qənimət olaraq götürdük.



"BİZ MÖVQE DƏYİŞKƏNLİYİ ETMƏK MƏCBURİYYƏTİNDƏ QALDIQ"



Səhv etmirəmsə, 1992-ci il avqust ayının 20-i idi. Bizi Laçın rayonunun Pircahan kəndindən çıxarıb Ağdərəyə gətirdilər. Səbəbini soruşanda bizə dedilər ki, orada bir əməliyyatda iştirak edəndən sonra geri qayıdacaqsınız.

Sabahı gün biz Qozlu kəndinə çatdıq. Ağdərəyə gələndən sonra Qızılqaya (Arutunaqomer) kəndinin alınmasıyla bağlı bizə göstəriş verildi.
Biz hücuma keçdik. Qozlu kəndindən çıxıb Qızılqayaya doğru irəliləyirik Yüksəkliklə biz, sol cinahdansa başqa bir dəstə gedirdi. Arada tam sakitlik idi. Hücuma keçməzdən öncə bizə məlumat verilmişdi ki, Qızılqayaya (Arutunaqomer) kəndinə gedən bütün yollar kəşfiyyat edilib. Sizin yolunuz üstündə heç bir qüvvə, heç bir maneə yoxdur. Kəndin özündəsə erməni çox azdır.

Biz təpə ilə üzü aşağı düşdük. Kəndə çatmağa az bir məsafə qalmışdı ki, ermənilər səngərdən çıxıb bizi güllə yağışına tutdular. Biz Qızılqayaya bütün istiqamətlərdən hücuma keçmişdik. Səngərdən çıxan ermənilər bizi güclü atəşə tutdular. Eyni zamanda ağır texnikalardan da aramsız atəş açılmağa başlandı. Biz qüvvələr nisbətində real şəraiti nəzər alaraq döyüşə-döyüşə mövqe dəyişkənliyi etmək məcburiyyətində qaldıq. Bizim həmin döyüşdə itkilərimiz də oldu. Xasay Şəhid oldu, Elşən yaralandı. Nəsimi itkin düşmüşdü. Həmin günü kəndi götürə bilməsək də, bundan bir neçə gün sonra Qızılqaya kəndi ermənilərdən azad edildi. Və biz Nəsiminin nəşini də onda Qızılqaya kəndindən götürüb Qozluya gətirib Kəlbəcərə yola saldıq...



"GƏLƏN XƏBƏRLƏRDƏ BİLDİRİLİRDİ Kİ..."



1992-ci ilin avqust ayının 24-ü idi. Qızılqaya (Arutunaqomer) hücumundan sonra biz geri çəkilib müdafiə mövqeyində möhkəmlənmişdik. Səngərləri qazıb müdafiə mövqeyində dayanmışdıq. Həmin gün səhər tezdən komandiri Xosrov olan Yevlax taboru Qızılqaya ( Arutunaqoamer ) kəndinə 2 istiqamətdən hücum edirdi: bir dəstə kəndin alt hissəsindən, başqa bir dəstə isə kəndin üst hissəsindən -qəbiristanlıq tərəfdən. Eyni zamanda artilleriya da kəndi atəşə tutmuşdu.

Bizim taborun bir hissəsi isə onlara Qozlu istiqamətindən dəstək verirdi. Təqribən günortaya yaxın idi ki, qəfildən Qozlu tərəfdə yəhərəbənzər dağın başından atışma səsləri başladı. Qısa müddət keçmişdi ki, radiostansiya ilə Qozlunun üstündən ermənilərin hücuma keçmələriylə bağlı məlumat verildi. Yunusun taborundan az bir qisim əsgər orada müdafiə mövqeyində idi. Gələn xəbərlərdə bildirilirdi ki, "vəziyyət gərgindi, qüvvələr az olduğuna görə düşmən qarşısında duruş gətirmək çətinləşir, onlara təcili dəstək vermək lazımdı".



ERMƏNİLƏRİN ALDADICI MANEVRLƏRİ




Onda bizim 713 saylı tabora qərargah rəisimizin müavini Mehdi Rüstəmov rəhbərlik edirdi. Bizim birinci bölüyün komandiri Rəhman İsgəndərov Bakıya tapşırıq dalınca getmişdi. Tabor komandirimiz Süleyman Əhmədov isə briqada komandanlığı tərəfindən hansısa tapşırıq dalınca başqa yerə getmişdi...

...Mehdi Rüstəmov məlumatı alan kimi bizə əmr verdi ki, təcili olaraq Yunusun uşaqlarına kömək məqsədilə ora 30-35 nəfərlik qüvvə getməlidir. Əmr veriləndən sonra biz həmin istiqamətdə hərəkətə başladıq.

Deyilən yüksəkliyə yaxınlaşıb oranı müşahidə etdik. Təpənin üstü açıqlıq idi, tək-tək ağaclar və kollar var idi. Biz həmin təpəyə yaxınlaşanda Yunusun taborundan olan əsgərlər artıq geriyə çəkilmişdilər. Yavaş-yavaş dağa yaxınlaşanda bir nəfər yüksək səslə çağırdı ki, "bura gəlin, bura, ermənilər getdi".
Bu anda rəhmətlik Rəmzi qışqırdı ki, “bu, aldadıcı manevrdir, çıxmayın, qışqıran ermənidi". Bunu deyəndən sonra Rəmzi dərhal həmin ermənini vurdu. Beləcə atışma başladı. Bizim taborun uşaqları ermənilərin müqavimətini qırmışdılar. Postda olan ermənilər bizim gücümüz qarşısında dayana bilməyib dağın o biri üzünə aşıb geri çəkilməyə başladılar. Biz artıq yüksəkliyi tam ələ keçirmişdik. Yüksəklikdə bir erməninin meyidi də qalmışdı. Biz sep şəklində düzülüb avtomatlardan ermənilər qaçan istiqamətə aramsız atəş açdıq və bundan sonra demək olar ki, bütün səslər kəsildi. Artıq erməni tərəfindən bir dəfə də olsa güllə atılmadı. Beləcə biz yüksəkliyi ələ keçirib orada postumuzu qurduq. Post qurulduqdan sonra yeni səngərlər qazıb müdafiə mövqeyimizi möhkəmləndirdik.




YENİ HÜCUM VƏ ERMƏNİLƏRİN DÖYÜŞSÜZ TƏSLİMİ



Səngərlərin üstü ağaclarla örtüldü ki, ermənilər həmin səngərləri seçə bilməsinlər. Qızılqaya istiqamətində Xosrovun taboruyla 713 saylı tabordan olan dəstənin birgə hücumu sayəsində ermənilər qüvvələrimiz tərəfindən mühasirəyə salınmışdılar. Həmin mühasirəni yarmaq və bizim qüvvələrimizi parçalamaq məqsədilə ermənilər məhz bu yüksəkliyə hücum edib oranı almaq istəyirdilər ki, Qızılqaya ( Arutunaqomer) döyüşünü tamamilə öz nəzarətləri altında saxlasınlar və bu əməliyyatı pozsunlar. Lakin ermənilərin bu hiyləsi baş tutmadı, bizim taborun ermənilərə qəfil hücumu nəticəsində onların bu planları pozuldu. Həmin gün ağır döyüş getməsinə baxmayaraq Qızılqaya ( Arutunaqomer ) kəndini almaq yenə də mümkün olmadı. Ermənilər digər istiqamətdən - Vəng kəndindən Qızılqaya (Arutunaqomer ) kəndinə dəstək qüvvələri göndərərək Yevlax taborunun bir dəstəsini mühasirəyə saldılar. Bu mühasirə nəticəsində Qızılqaya ( Arutunaqomer ) hücumu pozuldu və bu kəndi almaq mümkün olmadı...

Lakin buna baxmayaraq təqribən avqustun 26-sı, 27-si tarixlərində Qızılqaya ( Arutunaqomer ) kəndinə Yevlax taboruyla birgə 713 saylı taborun hücumu təşkil edildi. Taktiki baxımdan düzgün hazırlanan döyüş planı sayəsində ermənilər qısa zaman kəsiyində kəndi qoyub qaçmağa məcbur oldular. Eyni zamanda Paqasamer kəndi də döyüşsüz təslim oldu.


2018-ci il

İGİD TEYMURLU
Tv 713. az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar